Azərbaycanın
son on ildə dinamik inkişafı dünya
birliyində ölkəmizin mövqelərini möhkəmləndirmişdir
Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Son 10 il ərzində dünyada iqtisadi inkişaf baxımından Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yeni siyasi kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu siyasi xəttində ilk növbədə bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu.
Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni siyasi kursunun həyata keçirilməsi uçün hər şeydən əvvəl müharibəni dayandırmaq və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.
Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir.
Ümummilli lider çox müdrik, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.
1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməklə ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir.
Həmin illərdə çox ciddi islahatlar aparılmış, bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmiş, Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət almışdır. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmiş, o dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.
Son on il ərzində Azərbaycan xalqı və dövləti sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.
Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilmişdir.
2003-2013-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Azərbaycanın kredit reytinqləri artmaqdadır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən rəqabətqabiliyyətli 50 iqtisadiyyat arasındadır. Orada bizim yerimiz 46-cı sıradadır.
Keçən 10 ildə ölkə iqtisadiyyatı 3 dəfə artmış, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmiş, 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatdırılmışdır. 2005-2009-cu illərdə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlət olmuş, 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 9 faiz artım olmuş, son 8 ildə isə qeyri-neft sektoru 2 dəfə artmışdır.
Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanmış, Azərbaycan iqtisadiyyatına bütövlükdə 130 milyard dollardan çox sərmayə qoyulmuş, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötmüşdür. Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olmuşdur.
Bu gün Azərbaycan ümumi daxili məhsulla nisbətdə ən az xarici borcu olan ölkələrdən biridir və onun səviyyəsi cəmi 7 faizdir. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə yoxsulluğun səviyyəsi 6,2 faizə, işsizlik isə 5 faizə düşmüşdür. Bütövlükdə, 2003-cü ildən bu günədək ölkədə bir milyondan çox yeni iş yeri yaradılmış, 2012-ci ilin nəticələrinə görə, ölkədə inflyasiya cəmi 1 faiz təşkil etmişdir.
2012-ci ildə Azərbaycan iqtisadiyyatına 22 milyard dollar məbləğində sərmayə yatırılmışdır. İndi ölkəmiz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə keçmiş Sovet məkanında aparıcı ölkədir. 2013-cü ilin birinci yarısında isə ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulmuşdur. Bunun böyük hissəsi, təqribən 7 milyardı daxili sərmayədir, 5 milyard isə xarici sərmayələrdir. Azərbaycan dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmiş və qətiyyətlə demək olar ki, 2003-cü ildə qarşıya qoyulan bütün məqsədlərə nail olunmuşdur.
Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir, bütün hesabatlarda biz öncül mövqelərdə dururuq. 2012-ci ildə dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmiş, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz dünyada 46-cı, MDB məkanında isə 1-ci yerdədir. 2008-ci ildə Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmiş və 2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin həyatında çox əlamətdar, tarixi bir gün, böyük nailiyyət olmaqla yanaşı və Azərbaycan kosmik ölkələr sırasına daxil olmuşdur.
Ölkəmiz ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai-siyasi sabitliyə və çox böyük uğurlara imza atmışdır. Azərbaycanın yeni neft strategiyasının icra edilməsi, xüsusilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxışını təmin etdi ki, bu da təkcə keçən on ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur.
Bu illər ərzində
ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş,
ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam
təmin olunmuş, xarici
enerji mənbələrindən
asılılıq aradan
qaldırılmışdır. Bu gün Azərbaycan həm regionun,
həm də Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində, dünyanın qlobal
enerji bazarında ciddi
rol oynayan ölkədir.
Bir sıra Avropa
ölkələrinin qaz bazarında Azərbaycanın
payı 40 faizədək artmışdır. Azərbaycan bu gün iqtisadi
potensial baxımından
regionun lider ölkəsidir.
(ardı
var)
Elçin ƏHMƏDOV,
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq
münasibətlər və xarici siyasət
kafedrasının dosenti, “Azərbaycan
Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri
Xalq qəzeti.- 2013.- 28 avqust.- S. 3.