UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin
Qorunması üzrə Hökumətlərarası
Komitəsinin
8-ci sessiyasının yekunları müzakirə
edilmişdir
Dekabrın
10-da Mədəniyyət və Turizm Nazirliyində UNESCO-nun
Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə
Hökumətlərarası Komitəsinin Bakıda
keçirilmiş 8-ci sessiyasının yekunlarına həsr
olunmuş iclas keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, əlaqədar dövlət qurumları və
təşkilatlarının nümayəndələrinin
iştirak etdikləri iclasda çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev belə
genişmiqyaslı, beynəlxalq səviyyəli tədbirə
ölkəmizin ev sahibliyi etməsinin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən məqsədyönlü
siyasətin nəticəsi, ölkəmizin beynəlxalq miqyasda
artan nüfuzunun göstəricisi olduğunu diqqətə
çatdırmışdır. O bildirmişdir ki, tədbirdən
sonra qonaqlar, UNESCO Komitəsi, katiblik sessiyanın çox
yüksək səviyyədə təşkil olunduğunu,
ölkəmizdə böyük qonaqpərvərliklə
qarşılandıqlarını söyləmiş, yüksək
səviyyədə təşkilatçılığa
görə Azərbaycan Respublikasının rəhbərliyinə
təşəkkür etmişlər.
Nazir xüsusi
vurğulamışdır ki, Azərbaycanda
keçirilən silsilə beynəlxalq tədbirlər ölkəmizi
dünyada tolerantlıq və mədəniyyətlərarası
dialoq mərkəzinə çevirmişdir.
Qeyd olunmuşdur ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitəsinin
8-ci sessiyasında iştirak etmək üçün 793 nəfər qeydiyyatdan keçmişdir.
Bu
mötəbər beynəlxalq tədbirdə 116 ölkədən
611 nəfər (katibliklə birlikdə) iştirak
etmişdir. Ümumilikdə tədbirin
iştirakçılarının ümumi
sayı (Azərbaycan tərəfi ilə birlikdə) 900-ə
yaxın olmuş və budəfəki sessiya UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitənin
tarixinə ən çox
iştirakçı sayı olan iclas kimi düşmüşdür.
Bildirilmişdir ki, sessiyada
Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni
İrs Siyahısına salınmaq üçün 12 nominasiya
irəli sürülmüş və cəmi
4 ölkənin - Azərbaycan, Qvatemala, Monqolustan və
Uqandanın nominasiyaları siyahıya
salınmışdır.
Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin
Reprezentativ Siyahısına salınmaq üçün 31 nominasiya
irəli sürülmüş və onlardan 25-i qəbul olunmuşdur.
Hökumətlərarası
Komitənin Bakı sessiyası, həmçinin təşkilatın
Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Konvensiyasının 10 illik
yubileyinə təsadüf etməsi ilə əlamətdardır.
Sessiya Azərbaycanda internet
vasitəsilə onlayn yayımlanan ilk beynəlxalq tədbirdir və gündəlik
izləyicilərinin sayı UNESCO Hökumətlərarası
Komitəsinin əvvəlki sessiyalarından iki
dəfə artıq - gün ərzində
14300 nəfər olmuşdur.
Nazir çıxışında xüsusi
olaraq qeyd etmişdir ki, UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin Bakıda keçirilmiş
8-ci sessiyasının ölkəmiz üçün
ən mühüm nəticələrindən
biri xalqımızın qeyri-maddi
mədəni irsində mühüm yeri olan, çövkənin - Azərbaycan
Respublikasının ənənəvi Qarabağ
atüstü oyununun Təcili
Qorunmaya Ehtiyacı Olan
Qeyri-Maddi Mədəni İrs
Siyahısına daxil edilməsidir.
Sessiyanın
ölkəmizin mədəni həyatı, beynəlxalq
münasibətləri, o cümlədən
UNESCO kimi mötəbər təşkilatla
qarşılıqlı səmərəli əməkdaşlığının
inkişafı baxımdan mühüm əhəmiyyətini
vurğulayan nazir, tədbirin
yüksək səviyyədə
təşkilində və uğurla həyata
keçirilməsində əməyi olan
hər kəsə minnətdarlığını bildirmişdir.
Xalq qəzeti.- 2013.- 11 dekabr.- S.7.