Görkəmli alim, peşəkar
cərrah,
qayğıkeş müəllim
Mirəsədulla Mirqasımov – 130
Odlar yurdunun şöhrətli alimlərindən, görkəmli cərrahlarından, səhiyyənin və ali tibb təhsilinin mahir təşkilatçılarından biri də 30 ilə yaxın bir dövrdə Azərbaycan Dövlət Tibb İnstitutunda kafedra müdiri vəzifəsində çalışmış, Ümumdünya Cərrahlar və Uroloqlar cəmiyyətləri Rəyasət Heyətinin fəxri üzvü, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü və ilk prezidenti, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mirəsədulla Mirələsgər oğlu Mirqasımovdur.
1908-ci ildə
gimnaziyanı Bakıda “əla” qiymətlərlə bitirdikdən
sonra Ukraynanın Odessa
şəhərinə gedən gənc Novorossiysk
Universitetinin
tibb fakültəsinə daxil olmuşdur. Ali tibb təhsilini
1913-cü ildə uğurla başa vuran M.Mirqasımov
bir müddət Odessadakı Yevangeliya alman şəhər
xəstəxanasındakı cərrahiyyə klinikasında
bacarıqlı cərrah kimi püxtələşmişdir.
1916-cı ildə yetkin cərrah kimi Vətəni
Azərbaycana qayıdan M.Mirqasımov əvvəlcə
Bakıdakı bir neçə xəstəxananın
cərrahiyyə şöbəsində ordinator
vəzifəsində çalışıb. Bacarıqlı praktik həkim-cərrah kimi
ölkədə nüfuz qazanan
gənc 1923-cü ildə Bakı Dövlət Universitetinin
tibb fakültəsi rəhbərliyinin diqqətini
cəlb edib və operativ cərrahlıq
və topoqrafik anatomiya
kafedrasına dəvət edilib. Burada o, əvvəl prozektor, sonra isə ordinator vəzifələrində
çalışıb. Həmin ildən etibarən
tanınmış cərrahın elmi-pedaqoji
fəaliyyətinin bünövrəsi qoyulub.
M.Mirqasımov həm də tibb fakültəsində
elmi-pedaqoji işə cəlb edilən ilk milli kadrlardan
biri olub.
Az
sonra o, görkəmli
cərrah, professor B.K.Finkelşteynin
dəvəti ilə hospital cərrahlığı
kafedrasına köçürülüb.
1926-cı ildə BDU-nun tibb
fakültəsinin hospital cərrahlığı
kafedrasının assistenti vəzifəsinə
seçilən M.Mirqasımov elə
həmin il çoxdan bəri tədqiq etdiyi
elmi işini başa
çatdırmaq məqsədilə Mustafa
Topçubaşov, Hacı Qasımov və
digər istedadlı gənclərlə birlikdə Almaniyaya elmi ezamiyyətə
göndərilib. Berlin, Drezden və Münhen
şəhərlərinin klinikalarında 5 ay
səmərəli fəaliyyət göstərən
M.Mirqasımov elmi işini
başa çatdıraraq Bakıya
qayıdıb. 1927-ci il fevralın 4-də
“cərrahlıq” ixtisasında uroloji xəstəliklər
üzrə “Azərbaycanda sidikdaşı xəstəliklərinin
öyrənilməsinə dair materiallar” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
M.Mirqasımov
Azərbaycanda uroloji xəstəliklər
üzrə doktorluq dissertasiyası
müdafiə edən ilk milli
mütəxəssis kimi səhiyyə
tariximizdə özünə layiqli və
əbədi yer tutub.
İstedadlı alim müvəffəqiyyətlə
müdafiə etdiyi doktorluq
dissertasiyasının motivləri əsasında 1928-ci ildə
monoqrafiya çap etdirib və indi də öz praktiki əhəmiyyətini, aktuallığını
itirməmişdir.
