Azərbaycanın beynəlxalq
təşkilatlarla
əməkdaşlığı
qarşılıqlı maraqlar və milli
mənafeyimiz üzərində qurulmuşdur
Dövlət müstəqilliyini bərpa edən xalqımız müstəqilliyin ilk illərində çoxsaylı problem və məhrumiyyətlərlə üz-üzə qalmışdı. Beynəlxalq aləmlə münasibətlərin qurulmasına və gənc müstəqil dövlətimizin mövcudluğunu dəstəkləyəcək dostların, müttəfiqlərin köməyinə böyük ehtiyac duyulurdu. Hakimiyyətdə olan qüvvələrin diplomatiya, xarici siyasət, beynəlxalq aləmə inteqrasiya məsələlərindən qətiyyən xəbəri yox idi. Ancaq tanrı yol göstərəndir. Xalqın öndə gedən insanlarının təşəbbüsü, təşəbbüs irəli sürüləndən sonra isə ölkə əhalisinin təkidli tələbləri ilə yenidən siyasi hakimiyyətə gələn böyük dövlət xadimi Heydər Əliyev gənc müstəqil dövlətimizin xarici siyasət kursunu da müəyyənləşdirdi, xarici ölkələrdəki diplomatik korpusumuzu da formalaşdırdı, beynəlxalq aləmə inteqrasiyamızı da məhz öz dövlətimiz üçün gərəkli olan məcraya yönəltdi. Bununla da həm müstəqilliyimizin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı, həm də Azərbaycan beynəlxalq birliyin tamhüquqlu subyektlərindən birinə çevrildi.
Ulu öndər bəyan
etdi ki, Azərbaycan bir Şərq ölkəsi olaraq əsrlərdən
bəri formalaşmış bütün dəyərlərini
qoruyub saxlayacaq. Eyni zamanda biz Avropa və Qərb dəyərlərini,
xüsusən, demokratiya və insan hüquqları sahəsində
mövcud olan dünya təcrübəsini qəbul edərək
sivil, hüquqi, dünyəvi dövlət
quracağıq. Böyük
dövlət xadiminin fikrincə, müstəqil Azərbaycan
dövlətinin beynəlxalq münasibətlər sistemindəki yeri Avropa ölkələri, yeni
müstəqil respublikalar, türkdilli dövlətlər, müsəlman dünyası və
nüfuzlu beynəlxalq təşkilatların sırasında
olmalı idi. Ulu öndər
buna nail olmaq üçün ölkəmizin xarici aləmlə əlaqələrinin yaxın
dövr üçün prioritetlərini müəyyənləşdirdi.
Bundan başqa, həmin dövrdə coğrafi cəhətdən
ölkəmizə yaxın olan dövlətlərlə
münasibətləri qaydaya salmaq, əlaqələri bərpa
etmək kimi mühüm vəzifə də uğurla
reallaşdırıldı.
Heydər Əliyevin
respublikamıza rəhbərlik etdiyi 1993-2003-cü illərdə
ölkəmiz bütün
dövlətlərə münasibətdə onların hərbi
gücü və iqtisadi potensialından asılı olmayaraq,
suveren, bərabərlik prinsipinə əsaslanan xarici siyasət həyata keçirmək
təcrübəsini qazandı.
Ölkəmizin BMT, NATO,
ATƏT, Avropa İttifaqı, Avropa Şurası, GUAM, MDB, İslam Əməkdaşlıq
Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı,
UNESCO, UNİSEF, Beynəlxalq Valyuta Fondu, “Qoşulmama hərəkatı”
, “Böyük İyirmilik”, bütün beynəlxalq idman
federasiyaları və bir
çox beynəlxalq təşkilatlarla sıx əməkdaşlığının
təməlində bilavasitə ulu öndərin siyasi
uzaqgörənliklə işləyib hazırladığı
tezis və prinsiplər dayanır.
Fəxrlə deyə bilərik ki, Azərbaycan həmin təşkilatların
hamısında söz sahibidir. Bundan başqa, respublikamızın bütün dövlətlərlə
ikitərəfli və çoxtərəfli əlaqələr
yaratması, regionda və dünyada
sülh içində birgəyaşama və mehriban
qonşuluq münasibətləri qurması Heydər Əliyev xarici siyasətinin əsas
xüsusiyyətləri olub və bu tendensiya indi də davam etdirilir.
