Samux: səyyar qəbullar, səmimi
söhbətlər, yeni obyektlər...
Son vaxtlar yolunuz Samuxa düşübmü? Düşməyibsə, mütləq gedin, peşman olmayacaqsınız. Sizi yeni rahat yollar, öz orijinallığı ilə seçilən müxtəlif obyektlər, park və xiyabanlar və təbii ki, Samuxun çox sadə, mehriban adamları qarşılayacaq. Rayon çox dəyişib. Gərək bunu öz gözlərinizlə görəsiniz. Samuxda müsbətə doğru baş verən bu dəyişikliyi ölkə Prezidenti İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirirlər.
Rayonun 17 min nəfər əhalisinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə - Sərkar - Tarayeri - Qədim avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Samux Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılması ilə bağlı ölkə başçısının imzaladığı sərəncam deyilənlərin bir daha əyani sübutudur.
Başqa bir maraqlı məqam, həm də çox vacib məsələ adamların məsuliyyət hissinin, təşəbbüskarlığının, işgüzarlığının qat-qat yüksəlməsidir. Bunlar çox önəmlidir. Rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin özü olduqca təşəbbüskar, zövqlü, daim adamların arzu və istəklərini, təkliflərini dinləməyə çalışan, necə deyərlər, bir icraçıdır. Səyyar görüşlərə daha çox üstünlük verir. Təsadüfi deyildir ki, rayona rəhbərlik etdiyi heç il yarım deyil, amma bütün kənd və qəsəbələrin xırda problemlərindən belə xəbərdardır.
Səyyar görüşlər əksər hallarda açıq havada keçirilir. Adamlar kəndin, qəsəbənin dərd-sərini danışır, qarşılaşdıqları problemləri xatırladır, təkliflər irəli sürürlər. Söhbətlər o qədər maraqlı, səmimi keçir ki, kimin məmur, kimin adi sakin olması da unudulur. Nəticə isə göz qabağındadır: yaşayış məntəqələrinin siması hər ay, hər gün, hər saat dəyişir! Yenikənd, Hacıalılı, Əhmədbəyli, Əlibayramlı, Salahlı, Alabaşlı, Ziyadlı, Kəsəmən, Sarıqamış, İnstitut qəsəbəsi, Tatlı, Qaraarx... Təkcə bu ilin mayından avqusta kimi rayon icra hakimiyyəti başçısının səyyar qəbullar keçirdiyi kəndlərin adlarıdır. Yaddaqalan, faydalı görüşlər olub. Qaldırılan problemlərin hər birinə başçı özü nəzarət edir, vaxtaşırı məsul şəxslərdən çətinliklərin həlli vəziyyətini soruşur, yerində yoxlayır.
İndi mərkəzi parkı tanımaq olmur. Ulu öndər Heydər Əliyevin adını daşıyan bu parkda yenidənqurma işləri başa çatdırıldıqdan sonra daha füsunkar olub, əsl istirahət mərkəzinə çevrilib. Parkda ümumi sahəsi 1400 kvadratmetr olan Heydər Əliyev Mərkəzi inşa olunub. Öz orijinallığına görə hər kəsin diqqətini cəlb edir. Onun tikintisində müasir memarlıq üslubundan və elementlərindən istifadə olunub. Binanın fasadı qranit və yüksək keyfiyyətli aqlay daşları ilə işlənmişdir. Mərkəz ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponat zalından, “3D” formatlı filmlərin nümayişi və digər tədbirlər üçün nəzərdə tutulmuş zaldan və xidməti otaqlardan ibarətdir. Burada eyni zamanda rəsm qalereyası, dilçilik kursları, rəqs dərnəyi fəaliyyət göstərəcək.
Parkda istirahət üçün hər cür şərait yaradılıb. Burada kafe, çay evi, rayon tarix-diyarşünaslıq muzeyi üçün bina, 7 ədəd istirahət köşkü, böyük monitor vardır. Parkın girişindən mərkəzə qədər olan əraziyə 1500 kvadratmetr qranit üzlük, gəzinti yollarının kənarına 2 min metr mərmər bardür düzülmüş, işıqlandırma sistemi yenidən qurulmuşdur. İstirahət mərkəzində yaşıllıqlara avtomatik suvarma sistemi ilə qulluq edilir. Yollara 10 min kvadratmetr üzlük daş döşənmiş, dairəvi yolun kənarına 1200 metr beton bardür düzülmüşdür.
