Türk dünyasının qürur günü və türk hərb tarixinin qəhrəmanlıq salnaməsi

 

Bir çox avropalı hərbi ekspertlər dünyanın hərb tarixində türk xalqlarının  xüsusi yer tutduqlarını dəfələrlə etiraf ediblər. Mərkəzi Asiya ölkələrinin, “Odlar yurdu” Azərbaycanın və nəhayət, türk dünyasının yenilməz qalası adlandırılan Türkiyənin tarixinə nəzər saldıqda biz bir daha bunun şahidi oluruq.

 Atillanın, Atropatın, Alparslanın, Əmir Teymurun, Fatih Sultan Mehmetin  və digərlərinin qeyri-adi sərkərdəlik məharəti, onların ordu birliklərinin yüksək döyüş qabiliyyəti bu gün də dünyanın bir sıra qüdrətli dövlətlərinin hərbi birləşmələri üçün nümunə təşkil edir. Bu mənada, bizim eradan əvvəl 434-cü ildən  Avropanı lərzəyə salan hunların, 1071-ci il avqustun 26-da Malazqirtdə özündən iki-üç dəfə daha çox olan düşmən ordusu ilə qarşılaşaraq onu diz çökdürən səlcuqların, 1453-cü il mayın 29-da İstanbulu fəth edərək 1100 illik Bizans imperiyasını süquta uğradan osmanlıların, 1922-ci il avqustun 30-da beş imperiyanın dəstəklədiyi yunan ordularını darmadağın edən türk xalqının misilsiz şücaəti daim öyrənilir. Təkcə ümumtürk tarixinə deyil, həm də dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan həmin möhtəşəm zəfərlər bu gün də böyük rəğbətlə araşdırılır.

Bu gün Türkiyədə və onun əvəzsiz müttəfiqi olan Azərbaycanda 30 Avqust — zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü geniş tədbirlərlə təntənəli şəkildə qeyd olunur.  Bunun ən önəmli səbəbi budur ki, 1918-ci ildə I Dünya müharibəsində məğlubiyyətə uğrayan Türkiyəni parçalayaraq, onu işğal altında saxlamaq arzusunda olan qüdrətli dövlətlər məhz  30 Avqust zəfərindən sonra çirkin niyyətlərinin heç bir vaxt baş tutmayacağını, Anadoluya sahib ola bilməyəcəklərini bir daha anladılar. Nəhəng imperiyalar 2 min illik hərb tarixi olan Türk xalqının Vətənə olan sonsuz sevgisi, azadlıq eşqi qarşısında aciz qaldıqlarını etiraf etməyə məcbur oldular. Düşmən öz qoşununu Türkiyə ərazisindən çıxardığı zaman onun əsgər və zabitləri Vətən uğrunda şəhid olan türklərin al qanına boyanmış aylı-ulduzlu bayrağa heyrətlə, təəccüblə baxmış, onun qarşısında baş əyməyi də unutmamışdılar. Dünya türklərinin Qərbdəki qalası hesab olunan Anadolunu əsarətdə saxlamağa çalışanlar türk millətinin heyrətamiz cəsarəti, türk ordusunun yüksək döyüş qabiliyyəti qarşısında dəhşətə gəldiklərini gizlətməmiş, Mehmet Akif Ərsoyun yazdığı “İsiqlal” marşındakı  həqiqəti bir daha dərk etmişlər:

 

Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq,

 

Sönmədən yurdumun üstündə yanan ən son ocaq!

 

O mənim millətimin ulduzudur, parlayacaq.

 

O mənimdir, o mənim millətimindir ancaq.

 

