Azərbaycanın
uğurlu inkişafını təmin edən lider
Dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarının elmi təməl üzərində qurulması, cəmiyyətin potensial imkanlarının milli intibah prosesinə məqsədyönlü şəkildə cəlb olunması son nəticədə xalqları davamlı, sabit inkişaf yoluna çıxararaq dövrün ağır sınaqlarından, təbəddülatlarından qoruyur. 1991-ci il 18 oktyabrında dövlət müstəqilliyinin bərpa etmiş Azərbaycan Respublikasında dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz milli inkişaf strategiyasının olmaması üzündən meydana çıxmışdı.
1991-ci ildən
1993-cü ilin iyun ayınadək respublikanın üzləşdiyi
böyük problemlər isə ölkədə xalqın dəstəklədiyi
legitim hakimiyyətin, eyni zamanda yeni ictimai-iqtisadi formasiyada
dövlətin gələcək inkişaf yolunu düzgün
müəyyənləşdirə biləcək qətiyyətli
və müdrik siyasi rəhbərin olmaması ilə
bağlı idi. Bu dövrdə müşahidə olunan
hakimiyyət boşluğu dövlət idarəçiliyi
mexanizmlərinin formalaşmasında ciddi maneəyə
çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş
itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac
vermiş, qanunçuluğun və hüquq qaydalarının
təminatı, vətəndaşların azad, təhlükəsiz
yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin
qorunması sahəsində əsaslı problemlər
yaratmışdı. İki ilə yaxın müddətdə
ölkədə müşahidə olunan hərc-mərclik və
özbaşınalıq mühiti təsdiqlədi ki, milli
dövləti yalnız qətiyyətli liderlərin,
xalqına bağlı rəhbərlərin yüksək idarəçilik
və liderlik keyfiyyətləri sayəsində qoruyub saxlamaq,
inkişaf etdirmək olar.
Bu mənada, əminliklə
demək olar ki, həmin dövrdə Azərbaycanın bir
dövlət olaraq mövcudluğunun qorunub saxlanılması,
xalqın bir çox böyük fəlakətlərdən
qurtulması 1993-cü ilin 15 iyun tarixindən başlayır.
Çətin bir vaxtda heç bir riskdən çəkinməyərək
xalqın istəyi ilə Naxçıvandan Bakıya dönən
ulu öndər Heydər Əliyev məhz bu tarixdən Azərbaycan
Ali Sovetinin sədri seçilmiş, respublikamızı
parçalanmaq və milli dövlətçiliyini itirmək təhlükəsindən
xilas etmişdir. Böyük strateqin rəhbərliyi
altında hakimiyyət boşluğu qısa müddətdə
aradan qaldırılmış, respublikanın müxtəlif
bölgələrində dövlətçiliyə qəsdlər
təşkil edən cinayətkar ünsürlər xalqın
dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş
sülhü və həmrəyliyinin təminatı istiqamətində
ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda
ardıcıl və sistemli olaraq hüquqi dövlət
quruculuğu və vətəndaş cəmiyyətinin
formalaşdırılması prosesinə başlamaq imkanı
yaratmışdır.
Ulu öndər
1993-cü ildən dövlət quruculuğu istiqamətində
başladığı islahatları ictimai rəyə, sosial
sifarişə əsaslanmaqla həyata keçirmiş, ölkənin
böhranlı vəziyyətdən çıxarılması
prosesində hər bir vətəndaşın
iştirakını vacib saymış, xüsusən də cəmiyyətin
üzdə olan intellektual kəsimi ilə sıx ünsiyyətə
böyük üstünlük vermişdir. Ümummilli liderin
1993-cü il sentyabrın 21-də isə AMEA-da alimlərlə,
sentyabrın 22-də isə gənclərlə keçirdiyi
görüşləri bu mənada xüsusi xatırlatmaq
lazımdır. AMEA-da keçirilən tədbirdə dərin məzmunlu
nitq söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın
üzləşdiyi ağır vəziyyətin səbəblərini
təhlil etmiş, vəziyyətdən çıxış
yollarını göstərmiş, cəmiyyətin
bütün təbəqələrini, o cümlədən
intellektual potensialın daşıyıcısı olan alimləri
milli problemlərin həllində fəal iştiraka
çağırmışdır.
