Heydər Əliyev
kursunda iqtisadiyyat və mədəniyyətin
dialektikası: tarix və
müasirlik
Hər dövrün, hər ictimai-iqtisadi şəraitin və siyasi situasiyanın öz liderləri olur. Yeni dövrün ab-havasını duymaq və hətta onun yaradıcılarından biri olmaq çox nadir şəxsiyyətlərə nəsib olur. Heydər Əliyevin siyasi fəaliyyətinin zaman etibarı ilə daha böyük hissəsi XX əsrə təsadüf edir. Yəni xronoloji baxımdan o, əvvəlcə Sovetlər İttifaqının, daha sonra isə keçid dövrünün ən böyük siyasi simalarından biri sayılır. Lakin yaşadığımız əsrdə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərin əsasında da məhz Heydər Əliyev ideyalarının dayandığını nəzərə alsaq, onun siyasi uzaqgörənliyi və müdrikliyinin yeni əsrdə də təcəssüm olunduğunu görərik.
Davamlı inkişaf və mədəniyyət
Müasir dövrdə
transmilli şirkətlərin ölkələrin lokal sərhədlərini
keçməsi və iqtisadiyyatın getdikcə daha çox
beynəlmiləlləşməsi ilə yanaşı, mədəniyyətdə
də beynəlmiləlləşmə amilinin artması
müşahidə olunur. Hərbi güc amilinin yerini beynəlxalq
investisiya siyasəti, iqtisadi asılılıq tutur. Sərhədlərin
beynəlxalq ictimaiyyət üçün
açılması, turizmin və mədəni əlaqələrin
inkişafı milli-mədəni
dəyərlərin də transmilli miqyas alması ilə nəticələnir.
Belə bir şəraitdə öz qınına çəkilmək,
özünü mühafizə taktikası yeritməklə
kifayətlənmək qorxulu sonuclara gətirə bilər.
Daha düzgün yol ikitərəfli və çoxtərəfli
münasibətlər qurmaq, mədəniyyətlərarası
dialoq və poliloqa nail olmaqdır.
Belə bir şəraitdə
beynəlxalq ictimai rəyə təsir edən amillərin də
əhəmiyyəti artır. Mədəniyyət amilinin
aktuallaşmasının səbəblərindən biri də
budur.
Çağdaş həyat
ancaq öz daxili məntiqi ilə yaşaya bilməz. Tarixin
yalnız böyük miqyaslarda üzə çıxan
qanunauyğunluğu vardır. Vaxtilə baş vermiş hadisələr
heç də tamamilə keçmişdə qalmayaraq,
müasir həyatın strukturuna bir rüşeym və bir fon
kimi daxil olur və onu istiqamətləndirir.
Bir sistemdən
başqa sistemə keçid zamanı ən əsas məsələ
mürəkkəb proseslərə müxtəlif rakurslarda
yanaşmaq qabiliyyətidir. Yəni sistemin daxili məzmununu
dağıtmadan, onun fəaliyyət yönünü və
infrastrukturunu dəyişmək üçün böyük
dünyagörüşü, məsələyə fəlsəfi
və sinergetik münasibət tələb olunur. Heydər
Əliyevin idarəçilik metodologiyası öyrənildikcə,
onun bu sahədə də yenilikləri üzə
çıxır. Hazırda Azərbaycanda
aparılan iqtisadi quruculuq işləri göstərir ki, onun
başladığı işlərin davam etdirilməsi ilə
yanaşı, uzaq gələcək üçün nəzərdə
tutduğu planlar da həyata keçirilməkdədir.
90-cı illərin ikinci yarısında atılan möhkəm
təməllər olmasaydı, onun üzərində belə
böyük miqyaslı yeni iqtisadi sistem də qurula bilməzdi.
Yəni əslində söhbət vahid bir prosesdən gedir.