Avqust zəfərinə aparan yol o qədər də hamar olmayıb. Qeyd etdiyimiz kimi, 5 imperiya qarşısında məğlub olan 600 illik Osmanlı imperiyası həmin il oktyabrın 30-da Mondoros atəşkəs müqaviləsini imzalamaq məcburiyyətində qaldı. İngilislər, fransızlar, italyanlar və yunanlar Anadoluya qoşun yeritdilər. Uzun illər davam edən müharibədən yorğun düşmüş Osmanlı türkləri düşmənə müqavimət göstərirdi, lakin bu hərəkat kiçik dəstələr halında həyata keçirildiyi üçün nəticəsiz qalırdı. Məhz belə bir ağır məqamda Mustafa Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək, xalqı həmrəyliyə səslədi, milli qurtuluş savaşının başlandığını elan etdi. Ancaq ortada həllini gözləyən çox ciddi problemlər var idi. Çətin maddi şəraitin hakim olduğu bir zamanda türk xalqının topladığı vəsaitlər döyüş silah-sursatının alınmasına, maşınların yanacaqla təmin olunmasına və digər maddi-texniki təminatın reallaşmasına kifayət etmirdi. Azərbaycan xalqı məhz belə bir məqamda özünün təmannasız qardaşlıq missiyasını çox böyük uğurla yerinə yetirərək Anadolu türklərinə lazımi dəstəyi vermiş, yüzlərlə azərbaycanlı payü-piyada yol gedərək Ərzurumda və digər  vilayətlərdə yenidən formalaşdırılan  türk ordusunun sıralarına könüllü olaraq qoşulmuşdur. Bu sevginin əsas səbəbi odur ki, eyni etnik kökə, eyni dilə, eyni dinə malik olan hər iki xalqın sevinci də, kədəri də tarix boyu bir olub. Onlar  həlledici məqamlarda biri-birinə qanıyla, canıyla qardaşlıq dəstəyi verməkdən çəkinməyiblər. Azərbaycan ilə Türkiyənin tarixində baş verən həmin hadisələr qardaşlığın, dostluğun, birliyin, sədaqətin ən gözəl nümunələridir. 1915-ci ildə Çanaqqala döyüşü, 1918-ci ildə Bakının düşməndən azad olunması və 1922-ci il 30 Avqust zəfəri həmrəyliyimizi təsdiq edən faktlarla zəngindir.  Qeyd etməliyik ki, 1918-ci ildə minbir çətinliklə yaradılan və ciddi problemlərlə qarşılaşan Azərbaycan Xalq Cümhuriyyəti bir il sonra da maliyyə çatışmazlığını həll edə bilməsə də,  bütün imkanlarını səfərbər edərək torpaqlarını düşmən işğalından azad etmək istəyən türkiyəli qan qardaşlarına köməyini əsirgəmirdi. Təkcə bu faktı yada salaq ki, 1919-cu ildə  AXC-nin Baş naziri Nəsib bəy Yusifbəyli 1,5 milyon fransız frankı məbləğində pul yardımını göstərən çeki və neft qəbzlərini Türkiyəyə göndərmişdi. Bu, borc kimi deyil, qardaşlıq köməyi kimi nəzərdə tutulan yardım idi.  Kazım Qarabəkir Paşa “İstiqlal hərbimiz” adlı əsərində yazıb ki, Nəsib bəy Yusifbəyli Anadoluya vurduğu teleqramda Rauf bəy Orbayın Türkiyədən Azərbaycana gəlməsini və nə qədər tələb olunursa silah, sursat verməyə hazır olduqlarını da bildirmişdi.  Bundan başqa, Anadoluda milli mücadilənin başlandığını eşidən analarımız, bacılarımız qulaqlarındakı sırğaları, əllərindəki üzükləri çıxararaq ayrı-ayrı şəxslər vasitəsiylə Türkiyəyə göndərmişdilər.  AXC süquta uğradıqdan sonra isə sayı tam məlum olmayan silahlı müsavat dəstələri polkovnik Səməd Sayqının komandanlığı ilə Cənubi Azərbaycanın ərazisindən keçərək Ərzuruma gəlmiş, Anadoluda müharibədə iştirak etmişlər. Bu barədə ilk məlumat 1920-ci il aprelin 23-də fəaliyyətə başlayan Türkiyə Böyük Millət Məclisinin (TBMM) həmin il iyulun 8-dəki iclasında yeni millət vəkillərinə çatdırılır. İclasda çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsmət İnönü bildirir ki, kömək məqsədi ilə Azərbaycandan silahlı dəstələr gəlir. Onların yanlarında türk ordusunun çox böyük ehtiyac duyduğu səhra topu kamaları (çaxmaqları) da vardır.