Heydər Əliyev parkının sahəsinin bir hektar artırılmış hissəsinin müasir layihə əsasında yenidən qurulmasına və YAP rayon təşkilatının yeni binasının inşasına başlanılmışdır.
Rayonun ən müxtəlif yerlərində komplekslər, dekorativ yamaclar düzəldilir, ad göstəriciləri yenidən hazırlanır. Bu işlərdə bir yenilik, müasirlik nəzərə çarpır. Qarabağ müharibəsi və əlilləri üçün inşa olunmuş 36 mənzilli dördmərtəbəli yaşayış binası istifadəyə verilib. Seyidlər kəndində 220 şagird yerlik orta məktəb binası istifadəyə verilmişdir. Qırmızı Samux qəsəbəsində həkim məntəqəsi və Bağbanlar kəndində kitabxana binası tikilmişdir. Rayon telekommunikasiya qovşağı üçün də yeni inzibati binanın tikintisinə başlanılmışdır.
Rayon ümumtəhsil müəssisələrinin maddi-texnika bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl iş aparılır. Əhmədbəyli və Qarabağlar kəndlərində yeni müasir məktəb binalarının inşasına, Alabaşlı, Qırmızı Samux və Zazalı kəndlərindəki orta məktəblərdə əsaslı təmir işləri başlanıb.
Kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Suvarma suyunun vaxtlı-vaxtında verilməsinə, əkinçilərin lazımi texnika və gübrə ilə təmin olunmasına xüsusi nəzarət edilir.
Rayon mərkəzindəki bir sıra küçələrdə qaz xətləri dəyişdirilmiş, evlərdə yeni sayğaclar quraşdırılmışdır. Ümumiyyətlə, Samuxda əhalinin qaza, elektrik enerjisinə və digər istehlaka olan tələbatı lazımınca ödənilir və bu sahələrdə demək olar ki, fasilələr aradan qaldırılıb.
Yuxarıda qeyd etdik ki, Samuxda ən başlıca amil insanlara münasibət və onların hər birinin arzu və istəklərinə həssaslıqla yanaşmaqdır. Məhz bunun nəticəsidir ki, vətəndaşlar tərəfindən müraciətlərin sayında azalma müşahidə edilir. Məsələn, bu ilin birinci yarısında rayon icra hakimiyyəti başçısı aparatına 326 ərizə, təklif və şikayət daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz aşağıdır. Yaxud, keçən il Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına 119 ərizə daxil olduğu halda, bu ilin ötən aylarında onların sayı 89-a enmişdir. Bilirsiniz niyə belədir? Çünki adamların qaldırdığı hər bir məsələ yerində araşdırılır, operativ tədbirlər görülür. Belə olan halda məgər yuxarı orqanlara ərizə yazmağa ehtiyac varmı? Əlbəttə, yox.
...Samuxda adamların əhval-ruhiyyəsi yaxşıdır. Daha 20 il qabaq, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründəki Samux deyil. Özbaşınalığın, qətllərin, hərc-mərcliyin hökm sürdüyü, dağılıb gedən Samuxdan əsər-əlamət qalmayıb. Bugünkü Samux firavan həyatı olan, gözəlləşən bir məkandır. Adamları da artıq çoxdan öz seçimlərini ediblər. O, Azərbaycanın indiki Prezidenti cənab İlham Əliyevdir! Rayon icra hakimiyyətinin başçısı Ali Qocayev yaxşı bir söz dedi: — Seçim üçün inam lazımdır. İnam isə Samuxu, o cümlədən bütün Azərbaycanı bu günə çatdıran cənab Prezidentimizədir. Bu, danılmaz bir faktdır.
Hamlet
QASIMOV
Xalq qəzeti.- 2013.- 25 avqust.- S. 6.