Jurnalist, pedaqoq,
alim
Unutsaq-unudularıq
İnqilab Babayev Azərbaycan Dövlət Universitetinin
(indiki BDU-nun) filologiya
fakültəsinin jurnalistika
şöbəsinə 1956-cı ildə daxil olmuşdu və bizdən bir kurs yuxarıda təhsil alırdı. Sonralar Azərbaycan mətbuatında
solmaz iz qoymuş, 1991-ci ildə ölkə Prezidentinin mətbuat katibi vəzifəsində çalışarkən
Dağlıq Qarabağda
şəhid olmuş görkəmli publisist Osman Mirzəyevlə, hələ tələbə
ikən dissident kimi həqiqət axtarışına
çıxmış, bu
qorxulu işin ağrı-acısını dadmış
tanınmış yazıçı
Sabir Azəri ilə bir qrupda
oxuyurdu. Bu qrupda
yaxından tanıdığım
bir nəfər də vardı - Bariz Əsədov. Onun jurnalistlik istedadı çox tez parladı və uzun illər
keçmiş “Kommunist”
qəzetinin, sonralar isə “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərinin
səhifələrinə işıq
saçdı...
İkinci
kurs tələbələri
universitet həyatının
ilk ilində topladıqları
təcrübəni bizimlə
bölüşür, bu
zaman öz səhvlərini də gizlətmir, məsləhət
və tövsiyələrini
bizdən əsirgəmirdilər. Bu cəhətdən İnqilabın əvəzi
yox idi. Onunla söhbətim bir də ona görə
tuturdu ki, hər ikimiz universitetin idman klubunun ağır atletika bölməsində
məşğul olurduq.
Bizi ilk dəfə respublikadan kənara çıxarıb,
uzaq səfərə aparan da elə
idman oldu. Daşkənddə Orta Asiya, Qazaxıstan, Ukrayna və Azərbaycan ali məktəbləri idmançı
tələbələrinin yarışında
iştirak etdik, Özbəkistan paytaxtının
görməli yerlərində,
qədim Səmərqənddə
olduq, Əmir Teymur məqbərəsini
ziyarət etdik və Bakıya zəngin təəssüratla
qayıtdıq... On günlük səfərin
gedişində mən
İnqilabın çölçülüyünü
də gördüm.
Bu, çətinliklərə
dözən, gözlənilməz
hadisələr içində
özünü itirməyən
və bu zaman başqalarının
hayına çatan bir gəncin çölçülüyü idi.
Bir dəfə belə bir suala
cavab axtardıq: Nə üçün Bakıda azərbaycanlılar
rus dilində sərbəst danışır
və yazır, ruslar isə Azərbaycan dilini bilmirlər və bu dili öyrənməyə
heç maraq da göstərmirlər? Hərə bir söz dedi. İnqilab öz fikrini hamıya qulaq asandan sonra
bildirdi: –Bunun günahını ilk növbədə
özümüzdə görməliyik.
Rus məktəblərində müəllimlər
dilimizi sevə-sevə
deyil, formal şəkildə
- həvəssiz, könülsüz
tədris edir, ona maraq oyatmırlar.
Sonralar mən
İnqilabın pedaqoji
fəaliyyətlə məşğul
olmağa, Azərbaycan
Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası), bu ali təhsil
ocağının hazırlıq
şöbəsində dilimizi
tədris etməyə
başladığını özündən eşidəndə,
onun neçə il qabaq aramızdakı
diskussiyanın gedişində
dediklərini yenidən
xatırladım və
düşündüm ki,
həqiqətən də
“niyyətin hara, mənzilin ora!”
Amma
jurnalistika şöbəsinin
digər məzunları
kimi, o da universitet auditoriyasından
həyata sevdiyi peşənin “əlindən”
tutub gəlmişdi. Əmək fəaliyyətinə
keçmiş tədris-pedaqoji
nəşriyyatında lap aşağıdan
– “oxucu”luqdan başlasa
da, burada çox qalmadı, üç aydan sonra Neft və
Kimya İnstitutunda işə dəvət olundu, institutun hazırlıq şöbəsinin
böyük laborantı
təyin edildi. Bu ali təhsil
ocağının əməkdaşı
kimi onun gözləri önündə
böyük pedaqoji karyera yolu açılırdı.
İnqilabın biliyi, dünyagörüşü,
işgüzarlığı və analitik bacarığı bu yolda onun uğurla
irəliləyəcəyini vəd edirdi.
Bir
müddətdən sonra
o, Azərbaycan və rus dilləri kafedrasının müəllimi
təyin olundu və həyatında maraqlı günlər başlandı. Mühazirələr oxumaqla yanaşı o, həmin vaxtadək Neft və Kimya
İnstitutunda Azərbaycan
dilinin tədrisi təcrübəsini öyrənib
ümumiləşdirir, tədrisin
təkmilləşdirilməsi məqsədilə təkliflər,
ideyalar verirdi. Burada onu düşündürən
əsas məsələlərdən
biri Azərbaycan dilinin humanitar və texniki ali təhsil
ocaqlarında tədrisi
arasındakı fərq
və bunun üsulları idi. Bu sahədə İ.Babayevin
fikirləri sonralar Azərbaycan dili və ədəbiyyatının
tədrisi metodikasına,
hazırlıq şöbələrinin
dinləyiciləri ilə
işin təşkilinə
həsr olunmuş elmi məqalələrində
öz əksini tapdı.
