Heydər Əliyevin
adı qalibiyyət
rəmzinə çevrilmişdir
Bu gün orta və yuxarı yaş nəslinə mənsub olan soydaşlarımızı dünyagörüşü baxımından gənc nəsildən fərqləndirən önəmli məziyyətlərindən biri onların mahiyyət və struktur etibarı ilə bir-birinin tam əksi olan iki ictimai-siyasi formasiyada, iki fərqli cəmiyyətdə yaşaması və hər iki dövrdə cərəyan edən hadisələrin canlı şahidi olmasıdır. Bir çox gələcək onilliklərin tədqiqat mövzusu olacaq son 50 illik dövr bəşəriyyətin həyatına və o cümlədən xalqımızın taleyinə əhəmiyyətli şəkildə təsir etmiş güclü siyasi-iqtisadi və sosial transformasiyalar dövrü kimi tarixə çevrilməkdədir.
Lakin bu tarix
bizdən çox uzaqda
deyil. Yaxşı
xatırlayırıq ki, gələcəyi
dumanlı şəkildə güclə təsəvvür
edilən, ictimai-sosial dayaqları mücərrəd “sovet xalqı” hesab olunan kommunizm
epoxası iki yüz milyonluq bir toplumu
siyasi-hərbi güc və ideoloji təzyiq vasitəsilə hələ heç kimə agah olmayan qeyri-müəyyən bir
“xoşbəxt gələcəyə” necə
sürükləyirdi. Az sonra tarixin
də təsdiq etdiyi kimi,
ancaq lümpen
proletariatın icad edə biləcəyi
“qırmızı ideologiya” hətta belə
bir gələcəyin qurucuları üçün “Kommunizm qurucusunun əxlaq kodeksini”
də bəyan etmişdi. Mövcud olduğu
70 il ərzində isə nə bu ideologiyanın sahibləri, nə onun bələdçiləri, nə də “xoşbəxt gələcək”
qurucuları olan sovet
vətəndaşları nəyi qurmaq və
yaratmaq istədiklərini və
buna necə nail
olacaqlarını başa düşmədilər.
Nəticə isə göz
qabağındadır: əzilən, alçalan,
milli, mənəvi dəyərlərindən,
elementar insani
heysiyyatlarından məhrum edilən, insan
və cəmiyyət qanunuyğunluqlarından kənarda gərəksiz
bir əşya kimi həyat
sürməyə məhkum edilən, mənəvi və fiziki cəhətdən məhv edilən
milyonlarla insan həyatı.
Baş tutmamış kommunizm
epoxasının ümumi mənzərəsi
məhz bundan ibarət idi.
Lakin bu ümuminin içərisində sezilərək
və ya sezilmədən fərqlənən,
dövrün qayda-qanunları çərçivəsindən
kənarda düşünən beyinlər və sovet örtüyü
altında da olsa öz fəaliyyətini insani
duyğuların, daha böyük
bəşəri ideyaların gerçəkləşməsinə yönəldən insanlar da vardı. Lümpenlərin lümpen
düşüncələrini və dünyagörüşünü
milyonların beyinlərinə sırımaqla gələcəyə
daşımağa çalışan sovet
bürokratiyasının hakimlik etdiyi yeknəsək düşüncə və
muti həyat tərzi fonunda
belə insanların amalları və
düşüncələri bir çox hallarda onları cəmiyyətin
ön sıralarına
çıxarırdı. Həmin dövrdə ön sırada olmağın aqibəti isə
yalnız iki sonluqla
bitə bilərdi: ya Şöhrət zirvəsi,
ya da Dar
ağacı. Aşağıdan yuxarıya doğru
bu sistemin bütün pillələrini əzmlə
adlayıb sovet maşınının ən
vacib mexanizmlərini idarə etmiş o zamankı bir çox partiya və
hökümət “ulduzlarının” faciəvi sonluğu da bunun sübutu və sovet tarixinin
reallıqlarıdır.
Bütün bunlar sovet rejiminin girovunda öz mövcudluğunu sürdürən Azərbaycandan
da yan keçməmişdi.
Düşünən beyinlər, danışan
dillər, “oxuyan tar”lar, bir sözlə, hurriyyətə
sövq edən açıq-gizli hər
hansı əməllər dərhal
“ifşa” olunur,
millətin ən mütərəqqi fikir
sahibləri dara çəkilir, Sibir çöllərində, NKVD və KQB
zindanlarında həyatla vidalaşırdılar. Hüseyn Cavid, Əhməd Cavad, Salman Mümtaz,
Mikayıl Müsfiq, Tağı Şahbazi Simurq, Bəkir
Çobanzadə, Yusif Vəzir Çəmənzəminli,
Hənəfi Zeynallı, Seyid Hüseyn kimi xalqın gələcəyinə
yol açmaq üçün beyinlərə işıq,
düşüncələrə mübarizə ruhu gətirməyə cəhd göstərən minlərlə millət
övladını da məhz bu sistem
xalqımızın əlindən aldı.
