Böyük sənəti istedadlı insanlar yaradır
Böyük ənənələrə malik milli kinomuzun yaradıcıları sırasında Vaqif Mustafayevin özünəməxsus yeri var. Onun yüksək milli ənənələrə söykənən filmləri Azərbaycanımızı dünyaya tanıdıb, nüfuzlu beynəlxalq kinofestivallardan yüksək mükafatlarla qayıdıb. Hər dəfə onun filmlərinə tamaşa edəndə adam saflaşır, qəlbində xeyirxah hisslər baş qaldırır. Çünki bu filmlərin qəhrəmanları həyatda öz yollarını axtaran, yaşamaq uğrunda mübarizə aparan müxtəlif xarakterli insanlardır. Onlar bəzən mənfi xarakterli olsalar belə, bizi düşündürür, yaxşını pisdən, xeyri şərdən ayırmaqda bizə yardımçı olur. Həm də bu filmlərdəki yumşaq yumor tamaşaçını darıxmağa qoymur, onu film boyu nikbin ruhda saxlayır. Bir sözlə, Vaqif Mustafayevin filmləri müasir dünya kino standartlarına cavab verən əsl sənət nümunələridir.
Filmlərindən
birini “Hər şey
yaxşılığa doğru”
adlandırıb. Mən bu adın mahiyyətini yaxşı başa düşürəm. Bilirəm ki, Vaqif Mustafayev
hər şeydə işıq, yaxşılıq axtaran sənətçidir. O, öz xalqının düşdüyü
bəladan yaxın zamanlarda yaxşılıqla
qurtaracağına əmindir. Sənət əsərlərində hər
şeyi
tam açıqlamaq bəlkə heç
lazım da deyil, elə
beləcə, “Hər şey
yaxşılığa doğru” deyimi çox mətləbləri
açıqlayır və tamaşaçı gizli həqiqətin
harada olduğunu anlayır. Onun “Fransız”, “Nakəs”, “Milli bomba” kimi filmləri
kinomuza yeni ab-hava gətirdi.
Vaqif Mustafayevin filmlərini sadalamaq fikrindən uzağam. Çünki bu filmlər
haqqında kifayət qədər fikirlər söylənilib. Ümumiyyətlə,
o, zamanın nəbzini
tutmağı bacaran istedadlı sənətkardır.
Onun yaradıcılığını dünyanın
müqtədir rejissorları
ilə müqayisə
edirlər. Doğrudan
da, onun yaradıcılığı dünyada
tanınır və yüksək qiymətləndirir.
Vaqif Mustafayevin yaradıcılığında yüksək sənət nümunəsinə çevrilən, xalqımız və dünya xalqları tərəfindən
böyük hörmət
və məhəbbətlə qarşılanan dahi siyasət nəhəngi, Azərbaycan xalqının böyük
oğlu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini canlandıran filmlər serialı var. O, 12 seriya nəzərdə tutduğu
“Heydər Əliyev” filminin 9-nu çəkib.
Bunlar aşağıdakılardır:
“General”, “Birinci”, “Moskva.
Kreml”, “Lider”,
“Tale”, “Əsl
məhəbbət haqqında”,
“Bir həsədin tarixi”, “Professional”. “Patriot” .
Onlardan “Əsl
məhəbbət haqqında”
filmi böyük uğur qazanıb. Bu film Moskvada keçirilən
4-cü Avrasiya teleforumunda
əsas və xüsusi mükafatlara layiq görülüb.
“Bir həsədin
tarixi” filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli
filmlər festivalında
əsas mükafatlardan
birini, Moskvada keçirilən 5-ci Avrasiya
Teleforumunda “Qran-Pri” mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük
uğurla nümayiş
etdirilib.
Vaqif Mustafayev 1953-cü il avqustun 28-də Bakıda dünyaya göz açıb. Moskvada ikiillik ali ssenari və rejissorluq kursunu bitirib. Məşhur rus
rejissoru Eldar Ryazanovun emalatxanasında
təhsil alması onun gələcək yaradıcılığına
əsl mənada güclü stimul verib. “Belə lazımdır”, “Musiqili xaş” filmləri onun yaradıcılığının
ilk işartıları idi. Elə debüt
filmləri
gənc
rejissoruun
gələcək perspektivlərindən xəbər verirdi. O. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına işə gələndə
artıq
rejissor kimi fəaliyyətə
başladı və tezliklə ona filmlər həvalə olundu.