Lakin
jurnalistikanın sehrindən
də qurtulmaq mümkün deyildi. 1966-cı ildə Neft və Kimya İnstitutunda
Azərbaycan və rus dillərində çıxan çoxtirajlı
“Neft kadrları uğrunda” qəzetinin redaktoru təyin olunmasını o, tale yazısı
kimi qəbul etdi. İndi ona jurnalistika
ilə ara-sıra deyil, müntəzəm məşğul olmaq imkanı verilmişdi.
İnqilab Babayev “Neft kadrları uğrunda” qəzetinin redaksiyasına altı il rəhbərlik
etdi, bu qəzeti respublikanın çoxtirajlı sahə nəşrləri arasında
qabaqcıl mövqelərə
çıxardı, onu
institutun təlim-tərbiyə
işinin, elmi və ictimai həyatının əsl
aynasına çevirdi.
Praktiki
jurnalistikanın cazibədarlığı
qəzet redaktorunun elmi araşdırmalara da marağını artırırdı. 1969-cu ildə o, xalq yazıçısı, akademik
Mirzə İbrahimovun
rəhbərliyi ilə
“Nəriman Nərimanovun
publisistikası” mövzusunda
namizədlik dissertasiyasını
müvəffəqiyyətlə müdafiə etdi. Amma onu bundan da
çox Bakıda N.Nərimanovun möhtəşəm
abidəsinin ucaldılması
sevindirirdi.
Gənc alim
indi iş yerini dəyişib, bir vaxtlar təhsil
aldığı universitetdə
gələcək jurnalistlərin
hazırlanması prosesinə
qoşula bilərdi. Lakin Neft və
Kimya İnstitutunun rəhbərliyi başqa fikirdə idi: “Neft kadrları uğrunda” artıq çoxtirajlı qəzetlər
arasında layiqli yerini tutub, buna
görə də redaktordan onun əvvəlki iş yerində istifadə olunmalıdır.
İnqilab
Babayev Azərbaycan və rus dilləri
kafedrasının baş
müəllimi təyin
edildi. Sonra
həmin kafedranın müdiri, dosent, yenidən baş müəllim... 1980-ci il noyabrın 19-da M.Y.Lomonosov adına Moskva Dövlət Universiteti jurnalistika fakültəsinin partiya-sovet
mətbuatının tarixi
kafedrasının iclasında
filologiya elmləri namizədi, dosent İnqilab Babayevin “Azərbaycan publisistikası:
novatorluq və ənənələr” mövzusunda
doktorluq dissertasiyasının
planı müzakirə
olunub, təsdiq edildi.
İnqilab
dissertasiya üzərində
işə böyük
həvəslə girişdi. ADU-nun “Elmi əsərləri”ndə,
“Kommunist Azerbaydjana”, “Müxbir” jurnallarında və digər nəşrlərdə bir-birinin
ardınca Nəriman Nərimanovun, 1882-1907-ci illərdə
yaşamış Seyid
Musəvinin publisistikasına
dair yazıları, “Bədii publisistikanın nəzəri problemləri”,
“Publisistikamızda fəhlə
həyatı və obrazı” “Publisistika ilə siyasətin qarşılıqlı əlaqəsi”,
“Publisistik sözün
qüdrəti” kimi elmi məqalələri işıq üzü gördü.
Təəssüf
ki, tədqiqatçı
jurnalistin doktorluq dissertasiyası müxtəlif
səbəblər üzündən
tamamlanmamış qaldı. Lakin onun həm Azərbaycan
dilinin tədrisi və təbliği, həm də Azərbaycan publisistikası
xüsusiyyətlərinin araşdırılması
sahəsindəki xidmətləri
o dissertasiyasız da tutumlu və əhəmiyyətlidir.
İnqilab Babayev
ona üz tutanları, ondan kömək umanları qabaqlayan adam
idi. Köməyini insanlara özü
təklif edirdi. Gücü heç nəyə çatmayanda isə ümidi sözə qalırdı - jurnalist və müəllim sözünə. Allah ona indi gündüzlər
çıraqla axtarılan
bir istedad da – başqalarını dinləmək və ovundurmaq, dostların səmimiliyindən zövq
almaq istedadı da vermişdi. İnqilabı həmkarlarının və dostlarının qəlbində yaşadan da bu istedadla
bağlı xatirələrdir.
Dörd il
əvvəl qəfil ölüm İnqilab Babayevi sıralarımızdan
apardı. Sağ olsaydı, bu günlər 75 yaşını
doğmaları, dostları
ilə birlikdə qeyd edəcəkdi... Təsəllimiz odur ki, 71 illik həyatında
arzularını yarpaq-yarpaq,
budaq-budaq göyərtdi,
övladlarının, nəvələrinin
və qələm dostlarının qəlbində
ilıq və kövrək xatirələrə
döndü...
Ələkbər ABBASOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2013.- 20 dekabr.- S.11.