Zamandan uca yazıçı-mütəfəkkir

 

Ötən iyirminci əsr dəhşətli müharibələrin, inqilabların, repressiyaların baş verməsi ilə yanaşı, görkəmli alimlərin, yazıçıların, mütəfəkkirlərin doğulması ilə də müşayiət olunmuşdur. Yalnız qırğız xalqının deyil, bütün türk dünyasının dahi oğlu Çingiz Torekul oğlu Aytmatov həmin şəxsiyyətlərin sırasındadır.

 

O zaman türk dünyasının böyük hissəsi bolşevik rejiminin hədəfi olmuşdur. On yaşında atasını - 1938-ci ildə güllələnmiş Qırğızıstanın görkəmli dövlət xadimi Torekul Aytmatovu itirmişdir. Bu il biz on minlərlə azərbaycanlıların Mərkəzi Asiyaya, o cümlədən Qırğızıstana sürgün olunmalarının 80 illiyini qeyd etmişik və gələcək yazıçı-mütəfəkkir Çingizin hansı çətin şəraitdə boya-başa çatmasını yaxşı başa düşürük.

Çingiz Aytmatov dünya miqyaslı ədəbiyyat dahisidir. Bütün əsərlərində fəlsəfi, mənəvi və ümumbəşəri problemlərə toxunmuşdur. “Səma dağları” kimi tərcümə olunan qüdrətli Tyan-Şan dağ sistemləri və Pamir zirvələri üzərindən bir günəş çıxmışdır, həmin günəş Çingizdir. Zirvələri bütün il boyu qarla örtülü olan dağları Qırğızıstanda “Ala-Too” adlandırırlar, qırğız dilindən “rəngarəng, parlaq dağlar” kimi tərcümə olunur. Çingiz Aytmatovun əsərləri də belədir.

Qırğız xalqı türk və bütövlüklə, bütün dünya xalqlarına əlçatmaz zirvə hesab olunan təkrarolunmaz, fenomenal yazıçı və fikir sahibi bəxş etmişdir.

Çingiz Aytmatovun əsərləri dünya ədəbiyyatının qızıl fonduna daxil olmuşdur.

1986-cı ilin oktyabr ayında Çingiz Aytmatovun təşəbbüsü ilə yaradılmış İssik-Kul Beynəlxalq İntellektuallar Forumu görkəmli şəxsləri bir yerdə cəmləşdirir. Bu forumun məqsədi yeni təfəkkürün yaranması, yeni ideyaların və fikirlərin mübadiləsi idi. Böyük əminliklə söyləmək olar ki, birinci forumdan başlayaraq, Çingiz Aytmatov Qırğızıstanı dünyaya tanıtmışdır.

Bu mənada İssik-Kul Beynəlxalq Forumunun əhəmiyyəti qiymətsiz hesab oluna bilər. Bu yaxınlarda Forumun üçüncü toplantısı keçirildi. Azərbaycan Respublikasının Milli Məclisinin komitə sədri, görkəmli alimimiz Nizami Cəfərovun, Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Sarvan İbrahimovun çıxışları yaddaqalan oldu. Çingiz Aytmatovun ruhunu, fikirlərini və miras qoyduğu ənənələri sədaqətlə qoruyub saxladığı üçün qırğız xalqının, Qırğızıstanın rəhbərliyinin gördüyü işlər təqdirəlayiqdir.

Çingiz Aytmatov mənim uşaqlıq və gənclik dövrümün yazıçısıdır, ən çox sevdiyim qələm sahiblərindən biridir. Mən onu yalnız sevməmişəm, həm də fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, qardaş qırğız xalqının və türk dünyasının belə nəhəng ədəbi siması var. Onu da deyim ki, Qırğızıstandan və Rusiyadan sonra Çingiz Aytmatovun əsərləri (“Cəmilə” povestindən tutmuş “Edam kötüyü”nə və ondan sonrakı romanlarınadək) ən çox Azərbaycanda tərcümə olunub, çap edilib.

Tale elə gətirib ki, mən onunla 1983-cü ildə İrəvanda tanış oldum, iki dəfə təklikdə, bir neçə dəfə çoxluqda görüşlərimiz oldu, xeyli söhbət etdik. Xanımı ilə dəvət olunmuşdu. Balaca qızı Şirin də orada idi. Yazıçılar İttifaqının akt zalında ictimaiyyətlə görüşündə də iştirak etmişəm. Yazıçılar İttifaqının səfalı bir yerdə yaradıcılıq evi vardı, sonra Çingiz Aytmatovu ora istirahətə apardılar. Adını ermənicəyə dəyişib “Caxkacor” qoysalar da, çoxu qədim, əsl adını – “Dərəçiçək” deyirdi.

Çingizgil Dərəçiçəkdə dincələndə elə oldu ki, məni SSRİ Mədəniyyət Nazirliyinin kollegiya iclasına dəvət etdilər – təcili olaraq Moskvaya getdim və başqa görüşlərim də olduğu üçün səfərim çox çəkdi. Mən qayıdanacan Çingiz Torekul oğlu Moskvaya dönmüşdü. İrəvandakı söhbətlərimdə mən erməni millətçiliyindən danışdım. Bu məlumatlar ona yeni idi, dediklərimi diqqətlə, səbrlə dinləyirdi.

İllər keçəndən sonra biz Moskvada Yazıçılar Evində görüşdük. Dedi: “Səni tez-tez xatırlayıram, onda artıq Bakıda “Gənclik” nəşriyyatının baş redaktoru işləyirdim.

