Heydər Əliyev – müasir

Azərbaycanın qüdrətli memarı

 

 Heydər Əliyev siyasəti, onun tarixi nailiyyətləri haqqında çox yazılmış, müdrik fikirlər irəli sürülmüşdür. Şübhə yoxdur ki, bundan sonra da yazılacaq, dəyərli  fikirlər söyləniləcəkdir. Hər dəfə də bu siyasətə uğurlar qazandıran yeni keyfiyyətlər aşkara çıxarılacaqdır.

 

Keçən 40 ildən artıq müddətdə (istər 70-80-ci illərdə, itərsə də sonrakı illərdə) biz nisbətən yaşlı nəsil ümummilli lider Heydər Əliyev siyasətinin cahanşümul qələbələr qazanmasının şahidi olmuşuq. Eyni zamanda, xüsusilə, respublikamızın müstəqilliyi illərində öz  yaradıcılığımın əsas hissəsini ölkəmizdə yeridilmiş sosial-iqtisadi inkişaf siyasətinin elmi təhlilinə, əldə etdiyimiz nailiyyətlərin təbliğinə həsr etmiş bir alim kimi qəti qənaətim belədir ki, nadir dövlət xadimi Heydər Əliyevin Azərbaycana  rəhbərliyi dövründə əldə etdiyimiz böyük nailiyyətlərin də, onun özünün dünya miqyasında nadir şəxsiyyət, görkəmli dövlət xadimi, siyasi lider kimi tanınmasının və qəbul edilməsinin də əsas mənbəyi onun yeritdiyi siyasət olmuşdur.

Müasir dövrdə ulu öndər Heydər Əliyev siyasətini yeni formalarda davaminkişaf etdirmək onun layiqli varisi Prezident İlham Əliyevə də böyük müvəffəqiyyət qazandırmışdır. Bu siyasət ölkəmizin ildən-ilə sürətli inkişafına səbəb olur və dünyanın inkişaf etmiş dövlətləri arasında öz layiqli yerini tutmasına doğru aparır.

İstər-istəməz qarşıya belə bir sual çıxır: Heydər Əliyev siyasəti hansı keyfiyyətlərə malikdir ki, o ən çətin anlarda xalqı, ölkəni düşdüyü çətin vəziyyətlərdən xilas etmiş, böyük inkişaf yoluna çıxartmış və bununla da Heydər Əliyevə və onun siyasətinə ölməzlik, əbədi yaşamaq hüququ qazandırmışdır? Ümumiyyətlə, sahibinə qələbələr qazandırıb, hörmət, nüfuz gətirən siyasət hansı keyfiyyətlərə malik olmalıdır?

Əlbəttə, bu suallara ətraflı və əsaslandırılmış cavablar vermək üçün geniş tədqiqat aparmaq  vacibdir. Biz isə imkanımız daxilində bu keyfiyyətləri ümumi nəzəri-metodoloji səpkidə şərh etməyə və ümumiləşdirməyə çalışacağıq. Eyni zamanda, qeyd etməyi vacib bilirik ki, bu sualların ən aydın və düzgün cavabları Heydər  Əliyevin öz siyasətində  əksini tapmışdır. Əgər bu cavabları qısa formada ifadə etmək də olar: öz xalqını sevmək, onun bütün sahələrdə inkişafına xidmət etmək arzusubunun siyasətin bütün cəhətlərində öz ifadəsini tapması Heydər Əliyev siyasətinə böyük uğurlar qazandıran ən mühüm keyfiyyətlərdir.

Adətən, dövlət başçılarının, görkəmli siyasi liderlərin bütün insani keyfiyyətləri, onları geniş miqyaslı fəaliyyətə sövq edən arzu və istəkləri özlərinin siyasətində təzahür edir. Onlar siyasətdən cəmiyyətlə bağlı öz amal, istək və arzularını həyata keçirmək üçün qüdrətli bir vasitə kimi istifadə edirlər. Lakin siyasətin düzgünlüyünü müəyyən edən hakim siyasətçi özü deyil, zamandır, tarixdir. O həm siyasətin müəyyən edilməsinə hökm verir, həm də icrasının düzgünlüyünə aid son qərarı qəbul edir. Beləliklə, son nəticədə dövlət başçısının, siyasi liderin bu siyasətində ifadə olunan arzuları, istəkləri ya zamanın sınaqlarından keçərək öz düzgünlüyünə haqq qazandırır: cəmiyyətin tərəqqisinə, inkişafına nail olunur, onun müəllifi isə nüfuz, müvəffəqiyyət qazanır; ya da zaman, tarix bu siyasəti qəbul etmir: siyasətçi özü də məğlub olub, həyat səhnəsini tərk etməli olur.