Heydər Əliyevin böyüklüyü bir də bu məqamda
üzə çıxır ki, o, hələ 90-cı illərdə
bizim bu günümüz üçün gərəkli olacaq
bir çox işlərin də başlanğıcını
qoymuşdur. Heydər Əliyev hətta sovet dövründə
həyata keçirdiyi quruculuq işlərini millətin gələcəyi
naminə edirdi: “Mən o vaxt Azərbaycanın gələcəyi
haqqında düşünürdüm”. Müstəqillik
dövründə isə həyata keçirdiyi bütün
islahatlar əslində uzaq gələcək üçün
hesablanmış və sanki daha böyük bir proqramın
girişi idi. Bax, bu mənada bu gün ölkəmizdə əldə
olunan bütün uğurlarda Heydər Əliyev
dühasının payı vardır.
Burada İ.Nyutonun məşhur
bir fikrini yada salmaq yerinə düşərdi: “Dahilik müəyyən
səmtə yönəlmiş fikrin
davamlılığıdır”. Həqiqətən
də, görülən işin uğurla nəticələnəcəyinə
böyük daxili inam olması və bu istiqamətdə
ardıcıl və dözümlü siyasət yeridilməsi əvvəlcə
məqsədin, ideyanın aydın olmasını, fikrin
özünün dözümlü və sürəkli
olmasını nəzərdə tutur. Heydər Əliyevə
aid edildikdə isə, təkcə fikrin yox, həm də məqsədyönlü
səylərin ardıcıllığından danışılsa,
daha çox yerinə düşərdi.
Son 10 il
ərzində ölkəmizdə ictimai həyatın
bütün sahələrində əldə olunan
böyük uğurların səbəblərindən biri,
heç şübhəsiz, prezidentimizin öz fəaliyyətini
möhkəm bir zəmin üzərində qurması, Heydər
Əliyev siyasi kursunu yeni şəraitin tələblərinə
uyğun surətdə,
yaradıcılıqla inkişaf etdirməsidir. Burada ikinci
mühüm amil də özünü göstərir ki, bu da
İlham Əliyevin bir siyasi lider kimi yeni iqtisadi münasibətlər
şəraitində yetişməsi ilə əlaqədardır.
Yəni bu yeniliklər onun üçün
doğmadır. Üçüncü əsas amil isə, XXI əsrdə
başlanan qlobal tendensiyaları sadəcə izləmək və
mənimsəmək yox, həm də onları istiqamətləndirmək
cəhdləri, planetar proseslərin obyekti deyil, fəal subyektlərindən
biri olmaq əzmidir.
Bu gün Azərbaycan
öz milli dövlətçilik simasını
qoruyub-saxlamaqda, seçdiyi siyasi kursu davam etdirməkdə
israrlıdır. Heydər Əliyev deyirdi ki, “müstəqilliyin
əldə olunması nə qədər çətindirsə,
onun saxlanılması, daimi, əbədi olması bundan da
çətindir.” İlham Əliyev bu fikri davam etdirərək
deyir: “Dünyada müstəqil sayılan ölkələr
çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq,
görərik ki, onların heç də hər biri müstəqil
siyasət aparmaq iqtidarında deyildir... O ölkələr
dünyada özünə layiq yeri tutar ki, o ölkələr
öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin
yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə
iqtisadi cəhətdən, nə də ölkələrin
ehtiyaclarının ödənilməsi baxımından.
Azərbaycan bu ölkələrdəndir.” Burada biz “müstəqillik”
anlayışının yeni dövrün tələblərinə
uyğun surətdə yeni çalarlarla zənginləşdirildiyini
görürük. Həqiqətən də
dövlət müstəqilliyinin ənənəvi anlamına
görə, hansı isə bir ərazidə müəyyən
bir siyasi kursu və hüquq normalarını tətbiq etmək,
sosial-iqtisadi həyatı müəyyən qaydalarla tənzim
etmək üçün ilk növbədə sərhəd
toxunulmazlığı təmin olunmalıdır.
Sərhəddi
guya toxunulmaz qalan və formal müstəqilliyi olan elə
ölkələr vardır ki, burada hər şey xarici
investisiya ilə, xarici ölkə şirkətlərinin
sifarişi ilə, yabançı mədəniyyətin təsir
dairəsinin genişlənməsi ilə müşayiət
olunur. Halbuki,
əsas məsələ əlaqələrin
genişlənməsinə rəğmən, milli maraqların
qorunması, ölkədəki qanunlara, hüquq normalarına
hamı tərəfindən əməl olunması, mədəni-mənəvi
dəyərlərin, maddi və mənəvi milli sərvətlərin
toxunulmazlığıdır. “Müstəqillik
yalnız dövlət atributları ilə
ölçülmür, müstəqillik rəmzləri ilə
ölçülmür. Müstəqillik o deməkdir ki,
dövlət və ölkənin rəhbərliyi öz
xalqının maraqlarına tam cavab verən müstəqil
siyasət aparmaq iqtidarında olsun” (İlham Əliyev).
