Milli ideyanı
gerçəkləşdirmiş
DAHİ AZƏRBAYCANLI
Xalqların və ölkələrin tərəqqisinin əsasında dahi şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətlərdən sayılır. Ümummilli ideya və hamı tərəfindən qəbul olunan milli lider tarixin bütün dövrlərində inkişafın fundamental əsası rolunda çıxış etmişdir. Öz əməli, missiyası ilə tarixdə silinməz izlər qoymuş şəxsiyyətlər az olsa da, hər bir xalqın, millətin taleyinə belə insanlar düşmüşdür. Azərbaycan xalqı da fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə birbaşa bağlıdır.
Vətənimiz
üçün kifayət qədər mürəkkəb və
ağır bir dönəmdə xalqına arxa olan ulu öndər
Heydər Əliyev Azərbaycanın çağdaş tarixində silinməz izlər
qoymuşdur. Onun möhtəşəm ideya və əməlləri
nəticəsində Azərbaycan dünya meydanında öz
sözünü deyə bilən qüdrətli dövlətə
çevrilmişdir. Ulu öndərimiz Heydər Əliyev bəşər
tarixində siyasət Olimpinə yüksələn nəhəng
xadimlərdən biridir və onun həyat yolu doğma Vətənə
sədaqət nümunəsidir. Dünyanın ən
tanınmış siyasətçiləri belə bu
böyük zəka sahibinin misilsiz fəaliyyətini, dəyərli
irsini artıq çoxdan nəsillərə örnək kimi dəyərləndirmişlər. Ulu öndərimizin əbədiyyətə
qovuşmasından 10 il ötür. Hər il olduğu kimi, yenə
də respublikamızın bütün şəhər və
rayonlarının nümayəndələri, paytaxt sakinləri,
xarici ölkələrdən gəlmiş çoxsaylı
qonaqlar Fəxri Xiyabana gələrək Azərbaycanın
baş ziyarətgahında ümummilli liderin məzarını
ziyarət edirlər. Milyonlarla insan onun xatirəsini əziz
tutur, ruhu qarşısında baş əyir, rəhmət diləyirlər. Azərbaycanın
özü qədər əbədi olan bu dahi şəxsiyyəti
xalqımız böyük məhəbbətlə sevir,
anır. Ulu öndərin ölməz ideyaları,
düzgün siyasəti əsasını qoyduğu quruculuq
işləri bu gün sürətlə davam etməkdədir.
İllər
ötdükcə biz Heydər Əliyev dühasının
müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz
rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin
siyasi əzəməti, beynəlxalq nüfuzu barədə təkrar-təkrar
düşünməyə mənəvi ehtiyac duyuruq.
Çünki bu gün Azərbaycanın qüdrətli
dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi
inkişafı, dünya birliyində öz layiqli yerini daha da
möhkəmləndirməsi məhz Heydər Əliyevin
ideyalarının yaşamasının, siyasi kursunun uğurla
davam etdirilməsinin nəticəsidir. İstər ölkəmizin
tarixində, istərsə də xalqın yaddaşında Heydər
Əliyev müstəqil və suveren dövlətin simvolu,
xarizmatik siyasət dahisi, cəsur
insan və ən böyük vətəndaş kimi
qalmışdır və qalacaqdır. O, Azərbaycanın ən
yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm
etdirən, müstəqil dövlətin siyasi, iqtisadi,
hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan,
onların ardıcıl inkişafını təmin edən
siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.
Bu gün biz azərbaycanlıların ölkəmiz
haqda danışanda fəxr edə biləcəyi, qürurla
öyünəcəyi çox uğurları, nailiyyətləri
vardır. Bu uğurların istisna olmadan hamısı ulu
öndərimizin adı ilə bağlıdır. Müstəqil
Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında
Heydər Əliyevin zəhməti olmasın.
Bütövlükdə, Heydər Əliyev epoxası yüksəliş
epoxasıdır-iqtisadiyyatdan başlamış mədəniyyətə
qədər müxtəlif sahələrdə yüksəliş
zəmanəsidir. Təkcə sovet hakimiyyəti illərində
onun göstərdiyi genişmiqyaslı fəaliyyət
böyük bir təcrübə xəzinəsi, dövlət
idarəçiliyi akademiyasıdır.