Bu il anadan olmasının 90 illik yubileyini Azərbaycan xalqının böyük fərəh və minnətdarlıq hissilə qeyd etdiyi ümummilli liderimiz Heydər Əliyevin insani keyfiyyətlərinə, həyat amallarına və siyasətinə bir vəhdət halında yanaşdıqda onun ulu Tanrının xalqımıza, bütün türk dünyasına bəxş etdiyi nadir şəxsiyyət, xalqını, dövlətini və Vətənini hədsiz dərəcədə sevən, ömrünün mənasını onlara sədaqətlə xidmətdə görən və bunu öz siyasətində həyata keçirən müdrik bir insan, dünya miqyaslı bir dövlət xadimisiyasi lider kimi böyüklüyü daha aydın görünür. Bu xüsusiyyətlərin bir-birini qarşılıqlı surətdə tamamlaması dərhal diqqəti cəlb edir. Heydər Əliyevin şəxsiyyətinin, həyat və fəaliyyətinin əhəmiyyəti, təsir dairəsi onun özünün yaşadığı dövrdən və Azərbaycanın sərhədlərindən çox-çox kənara çıxır, daha böyük və əhatəli əhəmiyyət kəsb edir.

Ulu öndərin həyatı və fəaliyyəti narahatlıq, axtarış, vətənə, xalqa bağlılıq, işgüzarlıq, cəsarətlilik, dözümlülük, fədakarlıq, təşəbbüskarlıq, uzaqgörənlik, qayğıkeşlik və tələbkarlığın bir insanda üzvü surətdə birləşməsinin parlaq nümunəsidir. Heydər Əliyevin bütün bu insani keyfiyyətləri, xalqa bağlılığı və xalqa xidmət etmək istəyi onun həm XX əsrin 70-80-cı illərində, həm də müstəqillik illərində yeritdiyi siyasətdə təzahür etmişdir.

Əgər siyasətin dövlət başçılarının, hökmdarların, görkəmli siyasi liderlərin cəmiyyətlə bağlı öz arzu, istək və amallarını həyata keçirmək vasitəsi olması fikrilə razılaşsaq, onda bu amalların xalqın istək və arzuları ilə üst-üstə düşməsinin siyasətin düzgünlüyünün və qələbələr qazandırmasının ilkin şərti və bu cəhətdən Heydər Əliyevin əvəzsiz bir siyasətçi olduğunu qəbul etməliyik.

Dünya şöhrətli siyasətçi Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan onun ürəyidir, canıdır, azərbaycanlı olması ilə fəxr edir. Öz xalqının istək və arzularına, Azərbaycanın tərəqqisinə xidmət etmək onun əsas amalıdır. Azərbaycanın müstəqilliyi, müstəqil inkişaf üçün mübarizədə heç kimdən, heç nədən qorxmur, əgər tələb olunarsa, Azərbaycanın müstəqilliyi, müstəqil inkişafı uğrunda mübarizədə bütün həyatını, hətta övladlarını belə qurban verməyə hazırdır. Lakin onun görkəmli bir dövlət xadimi, siyasi lider kimi amalları ömrünün son vaxtlarında – 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində öz ifadəsini daha aydın tapmışdır. Bu, bizim fikrimizcə, onun xalqımıza son müraciəti olmaqdan başqa, həm də ölkəni, xalqı idarə etmək məsuliyyətini öz üzərinə götürənlərə bir növ vəsiyyəti, məsləhəti və müraciəti idi.

Ulu öndər  Heydər Əliyev o zaman  üzünü bütün ömrünü həsr etmiş olduğu xalqına tutaraq demişdi: “Mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə prezident kimi rəhbərliyimin 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, prezidenti kimi mənim həyat amalım yalnız sizə—bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi, yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yanız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”.

Beləliklə, öz xalqını istəmək, ona xidmət etmək, ən çətin anlarda ona sadiq olmaqona arxalanmaq  xalqın istək və arzularını ifadə etmək siyasətin düzgünlüyünün və qələbəni təmin etməsinin çox vacibümumi şərtidir. Bu keyfiyyət Heydər Əliyev siyasətində çox güclü surətdə təzahür etmişdir. Lakin burada bir sual meydana çıxır: siz xalqı, Vətəni sevirsiniz, ona arxalanırsınız, siyasətiniz də xalqın istəyinə, mənafeyinə uyğundur. Bəs vətən, xalq necə, sizi başa düşür, sevir, inanır və arxalanırmı?

Heydər Əliyev siyasətinin ona uğurlar qazandıran ikinci mühüm xüsusiyyəti öz siyasətinin doğruluğuna, cəmiyyətin mənafeyinə yönəlmiş olmasına xalqı inandırmaq və onun icrası üçün səfərbər etmək qabiliyyətdır.

