Heydər Əliyev siyasətinin əbədiyaşarlığı

 

Azərbaycanın  dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi,  idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza və gələcəyimizə  bələdçilik edən ümummilli  liderimiz  Heydər Əliyevin dövlətçilik təlimi  onun böyük siyasi fəaliyyətində  mühüm yer tutur. Bu baxımdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş, AMEA-nın vitse-prezidenti,Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” monoqrafiyası dəyərli bir vəsaitdir. Giriş, “Dahilik və zaman”, “Həyatda və böyük siyasətdə İlham Əliyev körpüləri”, “Naxçıvan Muxtar Respublikası: Heydər Əliyevdən İlham Əliyevə”   bölmələrindən ibarət olan əsər  ölkəmizdə milli dövətçilik ideyasının gerçəkləşdirilməsi, dövlətin qurulması, dövlətçiliyin möhkəm  əsasları,  etibarlı dayaqlarının yaradılması və  xalqımızın müstəqillik arzusuna çatmasında  inkişafın bütün istiqamətlərini əhatə edir.

 

Monoqrafiyanın “Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin böyük  xilaskarlıq missiyası” məqaləsindən aydın olur ki, XX əsrin doxsanıncı illərinin əvvəllərində AXC-Müsavat hakimiyyəti ölkəmizi cəmiyyət həyatının bütün sahələrini əhatə edən dərin böhran vəziyyətinə çatdırmışdı. Belə bir  böhranlı dövrdə böyük dövlətçilik təcrübəsinə, yüksək liderlik qabiliyyətinə malik olan qüdrətli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi cəbhəyə qayıdışı xalqın və zamanın tələbi  idi. Heydər Əliyev Azərbaycan xalqı qarşısında məsuliyyətli bir tarixi vəzifəni qəbul edərək  böyük xilaskarlıq  missiyasını dönmədən, qətiyyətlə həyata keçirmişdir.

Xalqımızın böyük oğlu Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində (3 sentyabr 1991-ci il-14 iyun 1993-cü  il) çalışarkən çoxcəhətli fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan  məktəbini yaratmışdır. Hələ Sovetlər İttifaqı dağılmamış və Azərbaycanda dövlət müstəqilliyi elan olunmamış 17 noyabr 1990-cı ildə üçrəngli Azərbaycan bayrağının dövlət rəmzi kimi qəbul edilməsi cəsarətli və uzaqgörən dövlət xadimi Heydər Əliyev   tərəfindən  Naxçıvanda həyata keçirilmişdir. Belə bir dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının  adından “Sovet Sosialist” sözləri çıxarılmış, Naxçıvan MR Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün  müəyyən olunması ilə hərəkatın əsası qoyulmuşdur.Müstəqil Azərbaycanın taleyində xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının Heydər Əliyev  tərəfindən 21 noyabr 1992- ci ildə yaradılması  böyük öndərin həyat və fəaliyyətinin Naxçıvan dövrünün müstəsna dərəcədə əhəmiyyətli olduğunu göstərir. Həmin dövrdə Naxçıvan MR-in işğal olunmaqdan xilas edilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanması Heydər Əliyevin tarixi xidmətlərindən biridir.

Xalqımız belə cəsarətli, düşünülmüş  və məqsədyönlü, ümumi mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını arzu və tələb etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının böyük ümidlərinin dalğasında ikinci dəfə yenidən hakimiyyətə gələrək ölkəmizdə milli qurtuluş hərəkatının bünövrəsini qoymuşdur. Beləliklə, 15 iyun 1993-cü il müstəqil Azərbaycan dövlətinin tarxinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev 3 oktyabr 1993-cü ildən başlayaraq qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurmasının aradan qaldırılmasına nail olmuşdur. Cəmiyyət həyatının bütün sahələrini əhatə edən  islahatların uğurla həyata keçirilməsi  genişmiqyaslı böhranı aradan qaldırmışdır. Dünyanın aparıcı dövlətləri ilə imzalanan  neft müqaviləsi tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuşdur. Bakı-Tbilisi-Ceyhan  neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin çəkilişinə verilən qərarlar Azərbaycan xalqının iqtisadi böhrandan xilas edilməsində əhəmiyyətli hadisələrə çevrilmişdir. Dövlət  hakimyyəti, ordu quruculuğu möhkəmləndirilmişdir. Ümumxalq səsverməsi ilə 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqillik dövrünün Azərbaycan Konstitusiyası tarixə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuşdur.