Bakıya köçdükdən sonra onun povestlərindən ibarət irihəcmli kitabını bizim nəşriyyat evində çap etdirdik. Moskvaya telefon açdım, danışdıq, müqavilə ona göndərildi, imzalayıb Bakıya qaytardı. Sonra o, mənə zəng etdi.

Keçmiş SSRİ-nin dağılması ərəfəsində yenidən Moskvada görüşdük. Artıq Dağlıq Qarabağ problemi başlamışdı, o, özü vəziyyət barədə narahatlıqla soruşdu, biz erməni millətçilərindən geniş danışdıq. O, mənə dedi ki, neçə illər əvvəl İrəvanda görüşəndə mənə bu haqda danışmışdınız  və çox dərin fikrə getdi.

Mən çox təəssüf edirəm ki, Çingiz Aytmatov sonuncu dəfə Bakıya gələndə mən xaricdə idim, əlbəttə, o, məni soruşmuşdu. Bişkekdə işə başlayandan bir az sonra Qırğızıstanın Yazıçılar Birliyinin rəhbərliyi və bir qrup görkəmli yazıçısı ilə “Ata Beyit”ə gedib Çingiz Aytmatovun məzarını ziyarət etdim. Məzarın önündə ehtiramla baş əydikcə, yanındakı Repressiya Qurbanları Muzeyinin tükürpədici eksponatlarına baxdıqca, dəhşətli informasiyaları oxuduqca, şərhçi xanım əməkdaşın kədərli səsini, qəmli sözlərini dinlədikcə çox mətləb barədə düşündüm: “Dünya bir pəncərədir” – hamı gəlir, gedir... Böyüklər əbədiyyətə qovuşurlar.

Biz tez-tez görüşməsək də, münasibətlərimiz səmimi idi. Yaşda məndən on altı il böyük olsa da, ona, sadəcə, “Çingiz” deyə müraciət edirdim. Nə üçün belə müraciət etdiyimin izahını da vermişdim: “Sizə Çingiz ağa, Çingiz mırza, ya Çingiz Torequloğlu – deyə müraciət etsəm nəhəngliyinizi, “statusunuzu” kiçiltmiş olaram. O Çingiz tarixin fəthlər Çingiziydi, Siz onun tarixdəki obrazını ədəbiyyatda yaradırsınız, beləliklə, dünya ədəbiyyatının Çingizisiniz”. Gülə-gülə dedi: “Mənə elə belə də müraciət et, belə xoşuma gəlir”.

Bir daha deyirəm: “Çingiz Aytmatovu, demək olar, bütün dünya oxuyur, tanıyır, sevir. Ancaq onun Qırğızıstandan sonra ən çox dəyərləndirildiyi, sevildiyi ölkə Azərbaycandır. Azərbaycanı yaxşı tanıyan, Çingizi çox sevən qırğız qardaş-bacılar mənə deyirlər: “Biz Çingizi oxumağı və dəyərləndirməyi sizdən öyrənməliyik”. Mən deyirəm “Bizi çox böyütməyin, Çingizə olan səmimi sevgimizin üstünə çox qoymayın. “Deyirlər: “Heç nəyi böyütmürük, üstünə heç nə qoymuruq”.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Çingiz Aytmatovu həm yazıçı, həm də ziyalı-şəxsiyyət kimi yüksək dəyərləndirirdi. Onun tapşırığı ilə böyük yazıçının doğumunun 75 illiyinin Azərbaycanda qeyd olunması üçün hazırlığa başlanıldı. Milli Akademik Dram Teatrında Muxtar Şaxanovla birlikdə həmmüəllifi olduğu pyesin səhnə həlli üzərində iş başladı. Tamaşa hazırlandı. Yubiley payız aylarında keçiriləcəkdi.

...Aprel ayında ulu öndər xəstələndi... Dekabrın 12-də – Çingiz Aytmatovun doğum günündə əbədiyyətə qovuşdu.

Yubiley Azərbaycanda beş il sonraya, 2008-ci ilə, yazıçının 80 illiyinə qaldı və yüksək səviyyədə keçirildi. Prezident İlham Əliyevin sərəncamı ilə Çingiz Torekul oğlu “Dostluq” ordeni ilə təltif edildi. Bu təltif “Dostluq” ordeninin ilki – 1 saylısı idi.

Ölkə Prezidentimizin sərəncamı ilə ölməz söz ustadının 85 illiyi Azərbaycanda yüksək səviyyədə, geniş qeyd olunur.

Hələ gənclik illərimdə yazdığım, indiyədək də sevdiyim, həyatda isə görmədiyim ustadıma həsr etdiyim “Səməd Vurğun Qitəsi” şeirindən misralar düşdü yadıma:

 

...Gördüm orda

dahilərin taleləri

insanlığın öz yoludur, həyatıdır,

 Kitabını varaqlaya-varaqlaya

 mən bir daha inandım ki -

 ən çətin janr bayatıdır!!!

 

Gördüm orda

İstiqbalın duyğuları qanad açıb

qatar-qatar,

 

Gördüm, ustad,

yerlə göyün arasında

Vurğun adlı bir Qitə var!

 

Dünyada belə bir qitə də Çingiz Qitəsidir.

Yerlə göyün arasında -

Zamandan ucada.

 

Hidayət ORUCOV,

Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

5.XI.2013 Bişkek

 

Xalq qəzeti.- 2013.- 17 dekabr.- S.5.