HAVALAR
İSTİ KEÇSƏ DƏ...
Söhbət meliorasiya və su təsərrüfatı
işçilərinin çətin və şərəfli əməyindən
gedir
Meliorasiya və su təsərrüfatı
obyektləri bizim sərvətimizdir və
bu sərvətdən səmərəli
istifadə etməliyik.
Heydər
ƏLİYEV
Ümummilli lider
Elə bil təbiət insanları sınağa çəkir: Bu il havalar gözləniləndən də isti keçir. Mütəxəssislərin verdiyi məlumatlara görə, yaxın günlərdə istilər daha da artacaqdır. Gecəsi-gündüzü tarlada, zəmidə, bağ-bostanda keçən kənd adamı, sözün əsl mənasında, imtahan qarşısındadır-məhsulu yığılmış, taxıl zəmiləri növbəti əkin-biçinə hazırlanır, pambıq sahələri becərilir, üzüm, bağ-bostan məhsulları yığılır, yem bitkiləri tədarük edilir... Bir sözlə, hər kəs bolluq, bərəkət təknəsinə öz layiqli payın verməyə çalışır.
Belə isti-bürkülü yay günlərində meliorasiya və su təsərrüfatı işçilərinin qayğıları birə beş qatdır. Havaların həddən artıq isti keməsi suvarma suyuna olan tələbatı daha da artırmışdır. Yeri gəlmişkən, qeyd edək ki, aqrar islahatların çoxdan uğurla başa çatdığı, sahibkarlığın surətlə inkişaf etdiyi indiki şəraitdə kənd adamlarının, fermerlərin konkret kömək gördüyü, üz tutduğu yeganə ünvan da məhz onlardır-meliorasiya və su təsərrüfatı idarələridir. Bu qarşılıqlı əlaqə və əməkdaşlıq isə son nəticədə məhsul bolluğuna, kəndin də, kəndlinin də inkişafına, dəyişməsinə, yeniləşməsinə gətirib çıxarmışdır.
Bəs, belə gərgin günlərdə yerlərdə iş necə təşkil edilmişdir? Meliorasiya və su təsərrüfatı kompleksi yaranmış çətinlik və problemləri vaxtında aradan qaldıra bilirlərmi? Əldə edilmiş nəticələr, qarşıda duran konkret vəzifələr nədən ibarətdir?
Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi İlyas Səfərovla söhbətmiz də elə bu barədədir. Musahib olaraq İ.Səfərovu seçməyimiz heç də təsadüfü deyil. Onu çoxdan tanıyıram, melorasiya və su təsərrüfatı sistemində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Daim yeniliyə can atan, təşəbbüskar və yaradıcı adamdır. Həmişə iş üstündə, adamlar arasındadır. Onları öz ardınca aparmağı bacarır, müasir idarəetməyə dərindən bələddir. Söhbətimiz də elə bu istiqamətdədir-meliorasiya və su təsərrüfatı kompleksi ilə kənd adamlarının, fermerlərin, sahibkarların qarşılıqlı əlaqə və əməkdaşlığından, onlara kömək və qayğıdan, birgə əldə edilmiş uğurlardan:
- Əvvəlcə bu söhbətimiz üçün maraqlı və xarakterik olan bir məsələ üzərində dayanmaq istəyirəm. Həyatımızın bütün sahələrində olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də əsaslı inkişaf və yüksəlişin bünövrəsi ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində misli görünməmiş yüksəliş dövrü başlandı. Meliorasiya işinin ardıcıl davam etdirilməsinin, yeni kanalların çəkilməsinin, maddi-texniki bazanın möhkəmləndirilməsinin nəticəsində yüz min hektarla sahələr əkin dövriyyəsinə daxil edilmişdir.
Olduqca fərəhli haldır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş həmin ənənələr bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük qətiyyət və uzaqgörənliklə davam etdirilir. Meliorasiya və su təsərrüfatı sahəsində aparılan ardıcıl islahatlar, imzalanmış fərman və sərəncamlar, bir sözlə, həyata keçirilən kompleks tədbirlər bu dediklərimizə əyani misaldır. Həqiqətən, bu gün Azərbaycan kəndi öz inkişafının kefiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Sevinirik ki, bu bolluğu və bərəkəti, xoşbəxt və firavan həyatı yaradanlar sırasına biz meliorasya və su təsərrüfatı kompleksində çalışanların da layiqli payı var.
