“Azərbaycanda idmanOlimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər”

 

“Mən çox şadam ki, idmanda proseslər çox müsbət istiqamətdə gedir. Ölkəmizin ümumi inkişafını idmanda gedən proseslər işıqlandırır. Sirr deyildir, Olimpiya oyunları dünya miqyasında yeganə beynəlxalq mötəbər tədbirdir ki, ölkələr öz aralarında rəqabətə çıxırlar. Dünyada istənilən başqa sahədə, əlbəttə ki, rəqabət vardır və Azərbaycan da bu rəqabətdə daim yüksəklərdədir”.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı geniş vüsət almışdır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, 20 ildən artıq bir zamanda müstəqilliyini qazanan gənc bir dövlətin idman sahəsində də əldə etdiyi nailiyyətlər yüksək səviyyədədir. Bu 20 il ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Respublika Olimpiya İdman Liseyi, Uşaq-Gənclər İdman Məktəbləri kimi təhsil ocaqları yaradılmışdır.

Artıq elə bir mötəbər yarış yoxdur ki, idmançılarımız orada ölkəmizi təmsil etməsinlər,  medalmükafatlar gətirməsinlər. Təbii ki, bütün bunlar Azərbaycanda idmana dövlətin göstərdiyi hərtərəfli qayğı sayəsində mümkün olmuşdur. Ümumiyyətlə, son 10 ilin idman tarixinə nəzər salsaq görərik ki, Azərbaycanda Olimpiya Hərəkatı artıq ənənəvi bir şəkil alıb.

İdmançılarımız ilk dəfə müstəqil dövlətin təmsilçiləri kimi 1996-cı ildə Atlantada bir medal, ondan sonra 2000-ci ildə Sidneydə üç, 2004-cü ildə Afinada beş, 2008-ci ildə Pekində yeddi və nəhayət, Londonda on medal qazanmışlar.

2000-ci ildə sərbəst üsulla güləşən Namiq Abdullayev Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında ölkəmizə qızıl medal qazandırmışdır. O, Olimpiya Oyunlarının paradında Azərbaycan komandasının bayraqdarı olmuşdur. Həmin il digər bir həmyerlimiz Zemfira Meftahəddinova isə stend atıcılığı üzrə olimpiya çempionu olmuşdur.

Digər bir idmançımız Elnur Məmmədli ilk dəfə 2006-cı ildə Avropa çempionu adını qazanmış, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olmuşdur. Belə ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız  ardıcıl qələbələrlə finala vəsiqə qazanmışdır. Finalda isə onun rəqibi Cənubi Koreya təmsilçisi Ki Çun Vanq olub. Cüdoçumuz görüşün 13-cü saniyəsində ippon fəndi tətbiq etməklə rəqibini məğlubiyyətə uğradıb. Bununla da Elnur Məmmədli Olimpiya çempionu adına layiq görülüb.

XXIX və XXX Yay Olimpiya Oyunlarının gümüş medalçılarından  (2008 Pekin, 2012 London) biri həmyerlimiz Rövşən Bayramovdur.  Beynəlxalq Güləş Federasiyası (FİLA) yunan-Roma güləşi üzrə Azərbaycan pəhləvanı Rövşən Bayramovu 2008-ci ilin ən güclü idmançısı elan edib. “Qızıl Qran-Priturnirinin bürünc mükafatçısıdır (2009, Bakı). Dünya çempionatında III yerə layiq görülüb (2009. Danimarka, Herninq). 2011-ci ildə İstanbulda dünya çempionu adını qazanıb.

Yaxın tarixə nəzər salsaq, Toğrul Əsgərov və Şərif Şərifov kimi olimpiya çempionlarımızın adını çəkə bilərik. 2012-ci ildə XXX London Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Toğrul Əsgərov çempion olub. Ardıcıl qələbələr qazanan 19 yaşlı T.Əsgərov finalda Rusiya idmançısı Besik Kuduxovla qarşılaşıb. İdmançımız Pekin-2008-in bürünc mükafatçısı, dördqat dünya çempionu B.Kuduxovu ilk hissədə 1:0 hesabı ilə məğlub edib. Ardınca rusiyalı idmançı bunun əvəzini çıxmaq istəsə də, T.Əsgərov buna imkan verməyib. İkinci hissədə də Toğrul Əsgərov B.Kuduxova 5:0 hesabı ilə qalib gəlib. Bununla, o, Azərbaycana London Yay  Olimpiaya  Oyunlarında ilk qızıl medal qazandırıb.

