Azərbaycanın
bugünkü uğurları Prezident İlham Əliyevin
müdrik siyasətinin məntiqi nəticəsidir
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Son on ildə dövlət başçısı ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirmişdir. Ölkə rəhbərinin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.
Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Dövlət başçısı İlham Əliyev öz vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son on ildə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında dahi Heydər Əliyevin siyasi kursu dayanır. Dövlət başçımız ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirmiş, xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmuşdur. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.
Xatırlatmaq yerinə düşər ki, möhtərəm İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən bu siyasəti dönmədən davam etdirəcəyini də bəyan etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxardı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.
Ümummilli liderimizin yaratdığı təməl və qoyduğu prinsiplər əsasında Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarmış, dahi öndərimizin siyasi kursunun ən layiqli davamçısı olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Qənaətimizi faklarla əsaslandırmaq istərdik.
Ötən on il ərzində
regionlarda infrastrukturun yenidən qurulması və
inkişafı, səhiyyə və təhsil müəssisələrinin
tikintisi, əhalinin sosial vəziyyətinin daha da
yaxşılaşdırılması istiqamətində
mühüm əhəmiyyətli tədbirlər həyata
keçirilmişdir. Bu, Azərbaycanın
öz iqtisadiyyatını sadəcə neft amili üzərində
qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə
qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir.
İqtisadiyyatın şaxələndirilməsi,
sahibkarlığın inkişafı, investisiya mühitinin
daha da yaxşılaşdırılması nəticəsində
ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam
etmişdir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir:
“Bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir.
Məhz buna görə iki-üç il bundan əvvəl
dünyada neftin qiymətləri kəskin şəkildə
aşağı düşəndə biz böyük çətinliklərlə
üzləşməmişdik. Hətta o illərdə ki
dünyada neftin qiyməti 4-5 dəfə aşağı
düşmüşdü, Azərbaycan iqtisadiyyatı 8-9 dəfə
artmışdı. Nəyin hesabına, - məhz qeyri-neft
sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və
gələcək illərdə çalışacağıq
ki, qeyri-neft sektorunun inkişafına daha da güclü təkan
verək. Deyə bilərəm ki, bunu etmək
üçün dövlət proqramları həlledici rol
oynayır. 2004-cü ildən bugünə qədər
artıq ikinci dövlət proqramı icra edilir. Eyni zamanda,
xarici investorların Azərbaycana olan marağı və
qoyulan investisiyalar da az rol oynamır”.
Qeyri-neft sektorunun sürətli yüksəlişi həm
də daxili investisiyaların həcminin artımında
özünü göstərir. Bir sıra dövlətlərin
təcrübəsində uğurla sınaqdan
çıxmış, özünü doğrultmuş bu
iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin
qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına
yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda
xüsusi çəkisinin artırılmasını nəzərdə
tutur. İqtisadiyyatın bütün sahələrinin
inkişafı həm də makroiqtisadi sabitliyin qorunub
saxlanılması və maliyyə təhlükəsizliyinin təmini
baxımından vacib əhəmiyyət kəsb edir.
Dövlət
başçımızın 14 aprel 2009-cu il tarixli fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” regionların
davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün
geniş imkanlar açmışdır. Regional inkişaf
proqramlarının icrasının başlanmasından, yəni
2004-cü ilin fevralından bugünə qədər ölkəmizdə
bir milyondan çox iş yeri açılmışdır.
Yeni iş yerlərinin açılması, müasir
standartlara cavab verən müəssisələrin işə
salınması nəticəsində ölkə daxilində
istehsal olunan malların sayını artırmış,
ixracdan asılılığı azaltmışdır.
Azərbaycanın yeni inkişaf mərhələsinə
uyğun olaraq sənayenin təşkilinin ən müasir
formalarının tətbiqinin genişləndirilməsi də
sənayeləşmə siyasətinin prioritetlərindəndir. Bu baxımdan Prezident
İlham Əliyevin tapşırığına əsasən,
Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların,
o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı
sənaye parklarının yaradılması qeyri-neft sektorunun və
xüsusilə də qeyri-neft sənayesinin
inkişafını sürətləndirəcək, yerli və
xarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji
sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli
məhsul istehsalına təkan verəcək və
iqtisadiyyatın modernləşməsinə və innovativ
iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının
artırılmasına öz müsbət töhfəsini verəcəkdir.
Elektrik enerjisinə artan tələbin ödənilməsi
məqsədilə təkcə son 6 ildə Azərbaycanda
10-dan çox elektrik stansiyası tikilmişdir. Eyni zamanda,
elektrik enerjisi istehsalında da müasir texnologiyaların tətbiqinin,
alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin
genişləndirilməsi istiqamətində əhəmiyyətli
işlər görülmüşdür. Artıq
Eksperimental Poliqon istifadəyə verilmiş və hibrid tipli
müasir günəş və külək elektrik
stansiyası quraşdırılmışdır.