Yuxarı Qarabağ kanalı respublikamızda suburaxma qabiliyyətinə və xidmət etdiyi əkin sahələrinə görə ən böyük magistral kanaldır. 1959-cu ildən fəaliyyət göstərir. İdarənin əsas vəzifəsi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təsdiq etdiyi limit əsasında Yuxarı Qarabağ kanalı vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırmaq və kanalı daim saz vəziyyətdə saxlamaqdan ibarətdir. Kanal Qarabağın 110 min hektar əkin sahəsini suvarma su ilə təmin edir. Bunun 86400 hektar öz axımı ilə, 23600 hektar isə mexaniki üsulla, yəni nasoslar vasitəsilə suvarılır.
Yuxarı Qarabağ kanalı öz mənbəyini Mingəçevir su anbarından götürərək respublikanın Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə , Ağcabədi, Beyləqan, Ağdam və İmişli rayonlarını bol suvarma suyu ilə təmin edir. Bununla yanaşı yay aylarında Araz çayında su çatışmazlığı olduqda Qarabağ kanalı vasitəsilə Bəhrəmtəpə hidroqovşağına su verilir. Onu da əlavə edək ki, yay vaxtı bu suyun Bəhrəmtəpə hidraqovşağına verilməsi İmişli, Saatı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının təsərrüfatını quraqlıqdan xilas edir.
Göründüyü kimi, xidmət etdiyimiz bölgələr respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarıdır. O da fərəhlidir ki, həmin bölgələrdə kənd təsərrüfatı məhsulları istehsalı ildən-ilə artır. Bu digər vacib amillərlə yanaşı, kənd adamları, fermər və sahibkarlarla apardığımız ardıcıl və məqsədyönlü işlərin, qarşılıqlı kömək və əlaqənin, onların xahiş və müraciətlərinə vaxtında və operativ əməl edilməsinin nəticəsidir.
Mən yeri gəlmişkən, burada respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədova kollektivimizin, o cümlədən bütün kənd əməkçilərinin adından təşəkkürümü bildirirəm. İşin daha yaxşı təşkili, idarənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün nə vaxt müraciət etmişiksə dərhal öz müsbət həllini tapıb.
Biz, əlbəttə, bu diqqət və qayğıya öz əməli işimizlə cavab verməyə çalışırıq. Ümumiyyətlə, Yuxarı Qarabağ kanalı 172,4 kilometr uzunluğunda torpaq kanalıdır. Baş qurğu giriş və çıxış qapılarından və 1,1 kilovetr uzunluğunda tuneldən ibarətdir. Kanal üzərində 14 səviyyəqaldırıcı, 45 paylayıcı, 3 dükker və 3,3 kilometr uzunluğunda beton örtüklü cəldaxıdan qurğu var. Bundan əlavə, Qarabağ kanalında qəza hadisəsinin qarşısını almaq məqsədi ilə çaylarla kəsişən hissələrdə 4 yerdə sutullayıcı qəza qapıları qoyulmuşdur. Kanal üzərində 32 körpü və kanal altından keçən 23 selötürücü qurğu da mövcuddur.
2013-cü ilin 7 ayında 830 min manatlıq təmir-bərpa, 94 min manatlıq əsaslı təmir, 180 min manatlıq isə cari təmir işləri aparılmışdır. Yeri gəlmişkən burada Qarabağ kanalının Bakı-Tiblisi dəmir yolu ilə şosse yolu arasındakı hissələrinin betonlanmasını ayrıca qeyd etmək istəyirik. Məhz bundan sonra sızmanın qarşısı alınmışdır.
Bundan başqa, Qarabağ kanalının Tərtər çayı ilə kəsişməsindəki qəza sutullayıcı qurğu və onun çıxış hissəsi yüksək kefiyyətlə təmir edilmişdir. Qurğunun giriş və çıxış hissələri betonlanmışdır.
2013-cü ilin yay suvarma mövsümünə hazırlıqla bağlı kanalın daxili susevən bitki örtüyündən və lil çöküntülərindən təmizlənmiş, torpaq uçqunlarının qarşısını almaq məqsədiylə 880 kubmetr qamış bəndləri quraşdırılmışdır.
Cari ilin ötən ayları ərzində istismar tədbirləri üzrə cari təmir işləri aşağıdakı kimi yerinə yetirilmişdir. Hidrotexniki qurğular - 387 ədəd, mülki və istehsalat binaları - 3 ədəd, hirometrik postlar - 10 ədəd, kanalın kol-kosdan təmizlənməsi - 20000 kvadratmetrlik istismar yolunun təmiri - 3 kilometr lildən təmizlənmə - 3000 kilometr, torpaq bəndlərin möhkəmləndirilməsi işləri - 228 milyon kubmetr.
