Ucar: dövlət dəstəyi artdıqca inkişaf da sürətlənir

 

Keçən əsrin sonlarında siyasi və iqtisadi amillərin təsiri nəticəsində iqtisadiyyatımız, o cümlədən onun aparıcı sahələrindən olan aqrar-sənaye kompleksi dərin böhran vəziyyətinə düşmüş, kənd təsərrüfatı və emal sənayesi məhsullarının istehsalı kəskin azalmışdı. 90-cı illərin əvvəllərində aqrar məhsulların həcmi 58 faiz aşağı düşmüşdü. İctimai təsərrüfat sistemi bazar iqtisadiyyatı tələblərinə dözməyərək sürətlə iflasa uğramış, Azərbaycanın keçmiş müttəfiq respublikalar arasında 70-80-ci illərdə tutduğu yüksək mövqe itirilmiş, o dövrdə Heydər Əliyevin gərgin zəhməti, tükənməz istedadı, zəngin təcrübəsi və tələbkarlığı sayəsində aqrar-sənaye kompleksində toplanmış potensial maddi-texniki  baza dağıdılmışdı.

Lakin ölkə iqtisadiyyatının, eləcə də kənd təsərrüfatının idarəolunmaz vəziyyətə düşdüyü bir vaxtda Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bu sferada mövcud anarxiyanın aradan qaldırılması ilə nəticələndi. Aqrar sahədə başlanan islahatlar kənd təsərrüfatında yaşanan tənəzzülün qarşısını almaqla bərabər, onu yeni inkişaf yoluna çıxardı.

Son illər Azərbaycanın hər yerində olduğu kimi, Ucar rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və tədarükündə nəzərəcarpan uğurlar əldə olunur. Sevindirci haldır ki, hazırda kənd təsərrüfatı məhsulları istehsalının elə bir sahəsi yoxdur ki, orada rayon fermerləri yüksək nəticələr əldə etməsinlər. Bu da təsadüfi deyil. Ucar rayonu daim torpağa qəlbən bağlı, dövlətçiliyimizə sonsuz sədaqətli, sadə, zəhmətsevər adamları ilə şöhrət qazanıb. Elə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovun da qeyd etdiyi kimi, rayon fermerləri birmənalı olaraq hesab edirlər ki, bu uğurların əsası ulu öndər Heydər Əliyev tərəfindən 90-cı illərin ortalarında ölkədə sosial ədalətin tam gözlənilməsi şərti ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində qoyulub.

Əslində aqrar sahənin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Hər il bu sahənin inkişaf etdirilməsi üçün yeni qanunlar qəbul edilir. Regionların sosial -iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli, 1907 nömrəli sərəncamına uyğun olaraq hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə fermerlərə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardımın verilməsi, habelə istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalının stimullaşdırılması məqsədilə hər hektar üçün əlavə 40 manat yardımın verilməsi və bütövlükdə sahibkarlara göstərilən hərtərəfli  dövlət dəstəyi ayrı-ayrı  kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına öz müsbət təsirini göstərmişdir.

Aqrar sahənin inkişafı üçün respublikamızda yaradılmış hüquqi baza və bu sahədə qəbul edilmiş çox mühüm qanunlar, habelə digər normativ hüquqi aktlar məhz bu gün aqrar sahədə yeni təsərrüfatçılıq şəraitində istehsalın dinamik artımına imkan yaratmışdır. Respublikamızın hər yerində olduğu kimi, Ucarda da həmin qanunların yerinə yetirilməsi son illərdə daim diqqət mərkəzində saxlanılmış, rayon icra hakimiyyəti başçısı yanında Şura iclaslarında aqrar sahənin inkişafı ilə bağlı xeyli məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmiş, aqrar sahədə inkişafa nail olmaq üçün  çoxsaylı tədbirlər həyata keçirilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına müəyyən güzəştlər edilməsi, yəni onların torpaq vergisi istisna olmaqla digər vergi növlərindən azad olunması aqrar sahədə sahibkarlığın inkişafına təkan verən ən mühüm amillərdən biri olmuşdur.

