Neft-kimya Azərbaycanını
dünyada tanıdanlar
Bu sırada “Petkim”də çalışan ilk azərbaycanlılardan
biri də professor Füzuli Nəsirovdur
Türkiyə
Respublikasının neft-kimya sənayesinin aparıcı
qüvvəsi, İzmir şəhərində yerləşən
“Petkim Petrokimya Holdinq A.Ş.”in baş direktoru Sadettin Qorqud
şirkətdə çalışan həmyerlilərimizi belə
tanıtdı: “Petkim”də azərbaycanlılar uğurla
çalışır və çox məsuliyyətli vəzifələr
yerinə yetirirlər. Onların hər biri öz sahəsində
yaxşı mütəxəssis, işlərini inkişafa
uyğun quran, zəhmətkeş insandır. Azərbaycanlı
mütəxəssislər xarici dil bilmələri ilə də,
şirkətdə əcnəbilərlə ünsiyyət
yaradılması istiqamətində də çox
böyük işlər görürlər. “Bir millət–iki
dövlət”in mənsubları olaraq şirkətimizin gələcək
hədəflərinə çatması üçün bizlərə verilən imkanlarla var
gücümüzlə çalışırıq”.
Baş direktorun qürurla
danışdığı və güvəndiyi bu insanlar
sırasında uzun illərdir ki, Türkiyədə fəaliyyət
göstərən kimya elmləri doktoru, professor Füzuli Nəsirovun
adını çəkməmək mümkün deyil.
Füzuli müəllim “Petkim”də çalışan və
kifayət qədər geniş tanınan, önəmli bir
nüfuza sahib olan həmyerlimizdir.
“Füzuli müəllim bütün petkimlilərin
ağsaqqaldır!”- bu sözləri isə şirkətin mətbuat
katibi Sərxan Aksuyek söyləyir.
“Petkim” ailəsində ilk azərbaycanlı...
Elə ilk andan hiss
edirsən ki, üstün insani keyfiyyətləri ilə
olduqca səmimi və sadə görünən bu elm adamı,
dərin biliyi və mülahizələri
ilə ətrafdakılardan daim seçilir və sıravi
insan olmadığını ortaya qoyur. İlk
tanışlığımız hələ iki il əvvəl
azərbaycanlı jurnalistlərin İzmirə səfəri
zamanı başlamışdı. “Petkim”i də bizlərə
ilk tanıdan, Türkiyənın bu sənaye nəhəngini
soydaşlarına təqdim edən baş direktorun elmi məsələlər
üzrə müşaviri Füzuli müəllim idi. O, 1952-ci
ildə Azərbaycanın qədim paytaxtlarından olan Bərdə
şəhərində doğulmuşdur. 1975-ci ildə Azərbaycan
Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət
Neft Akademiyasını) bitirmişdir. Azərbaycan Milli Elmlər
Akademiyasının akademik Y.Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutuna təyinatla göndərilmiş
və o zamandan da burada elmi fəaliyyətini davam etdirməkdədir.
Bu dəfə də
onu “Petkim” ailəsində görməyim məni çox
sevindirdi. Qardaş Türkiyənin
bu kimya nəhəngini Azərbaycanın xaricdə ən
böyük layihəsi kimi dəyərləndirən
Füzuli müəllim
buradakı işlərdən ürəkdolusu
danışır:
- Mənim “Petkim” şirkətilə
əlaqələrim 1991-ci ildən–elmi ezamiyyətdən sonra
başlamışdır. Hələ o zamanlardan Türkiyənin
tək və ən böyük neft-kimya məhsulları
istehsal edən “Petkim” şirkətinin özəlləşdirilməsi
haqqında danışılsa da, bu, 2007-ci ildə Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) qismətinə
düşdü. “Petkim”in özəlləşdirilməsi
olduqca məsuliyyətli, riskli və zəhmət tələb
edən bir iş idi. Bu özəlləşdirmə
açıq, olduqca şəffaf surətdə həyata
keçirildi və SOCAR qalib gələrək şirkətin
51 faizinin sahibi oldu. Sonradan bu pay 67 faizə qədər
yüksəldildi ki, bu da SOCAR-ın və Azərbaycan dövlətinin
bu layihəyə nə qədər böyük əhəmiyyət
verdiyinin göstəricisidir.
“Petkim”in özəlləşdirilməsi
layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin
– SOCAR-ın qalib gəlməsi həm Türkiyə, həm də
Azərbaycan üçün önəm kəsb edən hadisə
oldu. Belə ki, Azərbaycan dövləti öz ərazisindən
kənarda yüksək vəsait yatıra bilmək
imkanlarını dünyaya bəyan etməsilə
yanaşı, SOCAR da öz meqalayihələriylə artıq
transmilli bir şirkət olduğunu sübut etdi. SOCAR-ın
Türkiyəyə yatıracağı sərmayənin
miqdarı 17 milyard dollar həcmində nəzərdə
tutulmuşdur ki, bunun da 8 milyard dolları “Petkim”-ə yönəldilir.