 

Azərbaycan yığması London Yay Olimpiya Oyunlarında daha bir qızıl medalı isə 84 kiloqram çəki dərəcəsində yarışan Şərif Şərifovun uğurlu çıxışı sayəsində əldə etmişdir. Toğrul Əsgərov kimi Şərif Şərifov da mübarizəyə inamla başlamışdır. Məhz elə buna görə də Şərif Şərifov  yarımfinala yüksəlmişdir. Yarımfinal mərhələsini də uğurla adlayan Şərifovun həlledici final görüşündə rəqibi Puerto-Riko idmançısı Yusept Espinal olmuşdur. İlk hissədə 5:1 hesablı qələbə qazanan təmsilçimiz ikinci hissədə də rəqibə şans verməmişdir - 2:0. Bununla da Şərif Şərifov London Yay Olimpiya Oyunlarında Toğrul Əsgərovun ardınca olimpiadanın qızıl medala sahib çıxmışdır.

Ümumiyyətlə, Azərbaycanın ən böyük uğuru London Yay Olimpiya Oyunlarında qeydə alınmışdır. Bu Olimpiya oyunlarında iki yüz beş  ölkənin iştirak etməsinə baxmayaraq, Azərbaycan  30-cu yeri tuta bilmişdir. Medalların sayına görə isə 24-cü olmuşdur. Avropa ölkələri arasında idmançılarımız 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutmuşlar. Azərbaycan idmançıları XXX London Yay Olimpiya Oyunlarında 10 medal qazanmışlar ki, bunun ikisi qızıl, ikisi gümüş, altısı bürünc mükafat olmuşdur. Bütün bu nailiyyətlərin arxasında vətənpərvər  Azərbaycan idmançıları dururlar. Şübhəsiz ki, dövlətimizin bu sahəyə ayırdığı yüksək diqqət və qayğını da unutmaq olmaz.

Məhz yuxarıda göstərdiyimiz uğurlu siyasətin nəticəsidir ki, artıq Bakı idmanolimpiya sahəsində müxtəlif  tədbirlərə ev sahibliyi edir. Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsidir. Məhz elə buna görə də 2015-ci ildə Avropa Olimpiya Oyunları kimi mötəbər bir yarışa ev sahibliyi etmək kimi məsuliyyətli Bakıya həvalə edilmişdir. İlham Əliyevin 31 iyul 1997-ci il tarixində Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başlanmış düşünülmüş və uzaqgörən siyasətin nəticəsi olaraq ölkəmizdə idmana diqqət daha da yüksəlmişdir. Sonrakı illər ərzində Azərbaycanda idman sahəsində ciddi nailiyyətlər əldə edilmiş, bu sahənin inkişafına diqqət daha da artırılmışdır. Ölkəmiz nəinki öz iqtisadi inkişafı, o cümlədən, strateji və mədəni perspektivləri ilə dünyada xüsusi yer tutmuşdur. Beləliklə,  Azərbaycan həm idman üzrə uğurları ilə, həm də dünyaAvropa səviyyəli çempionat və tədbirləri, o cümlədən ölkəmizdə nüfuzlu beynəlxalq yarışları təşkil etməklə dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizdə 2012-ci ildə keçirilmiş Avropa Ağır Atletika Ustaları Çempionatı, 57-ci Eurovision 2012 mahnı müsabiqəsi və FİFA-nın 17 yaşlı qızlar arasında Dünya Kuboku kimi mühüm silsilə tədbirləri qeyd etmək  yerinə düşərdi. 2013-cü ildə ölkəmiz həmçinin BEİD Dırmanma üzrə Dünya Kuboku və “F2 Bakı Qran-Pri” tədbirlərinin iştirakçılarını qəbul etmişdir.