İndi başqa zamandır.
Müstəqilliyimizi bərpa etməklə öz
taleyimizə, öz milli
ideologiyamıza və öz gələcəyimizə
sahib çıxmaq imkanı
qazanmışıq. Bu da asan başa gəlmədi. 20 Yanvar
şəhidliyindən başlamış, Qarabağ
torpaqlarında tərk edilən müqəddəs yurd yerlərimizin, bu yerlərdə
torpağa gömülən minlərlə
insan həyatının faciəsi
hesabına Azad Xalqa və
Müstəqil Dövlətə çevrildik.
İndi gələcək haqqında
təsəvvürlərimiz də, bugünkü
düşüncə və həyat tərzimiz də fərqlidir,
gələcyə çıxdığımız yolumuz da başqadır. Məzmunca
da , mahiyyətcə də tamamilə fərqli
bir cəmiyyətin təşəkkül
və təkamül mərhələsini yaşamaqdayıq. Bu yeni bir
epoxadır. Bu iki dövr
arasındakı keçidin özü də az qanlar aparmadı. İki fərqli
epoxanı birləşdirən zaman
intervalı isə tarixi nöqteyi
nəzərdən nə qədər qısa görünsə
da, kəskin ziddiyyətləri-siyasi-iqtisadi,
maddi-mənəvi, sosial böhranları
ilə yanaşı, xalqımıza öz
müstəqil dövlətçiliyini bərpa etmək
şansını yaratmaq kimi
əhəmiyyətli tarixi hadisələrlə
də zəngindir.
Belə nailiyyətlər
isə ictimai-siyasi hadisələrin
gedişində kortəbii surətdə əldə oluna bilməzdi. Buna aparan yolun
başlanğıcında azadlıq və müstəqillik kimi müqəddəs amallara
köklənmiş düşüncə sahibləri və bu tarixi dövr
ərzində cərəyan edən hadisələri məhz bu məqsəd və məramların həyata
keçməsinə doğru istiqamətləndirən
fəaliyyət sahibləri olmalı idi və
var idi. Böyük
Mirzə Fətəlinin səpdiyi milli
özünüdərk toxumlarından cücərib ilk milli cümhuriyyətimizin
yaranmasına və sovet dövrünün
“ət maşınından” keçərək bu günkü hurriyyətimizə
qədər qət olunan tarixi
yol milli əqidəmizin,
milli məqsəd və məramlarımızın
yetişdiyi, əzildiyi, mətinləşdiyi
və nəhayət, qələbə çaldığı əzəmətli
bir yoldur.
Bu
uzun, iztirablı, lakin
şərəfli yolda mücadilə aparan maarifçilərimiz, cümhuriyyətçilərimiz,
dissidentlərimiz öz mübarizələrini
məhz bu son qələbəyə
çatdırmaq uğrunda öz canlarını, öz
doğmalarını və öz həyatlarını
fədakarlıqla qurban verdilər. Bu Möhtəşəm Qələbənin müəllifi
olmaq səadəti isə sovet
dövründə “Söhrət apoqeyi” ilə
“Dar ağacı” arasında cəsarətlə
millətin gələcəyi üçün
çalışan, müstəqillik dövründə böyük bir fədakarlıqla “həyatının qalan hissəsini də öz
xalqına həsr edən” və nəhayət, “Azərbaycanlı
olması ilə fəxr etdiyini” bütün dünyaya bəyan
edən Heydər Əliyevə nəsib oldu.
Keçən əsrin
60-cı illərinin sonundan başlayaraq Azərbaycanda baş
verən köklü dəyişikliklər
məhz Heydər Əliyevin dəqiq məqsədlərə
istiqamətlənmiş məqsədyönlü fəaliyyəti
və siyasi iradəsi ilə baş verirdi. Təsadüfi
deyil ki, məhz onun rəhbərliyi dövründə ilk dəfə olaraq milli dövlətçilik təfəkkürünə
malik olan yerli milli kadrlar
hazırlandı və ali hakimiyyət orqanlarında yerləşdirildi.