Bir sözlə, “Petkim”in
SOCAR-ın tərəfindən alınması Azərbaycan
dövlətinin Türkiyə Cümhuriyyətinə
qoyacağı yatırımlar zəncirində ilk, eyni zamanda
iqtisadi çəkisinə və dəyərinə görə
olduqca mühüm bir həlqə oldu.
“Azərbaycanın böyük qayğısını hər zaman hiss edirik”
-“Petkim”dəki fəaliyyətiniz necə qurulub, hansı qayğılarla yaşayırsınız? Bu gün qardaş Türkiyənin bu neft-kimya nəhəngində çalışmağınız ölkəmizə nə verir?
-Yuxarıda qeyd etdiyim
kimi mənim “Petkim”lə tanışlığım 1991-ci ildən
başlamış və davam edir. Məhz bu
tanışlıq imkan verdi ki, SOCAR rəhbərliyinin
etimadı ilə “Petkim”də şirkətin təmsilçisi
olaraq işə başlayım. Demək olar ki, “Petkim”ə gələn
ilk azərbaycanlılardan biriyəm və gəldiyimiz ilk
gündən petkimlilərdən sevgi və sayğı
görmüşük. Burada özümüzü evimizdəki
kimi hiss edirik. Məhz bu səbəbdən də azərbaycanlılar
buraya ailələri ilə birlikdə gəlmişlər. Həm
SOCAR, həm SOCAR-Türkiyə, həm də, “Petkim” rəhbərləri
tərəfindən qarşımızda qoyulan bütün məsələlərin
zamanında və yüksək məsuliyyətlə yerinə
yetirilməsinə səy göstəririk.
“Petkim” 1965-ci ildən
fəaliyyət göstərir və istehsal etdiyi məhsulların
yüksək keyfiyyəti,
elmtutumlu texnologiyaları ilə yanaşı, həm də
üstün istehsal mədəniyyətinə malik bir şirkət
olmaqla daim inkişaf etməyimizə və yeni texnologiyalara
sahiblənməyimizə imkan yaradır. Şübhəsiz,
bütün bunlar imkan verir ki, ümid edək: bu gün “Petkim”də müvəffəqiyyətlə
çalışan gənclərimiz sabah SOCAR-ın başqa
müəssisələrində də böyük əzmkarlıq
və məsuliyyət hissi ilə çalışa biləcəklər.
Bu Azərbaycan Respublikası Prezidentinin uzaqgörənliyinin və
SOCAR rəhbərliyinin azərbaycanlı gənclərə
qayğısının, eyni zamanda,ölkəmizin gələcəyə yönəlik
investisiya siyasətinin bariz
nümunəsidir. “Petkim”də işləyərək təcrübələrini
daha da artıran gənclərimizin sədaları hələ
çox uzaqlardan gələcəkdir.
Konkret olaraq
özüm haqqında onu söyləyə bilərəm ki,
burada baş direktorun elmi müşaviri vəzifəsi mənə
“Petkim”in bütün problem və müvəffəqiyyətləri
ilə birbaşa əlaqədə olmaq, problemlərin aradan
qaldırılmasına mümkün qədər yardım etmək,
şirkətimizin gələcək inkişaf perspektivləri
ilə bağlı proqramlar və layihələr
hazırlanmasını fəal yerinə yetirmək imkanı
yaratmışdır. Bu işdə SOCAR rəhbərliyinin
böyük etimadının etibara çevrilməsində var
gücümlə çalışaraq, vətəndaş
borcumu yerinə yetirməkdəyəm. Bu işlərin müvəffəqiyyətində
uzun illər çalışdığım AMEA Neft-Kimya
Prosesləri İnstitutunda təcrübəli elm
adamlarından öyrəndiklərin əhəmiyyəti
olduqca böyükdür. Bu gün mənim burada-“Petkim”də
olmağım və səmərəli fəaliyyətim
dövlətimizin, eyni zamanda,
SOCAR rəhbərliyinin Azərbaycan elminə olan
etimadının daha bir nümunəsidir. Bu etimadı
doğrultmaq isə bizim müqəddəs vəzifəmizdir.
Türkiyənin birinci şirkəti olmaq imkanı...