XX əsrin sonlarından
başlayaraq, bütün dünyada hadisələrin
inkişafı vahid iqtisadi münasibətnlərin
formalaşması, vahid ümumdünya bazarının
yaranması istiqamətində gedir. Azərbaycan rəhbərliyi
bu obyektiv tendensiyaları vaxtında nəzərə
aldığından, qlobal və milli maraqlar nəinki
toqquşmur, hətta bir-birini qarşılıqlı surətdə
tamamlayır. Qloballaşma şəraitində
milli özünəməxsusluğun qorunub-saxlanması, habelə,
milli mənəvi dəyərlərə sədaqətlə
yanaşı, ümumbəşəri dəyərlərin,
beynəlxalq hüquq normalarının və s. inkişaf etdirilməsi-bütün
bunlar Azərbaycanın siyasi simasını, onun özünəməxsus
beynəlxalq imicini formalaşdırmışdır.
Milli
dövlətlərin ilkin formalaşması dövründən
bəri, bir tərəfdən, dövlətin idarə
olunmasında xalqın iştirakı məsələsi, digər
tərəfdən də, dövlət başçılarının,
siyasi liderlərin öz xalqlarının taleyində
oynadığı pozitiv və ya neqativ rol həmişə siyasi polemikaların
mərkəzində olmuşdur. Demokratiya ilə mərkəzləşmiş
idarə sisteminin bir-birini qarşılıqlı surətdə
tamamlaması bu sahədə optimallığın
mühüm şərti olmuşdur.
Prezidentin də qeyd
etdiyi kimi, iqtisadi sahədə keçid dövrünü
artıq başa vurmuşuq. Lakin bu o demək deyil ki, bu sahədə
qarşıda duran vəzifələr başa
çatmışdır. Əksinə, yeni iqtisadi münasibətlərə
keçid prosesinin tamamlanması cəmiyyətdə yeni
iqtisadi bazisin və deməli, yeni ictimai paradiqmanın
formalaşması deməkdir. Və bu proses labüd surətdə
digər ictimai münasibətlər kompleksinin bu yeni bazisə
uyğunlaşmasını, onunla ayaqlaşmasını, onu
tamamlamasını tələb edir.
İqtisadi sahədə
əldə olunmuş nailiyyətlər əsasən bir
ölkə çərçivəsindədir. Lakin
indi dünyada başqa proseslər də gedir. İndi bir
ölkə öz daxilində hər şeyi həll etdiyi bir məqamda,
qonşu ölkələrdə, hətta bəzən
çox-çox uzaqlarda baş verən hadisələr istər-istəməz
məsələlərə yenidən baxılmasını, hansı
isə prosesin səmtinin dəyişməsini,
hansınınsa yeniləşməsini tələb edir. Yəni
indiki dövrdə müstəqillik mütləq səciyyə
daşıya bilməz. Başqa sözlə desək, daxili
prosesləri daha stabil edə bilmək üçün
mütləq xarici proseslər də diqqətlə öyrənilməli,
proqnozlaşdırılmalı, nəzərə
alınmalıdır. Qloballaşma elə bir həddə gəlib
çatmışdır ki, ölkənin idarə olunması
təkcə daxili məsələlərin həlli ilə
başa çatmır. Mənbəyi daxildən qaynaqlanmayan,
qlobal səciyyə daşıyan, bütün bəşəriyyəti
narahat edən proseslərin transformasiyası hər bir ölkənin
taleyinə təsir göstərir. Bu səbəbdən
də müasir dövrdə planetar düşüncəyə
malik olan, yerli məsələləri də beynəlxalq
miqyasda baş verən dəyişikliklər kontekstində,
ümumi tendensiyaları nəzərə almaqla həll edən,
lokalla qlobalın, milli ilə ümumbəşərinin vəhdətindən
çıxış edə bilən liderlərə
ehtiyac yaranmışdır. Söhbət
yalnız hansı isə xalqın, millətin deyil,
bütövlükdə bəşəriyyətin
ehtiyacından gedir. Əlbəttə, bu böyük, məsuliyyətli
və şərəfli missiyanı üzərinə
götürə biləcək dövlət
başçıları çox azdır.
