Prezident İlham ƏLİYEV: Sosial siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

 

Dövlət büdcəsindən maliyyələşdirilən idarə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının davamlı artırılması bunun bariz ifadəsidir

 

Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edən dövlət başçısı İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək demişdir: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.

Ölkə rəhbəri respublikamızın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə,  onun güzəranını yaxşılaşdırmağa mühüm önəm  verir,  sosial məsələlərin həllinə böyük diqqət yetirir. Eyni zamanda, sosial ədalət prinsiplərini möhkəmləndirməyi qarşıya ciddi vəzifə kimi qoyur: “Dünyada gedən xoşagəlməz halların əsas səbəbi əslində sosial ədalətsizlikdir. İqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır”. Bu baxımdan hazırda ölkə qarşısında duran bütün əsas vəzifələrin icra olunduğunu, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti sosial sahədə işlərin bundan sonra da uğurla aparılacağını demişdir.

Xatırladaq ki, iqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyənləşdirən  başlıca amildir. Ümumiyyətlə, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu,  bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlət başçısı İlham Əliyev də bu reallığı daim önə çəkir. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.

Son 10 ilin  reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Fikrimizin təsdiqi kimi, Prezident İlham Əliyevin  dövlət büdcəsindən maliyyələşdirilən idarə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında müvafiq sərəncamlar imzalamasını misal göstərə bilərik. Xatırladaq ki, həmin sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları bu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılacaqdır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.

 

Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin uğurla reallaşdırılması nəticəsində  ötən 10 ildə 1 milyon 100 mindən çox yeni yeri açılmış,  ciddi sosial bəla kimi özünü göstərən işsizlik problemi əhəmiyyətli dərəcədə aradan qalxmışdır. Yoxsulluq həddi 44 faizdən 5,6 faizə enmişdir. Gənc ailələrin mənzillə təminatı üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq artırılması bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

Müstəqil Azərbaycanın son illər dinamik inkişaf yolunda olması və müsbət makroiqtisadi göstəricilərə imza atması, ilk növbədə, onun dövlət büdcəsində real əksini tapır. Sürətli tərəqqinin “barometrinə” çevrilən büdcə dövlətin hərtərəfli inkişafı baxımından zəruri sosialinfrastruktur layihələrinin həyata keçirilməsində başlıca maliyyə mənbəyi rolunu oynayır. Yeri gəlmişkən, bu  ilin dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına, sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xüsusilə, xalqın rifah halının yaxşılaşdırılmasına maliyyə təminatı yaratmışdır. Bu ilin dövlət büdcəsi müxtəlif sosial layihələrin, eləcə də ipoteka proqramlarında vəsaitlərin artırılması ilə də diqqəti cəlb edir. Əgər 2012-ci ildə ipoteka kreditləşməsi üçün cəmi 20 milyon manat ayrılmışdısa, 2013-cü ildə bu rəqəm 40 milyon manat təşkil edir. İqtisadçı ekspertlərin fikrincə, bu vəsait hesabına 1300-dən çox ailənin mənzil probleminin həllinə nail olmaq mümkündür.

Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir. Sosialyönümlü siyasətin məqsədi heçsosial bərabərsizliyi aradan götürmək deyil, onu tarazlaşdırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Son 10  ildə Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi Dövlət Proqramının həyata keçirilməsidir. Ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılmış, Milli Məclisdə “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunaraq qüvvəyə minmişdir. Ünvanlı sosial yardımların verilməsində dövlətin məqsədi heç də insanları ələbaxımlığa, dövlətin himayəsinə öyrətmək deyil, əksinə, işlə təmin etmək, maddi rifah halının yüksəldilməsinə nail olmaqdır.

Ölkəmizdə ünvanlı sosial yardım proqramının uğurla həyata keçirilməsi, respublikamızda yeni açılan yerlərinin sayının ildən-ilə artması sosial siyasətin praktik nəticələri kimi diqqəti çəkir.

Prezident İlham Əliyevin yürütdüyü sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, yeni yerlərinin açılması və paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir. Ölkəmizdə uğurla aparılan iqtisadi islahatlar kompleks inkişafımıza gətirib çıxarmışdır. Azərbaycanın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır.

“Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır”, - deyən ölkə başçısı respublikamızda sosial dövlət prinsipinin uğurla reallaşdırılmasını belə ifadə etmişdir: “Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın. Son illər maaşlarpensiyalar bir neçə dəfə artırılmışdır. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir”.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il avqust ayının 14-də İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində demişdir:-İnsanlara diqqət, qayğı göstərilməlidir. Mənim bütün icra başçıları qarşısında qoyduğum əsas məsələlər bunlardır. Hər bir vəzifə sahibi, hər bir rəhbər işçi, ilk növbədə, insanlara qulluq etməlidir, onların qayğıları ilə yaşamalıdır, insanların rahat yaşaması üçün əlindən gələni etməlidir. Bu, bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır...”.

Prezident İlham Əliyev həmin mərasimdə daha sonra demişdir ki, sosial siyasət əsas məsələdir. Sosial siyasət təkcə sosial obyektlərin tikintisi ilə məhdudlaşmır. Sosial siyasət o deməkdir ki, siyasətimizin mərkəzində insan olmalıdır. Bu da var, bunu biz təmin edirik. Biz öz iqtisadi gücümüzü sosial sahəyə yönəldirik və bu məsələlərə kompleks şəkildə yanaşırıq...”.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 24 avqust.- S. 2.