Hazırda
hamımızın obyektiv olaraq Azərbaycanda müasir intibah
dövrü kimi qiymətləndirdiyi 1970—1980-ci illər o vaxta
qədər xalqın qəlbində və ən ülvi niyyətlərində
illərlə gizli qalan milli ideyanın, azadlıq və
müstəqillik, suveren Azərbaycan dövləti
ideyasının dirçəldilməsi, onun ideya-mənəvi
özəyinin və gələcək milli azadlıq hərəkatının
hərəkətverici qüvvəsi səviyyəsinə
yüksəlməsi üçün əlverişli zəmin
yaratdı. Məhz bu dövrdə Heydər Əliyev öz
misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli
iqtisadi-sosial, mədəni-mənəvi yüksəlişinin əsasını
qoydu.
Dövlət müstəqilliyi
dövründə isə məhz Heydər Əliyev müasir
müstəqil Azərbaycanın arxitekturasını
yaratdı, milli dövlətçiliyimizin ideya təməlini
formalaşdırdı. 1993-cü ildən sonra həyata
keçirilən qlobal proqramlar, irimiqyaslı layihələr
Azərbaycanın iqtisadi qüdrətinin artmasına xidmət
etdi, ölkəyə investisiya axını gücləndi. Azərbaycan yeni əsrə və
minilliyə təkcə müstəqil dövlət kimi daxil
olmadı, həm də özünün böyük iqtisadi
sıçrayış möcüzəsini və təcrübəsini
gətirdi. Heydər Əliyev ideyaları əsasında Azərbaycan
iqtisadiyyatı təkcə sürətli inkişafı ilə
diqqəti cəlb etmədi, həm də yeni keyfiyyət
parametrləri ilə maraq doğurdu.
Heydər Əliyevin
müdrik siyasəti nəticəsində, dünya birliyi, Ermənistan
– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində
haqqın və ədalətin kimin tərəfində
olduğunu anladı, Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədi.
Heydər Əliyev iki
dəfə öz ölkəsinin dövlət gəmisini
tarixi sınaqlardan çıxardı, onun milli dəyərlərini,
insanların ozünə
inamını qoruyub saxlaya bildi. Azərbaycan tarixində o, iki
dəfə siyasətdə və dövlət idarəçiliyində
səriştəsizliyə “yox” deməyi, ən yüksək
məharət göstərməyi bacardı. Heydər
Əliyev nəzəri səviyyədə norma və dəyərlər
məcmusunu tərtib etdi, praktikada həyata keçirdi. Heydər
Əliyev ölkənin müasir inkişafı
üçün möhkəm təməl qoydu, Azərbaycanın
sivil dəyərlər qərarlaşmış dövlət
kimi qəbul olunmasını təmin etdi, müasir dünyaya
inteqrasiyası üçün şərait yaratdı. Heydər Əliyevin missiyası
yalnız Azərbaycan dövlətinin dayaqlarının
möhkəmləndirilməsi, müstəqilliyin
inkişafı və sürəkliliyinin
təmin edilməsi kimi şərəfli bir vəzifəni
yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil
Azərbaycan dövlətinin yaradılması
konsepsiyasını həyata keçirdi, eyni zamanda, vətəndaşları
birləşdirən, xalqımızı beynəlxalq aləmdə
vahid amal, əqidə, məqsəd və məram
uğrunda səfərbər edən
milli təlimi -azərbaycançılıq
ideologiyasını da yaratdı.
Ümummilli lider Heydər
Əliyev milliliklə dövlətçiliyi bir-birinə
qovuşdurdu, onların
sarsılmaz vəhdətini təmin etdi. Dünyadakı hər
bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycan
adlı məkanda da reallaşdı. Beləliklə, azərbaycançılıq
ideologiyası etnik yox, siyasi və vətəndaşlıq
xarakteri daşıdı, yalnız müstəqil Azərbaycanın
vətəndaşlarına deyil, dövlətçilik
ideyasını əziz tutanlara münasibətdə də
öz birləşdirici funksiyasını yerinə yetirdi. Ümummilli lider
tarixi təcrübə və nəzəri müddəaların
varisliyini təmin etməklə yanaşı, dövlət
idealogiyamızı -azərbaycançılığı mərkəzi
müddəa kimi önə keçirdi. Milli ideyanın tarixdə
ilk dəfə suveren formatda gerçəkləşdirilməsi
dövlətçilik ənənəsində müstəqil dövlətin siyasi
təşkilatlanmadan güc alaraq daha qüdrətli zirvələrə
yüksəlməsinin başlanğıcını qoydu.
