Azərbaycanda aqrar sahənin dinamik elmi inkişafı

 

Ölkəmizdə aqrar islahatların həyata keçirilməsinin başlıca məqsədi bazar iqtisadi münasibətlərinə uyğun xüsusi təsərrüfat formalarının təşkilinə nail olmaqdan və aqrar bölmənin bütün sahələrində sahibkarlığı hər vasitə ilə inkişaf etdirməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, respublikamızda aqrar islahatları aparmaq məqsədilə Dövlət Aqrar İslahat Komissiyası, yerli və rayon aqrar islahat komissiyaları yaradılmış, onların hüquqları, funksiyaları, vəzifələri və iş qaydaları müvafiq olaraq əsasnamələrdə təsdiq edilmişdir.

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Bu baxımdan Azərbaycanda əhalinin ərzaqla etibarlı təminatı məqsədilə çoxlu  tədbirlər və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirilir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 24 noyabr 2003-cü ildə imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə aqrar sahədə yeni inkişaf modelinin tətbiqinə başlanmışdır. Həmin fərmanın məntiqi davamı olan 11 fevral 2004-cü il tarixində qəbul edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək üçün bu sahədə köklü dəyişikliklərin aparılması və kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi istiqamətlərini müəyyənləşdirdi. Dövlət Proqramında aqrar emal müəssisələrinin fəaliyyətinin bərpa olunması, yeni istehsal müəssisələrinin və infrastrukturun yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionlarda texniki servis mərkəzlərinin təşkili, toxumçuluq bazasının genişləndirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu.

Aqrar bölmənin idarə edilməsində mövcud pərakəndəliyi aradan qaldırmaq, bu sahənin davamlı inkişafını təmin edən idarəetmə sistemini yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi yenidən təşkil edilmiş və onun tabeliyində yeni qurumlar yaradılmışdır. Bunlar Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Nəzarəti Xidməti və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyidir. Həmin sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi ləğv edilmişdir.

Prezident İlham Əliyevin çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Dövlət proqramları və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin etmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq məqsədilə aqrar sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması bu sahənin inkişafına xüsusi təkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına uyğun olaraq istehsalçılara becərilən hər hektara görə 2007-ci ildən başlayaraq kompensasiya ödənilir. Bununla yanaşı, “Aqrolizinq” ASC-nin xətti ilə respublikamıza alınıb idxal olunan kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, mineral gübrələr və yüksək məhsuldar damazlıq heyvanlar kənd təsərrüfatı məhsullarının istehsalçılarına, emal və xidmət sahələri ilə məşğul olan sahibkarlara lizinq yolu ilə verilir və ya güzəştlə satılır. Azərbaycan dövlətinin xətti ilə ölkəyə 10 mindən artıq kənd təsərrüfatı texnikası gətirilib və icarə əsasında fermerlərə paylanıb.

Aqrar sahədə güzəştli kreditləşdirmə imkanlarının genişlənməsi, kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi, onların texnika, gübrə və kimyəvi vasitələrlə təminatının yaxşılaşdırılması öz müsbət nəticələrini verməkdədir. Bütün bunlar aqrar sektorda istehsal həcmini artırmaqla yanaşı, bu sahədə yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl texnologiyaların tətbiqinə, emal müəssisələri şəbəkəsinin genişləndirilməsinə, ən əsası isə yerli məhsullarımızın rəqabət qabiliyyətinin artırılmasına gətirib çıxarır.

Hazırda kənd təsərrüfatında özəl bölmənin payı 99,7 faizə çatır. Aqrar sektor sürətlə inkişaf edir və ölkənin ərzaq təminatı sahəsində çox mühüm strateji vəzifəni yerinə yetirir. Aqrar sahədə sahibkarlığın inkişafı kənddə orta təbəqənin formalaşması prosesinə təkan verir.

