Ümummilli lider Heydər Əliyevin ermənilərin

işğalçılıq siyasətinin və azərbaycanlılara

qarşı törətdikləri soyqırımının ifşa olunmasında rolu

 

XX əsr Azərbaycan tarixinin görkəmli dövlət xadimi Heydər Əliyevin alternativsiz siyasi lider kimi gücü və qüdrəti, ilk növbədə, onun müqəddəs bir missiya adamı olmasında, bu məsuliyyəti dərindən dərk etməsində, radikal dəyişikliklər mərhələsində cəmiyyətin siyasi-iqtisadi tarazlığını təmin edən optimal model, fundamental dövlətçilik konsepsiyası formalaşdırmasındadır. Siyasi liderin böyüklüyü də zamanın tələblərini, obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür.

 

Ötən əsrin 70-80-ci illərində Azərbaycanın siyasi palitrasında rasional təfəkkürə, praqmatik düşüncəyə, zəngin idarəçilik potensialına malik lider siyasətçinin mövcudluğu sistem transformasiyasından sonra müstəqil milli dövlət quruculuğunda həlledici amilə çevrildi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın iradəsi və təkidi ilə hakimiyyətə qayıdışı ölkədə hökm sürən xaotik və anarxist meyillərin, mürəkkəb dağıdıcı kataklizmlərin qarşısının alınmasında, ictimai-siyasi sabitliyin əldə olunmasında mühüm rol oynadı. Həmin dövrdə qarşıda çox mürəkkəb vəzifələr dururdu. İctimai-siyasi münasibətlər yeni dövrün tələblərinə uyğun olaraq tənzimlənməli, milli identiklik və özünüdərk  üçün təməl, çıxış nöqtəsi olan milli ideologiya formalaşdırılmalı, siyasi və etnosiyasi birliyi təmin edəcək bütün resurslardan istifadə yolu ilə cəmiyyətdaxili inteqrasiya prosesi sürətləndirilməli, sosial stratifikasiyalararası ictimai münasibətlərə sağlam dəyərlər əsasında yeni məzmun verməklə milli dövlət quruculuğu davam etdirilməli idi.

Artıq demokratik vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu kimi tarixi vəzifələr sırasına yeni məsələlər, o cümlədən milli-intellektual elitanın təşəkkülü, innovasion elm cəmiyyəti quruculuğu kimi məsuliyyətli, miqyaslı missiyalar da daxil olmuşdur. Başqa sözlə, dəyişən dünya fatehlik hünərinin, silah arsenalının elm və zəka potensialı ilə əvəz olunmasını tələb etdiyindən gələcəyin inkişaf modelində milli elitanın missiyası ön plana keçməkdədir. Lakin köhnə dünyada hələ də gücə söykənməyə üstünlük verən dairələr öz mövqelərindən geri çəkilmək niyyətində deyillər.

Siyasi realizm nəzəriyyəsinin tərəfdarları bildirirlər ki, suveren dövlətlər sistemi nə vaxtsa anarxik xarakter aldığından yaranmış vəziyyət dövlətlərin fövqündə duran ali arbitrin olmadığı şəraitdə ölkələri öz həyati maraqlarının müdafiəsi üçün güc siyasəti yeritməyə sövq edir. Bu nəzəriyyənin nümayəndələri milli maraqları dövlətin xarici siyasətinin təməl daşı hesab edirlər. C.Kennan, U.Lipman, E.Ferniss, C.Rozenau kimi alimlər məhz bu mövqedə dayanırlar.