Ümummilli lider Heydər Əliyev milli ideyanı çox
qısa və çətin zamanda milli varlıgın təcəssümünə
çevirməyə nail oldu.
Xalqımızın
tarixi, siyasi uğurlarının zəfər trayektoriyası
artıq davamlı, kəsilməz xarakter aldı. XX əsrin
ikinci yarısında qlobal transformasiya və
sarsıntılarla paralel bəzi ölkələrin süqut
etdiyi, bəzilərinin isə yenidən yarandığı
bir ərəfədə dünya siyasi xəritəsində
xalqımız Azərbaycan adlı müstəqil dövlətinin
bayrağını yenidən dikəltdi. İlk dəfə
milli ideya nəzəri sxem kimi qalmayıb milli dövlətimizi
dünya tarixinə həkk etdi. Milli ideal missiyası -
ümummilli lider nümunəsində bu dövr
üçün qələbələrlə başa
çatdırıldı. Ümummilli lider Heydər
Əliyev bu cahanşümul məqsədləri
müstəqil Azərbaycan adlı ünvanda reallığa
çevirdi. Bütün bunlar zamanın mürəkkəb
münasibətlərini milli dühası və fövqəlsəyləri
ilə Azərbaycan naminə nizamlayan siyasi lideri Heydər
Əliyevi ümummilli lider zirvəsinə ucaltdı.
Bunlar azərbaycanlıların
neçə-neçə nəsilləri üçün
örnək olacaq Heydər Əliyev şəxsiyyətinin
tarixi xidmətləridir. Bu gün bu dahi insanın şəxsiyyətinin və fəaliyyətinin mahiyyətini
anlamaq bir çox onilliklər ərzində Azərbaycan ətrafında
baş verən hadisələrin
məğzini, mürəkkəb ümummilli problemlərin
həlli yollarını dərk etmək deməkdir. O, əməli
işi ilə sübut etdi ki, dünyanı yalnız
böyük dövlətlər idarə etmir, rəyləri ilə
hesablaşılan kiçik dövlətlər də
vardır. O öz şəxsi nümunəsində azərbaycanlıların
mətin iradəyə və sarsılmaz ruha, intellektual
potensiala malik olduğunu bütün dünyaya nümayiş
etdirdi. Heydər Əliyev Azərbaycanı həm dirçəldir,
yenidən qurur, həm də onun gələcəyi barədə
düşünürdü. Bu dahi şəxsiyyət istənilən
mürəkkəb siyasi prosesdən uğurla
çıxmağı, ən çətin anlarda həlledici
qərarlar qəbul etməyi, hadisələrə çevik
reaksiya verməyi yüksək peşəkarlıqla, əsl
siyasi liderə xas formada bacarırdı. Heydər Əliyev ədalətli,
ardıcıl və prinsipial siyasət sahibi idi. “Bütün
gücümü və iradəmi yalnız müdrik və qədirbilən
xalqımdan almışam. Ən çətin anlarda, ən
mürəkkəb vəziyyətlərdə yalnız və
yalnız xalqıma arxalanmışam. Bu da mənə
dözüm, iradə verib və bütün
uğurlarımı təmin edib” - deyən ümummilli
liderimizin ən başlıca keyfiyyəti xalqımıza xas
olan milli-mənəvi dəyərlərə ürəkdən
baglılığı, milli ideyanı yaşadıb
inkişaf etdirməkdən ötrü həyatını sərf
etməsi, bütün ömrünü millətin mədəni-mənəvi
intibahına həsr etməsi idi.