2013-cü ilin 7 ayında Mingəçevir su anbarından tələbata və limitə uyğun olaraq Qarabağ kanalına 1510000 kubmetr su götürülmüşdür. Kanalın faydalı iş əmsalı yüksək olmuşdur.
Hazırda yay suvarmasının qızğın çağıdır. Hər bir rayon limitə uyğun suyun verilməsilə yanaşı Bəhrəmtəpə hidroqovşağına saniyədə 28 kubmetr su verilir. Qarşıdakı aylarda da kanalın təhlükəsizliyini təmin etməyə, sudan maksimum qənaətlə istifadə olunmasına, limitə uyğun bölünməsinə çalışacağıq.
Kəndi, ilboyu əkib-becərilən torpaq sahələrini susuz təsəvvür etmək çətindir. Nəticə etibarı ilə bol məhsul isə səmərəli suvarma tədbirlərindən çox asılıdır. Ona görə də çalışırıq ki, kanal və ona xidmət edən əsas qurğular daim saz vəziyyətdə olsun. Yaxşı bilirik ki, hər hansı bir nasazlıq və fasilə yaransa o zamani şin ahəngi pozulur, sahələr sudan korluq çəkir, hardasa nasazlıq yaranır. Buna isə qətiyyən yol vermək olmaz.
Bu gün Azərbaycan kəndi gözlərimiz qarşısında dəyişir, abadlaşır, gözəlləşir. Kənd adamının gün-güzəranı daha da yaxşılaşır, həyat şəraiti yüksəlir, qazancı çoxalır. Ən əsası isə odur ki, təkrəsindən çörəyi, anbarından taxılı əskik olmur, özünə, ailəsinə çatacaq qədər tərəvəz, meyvə, ət, yağ, yumurta tədarük edə bilir. Burada, əlbəttə ölkə başçısının kənd təsərrüfatının inkişafı sahəsində qarşıya qoyduğu vəzifələri, müəyyən etdiyi hədəfləri ayrıca qeyd etmək lazımdır. Kənd adamları, fermer və sahibkarlar bu diqqət və qayğı üçün respublika prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirir, daha böyük səy və fədakarlıqla çalışacaqlarını bildirirlər.
Əldə edilmiş uğurlarda heç şübhəsiz ki, meliorasiya və su təsərrüfatı işçilərinin də layiqli payı var. Əgər taxılçı, pambıqçı, üzümçü, bostan-tərəvəz yetişdirən kənd adamı bu ilin həddən artıq isti keçən yaz-yay aylarında suvarma suyundan korluq çəkməyibsə-bu nəticə etibarilə böl məhsul deməkdir. Bol məhsul isə necə deyərlər, öz-özünə yaranmır. Burada suvarma suyu, vaxtında və keyfiyyətlə həyata keçirilən meliorasiya tədbirləri həlledici rolunu oynamışdır.
Həmişə olduğu kimi, cari ildə də kənd təsərrüfatı əkinlərini fasiləsiz suvarma suyu ilə təmin etmək üçün bütün mövcud imkanlar səfərbər edilmiş, istismar və təmir-bərpa işlərinin səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlər uğurla həyata keçirilmişdir. Təsadüfü deyildir ki, 2013-cü ilin çətin və mürəkkəb təbii iqlim şəraitinə baxmayaraq, suvarmılan torpaqlarda kənd təsərrüfatı bitkiləri lazımi miqdarda su ilə təmin olunmuşdur.
2013-cü il müstəqil və suverən ölkəmiz, millətimiz və dövlətimiz üçün həyatı əhəmiyyətli, şərəfli və məsuliyyətli bir ildir. Qarşıdan prezident seçkiləri gəlir. Hər bir ölkə vətəndaşı növbəti beş il üçün öz taleyini, həyatını, gələcəyini dəqiq müəyyən etməli, tanıdığı, bildiyi və sevdiyi namizədə səs verməlidir. İndi insanlarımız siyasi və mənəvi yetkinliyi daha da artmışdır. Onlar haqqın, ədalətin, dünyanı heyran qoyan inkişaf və yüksəlişin harda olduğunu çox yaxşı bilirlər.
Sonda onu bildirmək istəyirəm ki, bütövlükdə respublika meliorasiya və su təsərrüfat kompleksində olduğu kimi, Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin kollektivi də ölkə Prezidenti İlham Əliyevin meloriasiya və su təsərrüfatına göstərdiyi diqqət və qayğıya cavab olaraq mövcud qurğuların qorunub saxlanması meloriasiya işlərinin lazımi səviyyədə həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili, beləliklə də respublikada ərzaq bolluğu yaradılması sahəsində qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək əzmindədir.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2013.- 28 avqust.- S. 6.