M.Mirqasımov
1929-cu ilə kimi kliniki
cərrahiyyə, travmatologiya, urologiya, eləcə də ümumi
cərrahiyyə ixtisasları üzrə, həmçinin Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda
normal anatomiya fənnindən
praktiki dərslərin tədrisi ilə məşğul
olmuş, mühazirələr oxumuş, nəzəri və təcrübi
problemlər üzərində
genişmiqyaslı elmi-tədqiqat işləri apararaq
yeni nailiyyətlər əldə etmişdir. O, 1929-cu ildə tibb
fakültəsi nəzdində təşkil edilmiş
operativ urologiya kursunun rəhbəri təyin edilmiş,
kafedra müdiri vəzifəsinə
bərabər tutulan bu
məsuliyyətli funksiyanı müvəffəqiyyətlə
yerinə yetirmişdir.
1930-cu
ildə Bakı Dövlət Universitetinin tibb fakültəsi əsasında Azərbaycan
Dövlət Tibb İnstitutunun
yaradılması gənc alimin
qarşısında yeni üfüqlər
açmışdır. 1930-cu ildə professor
elmi adı almış, 1931-ci ildə isə
institutun hospital cərrahlığı
kafedrasının müdiri vəzifəsinə
seçilmiş və həyatının sonuna qədər (1958) bu
vəzifəni şərəflə yerinə yetirmişdir.
Həmin illərdə M.Mirqasımovun rəhbərliyi
altında cərrahiyyə, travmatologiya, urologiya, sümük-əzələ vərəmi
və bir sıra digər mövzular
üzrə namizədlik və doktorluq
dissertasiyaları yerinə yetirilmişdir.
1936-cı
ildə institutun rəhbərliyini yüksək
ixtisaslı mütəxəssislərlə möhkəmləndirmək
məqsədilə ATİ-nin o zamankı rektoru, professor Əziz Əliyevin təqdimatı və
Xalq Səhiyyə
Komissarlığının 3 sentyabr
1936-cı il tarixli əmri
ilə əməkdar elm xadimi,
professor M.Mirqasımov ictimai
işlərdə də fəallıq
göstərən müalicə-profilaktika fakültəsinin
dekanı vəzifəsinə təyin edilmişdir.
Bundan sonra fakültənin işində ciddi dönüş
yaranmış, həm tədris prosesi, həm
gənc milli kadrların elmi
işlərə cəlb edilməsi məsələləri, həm
də təlim-tərbiyə işləri yüksək səviyyəyə
çatdırılmışdır.1938-1940-cı illərdə
ATİ-nin rektoru ezamiyyətlərdə olduqda
rektorluq vəzifəsinin icrasının
M.Mirqasımova həvalə edilməsi onun
bacarığına olan inamdan,
etibardan irəli gəlirdi.
İkinci Dünya müharibəsi
illərində M.Mirqasımovun respublikamızın bir sıra təhliyyə hospitallarında baş məsləhətçi-cərrah kimi fədakarcasına fəaliyyət göstərməsi
ona olan el rəğbətini daha da gücləndirmişdi. O, bu müddətdə
həmçinin ÜİHİ-nin Rusiyadan Bakıya köçürülmüş
hospitalının cərrahiyyə şöbəsinə də
rəhbərlik etmişdi.
30-cu illərin əvvəllərində
M.Mirqasımovun təşəbbüsü ilə bilavasitə
onun şəxsi təcrübəsi əsasında
klinikada patoloji anatomiya muzeyinin
yaradılması təqdirəlayiq tarixi
hadisələrdən sayılmalıdır. M.Mirqasımov
1931-ci ildə ilk dəfə olaraq milli dildə “Ümumi cərrahiyyə” adlı orijinal dərslik yazmış, 1935-1936-cı illərdə
rektorluğun tapşırığı
ilə “Kliniki cərrahiyyənin tədris
proqramı” adlı kitab çap etdirmişdir.
