Ulu öndərin zəngin dövlətçilik irsi əbədiyaşardır

 

(Əvvəli qəzetin 12 dekabr tarixli sayında)

 

Bu baxımdan, qürur və minnətdarlıq hissi ilə xüsusi vurğulamaq istərdik ki, Azərbaycan dövlətçiliyində Heydər Əliyevin adı ilə bağlı olan əsas məqamlardan biri də məhz dövlətçiliyin təməl prinsiplərdir. Bu təməl prinsipləri yalnız bu gün üçün deyil, eyni zamanda gələcəyə yönəlib. Hər bir xalq öz dövlətçiliyinin idarə olunmasında müəyyən ideoloji prinsiplərə söykənir. İdeologiyasız dövlətçilik mümkün deyil və xalq səfərbəredici ideyaya söykənmədən irəli gedə bilməz. Dünyanın aparıcı dövlətlərinin keçdiyi tarixi inkişaf yoluna nəzər salsaq onların müəyyən prinsiplərə söykəndiyini görərik. Heydər Əliyev Azərbaycan dövlətinin ideoloji cəhətdən altı təməl prinsipini müəyyənləşdirib. Bunlardan birincisi müstəqil dövlətçilik prinsipidir.

 

Müstəqil dövlətçilik prinsipinin qayəsini Azərbaycanın müstəqilliyinin hər şeydən uca olması, suverenliyinin qorunması üçün bütün vasitələrdən istifadə olunmasının zəruriliyi ideyası təşkil edir. Müstəqil dövlətçilik prinsipi - hər şey dövlət naminə şüarına söykənir. Azərbaycanda müstəqil dövlətin qurulması yolunda Heydər Əliyevin hələ sovetlər dönəmindən başladığı işlər nəticə etibarilə bu prinsipin reallaşması ilə başa çatdı. Heydər Əliyevin sayəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi tam təmin olundu. Azərbaycançılıq prinsipi - bu prinsip bütövlükdə Heydər Əliyev ideologiyasının ana xəttini təşkil edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıların vahid bir ideya ətrafında birləşməsini, eyni zamanda Azərbaycanda yaşayan hər bir vətəndaşın dövlətə, xalqa bağlılığını zəruri edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıları müstəqil Azərbaycan uğrunda mübarizədə səfərbər edir. Qanunçuluq prinsipi - qanun alidir və hər kəs ona tabe olmalıdır. Tutduğu mövqedən, cəmiyyətdəki fəaliyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanuna əməl etməlidirlər. Bu baxımdan qanunçuluq Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün müəyyən etdiyi əsas prinsiplərdən biridir. Varislik prinsipi - burada söhbət siyasətin varisliyindən gedir. Belə ki, Heydər Əliyev tərəfindən müəyyənləşdirilən böyük siyasət davamlı olmalıdır. Konstruktiv əməkdaşlıq prinsipi - bu prinsip vətəndaş həmrəyliyini özündə əks etdirir. Vətəndaş həmrəyliyi dünən də lazım idi, bu gün də lazımdır, sabah da lazım olacaq. Çünki istənilən cəmiyyətdə iqtidar-müxalifət mübarizəsi, bu və ya digər məsələdə fikir ayrılığı ola bilər. Bu mübarizə konstruktiv şəkildə, qanun çərçivəsində getməlidir. Bu mübarizə eyni zamanda vətəndaş həmrəyliyində özünü büruzə verməlidir. Bir-birinə əks ideyalar ortaya qoyan qüvvələr nəticə etibarilə ölkəmizin maraqları naminə birləşməli, vətəndaş sülhünü, həmrəyliyini qorumalıdırlar. Bu prinsip daim Heydər Əliyev tərəfindən qorunub. Heydər Əliyevin yaratdığı, qurucusu olduğu Yeni Azərbaycan Partiyası 1992-ci ildən siyasi arenadadır. YAP müxalifətdə olduğu dövrdə də konstruktivlik nümayiş etdirmiş, vətəndaş sülhünə və həmrəyliyinə əməl etmişdir. Heydər Əliyevin müəyyən etdiyi bu siyasət YAP-ın fəaliyyətində həmişə özünü büruzə verib. Sosial ədalət prinsipi - Heydər Əliyev siyasətində sosial ədalət önəmli yer tutur. Sosial ədalət olmayan cəmiyyətlərdə insanlar arasında hansısa bir sülhdən, əməkdaşlıqdan söhbət gedə bilməz. Cəmiyyətdə bazar münasibətlərinin inkişafı sosial ədaləti inkar etmir. Dövlətin sosial müdafiə siyasəti həmişə qorunub saxlanılmalıdır. Sosial ədalət vətəndaşın daim dövlətin himayəsində olması deməkdir.