Ölkənin
ağır sosial-iqtisadi, siyasi problemlərinin həlli ilə
məşğul olan ulu öndər Heydər Əliyev elmin, təhsilin
problemlərini də diqqət mərkəzində
saxlamış, bu sahələrdə yeni dövrün tələblərinə
cavab verən islahatların aparılmasını təmin
etmişdir. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət
xadimlərinin sosial müdafiəsinin təşkili istiqamətində
atılan addımlar, dövlət büdcəsində baş
verən artımlar hesabına bu sahələrə yönələn
vəsaitlərin çoxalması ölkədə tədricən
elmi-intellektual intibah mərhələsinin əsasını
qoymuşdur.
Ulu öndər Heydər
Əliyev milli problemlərin həlli baxımından xalqın
mənəvi-ideoloji birliyinə, vətəndaş həmrəyliyinə
nail olmağı, konkret milli ideya və ideologiya ətrafında
birləşməsini də vacib saymışdır. Ulu
öndər milli ideologiyanı konkret dövr üçün
gündəlikdə olan milli ideyanın həyata keçirilməsi
vasitəsi kimi dəyərləndirmiş, onun səfərbəredici
rolunu daim önə çəkmişdir. Heydər Əliyevin
Vətən və xalq qarşısında böyük xidmətlərindən
biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi
baxımından çox əhəmiyyətli olan azərbaycançılıq
ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması
üçün ideoloji təmələ çevirməsidir.
Azərbaycançılıq ideoloji konstruksiya kimi
mühüm funksional keyfiyyətlərlə zəngindir. Onun
mahiyyəti ölkənin mənəvi və fiziki cəhətdən
zəiflədilməsi cəhdlərindən qorumaqdan, Azərbaycanı
unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək,
inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq
ideologiyası elə bir mənəvi dəyərdir ki, o,
müstəqil və öz yolu ilə gedən Azərbaycanı
informasiya baxımından koqnitiv (idraki) sivilizasiyalar
sırasına, yəni biliklərə əsaslanan və biliklər
iqtisadiyyatı yaradan cəmiyyətə çevirir. Bu
ideologiyanın pozitiv xarakteri həm də bütün
dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını
vahid ideallar naminə səfərbər etmək qüdrəti
ilə müəyyən olunur.
Ümummilli lider Heydər
Əliyevin milli dövlətçilik qarşısında
mühüm xidmətlərindən biri də modernləşmə
yönümündə demokratik və hüquqi islahatların
həyata keçirilməsidir. Bütün səylərini səfərbər
edərək dövlət müstəqilliyini, sadəcə,
şərti müstəqillik aktı və bəyanat səviyyəsindən
çıxaran böyük strateq Azərbaycanda hüquqi
dövlət və vətəndaş cəmiyyəti
ideyasının təkamül yolu ilə
reallaşdırılması istiqamətində ardıcıl
islahatlar həyata keçirmişdir. Ulu öndər Heydər
Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan
Respublikası Ali Sovetinin sədri seçilməsi ilə
ölkədə sivil parlamentarizm ənənəsinin
qoyulduğunu, cəmiyyətin hüquq sisteminin əsasını
təşkil edən qanunların müasirləşdirilməsi
prosesinin geniş vüsət aldığını da
xüsusi vurğulamaq lazımdır. Ümummilli lider kifayət
qədər mürəkkəb və ziddiyyətli bir dövrdə
parlamentə rəhbərlik etməsinə baxmayaraq, qanunverici
orqanın effektiv, məqsədyönlü fəaliyyətini təmin
etmiş, bir sıra qanunların qəbuluna nail olmuşdur. Məhz
bu mərhələdən parlamentin cəmiyyətdəki rolu
artmış, hüquqi dövlət quruculuğu prosesindəki
rolu güclənmişdir.
Ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında hazırlanan, dünyada
mövcud olan ən mütərəqqi hüquq
normalarını özündə əks etdirən müstəqil
Azərbaycanın ilk Konstitusiyasının 1995-ci ilin 12
noyabrında ümumxalq referendumu ilə qəbul olunması
respublikamızın gələcək inkişaf prioritetlərini
müəyyənləşdirmiş, iqtisadi, siyasi və
hüquqi islahatların bazisinə çevrilmişdir. Əsas
Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi
olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi,
idarəçiliyin hakimiyyət bölgüsü əsasında
təşkil olunmasının təməl prinsipləri təsbit
edilmiş insan hüquq və
azadlıqlarının təmini ali məqsəd kimi önə
çəkilmişdir.
1995-ci ilin 12
noyabrında Konstitusiyanın qəbulu ilə yanaşı, həm
də Azərbaycan Respublikası Milli Məclisinə I
çağırış seçkilər keçirilmiş,
demokratik şəraitdə ilk parlament
formalaşdırılmışdır. Birinci
çağırış parlament qarşısına
qoyduğu ölkəmizdə hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin
bərqərar edilməsi, Azərbaycanın Avropa xalqları
ailəsinə inteqrasiyası, bu məqsədlə cəmiyyət
və dövlət həyatının bütün sahələrində
köklü islahatların həyata keçirilməsi
üçün hüquqi bazanın yaradılması, möhkəmləndirilməsi
və təkmilləşdirilməsi kimi vəzifələri
uğurla yerinə yetirmiş, qanun
yaradıcılığı işində dünyanın
qabaqcıl demokratik ölkələrinin təcrübəsindən
bəhrələnmiş, qanunvericilik fəaliyyətində
istər kəmiyyət, istərsə də keyfiyyət
göstəriciləri baxımından böyük nailiyyətlər
qazanmışdı.
Ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında sistemli şəkildə
həyata keçirilən məhkəmə-hüquq
islahatlarının, siyasi liberallaşmaya xidmət edən tədbirlərin
əsasında da məhz insana qayğı, şəxsiyyətə
və insan ləyaqətinə hörmət amili
dayanmışdır. 1998-ci il iyunun 18-də ulu öndər
Heydər Əliyevin imzaladığı “İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramı”nda Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili təsisatının,
bu sahədə elmi-tədqiqat institutunun yaradılması,
normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq
standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi
mexanizmlərin təkmilləşdirilməsi, insan
hüquqları sahəsində fəaliyyət göstərən
beynəlxalq qurumlarla əməkdaşlığın daha da
inkişaf etdirilməsi və digər mühüm məsələlər
nəzərdə tutulmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti yanında Əfv
Komissiyasının yaradılması və əfvetmə
institutunun bərpası da ulu öndər Heydər Əliyevin
necə böyük qəlb və mənəviyyat sahibi olduğunu
təsdiqləyir. Bu humanizmin nəticəsidir ki,
respublikamızda əfv fərmanlarının imzalanması, məhkumların
bağışlanması müsbət ənənəyə
çevrilmişdir. Heydər Əliyevin 1993-cü ildən tətbiqinə
moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın
10-da tamamilə ləğv edilmiş, Azərbaycan
bütövlükdə Şərqdə bu qətiyyətli və
tarixi qərarı verən ilk dövlət olmuşdur.
Yüksək humanizmin və insanpərvərlik örnəyinin
bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın
beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25
yanvarında müstəqil respublikamız Avropa Şurası
kimi mötəbər beynəlxalq təşkilata
tamhüquqlü üzv qəbul edilmişdir. Təşkilatla
səmərəli əməkdaşlıq Azərbaycanın
milli qanunvericiliyinin Avropa standartlarına
uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq
islahatlarının aparılmasına ciddi təkan
vermişdir.