Azərbaycanlı mütəxəssislər sovet
coğrafiyasının bütün
koordinatlarında işləməyə, yaşamağa
və tanınmağa başladılar. Azərbaycan
iqtisadiyyatı on beş
“zorən müttəfiq” respublikanın sırasında
axırıncı yerlərdən sürətlə irəliləyərək
ön sıralara yaxınlaşdı. Elmdə,
incəsənətdə xüsusi istedad sahibi olan soydaşlarımız sovetlərin bütün ərazisində
tanındı və bu ucsuz-bucaqsız
ərazini məskunlaşdıran çoxsaylı millətlər
tərəfindən sevildi. Başqa cür gələcəkdə
“sovet Azərbaycanı”nın içərisindən “milli Azərbaycan
Respublikasını” yetişdirmək mümkün
olmazdı.
Hələ
kommunist ideologiyasının inadkarlıqla
xalqları və millətləri boğduğu
bur şəraitdə qeyri-slavyan
mənşəli bir dövlət
adamının Sovet İttifaqı kimi nəhəng bir
ölkənin ali siyasi
hakimiyyətində təmsil olunması özü
nə qədər çətin idisə, onun
həmin mövqedən öz ölkəsinin milli mənafeyi
naminə çalışması da bir o qədər çətin
və demək olar ki,
qeyri-mümkün idi.
Belə təzadlı bir dövrdə bütün sovet sistemindəki bu qeyri-mümkünlüyü mümkün
edən yeganə siyasətçi
məhz Heydər Əliyev oldu. Sovet
İttifaqının o vaxtkı dövlət
rəhbərlərindən heç birinin siyasi taleyi Heydər Əliyevin taleyi
qədər qalibiyyətlərlə zəngin olmadı.
Onların heç birinin
siyasi irsi və siyasi kursu yeni,
müstəqil bir dövlətin həyat yoluna çevrilmədi.
Heydər
Əliyev həyatının
Şöhrət zirvəsi ilə Dar
ağacı arasında uzun müddət davam edən mücadilə səhifəsi Qələbə
ilə başa çatdı. Həyatın
yeni səhifəsi açıldı, yeni mübarizə başladı. Bütün addımlarında öz
xalqına, onun istedadına arxalanan və həqiqəti dərindən duymaq qabiliyyətinə malik
olan Heydər Əliyev müstəqil Azərbaycan
dövlətini onun tarixi
ənənələri və çağdaşlıq prinsipləri
əsasında qurmağın tarixi
missiyasını da şərəflə
yerinə yetirdi. O didilib
parçalanan Azərbaycanı
bütövləşdirərək regionun
ən nüfuzlu dövlətinə çevirdi. Müstəqillik
dövründə Azərbaycan məhz Heydər Əliyevin əsasını
qoyduğu milli təməl
üzərində, onun siyasi
iradəsi ilə öz milli-tarixi
ənənəsindən ayrılmadan suveren
dövlətçiliyin təkamül prosesinə
başladı, qlobal siyasi
situasiyaya adaptasiya olunaraq, beynəlxalq münasibətlər
sistemində öz yerini tutdu.
İki fərqli tarix, iki fərqli cəmiyyət məhz Heydər
Əliyevin simasında və fəaliyyətində birləşdi,
dövlətçiliyimizin əbədiliyini,
sarsılmazlığını və dönməzliyini təmin
etdi. Heydər Əliyev-sözün əsl
mənasında, siyasətdə qələbə simvoluna çevrildi.
Bu günlərdə AMEA-nın
A.Bakıxanov adına Tarix İnstitutu
tərəfindən Prezident
Kitabxanasında düzənlənən “Heydər Əliyev. Elmimizin
keşiyində” adlı 2 cildli sənədlər
və materiallar toplusunun
təqdimat mərasimində səslənən fikirlərin əsas
leytmotivi də məhz bundan
ibarət idi. Ümummili
liderimiz Heydər Əliyevin xatirəsinə
həsr olunmuş təqdimat mərasimində
giriş nitqi ilə
çıxış edən A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Dövlət
mükafatı laureatı, akademik Yaqub Mahmudov öz təqdimatında Heydər Əliyevin hər
iki dövrdə xalqımızın milli maraqları naminə, dövlətçiliyimizin
qurulması və möhkəmləndirilməsi uğrunda apardığı mücadilənin əhəmiyyətindən,
Heydər Əliyev irsinin Azərbaycan
xalqının gələcəyi üçün
müstəsna rolundan, Heydər Əliyev
ideallarının əbədiyaşarlığından bəhs
etdi.