Yüksək humanizm, uzaqgörənlik, insanları
yaxşı tanımaq, mürəkkəb şəraitdən
məharətlə haqqı çıxarmaq kimi keyfiyyətləri
olan Heydər Əliyev təsadüfi deyildir ki, XX əsrin
görkəmli liderlərindən biri olmuşdur. Fenomenal şəxsiyyət,
müdrik dövlət xadimi, gözəl natiq, qeyri-adi
yaddaş, analitik düşüncə qabiliyyəti və
tükənməz siyasi iradə – yalnız kamil siyasi liderə
xas olan bütün bu keyfiyyətlər Heydər Əliyevdə
cəmləşmişdi. İctimai statusundan və sosial
mövqeyindən asılı olmayaraq hər kəs, hətta
dünya miqyasında tanınmış siyasətçilər,
politoloqlar da bu nadirliyi qəbul edirlər. Onun bənzərsiz
dövlət xadimi kimi şöhrət qazanmasında, hər
şeydən əvvəl digərlərindən fərqlənməsində
yüksək mənəvi və yaradıcı keyfiyyətləri,
təşəbbüskar və cəsarətli olması və
bütün fəaliyyətini dövlətin durmadan
inkişafına sərf etməsi başlıca amillərdir.
Vətəni,
torpagı sevmək, onun ağrısını, dərdini
çəkmək, milli mənafeyi şəxsi mənafedən
üstün tutmaq ən böyük vətəndaşlıqdır.
Zəmanəsinin ən böyük azərbaycanlısı,
böyük şəxsiyyət, ümummilli lider Heydər
Əliyev də öz əməlləri və siyasi fəaliyyəti
ilə məhz belə şəxsiyyətlərdən
olduğunu sübut etmişdir O, Azərbaycan vətəndaşı
olduğunu hər yerdə, böyük qürurla, fəxrlə,
cəsarətlə söyləmişdir: “Mən fəxr edirəm
ki, azərbaycanlıyam”. Bu kəlmələri deyən Heydər
Əliyev xalqının qəlbində milli-mənəvi dəyərləri
yaşatmaq üçün əbədi bir məşəl -
Heydər Əliyev ideyalarından güc alan sönməz məşəli
alovlandırmışdır. Heydər Əliyev öz ölkəsini
yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil
dövlət kimi gətirmişdir. Çox illər keçəcək,
lakin çiçəklənən Azərbaycanın vətəndaşları
müdrikliyi və dönməzliyi sayəsində Azərbaycanın
gələcəyini təmin etmiş bu dahi insanı
unutmayacaqlar.
Əsası Heydər
Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu
dayanıqlı inkişaf ölkə rəhbəri İlham
Əliyevin dövlət xadimi kimi istedadı və
ardıcıl fəaliyyəti ilə davam edir. Son 10 ildə
Prezident İlham Əliyev milli ənənələri və
geosiyasi özəllikləri nəzərə alaraq ölkəni
iqtisadi təkamüldən demokratik yetkinlik məkanına
bacarıqla transformasiya edir. Ulu
öndərimizin şah əsəri
adlandırdığımız müasir Azərbaycan
firavanlıq, tərəqqi, istiqlal dövrünü
yaşayır, onun arzuları, əməlləri, ideyaları
uğurla, layiqincə davam etdirilir.
XX əsrin 90-cı illərində Azərbaycanın
qovuşduğu dəyərlər
Heydər Əliyevin titanik fəaliyyəti sayəsində
tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin
möhtəşəm uğurları da ulu öndərin
layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi
siyasətin parlaq təzahürləridir. İndi
qarşımızda böyük hədəflər durur. Bu,
ümummilli liderimiz Heydər Əliyevin müəyyən
etdiyi böyük yolun davamıdır. Heydər Əliyevin
ideyaları həmişə olduğu kimi yolumuza işıq
saçır, bizi yeni-yeni qələbələrə səsləyir. Azərbaycanın dahi şəxsiyyəti
ümummilli lider Heydər Əliyevin xatirə günü ilə
bağlı onun ölməz ruhu qarşısında
böyük ehtiramla baş əyərək deyirik: Siz
özünüzə tayı-bərabəri olmayan heykəl, əsrlər
boyu yaşayacaq abidə ucaltdınız. Bu abidənin adı
Azərbaycandır – yeni, xoşbəxt, qüdrətli Azərbaycan!
Asif ƏSGƏROV,
Səbail Rayon İcra Hakimiyyətinin başçısı,
YAP Siyasi Şurasının üzvü
Xalq qəzeti.- 2013.- 11 dekabr.- S.3.