Heydər Əliyev siyasi kursunun, dövlətçilik təliminin layiqli  davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi Milli Qurtuluşdan yeni intibaha çatdıran görkəmli dövlət xadimidir. Möhtərəm Prezidentimizin rəhbərlyi ilə ötən 10 il ərzində  Azərbaycan  regionlarının inkişafı, qeyri-neft sektorunun, turizmin inkişaf etdirilməsi Bakıətrafı qəsəbələrin yenidən qurulması  proqramlarının ardıcıl olaraq gerçəkləşdirilməsi ölkəmizin simasını tanınmaz dərəcədə dəyişmişdir. Aparılan möhtəşəm quruculuq  prosesi paytaxtımız  Bakını dünyanın müasir şəhərləri sırasına çıxarmışdır. Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da genişlənmiş və möhkəmləndirilmişdir. Ölkəmizdə Azərbaycançılıq məfkurəsi dərinləşmiş,milli ideologiya formalaşmış, milli mədəniyyətimiz, elmimiz və ədəbiyyatımız dünyada tanınmış və geniş təbliğ edilmişdir.

Müəllif qeyd edir ki, müstəqillik dövründə Naxçıvan MR- də  Milli qurtuluşun işığında böyük və şərəfli yol keçmişdir. Ölkə rəhbərliyinin müəyyən etdiyi siyasətin zəminində Naxçıvan MR Ali Məclisinin sədri Vasif  Talıbovun  məqsədyönlü  rəhbərliyi ilə ardıcıl olaraq genişmiqyaslı layihələr  əsasında Muxtar Respublika əsaslı şəkildə yenidən qurulmuşdur.   Qədimlik və müasirliyin vəhdətində tikilmiş Naxçıvan  şəhəri  XXI əsrin intibah şəhərinin bənzərsiz  simasını özündə cəmləşdirir. Ucqar dağ  kəndlərindən  rayon mərkəzlərinədək  hər yerdə genişmiqyaslı quruculuq  prosesləri  sayəsində Muxtar Respublika müasir tipli abad bir regiona çevrilmişdir.

Monoqrafiyanın “Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə” məqaləsində müstəqil  dövlətimizin və xalqımızın  taleyində mühüm əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasını şərtləndirən əsas amillər, ölkədə siyasi tarazlığın qorunub saxlanması, bütövlükdə siyasi proseslərin yönləndirilməsi, müstəqil dövlətin milli ideologiyasının təbliğində partiyanın  xüsusi rolu, YAP-ın ümummilli liderimiz Heydər Əliyevdən ölkəmizin Prezidenti İlham Əliyevə qədər keçdiyi  şərəfli yoldan bəhs olunur.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni dövrünmüasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirir. İlham Əliyev daim inkişafda olan Heydər Əliyev siyasi təlimin yaradıcısıdır. İlham Əliyev görkəmli dövlət xadimiböyük siyasi  xadim  səviyyəsinə yüksəlmiş, geniş şöhrət və nüfuz qazanmışdır. O, XXI əsrin yeni tipli siyasi  lideridir. Bütün bunlara görə də Azərbaycan  xalqı 2013-cü ilin 9 oktyabr Prezident seçkilərində özünün qəti seçimini etmişdir: İlham Əliyev və yalnız İlham Əliyev!

Kitabın “Naxçıvan Muxtar Respublikası: Heydər  Əliyevdən İlham Əliyevə” bölməsində Azərbaycanda dövlət müstəqilliyinin bünövrəsinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, müstəqil dövlətçiliyin taleyində Heydər Əliyevin həyat və fəaliyyəti, Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışının  bəhrələri, Prezident İlham Əliyevin ölkəmizdə Heydər Əliyev milli dövlətçilik təliminin dönməzliyi, davamlılığı, yaradıcı  şəkildə inkişaf etdirilməsi, Azərbaycanda bütün bölgələrin bərabər və yüksək inkişafına nail olunması, Naxçıvan MR-də ölkəmizin ərazi bütövlüyünün qorunub daha da möhkəmləndirilməsi, milli dövlətçiliyin inkişaf etdirilməsi, quruculuq proseslərinin genişlənməsi, yeniləşən Naxçıvanda  keçilmiş şərəfli yol, dövlətçilik, quruculuq, idarəetmə sahəsində  toplanmış zəngin təcrübədən  söz açılır.  Yeni nəşr müstəqil Azərbaycanda milli dövlətçiliyin inkişafında ölkəmizin yeni və sürətli tərəqqisi, dövlətçiliyin daha da möhkəmləndirilməsi, Heydər Əliyev siyasətinin əbədiyaşarlığını göstərir.

 

Afət SADIQOĞLU,

Xalq qəzeti”

 

Xalq qəzeti.- 2013.- 15 dekabr.- S.4.