Praqmatizm və siyasi realizm məktəbinin tanınmış lideri kimi qəbul edilən amerikalı alim Hans Morqentau milli maraqları belə təsnif edir:

- Əsas maraqlar: ərazilərin, əhalinin və dövlət təsisatlarının xarici təhlükədən qorunması; ölkənin hüdudlarından kənarda xarici ticarətin inkişaf etdirilməsi, investisiyaların artırılması, xüsusi kapitalın maraqlarının təmin olunması; müttəfiqlərlə qarşılıqlı əlaqələr, xarici siyasət kursunun seçilməsi;

- keçici, aralıq maraqlar: dövlətin təhlükələrdən öz varlığını qoruyub saxlaması;

- həyati maraqlar: millətin təhlükəsizliyinə və rifahına ciddi zərər vurulması imkanının aradan qaldırılması;

- vacib maraqlar: ölkənin potensial ciddi zərərdən qorunması;

- əyalət maraqları: məhəlli xarakter daşıyan maraqlar.

H.Morqentaunun fikrincə, hər bir böyük dövlətin milli maraqlarının ali kriteriyası regional və ya dünya hegemonluğuna nail olmaqdır. O, milli maraqlar konsepsiyasında gücə xüsusi yer verir və bildirir ki, gücə arxalanmayan xarici siyasət uğur qazana bilməz. Soyuq müharibə şəraitində formalaşan bu konsepsiyada “güc” məfhumu milli qüdrət anlamı kəsb edərək bir sıra komponentləri özündə ehtiva edir:

- Coğrafi mövqe, təbii resurslar, sənaye potensialı, hərbi hazırlıq (o cümlədən hərbi texnikanın və hərbi kadrların inkişaf səviyyəsi, silahlı qüvvələrin miqdarı və keyfiyyəti), əhalinin sayı, “milli xarakter” (əhalinin müharibəyə münasibəti), “milli əxlaq və mənəviyyat” (əhalinin hökumətin siyasətinə münasibəti), ölkənin qüdrətinə təsir göstərən başlıca amil kimi diplomatiyanın səviyyəsi. Morqentau diplomatiyanı milli qüdrətin vacib amili kimi təqdim etsə də, hərbi qüvvənin rolunu heç də azaltmaq fikrində deyildi və hesab edirdi ki, siyasi-diplomatik imkanların səmərəsi bilavasitə dövlətin hərbi gücündən asılıdır.

Hər bir dövlətin xarici siyasəti müxtəlif determinantlar nəzərə alınmaqla formalaşdırılır. Bu zaman ölkənin sosial-iqtisadi və ictimai-siyasi inkişaf səviyyəsinə, coğrafi mövqeyinə, onun milli-tarixi ənənələrinə, suverenliyin və təhlükəsizliyin təminatının məqsəd və tələblərinə xüsusi diqqət yetirilməlidir. Unutmaq olmaz ki, suverenlik, ərazi bütövlüyü, başqalarının daxili işinə qarışmamaq prinsipi ilə bağlı olan real, obyektiv milli dövlət maraqları ölkənin xarici siyasətinin və beynəlxalq münasibətlərin reallaşdırılmasının ən əsas amilidir.

Milli maraqlar ictimai-tarixi fenomen kimi öz daşıyıcılarının şüurundan təcrid olunmuş halda mövcud ola bilməz və millətin identikliyi ilə sıx qarşılıqlı əlaqədədir. Onun başlıca komponenti dövlətin özünüqoruma imperatividir.

Milli təhlükəsizlik konsepsiyası milli maraqlar konsepsiyasından irəli gəldiyindən xaricdən dövlətin istismar və ya tabe olunmasına yönəlmiş cəhdlər, eləcə də daxildən olan təhlükələr nəzərə alınmaqla formalaşdırılmalıdır. Bu qəbildən təhlükələr iki qrupa bölünür:

- real və potensial təhlükələr;

- qlobal, regional və lokal təhlükələr.

Milli maraqların dövlətin ərazisinin, əhalisinin, təbii resurslarının müdafiəsi imperativindən çıxış etməklə formalaşdırıldığı şəraitdə hərbi qüvvə hakimiyyətin və dövlətin qüdrətinin vacib atributu kimi çıxış edir.

