Ümummilli lider Heydər
Əliyevin
ermənilərin işğalçılıq siyasətinin
və
azərbaycanlılara qarşı törətdikləri
soyqırımının ifşa olunmasında rolu
(əvvəli qəzetin 13 dekabr 2013-cü il
tarixli sayında)
Erməni
mətbuatının Azərbaycan Prezidentinə aqressiv və ədalətsiz
münasibətinin əsl səbəbləri həm də Heydər
Əliyevin respublikamıza birinci rəhbərliyi
dövründə ermənilərin azğın torpaq
iddialarının qarşısını qətiyyətlə
alması ilə əlaqədar idi. Fikrimizi izah etmək üçün
konkret tarixi faktlara müraciət edək. Azərbaycan və
Ermənistan arasında sərhəd xətti 1938-ci il mayın
5-də ermənilərin hazırladığı xəritə
əsasında təsdiq olunmuşdu. Azərbaycan SSR Mərkəzi
İcraiyyə Komitəsində sərhəd və torpaq məsələsi
ilə məşğul olan şöbəyə həmin
vaxtlarda Kalantarov soyadlı bir erməni rəhbərlik edirdi.
Kalantarov 1959-cu ildə təqaüdə çıxdıqdan
sonra respublika Ali Sovetində həmin vəzifəyə Melnikov
soyadlı başqa bir erməni təyin olunmuşdu.
Azərbaycanın Gədəbəy
rayonunun Tağılar kəndinin ərazisinin Ermənistanın
Şəmşəddin rayonuna birləşdirilməsi
haqqında ermənilər 1952-1953-cü illərdə məsələ
qaldırmışdılar. O vaxtlar SSRİ Kənd Təsərrüfatı
Nazirliyinin mütəxəssisləri mübahisəli ərazi
məsələsini müzakirə edərək həmin ərazinin
Azərbaycana məxsus olması barədə qərar qəbul
etmişdi.
Ermənilər 1967-ci
ildə Tağılar kəndinə dair tələblərini
yenidən irəli sürdülər. Moskvanın
tapşırığı və təzyiqi altında
mübahisəli ərazi məsələsini araşdırmaq
və ermənilərin xeyrinə həll etmək məqsədilə
Azərbaycan KP MK-nın bürosu 1968-ci il noyabrın 26-da, 86
saylı protokolda göstərildiyi kimi, xüsusi qərar qəbul
etmişdi. Bu əsassız qərarın
yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan SSR
Ali Sovetinin sədri Məmməd İsgəndərovun rəhbərliyi
ilə xüsusi komissiya yaradılmışdı. Lakin 1969-cu
il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən
Heydər Əlirza oğlu Əliyev bu bədnam qərarın və ermənilərin torpaq
iddialarının qarşısını qətiyyətlə
aldı. Uzun illər ərzində Azərbaycan SSR Kənd Təsərrüfatı
Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə
çalışmış Nadir Hüseynbəyov hadisələri
belə xatırlayır:
“Heydər Əliyev
heç bir ay yox idi ki, Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində
işləyirdi. Bildirdilər ki, Heydər Əliyev məni qəbula
dəvət edib. Bu, mənim üçün gözlənilməz
idi. Söhbətimizin əsasını Azərbaycanla Ermənistan
arasında olan sərhəd, guya, mübahisəli torpaq məsələləri
təşkil edirdi. Görüşümüz iki saata
yaxın davam etdi. Mən özümlə 1903-cü ildə nəşr
edilmiş xəritəni də gətirmişdim. Möhtərəm
Heydər Əliyev həmin xəritəyə diqqətlə
baxdı, onu 1969-cu ildəki mövcud xəritə ilə
müqayisə etdi. Heyrət onu bürüdü: “Aman Allah,
heç olmazsa, bu millətə sənin rəhmin gəlsin.
Gör nə qədər torpağını əlindən
alıblar”, - dedi.
Görüşümüzdən
iki gün keçmişdi. Azərbaycan KP MK-dan mənə
dedilər ki, Heydər Əliyev qatarla Ağstafaya gedir. Mənim
də onunla birlikdə Ağstafaya getməyimi
tapşırıb və bildirib ki, özüm ilə bir
sıra sənədləri, o cümlədən 1903-cü ilin
torpaq xəritəsini də götürüm...
