İrəvan Dövlət Azərbaycan DramTeatrının

səhnəqrafiyasının yaranma tarixinə nəzər

 

 Dahi rus yazıçısı L.N.Tolstoya görə əgər elm və incəsənət olmasaydı, insan və insan həyatı da olmazdı. Həqiqətən də insanı insan edən, onu cəmiyyətdə formalaşdıran elmi, biliyi, əxlaq və mədəniyyətidir. Mədəniyyəti formalaşdıran əsas meyar incəsənətdir. Çünki incəsənət insan həyatında ən gözəl, ən vacib, ən önəmli meyardır. İncəsənət təkcə bir fərdə deyil, yalnız bir xalqa deyil, bütün bəşəriyyətə xidmət edən sahədir. İncəsənətin bir qolu olan teatr isə özündə incəsənətin bir çox sahələrini birləşdirir. Tamaşalar təkcə hərəkət deyil, davranış deyil, həm də tərbiyələndirmə, maarifləndirmə yönümündə tamaşaçıya çatdırılan vizula mesaj vasitəsi, estetik zövq sahəsidir.

 

Azərbaycanda teatr sənətinin formalaşması xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə əlaqədardır.

Xalq teatrı daha çox əməkçi təbəqələrlə bağlı olmuşdur. Müstəqil xalq teatrının yaranmasında şənlik, mərasim, ayin və oyunlardakı tamaşa elementləri xüsusi rol oynamışdır. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar təşkil etmişdir.

Məlumdur ki, əvvəlki dövrlərdə teatr binaları olmadığından tamaşalar bir deyil, bir neçə müxtəlif məkanlarda göstərilirdi. Məkanın seçilməsi isə bugünki dillə desək, tərtibatçı rəssam tərəfindən icra edilirdi. Və hər məkan yerləşmə mövqeyinə görə müxtəlif cür adlanırdı. Məsələn, daha çox musiqili oyunlar göstərilən yerə “Şelaxana” (şelaxana - müəyyən mənada tamaşaxananın və seyirxananın təhrif olunmuş şəkli) deyilirdi. Geniş həyətə malik saray ətrafında, memarlıq qurumu dairəvi və ya dördkünc olan karvansarayın ortasında, hovuz üstündə, hansı ki, həmin məkan elə “Hovuzüstü” adlandırılırdı.

Bütün bu elementlər Azərbaycanda peşəkar teatr sənətinin formalaşmasına səbəb olmuşdur.

Ümumiyyətlə, azərbaycanlılardan ibarət əhalinin yaşamış olduğu ərazilər zəngin gözoxşayan təbiəti, yeraltı və yerüstü sərvəti ilə hər zaman seçilmişdir. Bu zənginlik xalqın yaşayış tərzinə, məişətinə, mətbəxinə də bilavasitə təsir etmişdir. Həmçinin milli geyimlər, istifadə olunan məişət əşyalarının hər biri sənət əsəri olubdur. Bütün bu elementlər sonrakı dönəmlərdə bir folklor nümunəsi kimi tarixdə iz qoyubdur. Və bu izlərin hər biri bügünkü zəmanəmizdə bir sənət əsəri kimi qəbul olunurkinoya, teatra daxil olur. Beləliklə, bütün bu özəlliklər həmçinin yeni sənət sahələrinin formalaşmasına bilavasitə yardımçı olur. Məsələn, teatr sahəsində ilk vaxtlar yazılan ssenarilərin əksəriyyəti xalqın məişət həyatı ilə bağlı idisə, sözsüz ki, həmçinin hazırlana dekorasiyalar, istifadə olunan geyimlər, əşyalar da xalqın yaratdığı maddi-mədəni nümunələr idi, hansı ki, teatrın səhnəqrafiyasına da nəinki təsirsiz ötmədi, həmçinin peşəkar teatr-dekor sənətini formalaşdırdı.

Azərbaycan professional teatrının təşəkkülündə, istər zəngin repertuar, istərsə də səhnə tərtibatı, geyimlərdə xalq teatrı əhəmiyyətli rol oynamışdır. Eyni xüsusiyyətlər XIX əsrin axırı – XX əsrin əvvəllərində, professional Azərbaycan teatrının formalaşdığı dövrə də sirayət edir. Zaman-zaman repertuar seçimlərinə, əhatə etdikləri mövzulara, janrlara görə fərqlənən teatrlar yaranır. Hər teatr özünəməxsus repertuar seçiminə görə tamaşaçını həm ağladar, həm güldürər, əyləndirər. Repertuar dəyişdikcə dəyişən sadəcə rollar deyil, həmçinin ilk növbədə tamaşaya əsaslanan tərtibatdır.