İndi zaman başqa
zamandır. Təbii resursların tükənməsi hansı
isə konkret ölkələr çərçivəsində
deyil, bütövlükdə dünya miqyasında problemə
çevrilir. Kimdə isə bir az tez, kimdə isə bir az
gec. Əsas olan odur ki, daha etibarlı və daha
uzunömürlü ehtiyatların üzə
çıxarılması istiqamətində işlər
görülsün. Və bu məsələdə gecikmək
olmaz. Qloballaşma da sadəcə transmilli
şirkətlərin fəaliyyət dairəsinin genişlənməsi,
iri maliyyə maqnatlarının və sindikatların
asılı ölkələrin iqtisadiyyatına müdaxiləsi,
planetar miqyas alan ekoloji problemlərin çözülməsi
istiqamətində birgə səylər, mədəniyyətlərin
transformasiyası ilə məhdudlaşmayaraq, getdikcə
daha çox dərəcədə ideoloji və siyasi
çalarlar kəsb edir. Müasir dövrdə bəşəriyyətin
taleyi planetar düşüncəli siyasi liderlərin
varlığından və fəaliyyətindən daha
çox asılı olmuşdur.
Hər bir xalqın bu
və ya digər dərəcədə intellektual və mədəni
resursları vardır. Lakin onun realizasiyası elə də sadə
bir məsələ deyil. Bu proses, əvvəla, çox
böyük kapital qoyuluşu, uzunmüddətli ictimai təşkilatlanma
işi tələb edir. Kasıb ölkələrdə maariflənmənin,
təhsilin və nəhayət, elmi fəaliyyətin yüksək
səviyyədə təşkili mümkün deyil. Belə
ölkələrdə ən yaxşı halda beynəlxalq
ictimaiyyətin dəstəyi ilə savadsızlığın
ləğvi prosesi gedir. Bizim ölkə isə hələ
sovet dövründə bu problemi həll etmişdir və
hazırda intellektual inkişaf səviyyəsinə görə
qabaqcıl ölkələrdən bir o qədər də
geridə qalmır. Lakin səviyyə yüksəldikcə
yuxarıya qalxmağın çətinlikləri və məsrəfləri
də artır.
Heydər Əliyev və dialoq mədəniyyəti
Bəziləri Heydər
Əliyevin səlis, rəvan nitqini sadəcə olaraq natiqlik məharətinin
yüksək səviyyəsi kimi başa düşürlər.
Bəziləri Heydər Əliyevin xarici
nümayəndə heyətləriylə görüşlərinin,
rəsmi tədbirlərdə çıxışlarının
televiziya ilə, radio ilə dönə-dönə təkrar
olunmasının faydasını da tam mənasında başa
düşmürlər. Bu
çıxışların dövlətçilik təfəkkürünün
inkişafı üçün, siyasi mədəniyyətin
formalaşdırılması üçün, dövlət
dilinin bir dil üslubu kimi yetişməsi və yayılması
üçün nə dərəcədə böyük əhəmiyyət
daşıdığını, bütün əhali
üçün böyük bir məktəb, universitet rolunu
oynadığını dərk etmirlər. Bəli,
çağdaş tariximizin memarı olan, Azərbaycanda
dövlətçilik təfəkkürünün, milli və
ictimai-siyasi özünüdərkin inkişafında misilsiz
xidmətlər göstərən Heydər Əliyev, eyni
zamanda siyasət dilinin, milli dövlət dilinin müstəqil
üslub istiqaməti kimi formalaşmasının da əsasını
qoymuşdur.