Qazax Rayon Partiya Komitəsinin
birinci katibi Barat Qaravəliyev bizi qarşıladı. Qazaxa,
oradan da Azərbaycanla Ermənistanın sərhədinə
getdik. Sərhəddə Ermənistan KP MK-nın birinci katibi
Anton Koçinyanın rəhbərlik etdiyi nümayəndə
heyəti bizi gözləyirdi. Heydər Əliyev məndə
olan bütün sənədləri və 1903-cü il xəritəsini
aldı, mənə dedi ki, Qazax Rayon Partiya Komitəsində məni
gözləyin. Möhtərəm Heydər Əliyev onu
qarşılayanlarla Dilicana yola düşdü. Təxminən
üç saatdan sonra Heydər Əliyev Qazax RPK-ya gəldi. Hamımızla görüşdü. Məndən
aldığı sənədləri qaytardı və dedi ki,
1903-cü ilin xəritəsini Ermənistan KP MK-nın birinci
katibi Koçinyana bağışladım və Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli
qeyri-qanuni qərarını müzakirə etdik.
Koçinyanla ümumi razılığa gəldik ki, heç
bir sərhəd və mübahisəli məsələyə
bundan sonra baxılmayacaq.
Bəs 1969-cu ilin
avqustunda keçirilmiş bu görüş, onun nəticələri
Ermənistanda necə qarşılanmışdı? Həmin
dövrdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin
sədr müavini vəzifəsində çalışan Həbib
Həsənov məsələyə belə aydınlıq gətirir:
“Ermənistanda
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev cənabları
ilə görüşə müstəsna əhəmiyyət
verilirdi. Əslində, bu görüş ermənilər tərəfindən
bir növ kəşfiyyat xarakteri daşıyırdı. Heydər
Əliyev Ermənistan rəsmiləri üçün sirli
şəxsiyyət idi.
Koçinyan görüşdən İrəvana qayıdan
kimi, Ermənistan KP MK-nın bürosu toplandı. Koçinyan
qayğılı və dalğın görünürdü.
Mən həmin büroda iştirak edən yeganə azərbaycanlı
idim. O, Heydər Əliyevlə görüşü barədə
çox qısa məlumat verdi. Yerdən bir
neçə nəfər Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 7 may 1969-cu il tarixli qərarının icrasına
nə vaxt başlanacağı barədə suallar verərkən
Koçinyan bildirdi ki, Ermənistanı və erməniləri
sevən hər birinizdən xahiş edirəm ki, nə qədər
Heydər Əliyev adlı adam var, heç bir sərhəd məsələsi
və mübahisəli torpaq, ərazi iddiası
qaldırmayın. Bunu birdəfəlik yaddan
çıxarın. Elə bil ermənilərin üstünə
qaynar su töküldü. Hamı sual dolu baxışla
bir-birinə baxdı. Koçinyan dilxor, bir qədər də
əsəbi halda iclası yekunlaşdırdı”.
Beləliklə,
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu
il tarixli qərarı kağız üzərində qaldı
və 1984-cü ilə qədər Ermənistan tərəfindən
Azərbaycana qarşı ərazi iddiası
qaldırılmadı. Heç şübhəsiz ki, Heydər
Əliyevlə ilk görüşün Anton Koçinyanda
yaratdığı təəssürat erməniləri ərazi
iddialarını ertələməyə məcbur etmişdi.
Koçinyanın Ermənistan KP MK-nın büro iclasında
Heydər Əliyev haqqında dediyi sözlər də məhz
belə düşünməyə əsas verir: “Heydər
Əliyev mənə dərin zəkası, ağlı, biliyi
olan, kəskin məntiqli, fikrinə müsahibini
inandırmağı bacaran şəxs, rəhbər təsiri
bağışladı”.
1969-1982-ci illər Azərbaycanın
tarixinə iqtisadi, sosial və mədəni sahələrdə
böyük nailiyyətlər, diqqətəlayiq qələbələr
illəri kimi daxil oldu. Heydər Əliyevin özünün təbirincə
desək, “...bu illər quruculuq işlərinin vüsətinə
görə respublikanın salnaməsində görkəmli yer
tutur”.
Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər
Soveti Sədrinin birinci müavini Heydər Əliyev 1982-1987-ci
illərdə təkcə azərbaycanlıların deyil, Orta
Asiya türkdilli respublikalarının, tarixi köklərini,
milli varlığını itirmək təhlükəsi
qarşısında qalan tatarların, başqırdların,
qaraçaylıların, qaqauzların və digər
azsaylı xalqların da taleyüklü maraqlarının
müdafiəçisi idi. O, türk xalqlarına, qeyri-rus millətlərinə
Mixail Qorbaçovun şovinist, millətçi, qərəzli
münasibətinə sərt reaksiya göstərir,
özünəməxsus cəsarət və yenilməzlik
nümayiş etdirirdi. Lakin Heydər Əliyev təklənmişdi.