1935-ci ildə Azərbaycan SSR Xalq Səhiyyə
Komissarlığının Tibb Təhsili
və Tibb Elmi İdarəsi
nəzdində təşkil edilmiş
metodiki şuranın ilk
10 nəfərlik üzvlərindən birinin
bacarıqlı alim, professor
M.Mirqasımovun olması, alimin tibb təhsilinin və tibb
elminin metodikasını da
dərindən bilməsinə dəlalət edir.
Xalq Səhiyyə
Komissarlığının (XSK) kollegiya üzvü seçilən M.Mirqasımov müharibə başlanana
qədər XSK-nin Elmi-Tibbi
Şurasının sədri vəzifəsini bacarıqla yerinə
yetirib.
1936-cı ilin fevral ayının 1-də
M.Mirqasımov əməkdar elm xadimi fəxri adına layiq
görülüb. O, 1938-ci və
1940-1957-ci illərdə 18 il ərzində
Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsində Dövlət İmtahan Komissiyasının sədri olmuşdur. Akademik M.Mirqasımov rus alimləri ilə,
xüsusilə də Leninqrad (Sankt-Peterburq) cərrahlıq və urologiya məktəbinin mötəbər
nümayəndələri ilə sıx əlaqə
saxlayırdı. Keçmiş Sovet İttifaqının nüfuzlu
alimləri M.Mirqasımova olan rəğbət
hisslərini gizlətmir, onunla
hesablaşır, yaradıcılığına hörmətlə
yanaşır, onun zəngin bilik diapazonuna yüksək
qiymət verirdilər.
M.Mirqasımov 1938-ci
ildən 1945-ci ilə qədər SSRİ Elmlər
Akademiyası Azərbaycan Filialının tibb
bölməsinin sədri vəzifəsində
çalışmışdır. O, 1945-ci ildə
mövcud filialın əsasında yenicə
təşkil edilmiş Azərbaycan Elmlər
Akademiyasının həqiqi üzvü və
ilk prezidenti
seçilmişdir.1947-ci ilə qədər fəaliyyət
göstərdiyi bu vəzifədə akademik M.Mirqasımovun təşkilatçılıq
istedadı, hərtərəfli biliyə, geniş
dünyagörüşünə malik
olması özünü daha
aydın şəkildə büruzə vermişdir.
M.Mirqasımov
doğma ana dilinin bütün incəliklərini
dərindən mənimsəməklə yanaşı, alman, ərəb, fransız, fars,
rus dillərini də mükəmməl bilir, lazım gəldikdə, bu
dillərdə də elmi məruzələr
edir, məqalələr yazırdı. O, onlarla çap olunmuş
elmi məqalənin, monoqrafiya,
dərslik və dərs vəsaitlərinin müəllifi olub. M.Mirqasımov müxtəlif
ölkələrdə keçirilən qurultay,
konfrans, konqress və simpoziumlarda 200-dən çox
məruzə etmişdir.Alimin rəhbərliyi
altında 6 doktorluq, 20 namizədlik
dissertasiyası işinin yerinə yetirilməsi
onun gənc kadrların boy
artımına göstərdiyi qayğının təzahürlərindəndir.
1935-ci ilin
may-iyun aylarında Moskva
və Leninqrad (Sankt-Peterburq)
şəhərlərində elmi ezamiyyətdə
olan M.Mirqasımov “Qoca
yaşlarda prostat vəzinin
xəstəlikləri” monoqrafiyasını tamamlamış və
çap etdirmişdir.