Heydər Əliyevin
dil virtuozluğu özünü başqa bir müstəvidə
də göstərirdi. Sadəcə gözəl
danışmaq - monoloq natiqliyi bir məziyyətdir, hər kəslə
“öz dilində” danışa bilmək - dialoq mədəniyyəti
başqa bir məziyyətdir. İstər öz ölkəmiz
miqyasında, müxtəlif sahələri və səviyyələri
təmsil edən insanlarla “dil tapmaq”, istərsə də
beynəlxalq danışıqlarda tamamilə fərqli
maraqları təmsil edən qüvvələrlə ortaq məxrəcə
gəlmək - “dil tapmaq” məharəti Heydər Əliyevi səciyyələndirən
əsas keyfiyyətlər sırasındadır. Həm də
bu cəhət daha artıq sadəcə natiqlik deyil, hətta
diplomatiyadan da daha böyük bir hadisədir. Söhbət
zamanı duymaq, tərəf-müqabilin mövqeyini
düzgün dəyərləndirmək, siyasi və ya iqtisadi
problemlərin həllində mədəni-mənəvi amillərdən
məharətlə istifadə etməkdən gedir.
Öz daxilində
qarşılıqlı anlaşma və tolerantlığı
təmin edə bilməyən hər hansı bir ölkə
başqa ölkələr və xalqlarla da səmərəli
dialoq və xoş münasibət qura bilməz. Bu baxımdan,
Azərbaycan dünyanın ən nümunəvi ölkələrindən
biridir.
Bu ilin
mayında Bakıda keçirilmiş İkinci Ümumdünya
Mədəniyyətlərarası Forumunun
açılışında Azərbaycan Prezidenti İlham
Əliyev bu forumun əsas missiyasını və beynəlxalq əhəmiyyətini
nəzərə çatdırmaqla yanaşı, həm də
belə bir cəhəti vurğulamışdır ki, dialoq məkanı
olaraq Azərbaycanın
seçilməsi heç də təsadüfi deyildir:
“Çünki Azərbaycan əsrlər boyu burada yaşayan
bütün millətlərin, bütün dinlərin nümayəndələri
üçün Vətən olmuşdur. Biz fəxr edirik ki,
bu gün də müstəqil Azərbaycan çoxmillətli
və çoxkonfessiyalı ölkədir”.
Doğrudan
da, bir xalqın, ölkənin mədəniyyətinin digər
mədəniyyətlərlə əlaqələndirilməsi
o zaman asan olur ki, belə bir uyğunlaşma, uzlaşma və
qarşılıqlı zənginləşmə təcrübəsi
həmin mədəniyyətə immanent olsun, yəni o
artıq öz daxilində
belə bir təcrübəni mənimsəmiş olsun. Azərbaycan
mədəniyyəti məhz bu baxımdan da əlamətdardır.
Neçə əsrlər ərzində dini və
etnik-milli müxtəlifliyin ənənəvi tolerantlıq
şəraitində inkişafı və eyni zamanda
qarşılıqlı zənginləşmə və
inteqrasiya təcrübəsi bütöv Azərbaycan mədəniyyətinin
formalaşmasına gətirib çıxarmışdır.
İndi bu bütöv mədəniyyət bir tərəf
kimi başqa xalqların mədəniyyəti ilə
qarşılıqlı əlaqəyə girərkən həmin
ənənənin və təcrübənin
böyük əhəmiyyəti vardır.
Adətən fərqli
mədəniyyətlərin qarşılıqlı əlaqəsindən,
dialoqundan söhbət gedir. Müxtəlif xalqların, millətlərin
maraq dairələri kəsişən yerdə mədəniyyətlər
də kəsişir və burada müəyyən bir
interferensiya hadisəsi baş verir. Yəni uzlaşan, uyğun
gələn mədəni dəyərlər toplanır,
artır, yeni inkişaf impulsu əldə edir. Uzlaşmayan,
bir-birini təkzib edən dəyərlər arasında isə
rəqabət, mübarizə, bəzən hətta münaqişə
baş verir. Optikadan məlum olduğu kimi, iki işıq
şüasının görüşü və ya
toplanması zamanı koherent dalğalar bir-birini gücləndirir.
Lakin bu şərt ödənmədikdə, dalğalar
bir-birini söndürür və qaranlıq fasilələr
yaranır. Bu bənzətmənin təfərrüatına
getmədən bircə onu vurğulamaq istərdik ki, ictimai
hadisələr də çox vaxt təbii proseslərlə
eyni qanunauyğunluq üzrə həyata keçir.