Ucar rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, tərəvəzçilik aparıcı rol oynayır. Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, cari ildə 12042 hektar sahədə taxıl, 179 hektar sahədə qarğıdalı, 451 hektar sahədə çəltik, 401 hektar sahədə kartof, 1791 hektar sahədə tərəvəz, 218 hektar sahədə bostan, 211 hektar sahədə pambıq bitkisi əkilmişdir. Taxıl əkini sahələrinin 7234 hektarını buğda, 4808 hektarını isə arpa təşkil edir. Rayonda taxıl biçini başa çatdırılmış, əkilmiş 12042 hektar sahədən 26032 ton məhsul toplanmaqla hər hektardan məhsuldarlıq 21,6 sentner olmuşdur. Taxıl istehsalçılarına yaxşı məlumdur ki, yüksək repreduksiyalı taxıl toxumları olmadan məhsul bolluğundan söhbət gedə bilməz. Rayonda 2012-ci ildə 7 toxumçuluq təsərrüfatı fəaliyyət göstərmiş, onlardan 2 toxumçuluq təsərrüfatının becərdiyi 630 ton yüksək repreduksiyalı buğda toxumuna Dövlət Toxum Müfəttişliyi tərəfindən sertifikat verilərək torpaq mülkiyyətçilərinə satılmışdır. 2012-ci ildə rayonda 201 ton mineral maddə, o cümlədən, 183,3 ton azot 17,7 ton fosfor gübrəsi sahibkarlara güzəştli qiymətlərlə satılmışdır ki, bu da Ucar rayonunun ağır torpaq şəraitində məhsuldarlığın artırılmasında mühüm rol oynamışdır.

Ötən dövr ərzində sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə meliorasiya və irriqasiya şəbəkələrinin fəaliyyət gücünün artırılmasına xüsusi diqqət yetirilmişdir. Son illər bu sahəyə büdcədən daha çox maliyyə ayrılmış, bütün mənbələr hesabına əsaslı kapital qoyuluşlarının həcmi artmışdır. Nəticədə təsərrüfatlararası yeni suvarma kanalları, kollektor-drenaj şəbəkəsi, qoruyucu bənd inşa olunmuş, meliorativ sabitlik saxlanılmışdır. Cari ilin ilk 6 ayında rayonda əkin sahələrinin şoranlaşma və şorəkətləşmədən qorunması məqsədilə kollektor-dren şəbəkələrinin lildən təmizlənməsi sahəsində rayon Meliorasiya İdarəsi tərəfindən 242,8 min kubmetr həcmində 63,8 km uzunluqda 108 min manat dəyərində iş görülmüşdür.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan tələbatını yaxşılşdırmaq üçün tədbir görülür. Hazırda “Aqroservis”in rayon  filialının balansında 8 ədəd taxılbiçən kombayn, 4 ədəd otbiçən, 10 ədəd təkərli traktor, 50 ədədə yaxın kənd təsərrüfatı mexanizimləri vardır. Ümumiyyətlə, rayonda kənd təsərrüfatı texnikalarına olan tələbatın ödənilməsi daim diqqət mərkəzində saxlanılır və bu məqsədlə 5 ədəd traktor, 1 ədəd ekskovator, 1 ədəd kombayn lizinq yolu ilə alınmaqla istehsalçıların xidmətinə verilmişdir.

Rayonun təsərrüfatlarında 2012-ci ildə 58591 baş iri buynuzlu mal-qara, o cümlədən 32945 baş inək və camış , 54222 baş qoyun və keçi mövcuddur. İri buynuzlu mal-qaranın baş sayı 1 faiz, inək və camışların sayı 0,5 faiz, qoyun və keçilərin baş sayı 2,1 faiz artmışdır. Rayon iqtisadiyyatında heyvandarlıq mühüm əhəmiyyət kəsb etdiyindən bütün növ heyvanlar arasında aparılan diaqnostik tədbirlər, eləcə də qarayara, leptosprioz, bruselyoz, çiçək və sair xəstəliklərə qarşı aparılan profilaktiki tədbirlər yerinə yetirilmiş, görülmüş işlər nəticəsində rayonda iri və xırda buynuzlu heyvanlar arasında heç bir infeksion xəstəlik qeydə alınmamış, heyvanların baş sayı artmış, məhsuldarlıq yüksəlmişdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, 2013-cü ilin 6 ayında rayonda 8 süni mayalanma texniki fəaliyyət göstərmişdir. Cari ilin 6 ayında süni mayalanma texnikləri tərəfindən 444 baş inək və düyədə süni mayalanma aparılmış, bu yolla 307 baş sağlam buzov alınmışdır.

Ümumiyyətlə, rayon üzrə 2012-ci ildə 15788 ton və ya  2011-ci illə müqayisədə 2,6 faiz çox tərəvəz, 14604 ton, yaxud 0,2 faiz çox meyvə, 2010 ton, yaxud 2,2 faiz çox bostan məhsulları, 156 ton çox çəltik, 960 ton çox taxıl istehsal olunmuşdur. 2012-ci ildə ət istehsalı 0,3 faiz, süd istehsalı 7,9 faiz, yumurta istehsalı 0,4 faiz, yun istehsalı 1,8 faiz artmışdır.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2013.- 28 avqust.- S. 6.