Binəqədi rayonunda “Sağlam gənclik-10 il” mövzusunda konfrans keçirilmişdir

 

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında  Binəqədi Rayon İcra Hakimiyyəti,  rayon Gənclər və İdman İdarəsi, YAP  rayon təşkilatı, “İrəli” İctimai Birliyi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Sağlam gənclik-10 il” mövzusunda konfrans keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül qoyaraq  ehtiramlarını bildirmişlər.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayon Gənclər və İdman İdarəsinin rəisi  Qüdsi Bayramov, “İrəli” İctimai Birliyinin sədri Rauf  Mərdiyev və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi YAP ərazi ilk partiya təşkilatının sədri Yeganə Vəliyeva çıxışlarında  qeyd etmişlər ki, bu gün ölkədə gənclərin fiziki, mənəvi cəhətdən sağlam inkişaf etmələri üçün dövlətimiz tərəfindən hərtəfərli şərait yaradılır,  bu sahəyə  böyük diqqət yetirilir. Respublikada bununla bağlı kompleks proqramlar qəbul edilir və icra olunur.  Hazırda  Azərbaycan idman ölkəsinə çevrilmişdir. Respublikamızın bütün bölgələrində idman komplksləri tikilir. Azərbaycan dövlətinin yeritdiyi siyasət nəticəsində son illərdə  milli-mənəvi dəyərlərimizə mühüm önəm verilir.

Bildirilmişdir ki,  rayonda  idmana böyük diqqət göstərilir və bunula bağlı ardıcıl iş aparılır. Hazırda Binəqədidə 6 iri idman-sağlamlıq kompleksi fəaliyyət göstərir. Bunlar Bakı Tennis Akademiyası, respublika Stend Atıcılığı İdman Kompleksi, “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleski, “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin Biləcəri Sarayı, Binəqədi İdman- Sağlamlıq Kompleksi və “Bakı” Futbol Klubunun Təlim-Məşq Bazasııdır.

Konfransda həmçinin son on ildə səhiyyə sahəsində görülən işlərdən ətraflı bəhs edilmiş, ölkəmizdə gəncliyin sağlam böyüməsinin daim diqqət mərkəzində saxlanılması xatırladılmışdır.

Tədbir rəsmi açılışdan sonra  “Sağlam həyatın dəyərləri” və “Sağlam həyat tərzi və onun təbliği” adlı panellərdə gənclərin müzakirələri ilə davam etdirilmişdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 29 avqust.- S. 6.