Bütövlükdə elektrik enerjisinə olan tələbatın
yerli istehsal hesabına ödənilməsinə nail olunmaqla,
ölkəmiz enerji ixracatçısına
çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən
biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Ölkədə nəqliyyat
infrastrukturunun beynəlxalq standartlara
uyğunlaşdırılaraq müasirləşdirilməsi,
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
tərkibində avtomobil magistrallarının tikintisi və
genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin
bərpası və yenilənməsi, sərhəd-keçid
məntəqələrinin yenidən qurulması,
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının, müasir gəmiqayırma
müəssisəsinin tikintisi, Heydər Əliyev adına
Bakı Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin
inşası, habelə regionlarda hava limanlarının,
uçuş-enmə zolağının yenidənqurulması
və genişləndirilməsi kimi layihələrin icra
olunması ölkəmizin nəqliyyat potensialının
reallaşdırılması üçün geniş imkanlar
yaradır.
“2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı”na
əsasən müəyyənləşdirilmiş prioritet
istiqamətlərə uyğun olaraq, artıq yüzlərlə
azərbaycanlı gənc dünyanın qabaqcıl ölkələrinin
aparıcı təhsil müəssisələrində təhsil
alır. Bununla yanaşı, Azərbaycanın ali
təhsil müəssisələrində də təhsil alan
xaricilərin sayı artmış və “Qlobal innovasiya
indeksi”nə əsasən, təhsil alan xarici tələbələrin
xüsusi çəkisinə görə Azərbaycan dünya
ölkələri arasında 37-ci, MDB ölkələri
arasında 2-ci yerdədir.
Yeni keyfiyyət mərhələsinə qədəm
qoymuş və özündə modernləşdirmə və
rifah amillərini birləşdirən Azərbaycanın
inkişafı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
də yüksək qiymətləndirilir. Belə ki,
“Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən,
Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə
görə 142 ölkə arasında 55-ci, MDB-də isə
1-ci olmuşdur.
Son 10 il ərzində Azərbaycana 130 milyard dollardan
çox sərmayə qoyulmuşdur. Bu sərmayələrin
müəyyən hissəsi xarici investisiyadır. Yaxşı sərmayə mühiti,
proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə
sabit durum və əlbəttə, regional əlaqələr hər
bir ölkənin uğuru üçün ilkin şərtlərdən
biridir.
Yeri gəlmişkən, diqqəti mühüm bir fakta da
yönəltmək istərdik. Azərbaycan Milli Bankının
yaydığı son məlumata əsasən, adı çəkilən
qurumun sərəncamında olan rəsmi valyuta
ehtiyatlarının həcmi 2013-ci ilin yarım ili ərzində
1 025,6 milyon ABŞ dolları (8,8 faziz)
artmışdır. Artıq valyuta ehtiyatlarının həcmi
12 720,4 milyon ABŞ dolları təşkil
edir.
Ölkədə ümumi daxili məhsul (ÜDM) surətlə
artmaqdadır.
2003-cü illə müqayisədə
adambaşına düşən ÜDM-in həcmi 3 dəfədən
çox artmışdır. Qeyd edək
ki, bu kəmiyyət artımı keyfiyyət artımı ilə
müşayiət olunur.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik
etdiyi 2003-2012-ci illər ərzində respublika dünyada əhalinin
sayı və insan inkişafı indeksi göstəriciləri
üzrə sürətlə irəli getmişdir. Məsələn, əgər
10 il bundan əvvəl ölkədə təxminən 8,35
milyon nəfər yaşayırdısa, 2008-ci ildə bu
göstərici 8,9 milyon nəfərə yaxın olmuş, 1
yanvar 2013-cü il tarixinə isə 9,356 milyon nəfəri
keçmişdir. Bu isə 10 il ərzində 1 milyondan
çox və yaxud 12,1 faizlik artım deməkdir.
Bu, həm də Qarabağ münaqişəsi nəticəsində
ölkənin genofondunun üzləşdiyi itkinin
artıqlaması ilə kompensasiya edilməsidir. Belə ümidverici dönüş yalnız təminatlı
şəraitdə baş verə bilərdi.
Əhalinin artım dinamikasına nisbətdə ölkədəki
iqtisadi inkişaf göstəriciləri də müsbətdir. Məsələn,
2003-cü ildə adambaşına düşən ümumi
daxili məhsulun (ÜDM) həcmi 873 manat olmuşsa, 2012-ci ilin
yekununda 5885 manat təşkil etmişdir. Başqa
sözlə, adambaşına ÜDM 7 dəfəyə
yaxın artmışdır.