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına da xüsusi diqqət və qayğı ilə yanaşır, onların əməyini yüksək qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 oktyabr 2008-ci il  tarixli sərəncamı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd edilir. Kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi, onların təltif edilməsi dövlət başçısının aqrar sahəyə diqqət və qayğısının təzahürüdür.

Hazırda dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş texniki və maliyyə dəstəyi davam edir. Beynəlxalq maliyyə təşkilatları ilə birlikdə regionlarda layihələr həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan vəsaitlərin, dövlət büdcəsindən kənd təsərrüfatına birbaşa yardımların və kəndlərdə infrastrukturun yaradılmasına yönəldilən investisiyaların həcmi Prezidentimiz tərəfindən ildən-ilə artırılır.

Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən Azərbaycan hökuməti aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı Dövlət Proqramı ölkədə ərzaq təhlükəsizliyinin həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin proqramda qeyd edilir ki, ölkədə əhalinin ərzaqla tam təminatını ödəmək üçün 2015-ci ilədək dənli bitkilərin əkin sahələri 900 min hektara çatdırılmalı, əhalinin istehlakı üçün 2,8 milyon ton dənli bitkilər istehsal edilməlidir. Ət istehsalı 340 min tona, süd və süd məhsulları istehsalı 2,4 milyon tona, sənaye üsulu ilə quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə 1,3 milyard ədədə çatdırılmalıdır. Ölkədə tərəvəz və bostan məhsullarının istehsalı 1,72 milyon ton, kartof 1,12 milyon ton, meyvə 800 min ton olmalıdır.Yağlı bitkilərin əkin sahələrini 135 min hektara, şəkər çuğunduru əkinini isə 20 min hektara qədər artırmaq nəzərdə tutulur. Ümumilikdə yem bitkilərinin əkin sahələri 500 min hektar olmaqla qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq qərara  alınıb.

Kənd Təsərrüfatı Nazirliyi ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələri bir proqram kimi qəbul edir. Nazirimiz İsmət Abasovun rəhbərliyi altında aqrar sahədə aparılan islahatlar uğurla həyata keçirilir. Nazirlik tərəfindən aparıln işlər əhalinin ərzaq məhsullarına artan tələbatının ödənilməsinə zəmanət verir. Məqsədyönlü tədbirlərin nəticəsi olaraq dənli və dənli-paxlalı bitkilərin, kartofun, meyvə, tərəvəz və bostan məhsullarının, heyvandarlıq məhsullarının istehsalında mütəmadi olaraq dinamik inkişaf əldə edilmişdir.

Azərbaycan aqrar elminin beynəlxalq elmi-tədqiqatlar sisteminə inteqrasiya oluması məqsədilə Aqrar Elm Mərkəzi yaradılmış və Beynəlxalq Məsləhət Qrupu (CGİAR) konsorsiumuna daxil olan beynəlxalq elm mərkəzləri və bir sıra ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq əlaqələri genişləndirilmişdir. Əlaqələr elmi təcrübə və seleksiya materiallarının mübadiləsi, kadr hazırlığı bu işlərin beynəlxalq standartlara uyğunlaşdırılması, yeni texnologiyaların tətbiqi, texnika və aqreqatların sınağı sahələrini əhatə edir. Hazırda aqrar elm strukturuna 13 elmi-tədqiqat institutu, onların 39 təcrübə bazası daxildir.

Son 10 ildə müvafiq  elmi-tədqiqat institutlarında 200 mindən çox bitki sort nümunəsi, həmçinin 300-dən çox heyvan cinsinə aid genofond materialları öyrənilmiş, qiymətli təsərrüfat əlamət və xassələrinə malik mənbələr müəyyənləşdirilərək seleksiya tədqiqatlarında istifadə edilmişdir. 50-dən çox ixtiraya patent alınmışdır.

 Akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun alimlərinin apardıqları uzunmüddətli seleksiya tədqiqatları nəticəsində yarımqaba yunlu, yağlıquyruq Abşeron və Mil-Qarabağ qoyun cinsləri Kənd Təsərrüfatı Nazirliyinin 23 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Bununla bərabər Türkiyədən gətirilmiş südlük-ətlik Avasi qoyun cinsi institutun yardımçı təcrübə təsərrüfatında yetişdirilir və törədici qoçlar respublikanın ayrı-ayrı regionlarına satılır.