-“Petkim” perespektivləri ilə Egey bölgəsinə yeni bir həyat gətirdi. Son bir ildə həyata keçirilən layihələr göz önündədir. “Star”ın tikintisi, görkəminə görə ən ünlü universitetlərə bənzəyən Heydər Əliyev adına peşə liseyinin həyata vəsiqə alması bu günün reallıqlarıdır. Daha hansı işlər görülür? Böyük layihələrdəki işləriniz haqqında danışmağınızı istərdik.
-SOCAR-ın “Petkim”
layihələri uzun bir dövrü əhatə edir və mərhələ-mərhələ
yerinə yetirilməsi nəzərdə tutulur. Bu layihələr
içərisində “STAR” neft emalı zavodu ilə
yanaşı, Quru Yük (konteyner) Limanı və elektrik
stansiyaları layihələri əhəmiyyətli yer tutur.
Bunlarla yanaşı, Trans Anadolu Təbii Qaz Boru Kəməri
(TANAP) və Trans Adriatik Qaz Boru Kəməri (TAP) da yüksək
maliyyə tutumları ilə dünyanın diqqətini cəlb
etməkdədir. Məhz bunun nəticəsində SOCAR-ın
Türkiyə təmsilçisi olan “Socar Türkiyə Enerji
A.Ş.” şirkətinin, Prezident İlham Əliyevin də bildirdiyi kimi, 2023-cü ilə qədər,
yəni Türkiyə Respublikasının qurulmasının
100-cü illiyi təntənəsinə qədər Türkiyənin
birinci şirkəti olmaq imkanı gerçəkləşəcəkdir.
Olduqca məsuliyyətli
bir işdir və həyata
keçirilməsi yüksək yatırımlar, həm də
yüksək əzmkarlıq, yüksək iqtisadi bilik, istehsal
mədəniyyəti ilə yanaşı, hər iki ölkə
rəhbərlərinin dostluq-qardaşlıq münasibəti və
xalqlarımız arasındakı milli, dini və dil
yaxınlıqları nəticəsində mümkün
olacağı heç kimdə şübhə doğurmur. Ulu
öndərimiz Heydər Əliyevin təbirincə “Bir millət,
iki dövlət olan” Türkiyə və Azərbaycan hər
zaman birlikdə olacaqlar və bunun da nəticəsində
öz qüdrətlərini daim artıracaqlar. Ulu
Atatürkün deyimi olan “Azərbaycanın kədəri kədərimiz,
sevinci sevincimizdir” kəlməsi bugünkü Türkiyə və
Azərbaycan arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrdə
hər zamankından daha artıq gerçəkləşməkdədir.
Azərbaycan dövlətinin Türkiyədə və eyni
zamanda, Türkiyə dövlətinin Azərbaycanda
yatırdığı sərmayələr hər iki ölkənin
nəinki regionda, eyni zamanda, dünyada aparıcı söz
sahibi olmalarına imkan yaratmışdır və bu, gündən-günə
daha da yüksəlməkdədir.
-Azərbaycanda-Bakıda
son dəfə nə vaxt olmusunuz?
Ölkəmiz xaricdən necə görünür?
Bakı təəssüratlarınızı bölüşmənizi istərdik.
-İşimlə əlaqədar olaraq hər 2-3 aydan bir
Bakıya gələrək SOCAR rəhbərliyi
qarşısında hesabat verdiyim üçün doğma
şəhərimizdən o qədər də uzaq olmuram. Amma,
səmimiyyətlə etiraf edim ki, hər səfərim
zamanı Bakımızın aydan-aya deyil, gündən-günə
dəyişdiyinin fərqindəyəm. Şəhərimizin
gündən-günə abadlaşması, gözəlləşməsi
hamı kimi məni də sevindirir və qəlbimi qürur
hissi ilə doldurur. Əgər buraya müxtəlif tədbirlərdə
iştirak etmək üçün Bakıya gələn və
onun gözəlliyi qarşısında təəccübünü
gizlədə bilməyən petkimli həmkarlarımın,
türkiyəli və xarici qonaqlarımızın rəylərini
və sözlərini də əlavə etsək, onda
sevincimizi və bu şəraiti yaradan ölkə rəhbərliyinə
minnətdarlıq hisslərimizi təsəvvür etmək
çətin olmaz.
Türkiyə-Azərbaycan
əlaqələri qardaşlığımıza
ucaldılan
ən möhtəşəm abidədir
-Hazırda “Petkim”də çalışan həmyerlilərimizin fəaliyyəti haqqında nə
deyərdiniz?