Müdrik siyasətçi Heydər Əliyev hamıdan və hər kəsdən yaxşı başa düşürdü ki, xalqı sevmək olar, ölkənin, xalqın inkişafı üçün real məqsəd və vəzifələr qarşıya qoymaq, xalqın mənafeyinə yönəlmiş planlar, proqramlar qəbul etmək olar. Planı, proqramı, ideyanı, siyasəti yuxarılar və onların sərəncamında olan mütəxəssislər, elmi qüvvələr hazırlayır. Onun icraçısı isə xalqdır, ixtisaslı, sadə zəhmət adamlarıdır. Əgər xalq dövlətin, rəhbərin siyasətini, məqsəd və vəzifələrini, proqramlarını dərk etmir, dəstəkləmir və onun  icrası üçün şüurlu surətdə səfərbər olunmursa, həmin planlar kağız üzərində qalıb sonda rəhbərə də, xalqa da ziyan verən bir sənədə çevriləcək, rəhbərin xalq qarşısında öz nüfuzunu itirməsinə səbəb olacaqdır.

Böyük nəzəriyyəçi və praktik olan Heydər Əliyev siyasətinin reallaşması üçün belə bir həqiqəti əldə rəhbər tuturdu ki, siyasət xalqın, millətin fəaliyyətini onun qarşısında duran problemlərin həllinə səfərbər etmək məqsədi güdür. Odur ki, siyasətin kütlə üçün aydın, başadüşülən, səfərbəredici olması və kütləyə çatdırılması olduqca vacibdironun həyata keçirilməsinin ən vacib şərtidir. Məhz bu səbəbdən Heydər Əliyev tez-tez respublikanın rayonlarına, şəhərlərinə səfərlər edir, rayon rəhbərlərini, təsərrüfat işçilərini bir araya gətirərək zona müşavirələrində müzakirələr keçirirdi. Bu tədbirlərdə regionda olan problemlər aşkara çıxarılır və onların həlli üçün lazımi təşkilati, maliyyə-iqtisadi tədbirlər həyata keçirilirdi. Heydər Əliyev bu səfərlər zamanı sadə zəhmət adamları ilə görüşür, onların həyat, əmək və məişət şəraitilə tanış olur. Bütün bunlardan çıxarılan nəticələr sonrakı dövrdə düzgün siyasətin formalaşması  və həyata keçirilməsində mühüm rol oynayırdı.

Heydər Əliyev siyasətinin üçüncü mühüm cəhəti bu siyasətin öz mayasını və ideya istiqamətini obyektiv reallıqdan olması, hərtərəfli təhlil əsasında obyektiv reallığın bütün çalarlarının dərindən dərk olunmasına və obyektiv qiymətləndirilməsinə əsaslanması, həmin real şəraitin məqəsədyönlü surətdə dəyişdirilməsinə yönəlmişdir. Başqa sözlə və şəraitdə, hər hansı mərhələdə öz siyasətini, onun məqsəd və vəzifələrini müəyyən etmək üçün əvvəlcə keçilmiş yola nəzər salır, yaranmış vəziyyəti, daxilixarici şəraiti, əldə olunmuş nailiyyətləri və ya uğursuzluqları, onların səbəblərini ətraflı təhlil edir, obyektiv nəticələr çıxarılır, yaranmış vəziyyət obyektiv qiymətləndirilir, sonra qarşıda duran vəzifələr və onların yerinə yetirilməsi yolları müəyyənləşdirilir. Bu baxımdan istər 70-80-cı illərdə, istərsə də müstəqillik illərində keçilən yolda Heydər Əliyev siyasətinin  konkret şəraitdə mövcud vəziyyəti obyektiv qiymətləndirmək, düzgün qərarlar qəbul etmək və müvafiq icra mexanizmləri seçməklə hər cür çətinliyə qalib gəldiyi aydın görünür.

Heydər Əliyev siyasətinin, ona qələbələr gətirən dördüncü mühüm xüsusiyyəti onun çevik xarakter daşımasıdır. Bu siyasət bir tərəfdən özünün başlandığı vaxt mövcud olan şəraitin tələbatından yaranır, həmin şəraitə uyğunlaşır, digər tərəfdən bu şəraiti məqsədyönlü surətdə dəyişməyə yönəlir. Şərait dəyişdikcə, siyasət də dəyişir və yeni şəraitin tələblərinə uyğunlaşır. Şəraitin dəyişdiyini, qarşıya yeni vəzifələr çıxdığını hamıdan,  hər kəsdən yaxşı görərək, o özü də mərhələ-mərhələ dəyişir və yeni şəraitin tələblərinə uyğunlaşır, qarşıya çıxan yeni vəzifələrin yerinə yetirilməsini öz siyasətinin hədəfinə çevirir.

