Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyası işini davam etdirir
Dekabrın 4-də Bakıda UNESCO-nun Qeyri-Maddi
Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyası öz işini davam etdirmişdir.
Sessiya çərçivəsində
günün birinci yarısında Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevin sədrliyi ilə növbəti iclas
olmuşdur.
İclasda Təcili Qorunmaya Ehtiyacı Olan
Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmaq
üçün təqdim edilmiş nominasiyalar nəzərdən
keçirilmişdir. Komitənin məşvərət
şurasının təhlili və tövsiyələri dinlənildikdən
sonra Monqolustan hökumətinin təklif etdiyi kolleqrafiya
(şaquli yazılmış hərflər) qovluğunun və
Uqandanın Pakko xalqlarının adət-ənənəsinin
UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni
İrs Siyahısına salındığı elan
edilmişdir.
Monqolustan və Uqanda nümayəndələri
bu qərara görə komitəyə təşəkkürlərini
bildirmişlər.
Ə.Qarayev diqqətə
çatdırmışdır ki, ümumiyyətlə,
sessiyada bu günədək həmin siyahıya salınmaq
üçün 11 nominasiyaya baxılmış, onlardan
4-ü qeydə alınmışdır.
İclasda məşvərətçi qurumun
2013-cü ildəki fəaliyyətinə dair hesabatı dinlənilmişdir.
Bildirilmişdir ki, bütün sənədlər ümumi
kriteriyaya uyğun olaraq qiymətləndirilir. Hesabat ətrafında
rəylər və təkliflər irəli
sürülmüşdür. Qeyd olunmuşdur ki, təqdim
edilmiş sənədlərdə fəaliyyətlər müəyyən
edilməli, məqsəd aydın göstərilməlidir.
Sonra ən yaxşı müdafiə təcrübələrində
qeydiyyata seçilmə üçün təkliflər nəzərdən
keçirilmişdir. Misir
və İspaniya tərəfindən olunmuş
bu təkliflər məşvərətçi qurumun
tövsiyələri nəzərdən
keçirildikdən sonra
qəbul edilmişdir.
Daha
sonra beynəlxalq yardım üçün
müraciətlər müzakirə
olunmuşdur. İclasda komitə
tərəfindən bir
müraciət nəzərdən
keçirilmişdir. Bu
müraciətdə Pakistanın
Buten xalq rəqsi üçün yardım edilməsi öz əksini tapmışdır. Məşvərətçi qurumun təhlili
və nümayəndələrin
təkliflərindən sonra
layihə təsdiq edilmişdir.
İclasın
birinci hissəsi başa çatdıqdan sonra Qırğızıstan
nümayəndə heyəti
ilə Əbülfəs
Qarayevin görüşü
olmuşdur. Qonaqlar belə
bir tədbirin təşkilinə görə
Azərbaycan hökumətinə
minnətdarlıqlarını bildirmiş və xatirə hədiyyəsi təqdim etmişlər.
Nahar
fasiləsində qonaqlara
milli mətbəx nümunələrimiz təqdim
olunmuşdur.
Günün ikinci
yarısında UNESCO-nun Qeyri-Maddi
Mədəni İrsin
Qorunması üzrə
Hökumətlərarası Komitəsinin köməkçi
qurumunun 2013-cü il üzrə fəaliyyətinə dair hesabatı dinlənilmiş
və Bəşəriyyətin
Qeyri-Maddi Mədəni
İrsinin Reprezentativ Siyahısına salınmalı
olan nominasiyalar nəzərdən keçirilmişdir.
Tədbirdə
köməkçi qurumdan
xanım Noriko Aykavanın
məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki,
köməkçi qurum
komitənin 6 üzvündən
(İspaniya, Çex Respublikası, Peru, Yaponiya,
Nigeriya və Mərakeş) ibarətdir
və reprezentativ siyahıya salınmalı
olan 2013-cü il nominasiyalarının
qiymətləndirilməsi tapşırığı
ona həvalə edilmişdir. Qurumun hesabatına bir sıra kəsişən məsələlərə dair
2013-cü il ərzindəki təcrübələrin
təhlili və təqdim edilmiş elementlərin siyahıya salınmasına dair tövsiyələr daxildir.
Diqqətə çatdırılmışdır
ki, bu məsələ
ilə bağlı üç növ tövsiyə təklif olunur: siyahıya salmaq, siyahıya salmamaq və ya əlavə məlumatların təmin
edilməsi üçün
təqdim edən ölkəyə müraciət
etmək.
Məruzədən
sonra Əlcəzair, Əlcəzair-Mali-Nigerin birgə təqdim etdikləri, həmçinin
Avstriya, Banqladeş və digər ölkələrin Bəşəriyyətin
Qeyri-Maddi Mədəni
İrsinin Reprezentativ Siyahısına salınmalı
olan nominasiyaları müzakirə edilmişdir.
Ümumilikdə
31 nominasiyanın nəzərdən
keçirilməsi tutulmuşdur. Müvafiq proses növbəti gün davam edəcəkdir.
AzərTAc
Xalq qəzeti.- 2013.- 5 dekabr.- S.5.