Ətrafdakı hiyləgər, namərd düşmənlərin
məkrli planları bitmək-tükənmək bilmirdi. Ermənilər
öz işlərini görür, Heydər Əliyevin əleyhinə
təbliğatı gücləndirirdilər. 1986-1987-ci illərdə
onlar Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana
birləşdirilməsi üçün imza toplamağa
başladılar.
Mixail Qorbaçovun və
dünya ermənilərinin Heydər Əliyevə
hücumlarında əsasən iki məqsəd
güdülürdü: Heydər Əliyevin istefasından
sonra Ermənistandan azərbaycanlıları deportasiya etmək
və Dağlıq Qarabağı Ermənistana birləşdirmək.
Daşıdığı vəzifə nə qədər
yüksək olsa da, malik olduğu səlahiyyət nə qədər
ali səciyyə daşısa da, hakimiyyət Heydər
Əliyev üçün məqsəd deyildi, dövlətinə,
xalqına, ona etimad bəsləyənlərə xidmət
vasitəsi idi. 1987-ci ilin oktyabrında böyük
dövlət xadimi Heydər Əliyev tutduğu yüksək vəzifədən
istefa verməyə məcbur oldu.
Az sonra
erməni akademik Abel Aqanbekyan Parisdə Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin
Mixail Qorbaçovla
razılaşdırıldığını bəyan etdi.
1988-1989-cu illərdə Ermənistanda azərbaycanlıların
kompakt yaşadığı 22 rayonun 185 yaşayış məntəqəsinə
quldurcasına basqınlar nəticəsində
soydaşlarımız bütünlüklə deportasiya
olundular.
Erməni
yazıçısı Karen Simonyan 1990-cı il iyunun 8-də
“Azadlıq” radiostansiyasının erməni redaksiyasına
verdiyi müsahibəsində bildirirdi ki, akademik Abel
Aqanbekyanın ideyaları erməni xalqının milli mənafelərinə
ziddir və ermənilərin qonşu xalqlarla münasibətinin
pisləşməsinə xidmət edir. Beləliklə, bir vaxtlar
sığınacaq verdiyimiz, duz-çörəyimizi
bölüşdüyümüz namərd ermənilərin əsassız
iddiaları üzündən Azərbaycan torpaqlarında
müharibə ocaqları alovlandı.
Hər bir dövlətin
sabit, davamlı daxili inkişafı təmin edilmədən
ölkənin xarici təhlükəsizliyini təmin etmək
mümkün deyil. Bu gün Azərbaycanın milli təhlükəsizliyinin
həm daxili, həm də xarici aspektini təşkil edən,
onların qarşılıqlı əlaqə və təsiri
ilə şərtlənən mühüm faktorlardan biri
Dağlıq Qarabağ problemidir. Qeyd edək ki, ümummilli
liderimiz 1994-cü ildə atəşkəsə nail olmaqla
müharibənin dinc yolla həllinə üstünlük
verdi. Ulu öndər ölkədə sabit sosial-iqtisadi
inkişafı, Milli Ordunun təşkilini və gücləndirilməsini,
siyasi, hüquqi, iqtisadi, sosial islahatların həyata
keçirilməsini təmin etdi.
Atəşkəs
sazişi imzalansa da, Ermənistan öz havadarlarına
arxalanaraq silahlı qüvvələrini 19 ildir ki,
işğal edilmiş Azərbaycan torpaqlarından
çıxarmır, hərbi təcavüzün nəticələrinin
aradan qaldırılmasına, qaçqınların və məcburi
köçkünlərin öz doğma yerlərinə
qayıtmasına imkan vermir, sülh sazişinin imzalanmasına
hər vasitə ilə əngəl törədir.
Ermənistan
rəhbərliyinin təcavüzkar millətçilik,
militarizm, separatizm siyasətini davam etdirməsi, terroru dövlət
siyasəti səviyyəsinə qaldırması, lakin
işğalçı dövlətin cəzalandırılmaması
beynəlxalq təhlükəsizlik sisteminin fəaliyyətini,
beynəlxalq hüququn norma və prinsiplərini ciddi surətdə təhdid edir, şübhə
altında qoyur.
