Prezident İlham
ƏLİYEV:
Bizim enerji strategiyamız dostluq
və qarşılıqlı dəstəyə əsaslanıb
Dünən Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya qərarı elan olundu. Xatırladaq ki, bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verən son dərəcə mühüm bir addımdır. Bu layihələrin reallaşdırılması, eyni zamanda, “Şahdəniz” qazını Bolqarıstana ötürəcək infrastuktur, Avropaya isə yeni bir “Cənub” qaz dəhlizinin yaradılmasına imkan yaradacaq.
Bakıdakı Heydər
Əliyev Mərkəzində keçirilən “Şahdəniz” mərhələ-2
üzrə yekun investisiya qərarının rəsmi
imzalanması mərasimində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, “Cənub” dəhlizi
boyunca yerləşən dövlətlərin nümayəndələri,
eləcə də Avropa Komissiyasından və digər ölkələrdən
olan rəsmi şəxslər iştirak etmişlər. Tədbirdə
çıxış edən Azərbaycanın dövlət
başçısı İlham Əliyev yekun investisiya qərarına
dair sənədlərin imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirərək demişdir: “Bugünkü imzalanma mərasimi
Azərbaycanın müasir dövrü üçün tarixi
bir gündür. “Şahdəniz” dünyanın ən iri
enerji layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi,
enerji diversifikasiyası, cəlb olunan ölkələr və
şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıqla
bağlı tarixi bir layihədir”. “Şahdəniz” sazişinin
XXI əsrin müqaviləsi adlandırılacağına
ümid etdiyini vurğulayan Prezident imzalanma mərasimini
müstəqil Azərbaycanın energetikasının
inkişaf tarixində vacib bir mərhələ kimi dəyərləndirmişdir.
Bu da təsadüfi deyil. Çünki “Şahdəniz”
yatağının ikinci işlənmə mərhələsi
və “Cənub” qaz dəhlizi
boru kəməri layihələri birlikdə dünyanın
neft-qaz sənayesində indiyə qədər həyata
keçirilmiş ən böyük və ən mürəkkəb
təşəbbüslərdən biridir. Prezident İlham
Əliyev Azərbaycanın layihəyə cəlb olunan
Gürcüstan, Türkiyə, Albaniya, İtaliya və
Bolqarıstanla sıx əməkdaşlığına
ümid etdiyini bildirərək daha sonrakı mərhələdə
Monteneqro və Xorvatiya ilə də fəal əməkdaşlığın
başlanacağını və boru kəmərinin Balkanlara
doğru genişlənməsi ilə bağlı planların
mövcudluğunu diqqətə
çatdırmışdır. Dövlət
başçısı enerji təhlükəsizliyinin
həm təchizatçı, həm də istehlakçı
ölkələr üçün əhəmiyyətini
vurğulayaraq demişdir: “Əminəm ki, biz
istehsalçı, tranzit və istehlakçılar arasında
məqbul balans tapa və qarşılıqlı faydalı əməkdaşlıq
formatı qura biləcəyik. Bizim enerji strategiyamız dostluq
və qarşılıqlı dəstəyə əsaslanıb.
Azərbaycan heç vaxt öz enerji potensialından başqa məqsədlərlə
istifadə etməyib”.
Tədbirdə
çıxış edən xarici qonaqlar da “Şahdəniz-2”
layihəsi üzrə yekun
investisiya sazişinin imzalanmasını Avropanın enerji
təhlükəsizliyinin təminatı üçün
müstəsna əhəmiyyət kəsb edən qərar
adlandırmışlar. Məsələn, Böyük
Britaniyanın xarici işlər naziri Uilyam Heyq qeyd etmişdir
ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya
sazişinin imzalanması Azərbaycana, Böyük Britaniyaya və
Avropaya uzunmüddətli fayda gətirəcək. Bu
sazişin, həmçinin Avropanın ancaq bir qaz təminatçısından
asılılığını da aradan qaldıracağına
ümid etdiyini vurğulayan qonaq
daha sonra demişdir: “İmzalanan saziş, eyni zamanda,
bizim Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığımızın
gücləndirilməsi istiqamətində öhdəliklərimizi
təsdiqləyir və mən ikitərəfli əməkdaşlığımızın
gələcək illərdə daha da güclənməsinə
ümidlə baxıram”.
