Şirvan şəhərinin 50 yaşı qeyd edildi

 

Dövlət başçısının sərəncamı ilə fəxri adlara layiq görülmüş şəxslərə vəsiqələr təqdim edildi

 

Şirvan şəhərinə respublika tabeli şəhər statusu verilməsinin 50 illik yubileyinə həsr olunmuş ümumşəhər bayram şənliyi keçirildi. Geniş rayon ictimaiyyətinin iştirakı ilə baş tutan tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov bildirdi ki, respublikamızın inzibati ərazi vahidlərindən biri olan Şirvan 1930-cu ilə kimi Ərəbşahverdi, Zubovka, Papanin, 1930-cu ildən 1963-cü ilə qədər Əli Bayramlı rayonu adlandırılmışdır. İnzibati vahid tabeliyində iki şəhər, 1 qəsəbə, 16 kənd sovetliyi, ümumilikdə 101 kənd və başqa yaşayış məntəqələri olan kənd təsərrüfatı rayonu olmuşdur.

 Başçının sözlərinə görə, 28 iyul 1954-cü ildə rayonun mərkəzi Əli Bayramlıya rayon tabeliyində şəhər statusu verilmişdir. Keçən əsrin 50-ci illərinin əvvəllərindən başlayaraq bu ərazilərdə aparılan kəşfiyyat-qazma işləri 1955-ci il iyul ayının 18-də Kürovdağ yatağında 2 saylı qazma quyusunun fontan vurması ilə nəticələnmişdir. Həmin gün tarixə Şirvan neftçilərinin zəfər salnaməsi kimi daxil olmuş, Şirvanın sənaye şəhəri kimi formalaşmasının təməli qoyulmuşdur. 1956-1968-ci illərdə Əli Bayramlıda (Şirvanda) Avropada ilk açıq tipli Dövlət Rayon Elektrik Stansiyası tikilib istifadəyə verilmişdir. 1962-ci ildə Kür çayının üzərində ikinci körpü tikilmişdir. Neftenergetika sənayesinin tərəqqisi rayonun iqtisadi inkişafına, təsərrüfat həyatının dəyişməsinə səbəb olmuş, ərazidə sənaye infrastrukturları yaradılmışdır.

Başçı vurğuladı ki, 1963-cü ildə (4 yanvar 1963-cü il) Azərbaycan Respublikasının Ali Soveti rayonun təsərrüfat həyatında baş verən bu dəyişiklikləri nəzərə alaraq Əli Bayramlı rayonunun ləğv olunması və respublika tabeli Əli Bayramlı şəhərinin yaradılması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə 7 may 2008-ci il tarixli sərəncamı ilə şirvanlıların təşəbbüsünü və xahişini nəzərə alaraq şəhərin tarixi Şirvan adını özünə qaytarmışdır. 1963-cü ildə respublika tabeli şəhər statusu almasına baxmayaraq, Şirvanın şəhər kimi formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlişi ilə gənc sənaye şəhəri Şirvanın iqtisadi inkişafına güclü təkan verdi. Onun xüsusi diqqət və qayğısı sayəsində yeni sənaye sahələri Şimal və Cənub sənaye qovşaqları yaradıldı. “Şəhərdə 101 yaşayış binası, onlarla sosial obyekt, sənaye müəssisələri, uşaq bağçaları, orta məktəblər, mədəniyyət ocaqları, idman qurğuları, xəstəxana kompleksi tikilib istifadəyə verildi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şirvanda neft və energetikanın inkişafı ilə yanaşı, Mexaniki Təmir İstehsalat Birliyi, Süni dəri, Kərpic, Dəzgahqayırma, Şirə, Telemexanika, “Araz” zavodları, İxtisaslaşdırılmış hazırlıq müəssisəsi, Dəmir-beton evtikmə, Yeyinti konsentratları kombinatları yaradıldı. Görülən işlər nəticəsində XX əsrin 80-ci illərinin əvvəllərində şəhərimiz respublikanın iri sənaye mərkəzlərindən birinə çevrildi”, - deyə M.Camalov qeyd etdi.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2013-cü il və 1 iyul 2013-cü il tarixli sərəncamlarına uyğun olaraq hazırda Şirvan şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün tədbirlər görülür. Şəhərdə özəl sektorun, sahibkarlığın inkişafına qayğı daha da artırılmışdır. Son on ildə Şirvan şəhərinin sosial-iqtisadi inkişafında əldə olunan uğurların nəticəsidir ki, şəhərdə ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 2012-ci ildə 2,8 dəfə artaraq 248,1 milyon manat olmuşdur. Əsaslı kapitala yönələn investisiyalar 4,6 dəfə artaraq 25,1 milyon manat, o cümlədən, tikinti-quraşdırıma işlərinin həcmi 7,2 dəfə artaraq 23 milyon manat təşkil etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf, insan amilinə göstərilən qayğı ölkədə ictimai-siyasi sabitliyə, əmin-amanlığa etibarlı təminat yaradır. İnsanlar  Prezidentin ətrafında daha sıx birləşirlər. “Cənab Prezidentin qayğısı ilə son on ildə şəhərimizdə 2120 yerlik 4 məktəb binası (1 nömrəli lisey-məktəb - 640 yerlik, 5 nömrəli məktəb - 320 yerlik, 4 nömrəli orta məktəb - 680 yerlik, 3 nömrəli orta məktəb - 480 yerlik) tikilib istifadəyə verilmişdir. 2 və 16 nömrəli tam orta məktəblər üçün 700 yerlik 34 əlavə sinif otaqları tikilmişdir. 12 və 16 nömrəli tam orta məktəblər bərpa-gücləndirmə və əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Şəhərimizdə təhsilə göstərilən qayğı qısa müddətdə öz bəhrəsini verdi. Cənab İlham Əliyevin sərəncamı ilə son 6 ildə şəhərimizin 8 məktəbi “İlin ən yaxşı məktəbi”, 1 müəllimi isə “İlin ən yaxşı müəllimi” fəxri adına laiq görüldü. 18 nəfər “Əməkdar müəllim” fəxri adı almış, 8 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur”, - başçı bildirdi.

Tədbirdə Şirvana, şirvanlılara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıq ifadə olundu.

İcra hakimiyyətinin başçısı Şirvan şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə fəxri adlara layiq görülmüş şəxsləri təbrik etdi, onlara müvafiq vəsiqələri təqdim etdi.

Sonda respublikanın tanınmış incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edərək iştirakçılara böyük bayram ovqatı bəxş etdilər.

Bayram şənliyi atəşfəşanlıqla başa çatdı.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2013.- 24 avqust.- S. 7.