ABŞ-da yaşayan
professor Devid Nisman “Amerikanın səsi” radiostansiyasına
verdiyi müsahibədə deyir: “Ermənilərin ərazi
iddialarının heç bir əsası yoxdur, çünki
ermənilər Qarabağa XIX əsrin əvvəllərində,
Rusiya ilə İran arasında Türkmənçay
müqaviləsi bağlandıqdan sonra köçmüşlər.
Ermənilərin bu regionda yığcam halda yaşamaları
isə onlara həmin torpağın iddiasında olmaq hüququ
vermir”.
Devid Nismanın qətiyyətli
mövqeyi onun 1989-cu ildə “Azadlıq” radiosuna verdiyi
müsahibədə də özünü göstərirdi: “Mənim
fikrimcə, Dağlıq Qarabağda gərginliyin
qalmasının səbəblərini Bakıda deyil, İrəvanda
axtarmaq lazımdır. Artıq neçə
ildir ki, ermənilər “Böyük Ermənistan”
konsepsiyasını Ermənistan SSR-in rəsmi təbliğat
ideologiyasına çevirmişlər. Əgər ermənilər
bu ideologiyadan imtina etsələr, Dağlıq Qarabağda
sabitliyin bərpa olunmasına kömək etmiş olarlar”.
Tarixin atası
sayılan Herodotun “Tarix” kitabından iqtibas etdiyimiz
aşağıdakı sətirlər də ermənilərin
Azərbaycan torpaqlarına iddialarının heç bir əsası
olmadığını sübut edir: “Ermənilər “Erməni
yaylası” adlanan sahənin qərbində yaşayırlar... Fərat
çayının yuxarı axarındakı ölkəyə
Ermənistan deyirmişlər”.
Dünya
birliyinin ikili standartlardan çıxış etməsi
üzündən diplomatik səylərin lazımi nəticə
vermədiyini görən Heydər Əliyev ermənilərin
azərbaycanlılara qarşı törətdikləri
işğalçılıq, deportasiya və
soyqırımı faktlarını qətiyyətlə
dünyaya bir daha bəyan etdi. 1997-ci il dekabrın 18-də Prezident Heydər
Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından
kütləvi surətdə deportasiyası haqqında” fərman
imzaladı. Fərmanda deyilir: “Son iki əsrdə
Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü
şəkildə həyata keçirilmiş etnik təmizləmə
və soyqırımı siyasəti nəticəsində
xalqımız ağır məhrumiyyətlərə, milli
faciə və məşəqqətlərə məruz
qalmışdır. Mərhələ-mərhələ
gerçəkləşdirilən belə qeyri-insani siyasət
nəticəsində azərbaycanlılar indi Ermənistan
adlandırılan ərazidən – min illər boyu
yaşadıqları öz doğma, tarixi-etnik torpaqlarından
didərgin salınaraq kütləvi qətl və
qırğınlara məruz qalmış, xalqımıza
məxsus minlərlə tarixi-mədəni abidə və
yaşayış məskəni dağıdılıb viran
edilmişdir”.
Fərmanda SSRİ
Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və
1948-ci il 10 mart tarixli 754 saylı qərarları Azərbaycan
xalqına qarşı tarixi cinayət aktı kimi dəyərləndirilir.
Bu qərarlar əsasında 1948-1953-cü illər
ərzində 150 mindən çox azərbaycanlının Ermənistan
SSR ərazisindəki doğma yurdlarından kütləvi surətdə
və zorakılıqla sürgün edilməsi, genosidə məruz
qalması qətiyyətlə pislənilir, deportasiya prosesinin
hərtərəfli tədqiq edilməsi, Azərbaycan
xalqına qarşı dövlət səviyyəsində həyata
keçirilmiş tarixi cinayətə hüquqi-siyasi qiymət
verilməsi və onun beynəlxalq ictimaiyyətə
çatdırılması məqsədi ilə Dövlət
Komissiyasının yaradılması nəzərdə
tutulurdu.
Ümummilli lider elmi
ictimaiyyətin, ilk növbədə, tarixçilərin diqqətini
bu məsələyə cəlb edərək, onların nəzərlərini
xalqımıza qarşı törədilmiş belə ədalətsizliklərə
yönəldirdi. Ulu öndər belə hallara
dözməməyə, təkrar-təkrar bu məsələnin
üzərinə qayıtmağa, düşmənin məkirli
planlarını ifşa etməyə, soyqırımı,
deportasiya və işğalçılıq faktlarını
dünya xalqlarına çatdırmağa
çağırırdı: “Təəssüflər
olsun ki, biz tarixin müxtəlif mərhələlərində
belə hadisələri lazımi qədər təhlil edə
bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə
qarşı öz səsimizi lazımi qədər
qaldırmamışıq. Məhz bunların nəticəsində
də 1988-ci ildə Ermənistan Azərbaycana təcavüz
edibdir”.