ÜDM-in ümumi məbləği isə 7,147 milyard
manatdan 54 milyard manata çatmışdır. Bunun təxminən
53 faizi qeyri-neft sektorunun payına düşür. Vaxtilə ticarət şəbəkəsində olan
xarici istehsallı məhsulların demək olar ki,
hamısını yerli analoqları əvəz etmişdir.
Bütün bunların nəticəsidir ki, Beynəlxalq
Valyuta Fondunun hesabatında Azərbaycan son 10 ildə ən
sürətlə inkişaf edən ölkədir. Respublika ÜDM-in artım tempinə görə,
MDB-də 4-cü yeri tutur.
Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyinin
təmin edilməsi məsələsinə xüsusilə həssas
yanaşmışdır. Əgər 2003-cü ildə ölkədə
1,45 milyard manat dəyərində kənd
təsərrüfatı məhsulu istehsal edilmişdisə,
2012-ci ilin yekunlarına görə, aqrar istehsalın həcmi
4,845 milyard manata yaxın olmuşdur. Adambaşına
düşən kənd təsərrüfatı məhsulu
göstəricisi isə 177 manatdan 528 manata
çatmışdır.
Ölkəmizdə məşğulluq probleminin
uğurlu həlli üçün ardıcıl tədbirlər
həyata keçirilir. Təsadüfi deyil ki, 10 il bundan əvvəl
qarşıya qoyulmuş əsas vəzifələrdən biri
məhz işsizliyin aradan qaldırılması idi. Həmin vəzifə
müvəffəqiyyətlə yerinə yetirilərək o
vaxtdan bəri 1 milyon 180 min yeni iş yeri
açılmışdır. Bu tendensiya indi də
ardıcıl surətdə davam etdirilir. Elə ötən
yarım ildə ölkədə 55 min yeni iş yeri
yaradılmışdır. Onlardan 45 mini daimi iş yerləridir.
Bu müddətdə Azərbaycanda orta aylıq əmək
haqqı 5 dəfədən çox artaraq 77 manatdan 398 manata
çatmışdır. Maaşların səviyyəsinə
görə, Azərbaycan MDB məkanında Rusiya və
Qazaxıstanla birlikdə ilk 3-lükdədir.
Pensiya və müavinətlər
də artmışdır. Əgər 2003-cü ildə
Azərbaycanda orta aylıq pensiya məbləği 24 manata
yaxın (təxminən 30 dollar) idisə, ölkədə həyata
keçirilmiş pensiya islahatları nəticəsində
sözügedən göstəricini ötən ilin yekununda
152 (200 dollara yaxın) manata çatdırmaq mümkün olmuşdur.
Hazırda orta pensiya orta əmək
haqqının 38 faizini təşkil edir və bu Avropa Sosial
Xartiyasının tələblərinə uyğundur.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə əhalinin hər nəfərinə düşən gəlirin
məbləği isə 5,4 dəfə
artaraq 3784 manata çatmışdır. Bu
artımda əhalinin SSRİ dövründən qalmış əmanətlərinin
qaytarılması da rol oynamışdır. Dövlət büdcəsindən bu məqsədlə
1 milyard manata yaxın vəsait ayrılmışdır ki, bu
da postməkanda ən əlverişli şərtlərlə əmanətlərin
qaytarılmasına imkan vermiş və vətəndaşların
bank sektoruna inamını gücləndirmişdir. Banklara etimadı artıran həm də Azərbaycanda
Əmanətlərin Sığortalanması Fondunun
yaradılmasıdır. Artıq ölkə
vətəndaşları heç bir narahatlıq keçirmədən
banklara əmanət yatırır. Əgər
2003-cü ildə əhalinin əmanətlərinin ümumi məbləği
252 milyon manat təşkil etmişdisə, ötən ilin
yekununda bu göstərici 5,113 milyard manat olmuşdur.
Həyata
keçirilmiş sosial siyasət nəticəsində
2003-cü ildən bəri Azərbaycanda yoxsulluğun səviyyəsi
44,7 faizdən 6 faizə enmişdir. Bununla
da ölkə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə
vaxtından əvvəl əməl etmiş və təxminən
3,5 milyon nəfər yoxsul yaşamaqdan yaxa
qurtarmışdır.
Mütəxəssislərin fikrincə, bütün bu
uğurlar dövlətin maliyyə resurslarının dövlət
və icmal büdcə vəsaiti ilə idarə olunması
istiqamətində aparılmış məqsədyönlü
siyasətin növbəti illərdə də davam etdirilməsinə
əminlik yaratmışdır.
Nazirlər
Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu
uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin
lokomotivinə çevrilən, demokratikləşmə yolunda
atdığı ardıcıl addımlarla Cənubi
Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan
respublikamızın bütün sahələrdə dinamik
inkişaf etdiyini təsdiqləmişdir. Bu
dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması,
qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə
artması, inflyasiyanın optimal həddə saxlanılması
hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin
əyani göstəricisidir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 25 avqust.- S. 2.