“Şahdəniz-2”
layihəsinin siyasi sabitliyin möhkəmləndirilməsinə
və iqtisadi əməkdaşlığın genişləndirilməsinə
imkan verəcəyini bildirən Türkiyənin təbii
ehtiyatlar və energetika naziri Taner Yıldız isə
sözügedən layihənin həm Azərbaycanın, həm də
layihəyə cəlb olunmuş bütün
iştirakçı dövlətlərin rifahına xidmət
edəcəyini qeyd etmişdir. O demişdir: “Türkiyə əvvəldən bu
layihəni dəstəkləyib və bu dəstək bundan
sonra da davam edəcək. Çünki Bakı-Tbilisi-Ceyhan Xəzərin
enerji resurslarının dünya bazarına
çıxarılması üçün vacib layihə olsa
da, yetərli deyil. Xəzər regionu öz ehtiyatlarını
dünya bazarına təklif etməklə daha da
çiçəklənəcək və inkişaf edəcək.
Türkiyə özünün coğrafi və strateji
mövqeyindən istifadə edərək buna daim öz
töhfəsini verəcək”.
Yeri gəlmişkən,
“Şahdəniz” yatağının kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsünə
dair saziş 1996-cı ilin iyun ayında Bakıda
imzalanmışdır. 1999-cu ildə isə yataqda zəngin
qaz ehtiyatlarının mövcudluğu tam sübuta
yetirilmişdir. 2003-cü ilin fevral ayında həmin
ehtiyatların işlənməyə cəlb edilməsi məqsədilə
tikinti-quraşdırma işlərinə start verilmişdir.
2006-cı ilin sonlarından etibarən isə “Şahdəniz”
yatağının birinci işlənmə mərhələsi
çərçivəsində Gürcüstan və
Türkiyəyə qaz ixrac edir. Göründüyü kimi, Azərbaycanın
yeni neft erasının ən parlaq səhifələrindən
sayılan “Şahdəniz” qaz-kondensat yatağının kəşfi
və istismara verilməsi ilə ölkəmiz dünyanın
potensial qaz ixracatçılarından birinə
çevrilmişdir. Dünyanın ən zəngin qaz-kondensat
yataqlarından sayılan “Şahdəniz” yatağının
istismara verilməsindən yeddi il ötür. Xatırladaq ki,
adıçəkilən yatağın istismarı
üçün Xəzər dənizinin
Azərbaycan sektorunda quraşdırılmış platforma
dünyanın ən unikal və nadir
qurğularından biridir. Həmin platformadan hasil edilən
təbii qaz sualtı boru kəməri vasitəsilə Səngəçal
terminalına nəql olunur. Buradan isə qaz Cənubi Qafqaz ixrac kəməri
vasitəsilə dünya
bazarına çıxarılır.
Bu da Azərbaycanın dünyanın potensial qaz ixrac edən
ölkələri sırasındakı mövqeyini getdikcə
möhkəmləndirir. Artıq Azərbaycan bir neçə
ildir ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin
təminatına mühüm töhfələr verir. Təsadüfi
deyil ki, hazırda gündəmdə
olan bir sıra nəhəng qaz ixracı layihələrinin
tərəfdaşları da
ölkəmizi potensial qaz təchizatçısı
hesab edirlər. Elə son iki ildə
həyata vəsiqə almış Trans-Anadolu boru kəməri
(TANAP) və Trans-Adriatik boru kəməri (TAP) layihələri
çərçivəsində çəkiləcək kəmərlərin
də məhz “Şahdəniz” layihəsinin ikinci işlənmə
mərhələsi üzrə hasil ediləcək qaz həcmlərinin
hesabına doldurulması nəzərdə tutulur. Təsadüfi
deyil ki, dövlət başçısı İlham Əliyev
dünənki imzalanma mərasimində bu vacib məqama
toxunaraq demişdir: “2011-ci ildə
Azərbaycanla Avropa Birliyi arasında imzalanan strateji əməkdaşlığa
dair memorandum ölkəmizin enerji strategiyasının
inkişafına, Avropaya qazın nəqlinin
diversifikasiyasına kömək etmişdir. 2012-ci ildə
Türkiyə ilə TANAP sazişi imzalandı, 2013-cü ildə
isə TAP Azərbaycan qazının Avropaya nəqli üzrə
əsas layihə kimi seçildi. Hələlik biz birgə səylər
tələb edən nəhəng layihənin
başlanğıcındayıq”.
Artıq adıçəkilən
yatağın ikinci işlənmə mərhələsinin həyata
keçirilməsinə başlanılmışdır.