Tarixə, tarixi tədqiqatlara
münasibətdə ümummilli liderin tövsiyələri
obyektiv gerçəkliyin məntiqindən qaynaqlanır:
“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və
olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif
etmək də olmaz, tariximizdəki qara ləkələri, qara
səhifələri unutmaq da olmaz!”
Ötən
dövr ərzində ermənilərin xalqımıza qarşı
ərazi iddialarının strateji xətti həmişə dəyişməz
qalmışdır: nə yolla olursa-olsun, türk-müsəlman
xalqlarını yaşadıqları ərazidən
sıxışdırıb çıxarmaq, “Böyük Ermənistan”
ideyasını gerçəkləşdirmək. Lakin müxtəlif vaxtlarda tarixi şəraitdən
asılı olaraq ermənilər hərəkət
taktikasını dəyişmişlər.
Lissabon
sammitində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
bütün tarixi boyu problemin həllinə nail olmaq
üçün ehtiyac duyduğu böyük beynəlxalq
himayə qazansa da, Minsk qrupu çərçivəsində
aparılan danışıqlar ciddi çətinliklərlə,
Ermənistanın beynəlxalq hüquq normalarına zidd iddiaları, dirənişləri
ilə qarşılaşırdı. Minsk qrupu həmsədrlərinin
hazırladıqları təkliflər barədə
açıqlama verən Prezident Heydər Əliyev deyirdi:
“Birinci təklif - “paket həll” təklifi
1997-ci ilin iyun ayında verildi. Biz onu qəbul
etdik ki, görək irəliyə doğru gedə bilərik,
yoxsa yox. Hətta xatirimdədir, mən
avqustun 1-də Vaşinqtonda Ağ evdə Klintonla
görüşərkən o, bunu çox yüksək qiymətləndirdi.
Hətta məndən xahiş etdi, siz öz
çıxışınızda deyin ki, - çünki o da
çıxış etdi, nitq söylədi, mən də, -
bunu qəbul edirsiniz. Dedim, Ermənistan bunu
qəbul etmədi.
Ondan sonra ikinci təklif, “mərhələli
həll” təklifi verildi. Biz onu
yenə qəbul etdik. Ona görə yox ki,
o, bizim üçün əlverişli idi.
Düzdür, əvvəlkindən bir az əlverişli
idi. Amma biz istəyirdik ki, bir balaca hərəkət
olsun. Ermənistan bunu da qəbul etmədi.
Nəhayət, Ermənistanda Ter-Petrosyan
ikinci təklifi qəbul etdi. Biz
Strasburqda bəyanat verdik ki, bunun əsasında işləyək”.
Lakin Levon Ter-Petrosyan ölkədəki hərbi-siyasi
müxalifətin təzyiqləri qarşısında duruş
gətirə bilmirdi. O, “Nezavisimaya qazeta”nın
15 noyabr 1997-ci il tarixli sayında dərc olunmuş “Müharibə,
yoxsa sülh. Ayılma anı” məqaləsində
yazırdı: “...Realist olmaq və başa düşmək
lazımdır ki, beynəlxalq birlik uzun müddət
Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə
barışmayacaq, çünki bu vəziyyət Cənubi
Qafqazda regional əməkdaşlığa və təhlükəsizliyə
mane olur... Əslində, Qarabağın və
Ermənistanın rəqibi beynəlxalq birlikdir. Bu, o beynəlxalq birlikdir ki, biz ona meydan oxuyuruq”.
1998-ci il fevralın 3-də Levon
Ter-Petrosyan istefa verməyə məcbur oldu. Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ probleminin nizamlanması prosesində qətiyyət,
diplomatik məharət, Vətən və xalq sevgisi ilə
böyük fədakarlıq nümayiş etdirən Heydər
Əliyev dünya ictimaiyyətinin diqqətini bir daha ermənilərin
təcavüzkar siyasətinə və qanlı cinayətlərinə
cəlb edərək 1998-ci il martın 26-da “Azərbaycanlıların
soyqırımı haqqında” fərman imzaladı. Fərmanda
deyilirdi: “1813-cü və 1828-ci illərdə imzalanan
Gülüstan və Türkmənçay müqavilələri
Azərbaycan xalqının parçalanmasının, tarixi
torpaqlarımızın bölünməsinin əsasını
qoydu. Azərbaycan xalqının bu milli faciəsinin
davamı kimi onun torpaqlarının zəbti başlandı.