Ulu öndər Heydər
Əliyev demokratik dövlət quruculuğuna xidmət edən
mütərəqqi hüquqi-siyasi-hüquqi islahatları davam
etdirməklə yanaşı, həm də milli maraqlara xidmət
edən çevik xarici siyasət xətti
yürütmüş, ölkənin milli maraq və mənafelərini
daim uca tutmuşdur. Bunun nəticəsidir ki, son 20 ildə Azərbaycanda
milli mənafelərə əsaslanmaqla həyata
keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti
müstəqil və güclü dövlət modelinin praktik
surətdə reallaşdırılmasına yönəlmiş,
respublikamız beynəlxalq normalara istinad edərək, sivil
dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən
aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla
münasibətlərini yüksək dinamizmlə inkişaf
etdirmək xəttinə üstünlük vermişdir. Ulu
öndər Heydər Əliyevin möhkəm təməllər
üzərində əsasını qoyduğu
balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə
hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla,
müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və
mövqelərinin güclənməsinə, ümummilli
problemlərinin həllinə yönəlmişdir.
Hər bir ölkədə
demokratik inkişafın leytmotivini çoxluğun iradəsinə
söykənən fundamental qərarların qəbulu təşkil
edir. 2003-cü ilin 15 oktyabr seçkilərinin nəticəsi
olaraq xalqımız uzun illərin sərt sınaqlarından
çıxaraq yüksək etimad qazanmış, siyasətin
davamlığının təmin olunması, hər bir fərdin
perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi,
sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə
davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya
qoymuşdur. Heydər Əliyev siyasətinin alternativsizliyi qənaətini
özü üçün tam yəqinləşdirmiş Azərbaycan
xalqının cənab İlham Əliyevi strateji islahatlar
kursunun layiqli davamçısı görməsi bir sıra
reallıqlarla şərtlənmiş, obyektiv zərurətdən
irəli gəlmişdir. Ölkə başçısı
kimi fəalliyyət göstərdiyi dövrdə
özünü vətənpərvər, praqmatik, təşkilatçı
və yüksək idarəçilik keyfiyyətlərinə
malik lider kimi təsdiqləyən cənab İlham Əliyev
2013-cü ilin 9 oktyabr seçkilərində də mütləq
çoxluğun etimad və inamını qazanmaqla şəksiz
qələbəsini təmin etmişdir.
Dövlətə rəhbərlik
missiyasını üzərinə götürən liderin
şəxsiyyətcə bütöv, iradəli və
sarsılmaz olması xalqın özünə inamını təmin
etməklə bahəm, hər bir vətəndaşın sabit
və istiqrarlı yaşam tərzinə imkan yaradır. Bu mənada
cənab İlham Əliyev elə ilk andan dövlət
maraqları ilə bağlı həlledici məqamlarda qətiyyətli
mövqe tutduğunu, bir çoxları üçün
çətin və riskli görünən siyasi gedişlərdən
belə çəkinmədiyini sübuta yetirmişdir.
Cənab İlham
Əliyevin son 10 illik fəaliyyətinin üstün cəhəti
bundan ibarətdir ki, dövlət başçısı
praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv
şəkildə dəyərləndirməyi, milli maraqlar
naminə cəsarətli və prinsipial addımlar
atmağı, istənilən ekstremal şəraitdə ən
optimal, düzgün qərar qəbul etməyi, habelə
ölkənin taleyüklü problemlərinə həssaslıqla
yanaşmağı bacarır. Konseptual əsasları ulu
öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
sosial-iqtisadi inkişaf strategiyasını yeni mərhələdə
inamla davam etdirən dövlət başçısı
qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin
artırılması, regionların tarazlı və davamlı
inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin
açılması, işsizlik probleminin aradan
qaldırılması, əhalinin sosial rifahının
yaxşılaşdırılması naminə bir sıra
mühüm addımlar atmışdır.
1994-cü ildən
respublikamızda inamla reallaşdırılan yeni neft
strategiyasının davam etdirilməsi, Azərbaycanı
regionda lokomotiv dövlətə çevirən enerji layihələrinin
ardıcıl surətdə həyata keçirilməsi,
iqtisadiyyatın liberallaşdırılması, xarici
investisiyaların qeyri-neft sektoruna, xüsusən də
regionların inkişafına yönəldilməsi, ölkədə
əlverişli sahibkarlıq və biznes mühitinin
formalaşdırılması kimi vacib məqamlar cənab
İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri
sırasında xüsusi vurğulanmalıdır.