-Bugün “Petkim”də çalışan azərbaycanlıların
hamısı gənclərdir, məndən başqa. Onlar ölkəmizin, Türkiyənin və
digər xarici dövlətlərin aparıcı universitetlərinin
məzunlarıdırlar. Onların arasında ilk iş təcrübəsinə
“Petkim”də başlayanlar da, bundan əvvəl həm ölkəmizin
iri şirkətlərində, həm də xarici dövlətlərin
şirkətlərində bir neçə illər ərzində
müvəffəqiyyətlə çalışmış təcrübəli
gənclərimiz də vardır. Kimliyindən asılı
olmayaraq onların hamısı hansı dövləti və
hansı şirkəti təmsil etdiklərini çox gözəl
anlayır, üzərlərinə düşən məsuliyyət
hissini dərk edərək işlərinə yüksək məsuliyyətlə
yanaşırlar.
Azərbaycan dövlətinin
və SOCAR rəhbərliyinin etimadını doğrultmağa
çalışan bu gənclər elmi biliklərini
artırmaq və yeni texnologiyalara yiyələnməkdə
bütün əzmləri ilə
çalışmaqdadırlar. Ümidvaram ki, bu gənclər
əldə etdikləri bilik və qazandıqları təcrübə
ilə hələ uzun müddət Azərbaycan dövlətinin
iqtisadi və siyasi gücünün artırılmasına
öz töhfələrini verəcəklər. Azərbaycan
dövlətinə sadiq olmaqla yanaşı, Türkiyəni də
ikinci vətən olaraq qəbul edən bu gənclər
Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin
daha da möhkəmlənməsində yaxından iştirak
edir.
- Arzularınız, gözləntiləriniz?
- 1991 və 1996-cı illərdə
“Petkim”ə səfərlərimdə bir zaman yenidən
Türkiyəyə gələrək uzun müddətli olaraq
bu şirkətdə işləyəcəyimi heç
ağlıma belə gətirə bilməzdim. Burada mənim
uzun illik dostluq əlaqələrim vardır. SOCAR rəhbərliyinin
mənə göstərdiyi etimad sayəsində bu gün
burada gənclərlə çiyin-çiyinə
çalışmaqdayam. Arzum budur ki, SOCAR-ın “Petkim” və
Türkiyə yatırımları müvəffəqiyyətlə
davam etsin, həm Türkiyəmiz, həm də Azərbaycanımız
durmadan elə inkişaf etsin ki, gələcəkdə kimin
kimə sərmayə yatırmasından deyil, eyni bir ölkəyə
qoyulan sərmayələrdən söhbət getsin.
Hamı kimi mən də
istərdim ki, hər zaman Azərbaycanın yanında
güclü Türkiyə, Türkiyənin də yanında
güclü Azərbaycan olsun. Dillərimiz
qarşılıqlı əlaqələr nəticəsində
elə inkişaf səviyyəsinə çatsın ki,
aramızda anlaşılmayan və yaxud yanlış
anlaşılan söz-söhbətlər heç zaman olmasın. Bugünkü Türkiyə-Azərbaycan
qardaşlığı bizim nəsillərə
ötürdüyümüz ən dəyərli ərməğan
və ən möhtəşəm abidədir.
* * *
İzmir şəhərinin
günbatan səmtində-Çanaqqala yolunun üstündə
yerləşən Əliağa bölgəsi əvvəllər
də daha çox sənaye rayonu kimi tanınıb. Köhnə
və Yeni Focanın əsrarəngiz təbiətindən və
gözəlliklərindən sonra, hisli-tozlu bir sənaye rayonu
kimi yadda qalan bu bölgə indi bütün dünyada
tanınmaqdadır. “Petkim” layihəsi
bu bölgəyə, təkcə qardaş Türkiyədə
yox, həm də bütün dünyada olduqca böyük bir
sənaye nəhəngi pasportunu qazandırdı. Yaxın və
Orta Şərqin ən
böyük neft-kimya nəhəngləri bu layihəyə nəinki
diqqətlə yanaşır, həm də onunla tərəfdaş
olmaq üçün ciddi səylər göstərirlər.
Bu möhtəşəm
uğurun ən böyük payçısı isə Azərbaycan
dövlətidir və buradakı azərbaycanlı
soydaşlarımızın, o cümlədən professor Füzuli Nəsirov kimi elm fədailərimizin
gərgin zəhməti, uğurlu töhfələri həmişə
ünvanımıza xoş sözlər, böyük
uğurlar gətirməkdir. Bunu təkcə müstəqil Azərbaycanın
inkişafı və iqtisadi uğurları yox, həm də zəhmətsevər
adamlarımızın fədakar əməyi və heç nə
ilə ölçülə bilməyən Vətən sevgiləri
sübut etməkdədir.
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”
Bakı-İzmir-Bakı.
Xalq qəzeti.- 2013.- 18 dekabr.- S.8.