Türkiyə tarixindən məlumdur ki, güclü və nizami ordu qurulanadək işğalçılara qarşı “Kuvayi-milliye” adlandırılan məhəlli silahlı dəstələr vuruşmuşdu. Qeyd etdiyimiz kimi, nizami ordunun yaranması yolunda ən böyük maneə isə, əsasən,  maddi çətinliklər idi. Ancaq Anadolu türkləri bu köməyin qardaş Azərbaycandan göstəriləcəyinə şübhə etmirdilər. Bu, Mustafa Kamal Paşanın 1920-ci il mayın 3-də komandan Kazım Qarabəkirə göndərdiyi teleqramda da öz əksini tapmışdı. Teleqramda deyilir: “Əlimizdə beş para olmadığı zatı-alinizə məlumdur. Hələlik daxildə heç bir maddi təminatımız, mənbəyimiz yoxdur. Özümüzü təmin edənədək Azərbaycan hökumətindən mümkün qədər çox istiqraz aktı alınmasının araşdırılmasını və təmin olunmasını rica edirəm. Böyük Millət Məclisi rəisi M.Kamal”.  Baxmayaraq ki, 1920-ci ilin aprelin 28-də AXC süquta uğramış və milliyətçi düşüncəyə sahib insanlar Azərbaycan rəhbərliyindən uzaqlaşdırılmışdı, yenə, hətta bolşevik  azərbaycanlılar da türk xalqının taleyinə  biganə qalmamışlar.  Bunun sübutu böyük sərkərdə Mustafa Kamal Atatürkün müraciətinə həmin il bolşeviklərin hakimiyyətdə olduğu Azərbaycandan dərhal müsbət  cavab verilməsi idi. Qısa zamanda həmin dövr üçün böyük miqdarda hesab olunan pulla yanaşı, ən çox ehtiyac duyulan şeylər, o cümlədən neft, benzin və maye qaz Anadoluya göndərilmişdi. Türkiyə tərəfi tələb etməsə də, milli qurtuluş savaşı qələbəylə sona çatanadək hər ay Azərbaycan hökuməti könüllü olaraq Bakıdan 62 vaqon neft və benzin, 3 vaqon maye qaz göndərirdi.

Yeri gəlmişkən, 30 Avqust zəfərindən sonra türk xalqının sevincini paylaşan Azərbaycan Batumi yolu ilə Anadoluya 350 ton neft və 9 min tondan artıq maye qaz göndərmişdir. “Böyük hərbi hücum” adlandırılan hərbi əməliyyat planı isə çox böyük ustalıqla, məxfiliklə hazırlanmış və həyata keçirilmişdir. 1922-ci il yay aylarında azadlıq mücadiləsinin banisi Mustafa Kamal Paşa cəbhədəki vəziyyəti yerində öyrənmək və ordunun hərbi əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsinə şəxsən nəzarət etmək üçün qərb cəbhəsinə yollanmaq istəyirdi. Ancaq Yunanıstan və maraqlı digər dövlətlər onun hər bir addımını diqqətlə, qorxu içərisində izləyirdilər. Onların Mustafa Kamal Paşanın qərb cəbhəsinə gəlməsindən xəbər tutmaları, böyük öndər tərəfindən hazırlanan hərbi əməliyyat planının uğurla həyata keçirilməsinə maneçilik törədə bilərdi. Ona görə də səfərin sirr olaraq saxlanılması mühüm əhəmiyyətə malik idi. Bu məqsdələ Ankara guya, Mustafa Kamal Paşanın 1922-ci il iyulun 24-də Konyaya gələrək ingilis generalı Tovnşedlə görüşəcəyi barədə xəbərlər yaydı. Atatürk iyulun 23-də qərb cəbhəsi qərargahında İsmət Paşadan cəbhədəki vəziyyət haqqında məlumat aldı. İyulun 28-də isə o, Ağşəhərdə Fevzi Çakmak və İsmət İnönü ilə keçirdiyi məxfi toplantıda özünün hazırladığı hərbi əməliyyat planını müzakirəyə çıxardı.

Bu əhəmiyyətli toplantının daha geniş bir diskussiya və müşavirə mahiyyəti qazanması məqsədilə bəzi hərbi korpusların komandirləri də Ağşəhərə çağrılmışdılar. Belə gərgin günlərdə komandirlərin müşavirə keçirmələri şübhə yarada bilərdi. Buna görə də iyulun 28-də zabitlər arasında futbol yarışı təşkil olundu. Hərbi korpuslara mənsub zabitlərlə keçirilən bu yarışı korpus komandirləri də “seyr etdilər”. Türkiyə mətbuatı da Ağşəhərdə keçirilən futbol matçına geniş yer verdi. Hətta Mustafa Kamal Paşanın, İsmət Paşanın sahə qərargah rəisi Asim bəyin yarışı izləməsinin zabitlərdə böyük ruh yüksəkliyi yaratdığı barədə məlumatlar da qəzetlərdə dərc olundu. Bununla da gizli keçirilən fövqəladə müşavirədən heç kəsin xəbəri olmadı. Türk Ordusu hücuma tam hazır vəziyyətə gətirilmişdi. Ancaq bəzi dövlətlər “sülh”dən dəm vurduqlarına görə, Yunanıstanla sülh danışıqları aparılmadan hərbi əməliyyatlara başlanılması həmin dövrdə beynəlxalq ictimaiyyət tərəfindən “düzgün” başa düşülməzdi. Buna görə də Türkiyə diplomatları qonşu ölkənin diplomatları ilə növbəti danışıqlara başladılar. Türk tərəfi, öz ordusunu qeyd-şərtsiz Anadoludan çıxarmağı Yunanıstandan bir daha tələb etdi. Ancaq yunanlar bu tələbi açıq şəkildə rədd etdilər və həmin ərazilərin onlara aid olduğunu dəfələrlə vurğuladılar. Beynəlxalq ictimaiyyətin “gözü” qarşısında aparılan sülh danışıqları bir daha nəticə vermədi və bu, Mustafa Kamal Atatürkə tam əsas verdi ki, hərbi əməliyyatlara  yenidən başlasın.