“Yaramaz” filmi (1988) rejissora böyük
uğur gətirdi. O vaxt film demək
olar ki, təkcə SSRİ məkanında deyil, dünyanın bir sıra ölkəsində böyük müvəffəqiyyətlə nümayiş etdirildi, nüfuzlu festivallarda mükafatlar qazandı. Olduqca həyati filmdir,
“Yaramaz”. Onun qəhrəmanları hər
gün qarşılaşdığımız
insanlardır.
Müxtəlif xarakterli
bu insanlar film boyu bizi düşündürən problemlərlə
üz-üzədirlər və hər biri öz taleyini yaşayır. Amma “yaramaz”
kimi ad qazanan baş qəhrəman vəzifə pillələrinə ucaldıqca öz mənəviyyatını
itirir. Və bunu anlayanda
isə artıq gec olur. Vaqif Mustafayev bu ciddi problemə yumorla çox böyük məharətlə yanaşır.
Baş qəhrəmanı kinonun sərt dili ilə məharətlə
ifşa edir.
Qarabağ müharibəsi ilk
dəfə
bədii kinoda Vaqif müəlimin “Fəryad” filmində öz real əksini tapdı. Sevimli aktyor və rejissorumuz Ceyhun Mirzəyevlə
birgə
lentə aldıqları “Fəryad” filmi “Ögey ana” kinolentinin qəhrəmanı
İsmayılın sonrakı taleyi barədədir. Yaxşı tapıntıdır. Vaqif Mustafayev ssenarini dramatik hadisələr üzərində qurub. Balaca İsmayıl artıq cəbhədə
döyüşən igid
əsgərdir. Ailəsini,
uşağını qoyub
könüllü Vətən uğrunda döyüşə qatılıb.
Və o, Vətən uğrunda hər cür mərhumiyyətlərə
hazırdır.Ceyhun Mirzəyev rejissor olmaqla yanaşı, həm də baş rolun ifaçısıdır. Əfsus
ki,
o, bu ağrılara
tab gətirə bilmədi,
filmi tamamlamamış
dünyasını dəyişdi.
Filmin sonrakı epizodlarını Vaqif
Mustafayev tamamladı. Ancaq titulda o öz adını rejissor kimi yazmadı.
“Mozalan” satirik kinojurnalı üçün çəkdiyi
onlarca bir-birindən maraqlı süjetlər öz orijinal üslubu ilə tamaşaçıların sevimlisinə
çevrilmişdir. Bədii və sənədli kinonun sintezindən yaranan bu süjetlərin hər biri dövrün aktual problemlərini əks etdirir.
Vaqif Mustafayev kinematoqrafçılarımız
arasında ən çox mükafatlar alan rejissordur.
“Hər şey
yaxşılığa doğru”
qısametrajlı filmi
Kiçik Kann adlandırılan Oberhauzen
festivalında 4 nominasiyada
mükafat alıb, “Nakəs” filmi isə “Oskar”a dəvət almışdı. Rejissor deyir ki,
90-cı illərdə maliyyə
məsələləri ilə
əlaqədar o müsabiqəyə
gedə bilmədik.
Amma ümumilikdə Azərbaycan
filmləri və iri kino mükafatları
barədə danışarkən
daim optimist düşünürəm.
İnanıram ki, bizdə
də o festivalların
mükafatına layiq filmlər çəkiləcək.
Bizim filmlərimiz çox gözəldir və onların festivallarda yer tutub-tutmamasından asılı olmayaraq biz onları sevirik. Çünki gözümüzü açandan o filmlərə
baxmışıq, onlarla
tərbiyələnmişik. Amma konkret məsələ ilə bağlı real nəticə üçün
hələ çox çalışmalıyıq. Vaqif Mustafayev hazırda “Space” telekanalına rəhbərlik
edir. Son vaxtlar bu kanalda olduqca
maraqlı layihələr reallaşdırılır.
Vaqif Mustafayevin
əməyi dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilmiş, dəfələrlə
mükafatlara, fəxri
adlara layiq görülmüşdür.O, Azərbaycan
Respublikasının xalq
artistidir, Dövlət
mükafatı laureatıdır. Hazırda o, yaradıcılığının
yetkin dövrünü
yaşayır. İnanırıq
ki,
Azərbaycan kinosu onun yeni-yeni əsərləri
ilə bundan sonra daha da zənginləşəcək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 25 avqust.- S. 5.