Yəni biz istənilən
iki mədəniyyətin toplanmasını kor-koranə surətdə
müsbət hadisə kimi dəyərləndirə bilmərik.
Hər şey bu “toplanmanın” necə aparılmasından
asılıdır. Bir böyük və ya daha zəngin mədəniyyət
başqasını ehtiva etmək, udmaq istəyində də
ola bilər. Yəni nisbətən aşağı səviyyəli
mədəni mühit daha çox inkişaf etmiş mədəni
mühitlə müntəzəm təmasa girirsə,
kiçiyin böyükdə “itməsi”, əslində isə
ehtiva olunması baş verə bilər. Lakin hər şey elə
bundan asılıdır ki, biz mədəniyyətlərin səviyyəyə
görə, vertikal boyunca qradasiyasını qəbul edirikmi?
Əslində vertikal
boyunca fərqlər sivilizasiyaya aiddir. Çünki müxtəlif
xalqlar eyni bir sivilizasiyanın müxtəlif mərhələlərində
olduqlarına görə fərqlənirlər. Mədəniyyətlər
isə kiçik və ya böyüklüyündən
asılı olmadan hər bir xalqın milli xüsusiyyətlərini
də ehtiva edir. Təbii coğrafi və mədəni-mənəvi
özəllik əsrlər boyu qorunub saxlanır və öz məxsusi
inkişaf yolunu keçirlər. Burada əlbəttə, milli
mədəniyyətlərin sivilizasiyanın təsirinə məruz
qalması qaçılmazdır. Zehniyyətdə intellektual
komponentin payının artması, rasionallaşma prosesi
müxtəlif xalqların yaxınlaşmasına səbəb
olur. Özəlliklər azalır, ümumi cəhətlər
artır. Lakin hər bir xalq “öz kökü üzərində
bitməkdə” davam etməyə çalışır.
Bununla belə, zaman keçdikcə həyat tərzi və
düşüncə tərzi dəyişdiyindən əvvəlki
nəsillərin dəyərlər sistemi də təsirlərə
məruz qalır. Mübarizə əslində mədəniyyətlər
arasında deyil, mədəniyyətlərlə sivilizasiyalar
arasında gedir.
Bakı Birinci Mədəniyyətlərarası
Forumunun beynəlxalq rezonansı ideya müstəvisində də
uğurla davam etməkdədir. Çünki bütün əlaqələr
son nəticədə bəşəriyyətin ideya xəzinəsinin
zənginləşməsinə xidmət etməlidir.
Dövlətlər
arasında siyasi münasibətlər qurulması hələ
azdır. Bu münasibətlərin ancaq formal bəyanat
olmayıb, real təməllərə əsaslanması isə
siyasi müstəvidəki razılaşmaları şərtləndirən
iqtisadi və mədəni-mənəvi amillərdir.
Dayanıqlı tərəfdaşlıq yalnız onların
uzlaşdırılması sayəsində mümkün olur.
Dövlət rəhbərinin yeritdiyi siyasət sonrakı mərhələdə
ictimai fikir və mədəni yaxınlaşma şəklində
davam etdirilməlidir. Bunun üçün isə millətlər
həm müstəqim, həm də məcazi mənada
bir-birinin dilini öyrənməlidirlər.
Xalqlar arasında dil
baryeri olduğu kimi, mədəni müxtəliflikdən irəli
gələn uyğunsuzluq, yaxud da dözümsüzlük
halları da ola bilər. Tolerantlıq bir prinsip kimi məhz bu
ehtiyacdan yaranmışdır. Lakin dövlətin hansı isə
bir prinsipi bəyan etməsi bir şeydir, onun ictimai
reallıqda təsbit olunması başqa şeydir. Məhz buna
görə də mədəniyyətlərarası dialoq bir
siyasi akt olmaqdan daha çox, ziyalılar, elm və mədəniyyət
xadimləri arasında əməkdaşlıqdır. Bir milli
sənətin başqa xalqların da ürəyinə yol
tapması tək mədəniyyətləri deyil, xalqları
da yaxınlaşdırır və bu nailiyyətlər
dövlət siyasətinə də təsir edir. Beləliklə,
xoş məramlı bir ideya dövrə vurub yenə də
ilk təməllərə qayıdır. Amma bu dəfə sadəcə
sözlə deyil, həm də işlə!