Böyük öndər hücum barədə qərar qəbul etdikdən sonra  1922-ci il avqustun 18-də gecə Ankaradan qərb cəbhəsinə getdi. Bunu gizli saxlamışdılar. Hətta mətbuata və xəbər agentliklərinə Mustafa Kamal Paşanın avqustun 21-də Çankaya köşkündə ziyafət verdiyi bildirilmişdi. Əslində isə o, qərb cəbhəsi qərargahında hərbi  əməliyyatlara hazırlığı yoxlayır, lazımi göstərişləri verirdi. Türk Ordusu hücum üçün sübh cağını gözləyərkən, yunan ordusunun zabitləri general Trikopislə birlikdə Afyonda keçirilən əyləncəli gecədə “Böyük Yunanıstan” şərəfinə badələr qaldırır, tostlar deyirdilər.

Hücum tarixinin avqustun 26-a təyin etməsi ümumtürk tarixini dərindən bilən Mustafa Kamal Atatürkün böyüklüyünü, müdrikliyini bir daha təsdiq edirdi. Belə ki, həlledici hərbi əməliyyatlar  Malazqirt zəfərinin 851-ci ildönümü gününə  təsadüf edirdi. Daha doğrusu, Mustafa Kamal Paşa tərəfindən hücumun məhz həmin gün  başlanılması məqsədəuyğun hesab edilmişdi. Düzdür, aradan keçən yüz illər çox şeyi dəyişmişdi, yeganə dəyişməyən şey sərkərdələrin məqsədi idi. 1071-ci ildə böyük səlcuq hökmdarı Alparslanın da, 1922-ci ildə ulu öndər Mustafa Kamal Atatürkün də əsas məqsədi Anadolunu dünya türklərinin əbədi məkanına, istiqlaliyyət ocağına, türk dünyasının dayağına çevirmək idi. Çünki 17 imperiya quran türklər 18-ci dövlətlərini — Türkiyə Cumhuriyyətini qurmaqla 2 min illik dərin dövlətçilik ənənələrini Anadoluda qoruyub saxlamağa qərar vermişdilər. Əsrlərin, yüzilliklərin sınağından uğurla çıxan bu ənənələrin yaşadılmasında daim aparıcı mövqedə olan Azərbaycan türkləri  İstanbulun fəthində Fatih Sultan Mehmetin müəllimi və yolgöstərəni Ağşəmsəddin timsalında, 1922-ci ildə isə “Böyük hərbi hücuma” könüllü qatılan yüzlərlə əsgər və zabit həmyerlilərimizin timsalında qan qardaşları ilə birlikdə bu missiyanı uğurla yerinə yetirdilər.

Və ümumtürk həmrəyliyi türk dünyasına növbəti şanlı zəfərini bəxş etdi: 30 Avqust zəfəri türk hərb tarixinə qızıl hərflərlə yazıldı. Düşmən tam məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur edildi. Yeni qurulacaq qüdrətli dövlətin ərazisinin böyük bir qismi düşməndən azad edildi. Dünyaya bir daha sübut edildi ki, Malazqirt zəfərinin qazanılması üçün gecə vaxtı atla dəniz boğazını üzüb keçən kəngərli-qıpçaq-peçenek türklərinin, İstanbulu fəth etmək üçün gəmiləri qurudan aparan osmanlı türklərinin qəhrəmanlığı, fədakarlığı və yenilməzliyi əbədi olaraq türk milləti timsalında yaşayacaqdır.

 

 

Rauf  KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2013.- 30 avqust.- S. 4.