 Heydər Əliyev böyük şəxsiyyət olaraq Azərbaycan dövlətçiliyinin əbədi mövcudluğu üçün zəruri əsaslar formalaşdırmaqla kifayətlənməmiş, həmçinin bu dövləti yeni əsrdə inamla irəli aparacaq, əzmlə inkişaf etdirəcək, bir sözlə, alternativsiz siyasi kursun davamlılığını bütün sahələrdə təmin edəcək lider yetişdirmişdir. Son on ildə ulu öndərin siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev qısa müddətdə xalqın layiqli rəhbəri və lideri olduğunu əməli işi ilə sübuta yetirmiş, hər bir azərbaycanlının Prezidenti olmuşdur. Cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə edilmiş böyük nailiyyətlər Azərbaycan xalqının öz seçimində dəfələrlə haqlı olduğunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat odur ki, ulu öndərin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən lideri var. Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işlər, əldə olunan uğurlu nəticələr hələ ötən əsrin 90-cı illərinin ortalarından böyük rəhbər Heydər Əliyev tərəfindən başlanmış çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır.

Qürur və məmnunluq hissi ilə deyə bilərik ki, Heydər Əliyev siyasi kursu 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlarımız ümummilli lider Heydər Əliyevin 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətini xatırlatmağı zərurətə çevirir: İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident kimi fəaliyyətə başladığı gündən görəcəyi işlərin prioritetlərini açıqlayan, “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyən cənab İlham Əliyev atdığı hər addımında bu vədinə sadiqliyini nümayiş etdirir. 2003-2008-ci illərdə verilən hər vədin konkret işlərdə öz əksini tapması, ayrı-ayrı sahələri əhatə edən dövlət proqramlarının uğurlu icrası, iqtisadi göstəricilərin təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapması Xalq-Prezident birliyini, həmrəyliyini daha da möhkəmləndirdi, 2013-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin yenidən Prezident seçilməsinə stimul verdi. Həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşının dayandığını qeyd edən dövlət başçısı İlham Əliyev Dövlət Proqramlarının uğurlu icrasında da bu dəstəyin rolunu xüsusi vurğulayır. Güclü sosial siyasətə yol açan iqtisadi tərəqqinin artması üçün bütün imkanlar mövcuddur. Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi də əldə olunan uğurlara söykənir.

Neft gəlirlərindən səmərəli istifadə nəticəsində iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasına səbəb oldu. “Biz siyasətimizi elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri - ilk növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik” Prezident İlham Əliyevin on il bundan əvvəl səsləndirdiyi bu istək artıq reallığa çevrilib. Bu gün ÜDM-də özəl bölmənin payının 85 faiz təşkil etməsi qeyri-neft sektorunun inkişafına yönələn diqqətin bariz nümunəsidir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq beynəlxalq standartlara və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır.