Sovet dövründə, kommunist sisteminin amansız təqibləri şəraitində
Heydər Əliyev fəaliyyətinin görünən və
görünməyən tərəfləri haqqında taixi faktlara və şəxsi
xatirələrinə söykənən həqiqətləri
açıqlayan akademik Yaqub
Mahmudov Heydər
Əliyevin timsalında bir insanın
öz düşüncələri və əməlləri
ilə öz həyatını
bütünlüklə doğma
xalqına həsr etməyin nadir nümunəsini
göz önünə gətirdi. Səslənən
çıxışlarda Heydər Əliyevin bir
çox hallarda zamanın özünü
belə çəkib irəliyə gətirən və
yaxınlaşdıran bir şəxsiyyət
olduğu onun əməli
fəaliyyətinin konkret məqamları
ilə təsdiq olundu.
Öz ölkəsini və öz
xalqını hələ o dövrdə
içərisində bulunduğu sovet mexanizminin labirintlərindən
məharətlə keçirərək irəli
çıxarmaq və on minlərlə zəka
sahiblərinin uğrunda qurban
getdiyi tarixi gələcəyə-müstəqilliyə
qovuşdurmaq üçün
möhkəm özül yaratmaq Heydər
Əliyevin bütün fəaliyyətinin
başlıca qayəsi olmuşdur.
Bu
gün artıq on ildir ki, Heydər
Əliyevin xarizmatik
baxışlarını gündəlik qaynar
hadisələrin əks olunduğu
canlı reportajlardan, millətin gələcəyi
üçün taleyüklü
məsələlərin müzakirə olunduğu
gərgin müşavirələrdən, Azərbaycanın
haqlı tələblərini dönə-dönə səsləndirdiyi beynəlxalq tribunalardan deyil, hər bir azərbaycanlıya səmimi bir təbəssümlə baxan
portrertlərindən izləyirik. Lakin
siyasətimiz, ideologiyamız və gələcəyə
ümidlərimiz onun siyasi
baxışlarına, onun dəst-xəttinə
və onun öz
xalqıına olan sonsuz
inamına əsaslanır.
Şərqdə
bir çox “ilk”lərin
təşəbbüskarı və müəllifi olmaqla bəşəriyyətin təkamül
tarixinə öz adını yazmış
Azərbaycan bu gün
də əhatəsində yerləşdiyi regionun,
çox qədim zamanlardan
geniş Avrasiya məkanında
lövbər salmış möhtəşəm türk sivilizasiyasının cazibə mərkəzinə çevrilməkdədir. Geosiyasi anlamda getdikcə çəkisi artan, sivilizasiyaların, müxtəlif mədəniyyətlərin
dialoq və qarşılıqlı anlaşma məkanına çevrilməklə
dünya miqyasında daim
nüfuzu yüksələn Azərbaycan dünya birliyinin mütərəqqi
inkişafına öz töhfələrini
verməkdədir. Bu uğurlar
Heydər Əliyevin Azərbaycanın gələcəyi
haqqında təsəvvürlərinə, məqsəd və
məramlarına cavab verən siyasi praqmatikanın nəticəsidir. Məhz bu yüksəlişi böyük
bir uzaqgörənliklə müjdələyən
Heydər Əliyev Azərbaycan dövlətinin gələcək
taleyinə nikbin baxışlarını
belə ifadə etmişdi: “Azərbaycan bütün dünyaya
günəş kimi doğacaq”.
Bu günəşin istisinə
sığınan Azərbaycan xalqı isə onu
bir daha sönməyə
qoymayacaqdır.
Dünya tarixinin ən böyük şəxsiyyətlərinin həyat
və fəaliyyətini araşdıran və qələmə
alan ingilis bioqrafı Uilyams Qraham özünün Heydər Əliyevə həsr
etdiyi “Heydər Əliyev: Azərbaycanın
yüksəlişi, enişi və yenidən
yüksəlişi” adlı
kitabında Heydər Əliyev fenomenini məlum
tarixi-siyasi şəraitdə Azərbaycanın
bütövlüyünü təmin edən
ən güclü birləşdirici amil kimi dəyərləndirir.
Müəllifin qənaətinə görə, Heydər
Əliyev və Azərbaycan eyni tarixi mənəviyyat bioqrafiyasına, eyni taleyə malikdir.
Heydər Əliyevin keçdiyi enişli-yoxuşlu,
lakin sonu qalibiyyətli
yol elə Azərbaycanın keçdiyi siyasi təlatümlərlə
dolu, lakin gələcəyə
sarsılmaz inamını heç vaxt itirməyən irəliləyiş yolunu xatırladır. Azərbaycanın irəliləyiş
yolu isə sonsuz və
daimidir, Heydər Əliyevin əziz xatirəsi
kimi.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 12 dekabr.- S.7.