AMEA-da aqrar elmlər bölməsi yaradılmışdır. Bölmənin tərkibində geniş elmi potensiala malik üç elmi-tədqiqat institutu: AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AMEA Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu fəaliyyət göstərir. Son illər mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş müvafiq işlər və baş sayının artması məhsul istehsalına öz müsbət təsirini göstərmişdir. Bu il yanvar ayının 1-nə olan məlumata görə ölkədə iribuynuzlu  mal-qaranın sayı 2646,7 min başa, qoyun və keçilərin sayı 8491,8 min başa çatmış, iribuynuzlu mal-qara naxırında məhsuldar inək və camışın xüsusi çəkisi 48,3 faiz təşkil etmişdir. Diri çəkidə 440 min ton ət, 1529,2 min ton süd, 1178,6 milyon ədəd yumurta və 15,6 min ton yun istehsal edilmişdir. Nəticədə ət istehsalı 6,7 faiz, yun istehsalı 2,4 faiz artmışdır. Hazırda aqrar sektor ümumi daxili məhsulun (ÜDM) 15,7 faizini təşkil edir. 2013-cü ilin 6 ayı ərzində ÜDM-in həcmi kənd təsərrüfatı üzrə 2,8 faiz artmışdır. Xırda buynuzlu heyvanların baş sayı 1,1 faiz artaraq 8 milyon 851 min başa, iri buynuzlu heyvanların baş sayı 1 faiz artaraq 2 milyon 722 min başa, quşların baş isə 24 milyon 600 min başa çatdırılmışdır. Bu ilin sonuna kimi aqrar sektorda istehsalın 6 faiz artımı gözlənilir.

Əhalinin ərzaq,  xüsusən heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsi üçün onun intensiv inkişaf etdirilməsində xüsusi rol oynayan damazlıq işi ildən-ilə genişləndirilir. 1 yanvar 2013-cü ilin statistik məlumatına görə respublikamıza yüksək məhsuldar 703,3 min baş mədəni qaramal cinsləri gətirilmişdir. Son 5 ildə 230789 baş iribuynuzlu heyvan süni mayalandırılmış, onlardan 133706 baş bala alınmışdır.

Akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində  fəaliyyət göstərən süni mayalanma mərkəzində bu sahə üzrə texniklər hazırlanır və onlar müvafiq avadanlıq, cihaz və nəqliyyat vasitələri ilə təmin edilirlər. Hazırda mərkəzdə 300 min buğa və kəl toxumu poyet sistemində qablaşdırılaraq saxlanılır.

Göründüyü kimi, Azərbaycanın kənd təsərrüfatı son iyirmi ildə böyük inkişaf yolu keçmişdir. Azərbaycan kəndlisi özü torpaq sahibi olaraq fermerə, sahibkara çevrilmişdir. Memarı və təşəbbüskarı ümummilli liderimiz Heydər Əliyevin olduğu torpaq islahatları Azərbaycanda böyük uğurlar qazanmışdır.

Ümummilli liderin başladığı islahatlar onun siyasi varisi, dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, ölkədə aqrar sahənin dinamik inkişafı təmin edilmişdir. Məhz dövlət başçısının ardıcıl diqqət və qayğısı, qəbul etdiyi dövlət proqramları, imzaladığı sərəncamlar sayəsində ölkədə aqrar islahatlar öz uğurlu həllini  tapmışdır.

Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malik ölkələrdən hesab olunur. Hazırda ölkəmizdə aqrar sektorun inkişafı əhalinin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatını  ödəməyə imkan verir. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.

 

M.BALAKİŞİYEV,

 

Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru,

 

Y.GÖZƏLOV,

 

İnformasiya və tədqiqat şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2013.- 25 avqust.- S. 5.