Məlumdur ki, Azərbaycanda peşəkar teatr rəssamlığının təşəkkül tapması və formalaşmasına XX əsrin əvvəllərində, peşəkar realist teatr sənətinin və dramaturgiyasının inkişafı səbəb olmuşdur. Dövrünün görkəmli səhnə xadimləridən olan C.Zeynalov, H.Ərəblinski, A.M.Şərifzadə, Ə.Ələkbərov və başqalarının səyi nəticəsində teatr sənəti inkişaf etdi, peşəkar rejissuranın ilkin əsasları meydana gəldi.

İrəvan teatrının dekor sənəti ənənələri ümumən Azərbaycan teatr rəssamlığı zəminində inkişaf etmişdir. Canlı xalq məişətinin təsvirindən doğan maraqlı, rəngarəng lövhələr, dekorativ-tətbiqi sənət nümunələri bu teatrın təşəkkülündə mühüm rol oynamışdır. Xalqın həyatına daxil olmuş, gündəlik və ya xüsusi günlərdə, bayramlarda istifadə olunan tətbiqi sənət nümunələri İrəvan teatrında da hərtərəfli istifadə olunurdu. Bu ünsürlər xalqın ilk zamanlardan tamaşaları qavramasına, onları qəbul etməsinə bilavasitə vasitəçi olmuşdur.

Tipik müsəlman əhalisindən ibarət olan İrəvan mahalında teatrın tarixi çox qədimlərə gedir. Belə ki, Azərbaycanın digər bölgələrində olduğu kimi, azərbaycanlılardan ibarət bu şəhərdə də xalq oyun-tamaşaları – “Kosa-kosa”, “Qodu-qodu”, “Yel baba”oyunları, “Güdul”, “Kəvsəc” mərəkələri, dini ayinlər zamanı şəbih tamaşaları geniş təşəkkül tapmışdır. Azərbaycanda xalqın məişətini, etnik folklorunu əhatə edən bu kimi məzmunlu tamaşalarla yanaşı, dini tamaşaların da olması sözsüz ki, İslam ölkəsi olması ilə bağlı olub. Bu cür dini tamaşalara “Şəbihlər” deyilirdi.

Novruz bayramının mühüm epizodunu təşkil edən “Kosa-kosaoyunu əsl teatr mənbəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən, maska taxan aktyor vardır. Dövrün siyasi gərdişinə baxmayaraq, əski Azərbaycan torpağı olan İrəvan mahalında bu bayram xüsusi şəkildə qeyd edilərdi və bayrama hazırlıq prosesinə neçə ay öncədən başlanardı. Böyük kütləni bir araya toplayan bayram şənlikləri ölkəmizin hər bölgəsində olduğu kimi, burada da özünəməxsus şəkildə qeyd olunardı.

Novruzun əsas obrazı olan Kosa oyunbaz rolunda çıxış edərək köhnə il və qış fəslini təcəssüm etdirir, sifətinə yaz yumşaq ağac qabığı və ya keçədən hazırlanmış keçisaqqalını maska kimi taxır, başına şiş təskülah qoyur, əyninə yoluğ ləbbadə geyir, üstünə səs salan muncuq, znqrov geyinir, belinə çömçə, süpürgə və sümük asırdı. Maska taxmaqda məqsəd obrazı daha aydın göstərmək, xeyrin şər üzərində təntənəsini, zülmün süqutunu, zəhmətin qələbəsini, həyatın dirçəlməsini qabarıq şəkildə nümayiş etdirmək idi. Bu baxımdan qışı qorxutmaq üçün icra olunan “Kəvsəc” oyun-tamaşası xarakterikdir. Keçəlin maskaları keçədən, ya da boz parçadan düzəldilirdi və ona keçisaqqalı taxılırdı. Tamaşa vaxtı Kosaya eybəcər və gülməli görkəm vermək üçün oyunçu maskanı taxır və çiyninə tüklü dəri atır, belinə taxta xəncər bağlanırdı. Kosa bir qədər hündür, ucu şiş papağına zınqrov keçirirsonra başına yerləşdirirdi. Kosanın maskası uzunburunlu, ordu ordundan keçən, arıq üzlü olurdu. Kosa bu müxtəlif maskaları, əsasən, belinə sarıdığı qurşaqdan sıra ilə asırdı. Ya da istifadə etdikdən sonra onları gərdək-pərdə arxasındakı köməkçisinə verirdi. “Kosa oyunumaska tamaşasını bilavasitə hazırlayan və onu idarə edən ifaçıya Kosabaşı deyilirdi. Novruzun digər əsas obrazlarından biri də Keçəl idi. Xalq yaradıcılığı qaynaqlarında keçəllərlə əlaqədar əhvalatlar, nağıllar, dastan boyları, oyunlar çoxdur.

Tamaşaya müxtəlif obrazlarla rəngarənglik qatmaqla yanaşı, həm də coşğun ritm, dinamik sürət, hərəkət çevikliyi gətirirdi.