Bu gün Azərbaycanın ən mötəbər tədbirlərə ev sahibliyi etməsi, üçrəngli bayrağının dünyanın nüfuzlu təşkilatlarının qarşısında dalğalanması, beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi, sosial dövlət kimi nüfuz qazanması Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Qurumda ilk olaraq ədaləti müdafiə edəcəyimizi bəyan edən dövlət başçısı İlham Əliyev bu uğuru tarixi hadisə kimi dəyərləndirdi. Müstəqilliyinin 20-ci ilində Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq quruma qeyri-daimi üzv seçilməsi keçilən yola, əldə edilən uğurlara verilən dəyər kimi qəbul olundu. Bu uğurumuzun yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə öz müsbət təsirini göstərəcəyi inkaredilməzdir.

Ümumiyyətlə, hər bir sahənin inkişafı dövlətin siyasətində əsas yer tutur. Bu diqqət hər ili bu və ya digər sahənin adı ilə bağlayaraq, həmin il çərçivəsində həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsindən də aydın görünür. Məlum olduğu kimi, cari il dövlət başçısı İlham Əliyevin 16 yanvar 2012-ci il tarixli sərəncamı ilə “İdman ili” elan edilmişdir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bu günlərdə Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı da deyilənlərin təsdiqidir. Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqına təbrikində bir daha bildirmişdir ki, Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır: “Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir.» Qeyd edək ki, bu ilin avqustunda XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanın 205 dövlət arasında 30-cu yeri tutması da böyük uğur olmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi idi. London Yay Olimpiya Oyunlarında 10 medal qazanan idmançılarımız Azərbaycanın bayrağını yüksəklərə qaldıraraq, bir daha ölkəmizin təqdimatına öz töhfələrini verdilər. Ötən ilin mayında 42 ölkənin öz məşəlini Azərbaycanda alovlandırması da ölkə həqiqətlərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Hər bir ölkəni dünyada tanıdan siyasəti ilə yanaşı mədəniyyətinin də olduğunu nəzərə alsaq, Azərbaycanın lEurovision-2012» mahnı yarışmasına ev sahibliyi etməsinin ölkələr arasında əlaqələrin inkişafında körpü rolunu aydın görərik.

Uğurlarımız davamlıdır. Bu davamlılığı şərtləndirən əsas amil möhkəm təmələ əsaslanan inkişaf strategiyasıdır. İnkişafın Azərbaycan modelinin mövcudluğu, onun başqa ölkələrə nümunə göstərilməsi böyük uğurdur. Dövlət başçısı İlham Əliyevin ölkəmizin 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda qarşıdakı illər üçün hədəfləri və onlara nail olmağın yollarını müəyyənləşdirməyə xidmət edən lAzərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı nəinki ölkə daxilində, beynəlxalq səviyyədə yüksək dəyərləndirildi. Azərbaycanı yaxın on ildə inkişaf etmiş ölkələr sırasında görmək istəyini ortaya qoyan Prezident İlham Əliyev bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun daha 2 dəfə artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Ölkəmiz keçid dövrünü başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astanasındadır. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, qlobal və regional çağırışlara cavab verərək ölkəmizin dünya nizamında öz mövqeyini gücləndirməsi üçün Prezident İlham Əliyevin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam ulu öndər Heydər Əliyev tərəfindən yaradılan milli inkişaf modelinə uyğundur. Sülh və inkişaf Azərbaycan dövlətinin strategiyasının təməlini təşkil edir.

Qeyd etdiklərimizin fonunda bir daha bu reallıq aydın dərk olunur ki, düzgün seçilən yol, möhkəm təmələ əsaslanan siyasət ölkənin davamlı inkişafını təmin edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Xalqımız tam əmindir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də tezliklə öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan daha böyük uğurlara imza atacaq.

Ümumiyyətlə, Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir. Heydər Əliyev öz ölümü ilə ölməzliyə qovuşdu, xalqın taleyində liderlik missiyasını davam etdirdi, cəmiyyətimizi daha sıx birləşdirdi. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir.

Bəşər tarixi sübut edib ki, yalnız tək - tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər. Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də, məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin komitə sədri,

YAP icra katibinin müavini

 

Xalq qəzeti.- 2013.- 13 dekabr.- S.3.