Dialoqun baş
tutması üçün tərəflər hər biri
öz mövqeyini dəqiq müəyyənləşdirməli,
özünü dərk etməlidir. Bunun üçün isə
ilk növbədə, “qarışıq mədəniyyət”
sindromundan xilas olmaq lazımdır. Yəni, hər kəsin
öz siması, öz obrazı və təmsil etdiyi,
müdafiə etdiyi özəl dəyərlər sistemi
olmalıdır.
Dialoq heç də təqlid
və ya təslimçilik kimi başa düşülməməlidir.
Qarşı tərəflə optimal iş birliyi qura bilmək
üçün öncə onu öyrənmək, mənimsəmək,
hansı dəyərləri təmsil etdiyini bilmək
lazımdır. Biz onlardan nə götürə bilərik və
onlara nə təklif edə bilərik? Mədəniyyətlərin
təqdimatında və
ölçülüb-biçilmiş mübadiləsində
prioritetlər düzgün müəyyənləşdirilməlidir.
Bir qədər paradoksal görünə
bilər. Belə ki, biz
bir tərəfdən multikulturalizm tərəfdarıyıq,
digər tərəfdən də mədəniyyət müstəvisində
sərhədlərin müəyyənliyini, demarkasiya şərtlərinin
ödənilməsini zəruri hesab edirik. Ancaq bəsit
şüur multikulturalizmi milli-mədəni identifikasiyanın
itməsi, qurban verilməsi kimi qəbul edə bilər. Bu
halda biz gərək azərbaycançılıq məfkurəsindən
də imtina edəydik. Halbuki, Prezident İlham
Əliyev multikulturalizmi dəstəkləsə də, bunu azərbaycançılıqdan
imtina kimi qəbul etmir və öz
çıxışlarında azərbaycançılığın
bütün atributlarını müdafiə etməklə
yanaşı, düşüncəmizin də əsasında məhz
azərbaycançılıq fəlsəfəsinin
dayandığını dönə-dönə qeyd edir.
Xalqın
yüksək mədəni inkişaf səviyyəsinin
nümayiş etdirilməsi, bir tərəfdən, beynəlxalq
ictimai rəyin məqsədyönlü surətdə təhrif
olunmasının qarşısını almağa, bədxahlarımızın
yaratdığı “vəhşi” obrazının gerçəkliyə
adekvat olmadığını
göstərməyə, digər tərəfdən də
sözümüzü ancaq siyasi-hüquqi müstəvidə
deyil, mədəniyyət müstəvisində də yüksək
tribunalardan deməyə imkan yaradır. Başqa
sözlə desək, mədəniyyət sahəsində
“açıq qapı” siyasəti bizim xeyrimizədir,
çünki, biz hələ indiyə qədər öz mədəni
sərvətlərimizi dünya ictimaiyyətinin diqqətinə
lazımi səviyyədə çatdıra bilməmişik.
Son onillikdə bu istiqamətdə aparılan məqsədyönlü
və intensiv siyasət də məhz beynəlxalq ictimai rəyin
daha düzgün yönləndirilməsinə xidmət edir.
Bakıda II Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsi ölkəmizin ancaq bir neft
ölkəsi kimi deyil, həm də və daha çox dərəcədə
yüksək mədəniyyət təmsilçisi kimi
tanınmasına xidmət etdi. Mədəniyyətlərarası
dialoqa həmişə hazır olan, yüksək dialoq mədəniyyəti
nümayiş etdirən bir ölkə kimi tanınmaq, öz
haqq məqsədinə ancaq hərbi gücün
üstünlüyü ilə deyil, həm də humanitar mədəniyyətin
yüksək səviyyəsi ilə çatmaq niyyəti
son illərdə ölkəmizin xarici siyasət
strategiyasının mühüm istiqamətlərindən
birinə çevrilmişdir.
Səlahəddin XƏLİLOV
AMEA-nın müxbir üzvü, professor
Xalq qəzeti.- 2013.- 12 dekabr.- S.3.