Xatırladaq ki, bu mərhələnin
reallaşdırılması və Cənubi Qafqaz boru kəmərinin
genişləndirilməsi layihələrinin ümumi dəyəri
təxminən 28 milyard dollar təşkil edəcək. Ən
diqqətçəkən məqam isə ondan ibarətdir ki,
Azərbaycanın “Şahdəniz” yatağından il ərzində
hasil ediləcək 16 milyard kubmetr qaz təxminən 3500
kilometr məsafəyə nəql edilərək
Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və
İtaliyadakı milyonlarla istehlakçını “mavi
yanacaq”la təmin edəcək. İlk qazın Gürcüstan
və Türkiyəyə 2018-ci
ilin sonlarında çatdırılması nəzərdə
tutulur. Avropaya isə qazın bundan təxminən bir il sonra
çatdırılacağı planlaşdırılır.
Xatırladaq ki, “Şahdəniz” yatağının ikinci
işlənmə mərhələsi çərçivəsində
ildə 16 milyard kubmetr əlavə qaz hasil ediləcək.
Bundan əlavə, yataqdan kondensat hasilatının
hazırkı gündə təxminən 55 min barrel səviyyəsi
də xeyli artaraq 120 min barrelə çatdırılacaq.
Yeri gəlmişkən,
“Şahdəniz-2” investisiya layihəsi dünya tarixində ən
böyük sərmayə qoyuluşudur. İlkin qiymətləndirmələrə
görə, sərmayənin həcmi 40 milyard dollardan artıq
olacaq. Bu məbləğin yarıdan çoxu Azərbaycanda nəzərdə
tutulmuş işlərə sərf ediləcək. Ekspertlər
hesab edirlər ki, anlaşma
xarici neft şirkətləri, eləcə də benefisiar və
tranzit ölkələr üçün də əhəmiyyətlidir.
Belə ki, Türkiyəyə nəql edilən qazın illik həcmi
12,6 milyard kubmetrə yüksələcək. Türkiyə
TANAP-a sahib olmaqla, eyni zamanda, TAP-a da ev sahibliyi edəcək,
ölkənin bu layihədən də öz daxili
ehtiyacları üçün faydalanmaq imkanı olacaq. Avropa
isə birinci mərhələdə illik 10 milyard kubmetr qaz
idxal edə biləcək. Daha sonra bu rəqəm 20 milyard
kubmetrədək yüksəldiləcək. Tranzit ölkələr,
o cümlədən Gürcüstan və Türkiyə bu
anlaşmadan real gəlir əldə edən ölkələr
sırasındadır. “Şahdəniz-2” layihəsinə dair
yekun investisiya sazişinin imzalanması Azərbaycana öz
qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri
ilə çıxarmağa imkan yaradacaq. Bu isə ölkənin bir bazardan
asılılığının aradan qalxması və
Bakının “mavi yanacaq” ixracatında müstəqil siyasət
yürütməsi deməkdir. Bununla həm də enerji
resurslarının ixracında çoxvariantlı
marşrutlara sahib olan rəsmi Bakı Avropa Birliyinin enerji təhlükəsizliyinə
mühüm töhfələr
verəcəkdir. Göründüyü kimi, qaz ixracatı ilə
bağlı imzalanan sazişlər Azərbaycan
üçün həm də siyasi-diplomatik əhəmiyyət
daşıyır.
bp-nin məlumatına
görə, nisbətən daha yaxın zaman üçün
isə Şahdəniz konsorsiumunun tərəfdaşları
mövcud qurğular vasitəsilə hasilatın ildə 1,4
milyard kubmetr artırılması üçün şərtləri
artıq ARDNŞ ilə razılaşdırıblar.
Hazırda hasilatın artırılması istiqamətində
işlər aparılır və bu tədbirlərin
2014-cü ilin sonunadək başa çatacağı gözlənilir.
Yeri gəlmişkən, ARDNŞ və Şahdəniz
konsorsiumunun tərəfdaşları, həmçinin
hasilatın pay bölgüsü haqqında sazişin müddətinin 2048-ci ilədək
artırılması üçün şərtləri
razılaşdırıblar. Bununla yanaşı, tərəfdaş
şirkətlər hasilatın pay bölgüsü üzrə
sazişin sahəsi daxilindəki strukturlarda kəşfiyyat və
qiymətləndirmə işlərinin aparılmasına dair
razılığa da gəlmişlər.
Göründüyü kimi, “Şahdəniz” layihəsinin
tammiqyaslı işlənməsi layihəsi Azərbaycanın
dünyanın əsas qaz təchizatçıları sırasındakı
mövqeyini bir qədər də möhkəmləndirəcəkdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2013.- 18 dekabr.- S.5.