Siyasi ekspertlərin əksəriyyəti belə hesab edirdilər ki, soyuq müharibənin və ikiqütblü dünya düzəninin aradan qalxması xalqlar və ölkələr arasında qarşılıqlı münasibətlərin xarakterini radikal surətdə dəyişməli, müharibələrə və münaqişələrə yer olmayan yeni çoxqütblü dünya düzəninin formalaşması ilə nəticələnməlidir. Lakin dünya siyasətinin aparıcı aktorları arasında frontal sistemli, ideoloji və hərbi-siyasi qarşıdurmanın sona yetməsi ilə dövlətlərarası və beynəlxalq mübahisələrin həllinin təsirli vasitəsi kimi müharibədən istifadə üçün ilkin şərtlərin yox olacağı barədə illüziyalar tez ötüb keçdi.

Təəssüflər olsun ki, ötən əsrin 80-ci illərində yaranmış milli-etnik münaqişə ocaqlarından biri də Azərbaycan ərazisində alovlandı. Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan zamanın müxtəlif kəsimlərində yüksəliş sevincini, bəzən də ağrılı uğursuzluq acısını yaşamışdır. Azadlıq və müstəqillik mücadiləsi 1991-ci ildə xalqımızı müstəqil dövlətçilik arzusuna qovuşdursa da, azğın erməni təcavüzü beynəlxalq və regional təhlükəsizliyə ciddi təhdid yaratmışdır. 25 ildən bəri davam edən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişdir. 900 yaşayış məntəqəsi, 130939 ev, 7000 ictimai bina, 1025 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə ocağı, 927 kitabxana, 53 məscid və məbəd, 473 tarixi abidə və muzey, 40 min muzey eksponatı, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 5198 kilometr avtomobil yolu, 348 körpü, 7568 kilometr su xətti, 2000 kilometr qaz və 76940 kilometr elektrik xətləri, 280 min hektar ərazini əhatə edən meşə massivi, 1200 kilometrlik irriqasiya sistemi işğal altında qalaraq ermənilər tərəfindən məhv edilmişdir. İlkin hesablamalara görə, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox ziyan dəymişdir.

1992-ci ildən başlayaraq Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq birliyin fəal diplomatik müzakirələr predmetinə çevrildi, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. 1992-ci ilin birinci yarısında Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində nizamlanması prosesinə üstünlük verdi. Təşkilatın Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilmiş iclasında ABŞ, Rusiya, Fransa, Almaniya, Türkiyə, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə Belarusun Minsk şəhərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏM-in sülh konfransının çağırılması barədə qərar qəbul olundu. Lakin 1992-ci ilin mayında Şuşa və Laçının işğalı, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən sülh prosesi uğursuzluqla nəticələndi.                                       Böyük dövlət xadimi Heydər Əliyev beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə yönəltmək məqsədi ilə 1993-cü il iyulun 26-da BMT Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciət ünvanladı. Müraciətdə deyilirdi:

“1998-ci ildə Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağda azərbaycanlılarla yanaşı yaşayan ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi iddiaları ilə yaranan süni problem artıq müharibə şəklini alaraq 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazilərinin zəbt edilməsinə gətirib çıxardı.

1992-ci il fevralın 26-da Xocalı, mayın 8-i və 18-də isə Şuşa və Laçın rayonları işğal edildi. Azərbaycan hökumətinin münaqişənin dinc yollarla aradan qaldırılması sahəsindəki səylərinə baxmayaraq, Ermənistan tərəfi sülhün yaranmasına əngəl törədirdi.

ATƏM-in münaqişənin həllindəki vasitəçiliyi isə heç bir nəticə vermirdi. Artıq bu arada Azərbaycan ərazisinin 17 faizindən çoxu erməni təcavüzkarları tərəfindən qəsb edilmişdi. BMT Təhlükəsizlik Şurasının Kəlbəcər rayonunun zəbt edilməsi ilə bağlı işğalçı qoşunların birmənalı şəkildə Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 822 saylı qətnaməsinə əməl etməyən Ermənistan öz təcavüzkar siyasətini davam etdirərək 1993-cü ilin iyul ayında Ağdam rayonunu işğal etmişdir.