Heydər Əliyev siyasətinə uğurlar qazandıran ən mühüm keyfiyyətlərdən biri onun siyasətinin Azərbaycanın böyük inkişaf imkanlarına malik olunmasına möhkəm inam üzərində qurulmasıdır. Hələ 70-80-ci illərdə o, ittifaq hökumətinin yaratdığı maliyyə-iqtisadi məhdudiyyətlərə baxmayaraq respublikamızın əlverişli coğrafi mövqeyinin, kifayət qədər kadr, elmi-texniki potensialının, təbii resurslarının, əlverişli torpaq-iqlim şəraitinin olmasını perspektiv inkişafın mühüm amilləri kimi qiymətləndirirdi.

Heydər Əliyev siyasətinin başqa mühüm xüsusiyyəti isə daxilixarici siyasətin vəhdətdə götürülməsi, düzgün əlaqələndirilməsi, əlverişli xarici mühitdən ölkənin daxili problemlərinin həlli üçün səmərəli istifadə olunmasıdır.

Heydər Əliyev siyasəti həm də elmə əsaslanırdı. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən bir az sonra o, AMEA-nın görkəmli alimlərilə görüşmüş, alimlərin əməyinin təşkilinin təkmilləşməsi, elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılması, samballı, elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyyələrin hazırlanması və təcrübədə istifadə olunmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Alimlərin yaradıcı düşüncələrindən istifadə etmək üçün Heydər Əliyevin rəhbərliyi dövründə onların böyük əksəriyyəti müxtəlif dövlət əhəmiyyətli komissiyalara cəlb olunur, iqtisadiyyatın planlaşdırılmasında, dövlət siyasətinin, məqsədli Dövlət Proqramlarının hazırlanmasında fəal iştirak edirdilər.

– Heydər Əliyevin iqtisadi siyasəti hər kəsin, xüsusilə dövlət məmurlarının, partiya işçilərinin öz vəzifə borclarının, dövlət plan tapşırıqlarının, tapşırılan hər hansı işin yerinə yetirilməsi üçün məsuliyyət daşıması, hesabatlılıq, cavabdehlik prinsipi üzərində qurulmuşdu.

– Heydər Əliyev siyasəti qarşıya aydın, elmi cəhətdən əsaslandırılmış uzun və qısa müddətli məqsədlər qoyması və onun reallaşması üçün müvafiq düzgün üsul və vasitələr seçməsilə diqqəti cəlb edir. Strateji məqsədləri dəyişmədən konkret cari məqsəd və vəzifələr dəyişir və mövcud şəraitin tələblərinə uyğunlaşdırılır.

– Heydər Əliyev siyasəti qarşıya qoyulan vəzifə və məqsədlərin ardıcıllığı, bir-birini qarşılıqlı surətdə tamamlaması, mürəkkəb hadisə və proseslər içərisində həlledici həlqənin tapılması və onun   inkişafının ön plana çəkilməsilə, bütövlükdə, ölkə miqyasında iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı ilə əlaqədar problemlərin həllinə şərait yaratmaq qabiliyyətilə diqqəti cəlb edir. Belə bir cəhəti xatırlamaq kifayətdir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə respublkanın iqtisadiyyatını tənəzzüldən çıxarmaq üçün qeyri-neft sektorunun sürətli və səmərəli inikşafını ön plana çəkmişdi. Müstəqillik bərpa olunandan sonra Respublikaya rəhbərlik edərkən bütünlükdə iqtisadiyyatı böhrandan çıxarmaq və bazar iqtisadiyyatına keçmək üçün neft hasilatının artması və neft sənayesinin inkişafını ön plana çəkmişdir.

– Heydər Əliyev siyasəti əvvəldən sonadək ümumxalq mənafeyinin milli mənafe ilə sıx əlaqədə müdafiəsinə və reallaşdırılmasına yönəldilmişdir. Bu səbəbdən əhalinin böyük əksəriyyətinin bu siyasəti müdafiə edəcəyinə möhkəm inam üzərində qurulur. Bu inam onun rəhbər olduğu bütün illərdə özünü doğrultmuşdur. Belə ki, vaxtında təşkiledici, səfərbəredici və tənzimləyici tədbirlər həyata keçirməklə bu mənafelərin reallaşmasına nail olunurdu.

- Heydər Əliyev siyasətinin uğurlar qazanmasında varislik prinsipinə əməl olunması, hadisə və proseslərə tarixi səpkidə yanaşılması, keçmişdə əldə olunmuş nailiyyətlərə hörmətlə yanaşılması və digər bu xarakterli amillər də mühüm rol oynamışdır.

 

Əli NURİYEV,

 

AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2013.- 15 dekabr.- S.3.