Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr

olunmuş beynəlxalq elmi konfrans keçirildi

 

 AMEA Folklor İnstitutu və “Aşıq Şəmşir” Mədəniyyət  Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Konfrans iştirakçıları ilk olaraq Aşıq Şəmşirin həyat və yaradıcılığını əks etdirən videoçarxa tamaşa etdilər.

Sonra AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru  Muxtar İmanov giriş sözü ilə tədbiri açdı. O qeyd etdi ki, Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərinə malik ölkələrindən biridir. Bugünkü konfransın da əsas qayəsi Azərbaycan xalqının folklorda yaşayan tarixinə və tarixi şəxsiyyətlərinə yeni meyarlar müstəvisində baxmaqdır. Folklorun ayrılmaz bir qolu olan aşıq sənətinin qüdrətli nümayəndəsi Dədə Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər, Göyçə və Qarabağ ellərində yüksək dəyərləndirilmiş, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilməmişdir. Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında qələmə aldığı nümunələrlə yaşar irs qoyub getmişdir. Onun 40-dan artıq şagirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Dədə Şəmşir adına ünvanlanmış beynəlxalq konfransa respublikamızın elmi qurumlarını təmsil edən 40-a yaxın nümayəndə qatılmışdır. Ümumiyyətlə, Folklor İnstitutunda beynəlxalq konfrans və simpoziumların keçirilməsi ənənəvi hal almışdır. Hər zaman olduğu kimi, hazırkı konfransda da respublikanın və xarici ölkələrin qabaqcıl elm və tədris müəssisələrinin - AMEA - nın humanitar institututları, Azərbaycan Aşıqlar Birliyi, Türkiyə Cümhuriyyəti Qaziantep Universiteti, Türkiyə Cümhuriyyəti Çukurova Universiteti, Sosial Elmlər İnstitutu, Türkiyə Cümhuriyyəti Abant İzzət Baysal Universiteti, Türkiyə Cümhuriyyəti Trabzon Universiteti, İran İslam Respublikasının Savə, Zəngan və Şəbüstər şəhərlərindən, İran İslam Respublikası Binab, Azərbaycan El Bilimi Folklor və Şairlər dərnəyi, Rusiya Federasiyası Dağıstan Respublikası Qarabudaq Kənd Gimnaziyası, Qırğızıstan Respublikası Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Qızlar Universiteti və başqa yerlərdən mütəxəssislər iştirak edirdilər.

Daha sonra AMEA-nın vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli,  AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Abant İzzət Baysal Universitetinin (Türkiyə) bölüm başqanı, elmlər doktoru, professor Əli Yaman, Dağıstan Respublikasının Qarabudaq Kənd Gimnaziyasının müəllimi Ruqaniyat Musayeva, Qırğızıstanın Texniki Universitetinin Fəlsəfə və sosial elmlər kafedrasının professoru Talantaali Bakçiyev və başqaları öz çıxışlarında Aşıq Şəmşir yaradıcılığının məziyyətlərindən söz açdılar. Azərbaycan, eləcə də Türkiyə, İran, Rusiya, Qırğızıstanın elmi qurumlarını təmsil edən nümayəndələrin iştirak etdiyi tədbirdə qırğız manasçısı, qumuq aqaç-kumuzçusu, Savə (İran) cökürçüsü və Azərbaycan aşıqlarının ifasında müxtəlif dastanlar, aşıq sənəti nümunələri səsləndirildi.

Konfrans öz işini 33 alimin Aşıq Şəmşir yaradıcılığından və aşıq sənətinin inkişaf yollarından bəhs edən elmi məruzələri ilə davam etdirdi. Həmin  məruzələr “Qurbani”, “Dadaloğlu”, “Manas”, “Aşıq Ələsgər” toplantılarında dinlənildi. Bütün bunlarla yanaşı qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd ustad saz-söz sənətkarı Aşıq Şəmşirin şəxsində ümumən aşıq-ozan mədəniyyətinə verilən dəyərin elmi-analitik şəkildə gündəmə gətirilməsidir. Səməd Vurğun demişkən:

 

Aşıq Şəmşir, Dəlidağdan keçəndə

Kəklikli dağlardan xəbər al məni!

Ceyran bulağından qızlar içəndə

Saz tutub, söz qoşub yada sal məni!

 

 Almaz ÜLVİ,

“Xalq qəzeti”

 

Xalq qəzeti.- 2013.- 10 dekabr.- S.6.