İqtisadi inkişaf
göstəricilərinə görə dünya miqyasında
lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuş
Azərbaycanda həyata keçirilən siyasət
bütün çalarları ilə məhz insan amilinin
yüksəlişinə xidmət edir. Cənab İlham
Əliyevin təşəbbüsü və rəhbərliyi
altında ölkədə işsizlik probleminin həlli, yeni
sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət,
səhiyyə, rabitə müəssisələrinin qısa
müddət ərzində tikilərək istifadəyə
verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin
çəkilişi son nəticədə Azərbaycan insanının
mədəni-intellektual səviyyəsinin yüksəlişinə,
mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə
əsas meyara çevrilməsinə rəvac verir.
Dövlət
başçısı İlham Əliyevin 10 illik fəaliyyəti,
eyni zamanda, ölkənin inkişafı baxımından
strateji sahə olan elm və təhsilə qayğı
nümunələri ilə zəngindir. Bu müddətdə
elmin və təhsilin inkişafına diqqət
artırılmış, bu sahənin maddi-texniki
bazasının möhkəmləndirilməsi, maliyyə təminatı,
əsas fundamental və tətbiqi elmlərin inkişafı
üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir.
Büdcədə elm və təhsil üçün nəzərdə
tutulmuş xərclərin ildən-ilə
artırılması, müəllimlərin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
ardıcıl addımların atılması da bu diqqətin əyani
təzahürüdür.
Prezident İlham
Əliyev praqmatik lider kimi yeni dünya nizamının
inkişaf meyillərini nəzərə alaraq, neftdən
qazanılan böyük vəsaitlərin ilk növbədə,
insan faktorunun inkişafına yönəldilməsini,
elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi
yolu ilə yüksəlişin təmin edilməsini zəruri
sayır. Respublikamızın sürətli iqtisadi inkişaf
yolunda olması, geniş maliyyə imkanları qazanması bu
sahələrə diqqətin artırılmasını zərurətə
çevirir.
Vətəndaşa sərmayə
qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin
inkişafına nail olunması, nanotexnologiyaları dərindən
mənimsəmiş yeni menecerlər sinfinin yaradılması,
intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi
Azərbaycanda son illər həyata keçirilən dövlət
siyasətinin əsasını təşkil edir. Prezident
İlham Əliyev hesab edir ki, qlobal rəqabət şəraitində
respublikanın elmi potensialının davamlı şəkildə
yüksəldilməsi, gənc, kreativ və intellektual səviyyəli
insanların istedadından maksimum istifadə edilməsi
dövlətin innovasiyalı inkişafını təmin etmək
baxımından son dərəcə zəruridir.
Ulu öndər Heydər
Əliyevin əbədiyyətə qovuşmasından ötən
10 il bu böyük şəxsiyyətin milli tariximizdəki
yerini və rolunu bir daha dolğun şəkildə əks
etdirir. Bu gün biz onunla təsəlli tapırıq ki,
ümummilli liderin əsasını qoyduğu mütərəqqi
islahatlar kursu onun layiqli siyasi varisi - cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan
məhz cənab İlham Əliyevin rəhbərliyi altında
qarşıda duran ümummilli məqsədləri dəqiq
müəyyən edərək, onların gerçəkləşdirilməsi
istiqamətində ardıcıl, sistemli fəaliyyət
göstərən ölkə kimi dünyanın yeni iqtisadi
fenomeninə çevrilmişdir. Ümumi şəkildə
ifadə etsək, bu gün ölkədə həyata
keçirilən siyasətin ən başlıca məqsədi
modernləşmə mərhələsini də sürətlə
başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr
səviyyəsində yüksəltmək, demokratik
idealların cəmiyyətdə tam möhkəmlənməsinə
nail olmaq, yeni düşüncəli vətəndaş
yetişdirməkdir. Yeni dövrün milli ideallarına
çevrilən bu məqsədlərin reallığa
adekvatlığı isə qətiyyən şübhə
doğurmur.
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru
Xalq qəzeti.- 2013.- 12 dekabr.- S.1-2.