Bakıda UNESCO-nun Qeyri-Maddi
Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyası uğurla başa
çatmışdır
Dekabrın 7-də Bakıda UNESCO-nun Qeyri-Maddi
Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyası başa çatmışdır.
Sessiyanın yekun iclasından əvvəl “JW
Absheron Mariott” otelinin foyesində tədbir
iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi
bəxş edilmişdir. Azərbaycanın incəsənət
ustaları tərəfindən qədim “Kilimarası”, “Maral
oyunu”, “Qız şahı” oyunları, eləcə də milli
rəqslərimiz gur musiqinin sədaları altında təqdim
edilmişdir.
Sonra Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə
sessiyanın yekun iclası keçirilmişdir. İndiyədək
nəzərdə tutulan bütün sənədlərin
müzakirə və qəbul olunduğunu xatırladan
Ə.Qarayev bildirmişdir ki, qarşıda duran sonuncu məsələ
artıq iştirakçılara paylanılmış UNESCO-nun
Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə
Hökumətlərarası Komitəsinin qərar layihəsinin
təsdiqi və qəbul edilməsidir.
Yunanıstan və Uruqvay dövlətlərinin
təklifləri əlavə edilməklə UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin qərarı təsdiq olunmuşdur.
Konvensiyanın katibliyindən növbəti iki həftədə
sessiyanın sonuncu iclasında qeydə alınmış
müvafiq dəyişiklikləri internet saytında yerləşdirmək
və aidiyyəti qurumlara göndərmək xahiş
edilmişdir.
Sonra QHT Forumunun nümayəndələrinə
söz verilmişdir. Bildirilmişdir ki, Bakıda UNESCO-nun
Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə
Hökumətlərarası Komitəsinin 8-ci sessiyası
çox yüksək səviyyədə keçirilmişdir.
Çıxış edənlər QHT-lərin fəaliyyəti
haqqında geniş məlumat vermiş və qeyri-maddi mədəni
irsin qorunması məsələlərinə dair fəaliyyət
göstərə biləcəkləri sahələr üzrə
fikirlərini diqqətə çatdırmışlar.
İclasın sədri, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev QHT-lərin fikirlərinin nəzərə
alınacağını və gələcəkdə
müvafiq əməkdaşlığın davam edəcəyini
bildirmişdir.
Sessiyanın bağlanmasından əvvəl Azərbaycan
hökuməti adından mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyasının ölkəmizdə
keçirilməsinə yaradılan imkana görə təşəkkürünü
bildirmişdir. O, UNESCO-nun keçmiş baş direktoru
Koişiro Matsuuraya sessiyada iştirak etdiyinə, UNESCO-nun
baş direktoru İrina Bokovaya Azərbaycan tərəfinə
həmişə göstərdiyi böyük etimad və dəstəyə
görə təşəkkürünü bildirmişdir.
Ə.Qarayev Azərbaycanın UNESCO ilə əməkdaşlıq
məsələlərinə dövlətimizin
başçısı İlham Əliyevin və ölkəmizin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın xüsusi diqqətlə
yanaşdıqlarını vurğulayaraq onlara dərin minnətdarlığını
bildirmişdir.
Sessiya iştirakçılarının
müzakirələrdə məhsuldar fəaliyyətlərini,
böyük fədakarlıq göstərdiklərini qeyd edən
nazir belə möhtəşəm tədbirin təşkilində
əməyi olan və onu izləyən hər kəsə təşəkkürünü
bildirmişdir.
Sonra UNESCO-nun
Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə
Hökumətlərarası Komitəsinin üzv ölkələrinin
nümayəndələri və müşahidəçiləri
sessiyanın uğurla keçdiyini vurğulamış, Azərbaycan
hökumətinə təşəkkürlərini
bildirmişlər. Kot-d’İvuar nümayəndəsinin “Azərbaycan
bizə qonaqpərvərliyi öyrətdi” fikrini isə tədbir
iştirakçıları böyük razılıqla
qarşılaşmışlar.
UNESCO-nun keçmiş baş direktoru
Koişiro Matsuura Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyasının, eləcə də
müvafiq Konvensiyanın 10 illik yubileyinin yüksək səviyyədə
təşkil olunduğunu və uğurla keçdiyini
demiş, bütün bunlara görə Azərbaycan dövlətinin
başçısı İlham Əliyevə, ölkəmizin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevaya dərin təşəkkürünü
bildirmişdir. O, sessiyanın təşkilində hər kəsin
böyük zəhmət çəkdiyini
vurğulamışdır.
Sonda mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev bir daha tədbir
iştirakçılarına təşəkkür edərək
Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması
üzrə Hökumətlərarası Komitəsinin 8-ci
sessiyasının işini uğurla başa çatdırdığını
elan etmişdir.
Sonda Azərbaycan incəsənət
ustaları milli musiqimizin sədaları altında “Yallı” və
digər rəqsləri ilə uğurla başa çatan
sessiyaya əsl bayram ovqatı
qatmışlar.
AzərTAc
Xalq
qəzeti.- 2013.- 8 dekabr.- S.2.