Qarşıdakı illərdə Azərbaycan bir sıra yüksək səviyyəli çempionat və yarışları, o cümlədən şahmat üzrə Dünya Kuboku - 2015, Ümumdünya Şahmat Olimpiadası-2016 və 2014-cü ildə MMBA Dünya İdman Mətbuatı Assosiasiyasının Qurultayını keçirməyi planlaşdırır. Lakin  ən vacib fakt ondan ibarətdir ki, Bakıya 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarını keçirmək hüququ verilmişdir.  Xatırladaq ki, idman tarixində ilk Avropa  Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il də İtaliyanın Roma şəhərində baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında verilmişdir. Tədbir İtaliya Milli Olimpiya Komitəsinin qərargahında, “Foro italikostadionunda keçirilmişdir. Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermədə Azərbaycan  48 səsdən 38-ni toplamaqla, ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə nail olmuşdur.

Tədbirdən sonra jurnalistlərə müsahibə verən  Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının Bakıda keçirilməsinə münasibət bildirərək demişdir: “Biz Avropanın idman tarixində ən böyük hadisələrdən birinin başlanğıcında dayanmışıq! Mən fəxrlə bildirirəm ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. Çoxdan gözlədiyimiz uşağımız, nəhayət, doğuldu! indi biz böyük qayğı ilə ona baxacağıq, böyüdüb tərbiyə verəcəyik ki, gözəl Bakı şəhərində hər şey ən yüksək səviyyədə keçirilsin. Ən əsası odur ki, bu, Avropa Oyunlarının uzunömürlü, dolğunparlaq həyatında yalnız başlanğıc olsun! Biz hətta Olimpiya oyunlarının paytaxt seçimi üçün yarışma təşkil etməmişik. Biz Avropa Oyunlarının keçirilməsi haqda məsələni  müzakirə etmək təklifi ilə Azərbaycan Milli Olimpiya Komitəsinə müraciət etdik - çünki bilirdik ki, Azərbaycanın idman rəhbərləri və dövlət rəhbəri genişmiqyaslı yarışların təşkilinə yüksək diqqət göstərir”.

Ümumiyyətlə, Bakıda  təşkil ediləcək Avropa Oyunlarında 18 idman növündə yarışlar keçiriləcək. Oyunların proqramına 28 yay olimpiya idman növündən 16-sı, həmçinin 2 qeyri-olimpiya idman növü daxil olacaq. Artıq beynəlxalq həndbol, voleybol, reqbi, boks, cüdo, biatlon, badminton, taekvondo, kamandan oxatma, qılıncoynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları kimi idman təşkilatları artıq Bakıda keçiriləcək Avropa Oyunlarında iştiraklarını təsdiq ediblər.

Digər bir fərəhdoğurucu hadisə isə bu yaxınlarda Səudiyyə Ərəbistanının Ciddə şəhərində olmuşdur. Belə ki, İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat seçkisində Bakının 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi qərara alınıb. Səsvermə zamanı namizədlər tam yekdilliklə Azərbaycanın lehinə səs veriblər. Bundan başqa, İslam Həmrəyliyi İdman Federasiyasının növbəti Baş Assambleyasının da 2015-ci ildə Bakıda keçirilməsi qərara alınıb. Bütün bu faktlar bir daha onu göstərir ki, ölkəmizin beynəlxalq arenadakı nüfuzu istər idman sahəsində, istərsə də digər sahələrdə yüksək templə artır.

Bütün bunlar ilk Avropa Oyunlarını ən yüksək təşkilati səviyyədə keçirmək üçün güclü zəmin yaradır. Buna görə Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüYUNESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması haqqında fərman imzalamışdır. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda idmanOlimpiya Hərəkatı uğurla  inkişaf edir, yaxşı nəticələr əldə olunur və gələcəkdə böyük perspektivlər vəd edir.

 

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2013.- 25 avqust.- S. 6.