Milli folklordan qaynaqlanan İrəvanda ilk teatr tamaşası da məhz milli folklorla bağlı olan “İrəvan xanı və Novruz bayramı” məsxərəsi olur. Tamaşa 1882-ci il fevralın 27-də nümaiş olunur. Sözsüz ki, o zaman tamaşanı oynamaq üçün teatr öz binası yox idi. Lakin mənbələrdə qeyd olunur ki, növbəti tamaşalar o dövrdə İrəvan gimnaziyasının müəllim və şagirdləri tərəfindən təşkil olunur, tamaşalar hazırlanırdı.

Teatr-dekor rəssamlığında dekorativ-tətbiqi sənət əşyalarının istifadə dairəsi çox genişdir. Bu sahəni nahaq yerə “xalqa ən yaxın incəsənət” adlandırmırlar. İnsan məişətinin ən qədim dövrlərindən etibarən tətbiqi sənət məmulatları onun təsərrüfat fəaliyyətinə dərindən sirayət etmiş, bədii-estetik təfəkkürünün formalaşmasına ciddi təsir göstərmişdir.

Dekorativ-tətbiqi sənət həm də milli-etnoqrafik səciyyə daşıyır. Tətbiqi sənət əşyalarının bədii tərtibatı, buradakı bəzək nümunələri, onların kompozisiya xüsusiyyətləri özündə dərin milli mahiyyət əks etdirir. Tarixən formalaşmış Azərbaycan xalçaları, bədii tikmə nümunələri, zərgərlik, misgərlik, dulusçuluq məmulatları bədii kompozisiyanın həlli baxımından milli-mənəvi xarakterimizi ifadə etmişlər. Ümumiyyətlə, hər bir etnosun tətbiqi sənət nümunələrində onun milli-etnoqrafik cizgiləri akademik sənətə nisbətən daha qabarıq formada təcəssüm olunmuşdur.

Dekorativ-tətbiqi sənət nümunələri teatr-dekor sənətində hər zaman olmuşdur. Məlumdur ki, istənilən halda bədii tərtibatda geyim, aksesuar, müəyyən əşya və elementlər iştirak edir. Əslində bunlar artıq tətbiqi-sənət nümunələri kimi dəyərləndirilə bilər. Beləliklə, söyləmək mümkündür ki, tətbiqi sənət nümunələri ən müxtəlif formalarda səhnə məkanının bədii həllinə daxil olur.

Azərbaycan səhnəqrafiyası ümumən böyük, şərəfli inkişaf yolu keçmiş, özünəməxsus sənət ənənələri formalaşdırmışdır. Maraqlı cəhət burasındadır ki, milli səhnəqrafiyamızın inkişafında müstəsna əməyə malik olan rəssamlarımız yalnız bir teatrla deyil, bir neçə müxtəlif teatrlarla əməkdaşlıq edərək ümumən teatr-dekor sənətinin formalaşmasına, inkişafına səbəb olmuşdurlar. Ötən əsrin 50-60-cı illərində fəaliyyət göstərmiş görkəmli rəssamlar - Əyyub Fətəliyev, İzzət Seyidova, Bədurə Əfqanlı, Fedor Qusak, Nüsrət Fətullayev, eləcə də Mikayıl Abdullayev, Tahir Salahov, Elçin Məmmədov, Tahir Tahirov və başqaları bu sahədə gözəl yaradıcılıq nümunələri ərsəyə gətirmiş, Azərbaycan səhnəqrafiyasının inkişafına misilsiz töhfələr vermişlər. Onların yaratdığı böyük sənət ənənələrindən bəhrələnərək, regionun digər teatrlarında olduğu kimi, İrəvan Dövlət Azərbaycan Dram Teatrı səhnəsində də istifadə edilmişdir.

Ümumiyyətlə, incəsənət elə bir sahədir ki, ondan nə qədər istifadə olunarsa qurtarmaz. Əksinə, genişlənər, böyüyər, inkişaf edər, çoxalar.

Müasir dövrümüzdə Azərbaycan teatrları daha da sürətli inkişaf edir. Yeni-yeni repertuarlar, tez-tez yenilənən, dərinləşən dekor həlli diqqətə çarpır. Bu inkişafın səbəbi bilavasitə ölkə rəhbərliyinin xüsusi diqqətindən keçir desək, yanılmarıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyi ilə əlaqədar 2006-cı il 30 avqust tarixində sərəncam imzalamışdır.

Artıq 25 ildir ki, məcburu köçkünlük şəraitində yaşayan bu sənət ocağı ruhdan düşmədən daim yenilənən repertuar seçimi ilə fəaliyyətdədir. Bu fəaliyyətin mayasında bir ümidvar. Yenidən bu tamaşaçıları qədim Azərbaycan torpaqları olan, əskidən azərbaycanlıların baba yurdları olan İrəvan mahalında hazırlamaq.

Vətənə olan məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf, yüksəklik, mədəniyyət tələb edən mənəvi bir güc, qüvvədir.

 

 Səkinə  ZEYNALOVA

 

 Xalq qəzeti.- 2013.- 15 dekabr.- S.6.