1993-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişi ilə Təhlükəsizlik Şurasının sədrinə müraciət edir".

Bu müraciətdən üç gün sonra 1993-cü il iyulun 29-da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi qəbul olundu. Qətnamədə deyilirdi: “Təhlükəsizlik Şurası...

Hərbi əməliyyatların genişlənməsini və xüsusilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsini həyəcanla qeyd edərək, belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratmasının davam etməsi ilə əlaqədar narahat olaraq, Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda fövqəladə humanitar vəziyyətlə əlaqədar yenidən ciddi narahatlığını ifadə edərək, Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, həmçinin beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pisləyir; bundan başqa, regionda bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir; bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir; maraqlı tərəfləri atəşkəsə dair möhkəm razılaşmalar əldə etməyə və onlara riayət etməyə çağırır”.

Bu qətnamə işğalın qarşısının alınması, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çox ciddi bir sənəd olsa da, təəssüf ki, dünya birliyi beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, bu günə qədər qətiyyətsizlik nümayiş etdirir. Ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi beynəlxalq hüququn fundamental norma və prinsipləri sual altında qalır, bununla da bir qrup separatçı erməniyə, qəsbkar Ermənistana görə beynəlxalq hüququn onilliklər ərzində formalaşmış dayaqlarının sarsılmasına göz yumulur.

Erməni lobbisinin və Ermənistanın xarici dövlətlərdə, beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə davamlı böhtançı təbliğat aparması, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim etməsi münaqişənin mahiyyətini təhrif edir, onun həllini düyünə salırdı. Məhz buna görə də Heydər Əliyev ermənilərin beynəlxalq aləmdə apardıqları böhtan kampaniyasını ifşa etməyi, Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının, Sumqayıt hadisələrinin, Dağlıq Qarabağın, onun ətrafındakı yeddi rayonun işğalının və erməni vandalizminin digər qanlı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasını mühüm vəzifə kimi qarşıya qoydu. Gerçəkliyin obyektiv məntiqi zamanın yeni çağırışlarını dəyərləndirməyi tələb edirdi. Heydər Əliyev də məhz bu yolu tutmuşdu.

1993-cü il noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də strateji əhəmiyyətli Horadiz qəsəbəsi və Füzuli rayonunun 22 yaşayış məntəqəsi düşməndən azad olundu. Müharibədə dönüş yaranması həm Ermənistanı, həm də onun havadarlarını ciddi təşvişə saldı. Azərbaycan 1994-cü il mayın 8-də Bişkek protokolunu, mayın 12-də cəbhə bölgəsində atəşkəs haqqında sazişi imzaladı, münaqişənin həlli yeni mərhələyə qədəm qoydu.

Bu dövrdə Heydər Əliyev bütün istiqamətlərdə olduğu kimi, xarici siyasət sahəsində də radikal dəyişikliklərin əsasını qoydu, dərin elmi-nəzəri və zəngin təcrübi əsaslar üzərində qurulmuş konsepsiya formalaşdırdı, NATO ilə əməkdaşlıq haqqında prinsipial qərar qəbul etdi. 1994-cü ilin mayında Azərbaycan NATO ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi məqsədi ilə “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzaladı.

Azərbaycan Respublikası Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirəyə böyük əhəmiyyət verir, onun fəaliyyətindən çox şey gözləyirdi. Ulu öndər 1994-cü ilin dekabrında ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeşt görüşündə Dağlıq Qarabağ probleminə xüsusi diqqət yetirərək qeyd etdi ki, beynəlxalq hüquq normalarını nəzərə alan siyasi saziş imzalanmadan möhkəm və ədalətli sülh ola bilməz:

“Təcavüzün ağır nəticələrinə baxmayaraq, biz Ermənistan tərəfinə ədalət və humanizmin əsasında, ATƏM-in prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh təklif edirik. Biz Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat verməyə hazırıq, münaqişə zonasında ATƏM-in sülhü qoruyan qüvvələrinin yerləşdirilməsinə razıyıq. Biz milli azlıq təşkil edən ermənilərin hüquqlarının həyata keçməsi üçün Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın statusunu müzakirə etməyə və Azərbaycanın Dağlıq Qarabağ regionu ilə Ermənistan Respublikası arasında nəqliyyat kommunikasiyalarının normal işləməsini təmin etməyə də hazırıq.