Qısa bir müddətdə bu siyasət
gerçəkləşdirilərək ermənilərin
kütləvi surətdə Azərbaycan torpaqlarına
köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının
işğalının ayrılmaz bir hissəsinə
çevrildi”.
Ermənilərin zaman-zaman azərbaycanlılara
qarşı törətdikləri qanlı
qırğınların, deportasiyaların,
torpaqlarımızın mərhələ-mərhələ
işğalının, Xocalı qətliamının fərmanda
öz əksini tapması ulu öndərin soyqırımı
hadisəsinə və tarixi faktlara nə qədər dərindən
bələd olmasına dəlalət edir. Bu fərman
erməni avantürasını amansızlıqla, obyektivliklə
ifşa edir: “Azərbaycanın XIX-XX əsrlərdə baş
verən bütün faciələri torpaqlarının zəbti
ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş planlı surətdə
həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil
etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət
vermək cəhdi göstərilmişdir. Azərbaycan
Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu
gün onun axıra qədər həyata keçirə bilmədiyi
qərarların məntiqi davamı olaraq soyqırımı
hadisələrinə siyasi qiymət vermək borcunu tarixin
hökmü kimi qəbul edir”.
Fərmana uyğun olaraq, Azərbaycan
xalqına qarşı törədilmiş bütün
soyqırımı faciələrinin ifadəsi kimi, 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü elan olundu.
1998-ci ilin noyabrında Minsk qrupunun həmsədrləri
yeni, üçüncü təklifi – “ümumi dövlət”
təklifini irəli sürdülər. Azərbaycan bu təklifin qeyri-məqbul olduğunu
bildirərək onu qəbul etmədi. Hazırda
danışıqlar Madrid prinsipləri əsasında davam
etdirilir.
Heydər Əliyev 1993-2003-cü illərdə 80 ölkənin
prezidenti, dövlət və hökumət rəhbərləri,
xarici işlər nazirləri ilə 500-dən çox
görüş keçirmiş, Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi məsələsini
müzakirə etmişdir. Ulu öndər bu görüşlərdə
müasir dünyanın siyasi sistemdə deklarativ deyil, real
suverenlik məsələsini ön plana çıxarmalı
olduğunu diqqətə çatdırır, erməni
işğalçılarının qanlı əməllərini
təkzibolunmaz faktlar əsasında ifşa edərək
deyirdi: “Bizim xalqımızın böyük itkiləri
olubdur. Biz bunları bilməliyik, gələcək
nəsillər də bilməlidirlər ki, Azərbaycana
qarşı bir daha belə xəyanətlərin, təcavüzlərin
qarşısı alına bilsin”.
Heydər Əliyev siyasətinin son on ili
Azərbaycan tarixinə sülh yolu ilə əldə oluna biləcək
maksimal mümkün nailiyyətlər dövrü kimi daxil
oldu. Heydər Əliyevi böyük siyasi və
dövlət xadimi səviyyəsinə yüksəldən
amil onun nadir istedada, ensiklopedik biliyə malik strateq olması
idi. Onun müəyyənləşdirdiyi
strateji istiqamətlər, mükəmməl proqramlar bu gün
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla və yaradıcılıqla həyata keçirilir.
Ölkənin mövcud hərbi-strateji
potensialını, milli resurslarını səfərbər edərək
Avroatlantik təhlükəsizlik strukturlarına inteqrasiya siyasəti
yeridən Azərbaycan artıq Cənubi Qafqazın lider
dövlətinə çevrilmişdir. Milli ordumuzun hərbi-texniki
hazırlığı, silah arsenalı kəmiyyət və keyfiyyət
etibarilə Ermənistandan çox-çox yüksəkdir. Azərbaycanın
özünün regional və milli təhlükəsizlik
maraqlarını, ərazi bütövlüyünü təmin
edəcəyi zaman məsələsidir. Prezident İlham
Əliyev böyük inam və əminliklə deyir:
“Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli
torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu
torpaqlarda yaşamış, yaratmışdır. Azərbaycanın
ərazi bütövlüyü bərpa olunmalıdır...
Bizim
bayrağımız Dağlıq Qarabağda, Xankəndidə,
Şuşada dalğalanacaqdır. O günü biz hər an
öz işimizlə yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq”.
Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru
Xalq qəzeti.- 2013.- 14 dekabr.- S.4.