Onun çap etdirdiyi elmi əsərləri
urologiyanın aktual problemlərinə həsr
edilmişdir. Dövrün
uroloji problemlərinin ən çətin
məsələləri bu əsərlərdə
öz əksini tapmış, onların elmi şərhinə, optimal
üsullarla tədqiqinə geniş yer verilmişdir. Görkəmli alimin
bilavasitə rəhbərlik etdiyi doktorluq və namizədlik dissertasiyası
işlərinin də mövzularının əksəriyyəti
bu sahəyə aid olmuşdur. Onun elmi əsərlərinin toplusu
1962-ci ildə ikinci dəfə yenidən çap olunmuşdur ki, bu da
alimin əldə etdiyi
nəticələrin gərəkliyinə, dəyərinə
verilən qiymətin əyani sübutlarındandır. Akademik
M.Mirqasımovun Azərbaycanda urologiya elminin inkişafı yollarında göstərdiyi
xidmətlər hazırda da mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilir və heç də əbəs deyildir
ki, o, Azərbaycanda
elmi-təcrübi urologiyanın banisi
sayılır.
Alimin qarın yatalağı xəstəliklərinin cərrahi
müalicəsinə, bu xəstəliklərin
törətdiyi peritonitlərin meydana çıxması, gedişi
və aradan qaldırılmasının
öyrənilməsinə həsr etdiyi iki hissədən ibarət “Qarın
yatalağı xəstəliklərinin cərrahiyyəsi”
adlı monoqrafiyası 1945-1950-ci illərdə işıq üzü
görmüş ən dəyərli əsərlərdəndir.
O, hələ 1926-cı ildə Zaqafqaziya cərrahlarının
birinci qurultayında “Yerli
yoluxmuş yaraların tam
tikilməsi məsələsi haqqında” elmi-tədqiqat işinin nəticələri barədə geniş məlumat vermişdir.
İkinci Dünya
müharibəsi illərində aktuallığını itirməyən
bu mövzuya yenidən
qayıdaraq praktik həkimlərə
düzgün istiqamət verən məqalələr
çap etdirmişdir.
M.Mirqasımovun həm birinci,
həm də ikinci dünya
müharibələri zamanı yaralılara yüksək
ixtisaslı həkim yardımı göstərərkən,
mürəkkəb cərrahi əməliyyat apararaq
müxtəlif növ travmalar,
ağır güllə, qəlpə yaraları almış əsgərləri
həyata qaytararkən topladığı zəngin təcrübə
əsasında 1943-cü ildə qələmə
aldığı “Hərbi işdə cərrahiyyənin rolu və əhəmiyyəti” adlı
kitabçası hərbi cərrahlar üçün
stolüstü vəsaitə çevrilmişdir.
Akademik M.Mirqasımov ölkəmizdə
görkəmli ictimai xadim
kimi də tanınır. O, 1931-ci ildə
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmiş,
1937-ci ildən etibarən, 20 ilə yaxın müddətdə
SSRİ Ali Sovetinin
deputatı kimi fəaliyyət göstərmiş.
Alimin tibb təhsili və elm, səhiyyə
sahəsindəki çoxillik səmərəli
xidmətləri yüksək
qiymətləndirilib və o, dövlətin
orden və medallarına, fəxri fərman
və mükafatlarına layiq görülmüşdür. Bakıdakı
küçələrdən birinə, eləcə də Respublika Klinik Xəstəxanasına
akademik M.Mirqasımovun adının verilməsi
onun sənət dünyasına, şəxsiyyətinə
olan ehtiramın təcəssümüdür.
1958-ci il
iyul ayının 20-də əbədiyyətə
qovuşan və bu il anadan olmasının 130
illiyini qeyd etdiyimiz akademik
M.Mirqasımov ömrü boyu
insanlara sağlamlıq bəxş etmək
əzmi ilə yaşayıb.
M.Mirqasımov xatirəsi
və irsi Azərbaycan tibb
ictimaiyyətinin qəlbində daim
yaşayır və nəsildən-nəslə ötürülür.
Əhliman ƏMİRASLANOV,
Azərbaycan Tibb Universitetinin rektoru,
AMEA-nın Biologiya və Tibb Bölməsinin
akademik-katibi, Milli Məclisin deputatı
Xalq
qəzeti.- 2013.- 11 dekabr.- S.9.