Amma bizim üçün sarsılmaz olan normalar və prinsiplər vardır ki, bunlar da sərhədlərin pozulmazlığı, Azərbaycanın ərazi bütövlüyü, işğal edilmiş bütün ərazilərdən erməni silahlı birləşmələrinin çıxarılması, qaçqınların doğma ocaqlarına qaytarılmasıdır.

Bu gün məhz təcavüzkarın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən və işğal olunmuş bütün Azərbaycan ərazilərindən öz silahlı birləşmələrini mərhələ-mərhələ çıxarmağa razılıq verməkdən boyun qaçırması siyasi saziş əldə edilməsinə mane olur".

Göründüyü kimi, ümummilli lider Heydər Əliyev Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün diplomatik mübarizə strategiyasını iki istiqamətdə qurmuşdu: bir tərəfdən regionda marağı olan dövlətlərlə ikitərəfli danışıqlar aparılır, digər tərəfdən isə beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin milli maraqlarının, dövlət suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə çoxtərəfli görüşlər keçirilir, işğalçı Ermənistana qarşı təzyiq vasitəsi kimi beynəlxalq təsir mexanizmlərindən istifadə olunurdu.

1996-cı ilin dekabrında ATƏT-in Lissabon Zirvə toplantısında münaqişənin siyasi həlli yolunda ciddi nailiyyət əldə olundu. Heydər Əliyevin diplomatik manevrləri sayəsində münaqişənin nizamlanmasının beynəlxalq hüquqi bazasını müəyyən edən sənəddən başqa, problemin siyasi-hüquqi həllinin çərçivəsini ifadə edən ATƏT sədrinin xüsusi bəyanatı da qəbul edildi. Bəyanat Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 dövlət tərəfindən dəstəklənərək imzalandı.

Lissabon sammiti, onun mümkün nəticələri, Ermənistanın ağır diplomatik məğlubiyyəti haqqında erməni mətbuatında çoxsaylı məqalələr dərc olunmuşdur. “Molorak” qəzetinin 6 dekabr 1996-cı il tarixli sayında dərc olunmuş “Qismən məğlubiyyətlər olmur, kim qələbə qazanmışdır?” sərlövhəli məqalədə deyilir: “...Ermənistan diplomatiyası Lissabon sammiti hələ işə başlamazdan məğlubiyyətə uğramışdı. Bəyanatın mətnindəki 20-ci maddə məzmun etibarilə Ermənistan diplomatiyasının məğlubiyyətidir. Lissabonda Azərbaycan Respublikasının Prezidenti tərəfindən veto hüququndan istifadə, sadəcə, bu məğlubiyyətin protokollaşdırılması demək idi”.

Həmin qəzet ertəsi gün mövzunu davam etdirərək yazırdı: “Ermənistan diplomatiyasının səriştəsizliyi nəticəsində sabah Qarabağ məsələsi BMT-də də müzakirə ediləcək və dünyanın yüzdən çox ölkəsi Azərbaycanın ərazi toxunulmazlığına zəmanət verəcək. Bundan sonra Azərbaycan zor gücünə Qarabağı geri qaytaracaq və heç kim Azərbaycanı təqsirləndirməyəcək, daha heç kəs Azərbaycan Prezidentini təqsirləndirə bilməyəcək”.

 

(ardı var)

Həsən HƏSƏNOV,

“Xalq qəzeti”nin baş redaktoru

 

Xalq qəzeti.-2013.- 13 dekabr.- S.4.