Bu gün
dünyanın aparıcı politoloq və siyasətçiləri
açıq şəkildə etiraf edirlər ki, son on ildə
Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin,
iqtisadi inkişafın təmin edilməsi üçün təşəbbüskarlığı
və digər dövlətlərə örnək olması
Prezident İlham Əliyevin
adı ilə bağlıdır. Dövlət
başçımızın özü isə bu məsələ
ilə bağlı demişdir:
“Azərbaycanın mövqeyi birmənalıdır. Biz
bütün ölkələrlə ikitərəfli formatda
qarşılıqlı maraq, qarşılıqlı hörmət,
bir-birimizin işinə qarışmamaq prinsiplərini
üstün tuturuq və görürük ki, hətta bəzi
hallarda bir-birilə o qədər də yaxın münasibəti
olmayan ölkələrlə də Azərbaycanın
münasibətləri yaxşıdır”.
Heydər Əliyev
siyasi kursunu uğurla davam etdirən Prezident İlham
Əliyev respublikamızı
dünyanın bütün
ölkələri üçün strateji tərəfdaşa,
qarşılıqlı əməkdaşlıq
üçün əhəmiyyətli bir dövlətə
çevirib. Azərbaycan
faydalı əməkdaşlıq üçün kifayət
qədər açıq ölkədir.
Respublikamızın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvlüyünə seçilməsində 155 ölkənin
məhz Bakının mövqeyini
dəstəkləməsi
dostlarımızı sevindirdiyi kimi bədxahlarımızı
xeyli məyus eləmişdi.
Uzun müddət Azərbaycanın
Avropa Şurası Parlament
Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik
etmiş İlham Əliyevin diplomat kimi fəaliyyəti ölkəmiz
haqqında həqiqətlərin dünyada
tanınmasını yüksək səviyyədə təmin
edir. Bilavasitə onun siyasi fəaliyyəti
dünyada Dağlıq Qarabağ münaqişəsinə
münasibətin kökündən
dəyişməsinə səbəb olub. Dünyanın aparıcı beynəlxalq
təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin
məzmununa diqqət yetirəndə görürük ki,
artıq Azərbaycanın ədalətli mövqeyi
bütün dünya tərəfindən dəstəklənir.
Dünya dövlətləri
gördülər ki, Azərbaycan
BMT Təhlükəsizlik Şurasında sədrlik dövründə “Terrorizmlə mübarizə sahəsində
öhdəliklərin yerinə yetirilməsi ilə
bağlı beynəlxalq əməkdaşlığın
gücləndirilməsi” mövzusunda keçirilmiş
yüksək səviyyəli görüşdə özünəməxsus
qətiyyət nümayiş etdirdi. Bu, çox vacib məqam
idi. Çünki müasir dünyada terrorizmdən ən
çox əziyyət çəkmiş ölkələrdən
biri məhz Azərbaycandır. İstənilən beynəlxalq
təşkilatın tribunasından çıxış edən
dövlət rəsmilərimiz erməni
terrorçularının xalqımızı məruz
qoyduğu fəlakət və faciələr barədə əhatəli
söz açırlar. BMT-nin
Baş katibi və Təhlükəsizlik Şurasının
üzvü olan dövlətlərin yüksək vəzifəli
şəxslərinin
iştirak etdiyi tədbirdə
dövlətimizin başçısı Azərbaycanın xaricdən dəstəklənən
terrora məruz qaldığını bildirmiş, Ermənistanın ölkəmizə
qarşı həyata keçirdiyi
işğalçılıq və terror siyasəti barədə
ətraflı məlumat vermiş, işğal altındakı
ərazilərimizin terrorçuluq, separatçılıq,
ekstremizm və mütəşəkkil cinayətkarlığın
müxtəlif formaları baxımından ciddi narahatlıq mənbəyi
olduğunu vurğulamışdı. Azərbaycan Prezidenti təkidlə
israr etmişdir ki, Ermənistan—Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi beynəlxalq hüququn ümumi
qəbul edilmiş normaları və prinsipləri çərçivəsində,
xüsusilə, dövlətlərin ərazi
bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərin pozulmazlığı
şərti əsasında həll olunmalıdır. Ulu öndər Heydər Əliyev
kimi Prezident İlham Əliyev də
dünya ictimaiyyətindən bir daha tələb edirdi
ki, dövlətlərə
öz əraziləri üzərində suverenliyinin bərpa
edilməsinə yardım göstərilməlidir. Bu isə o
demək idi ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa
xüsusi önəm verərkən tamamilə doğru yol
tutmuşdur.
Yuxarıda qeyd
etdiyimiz kimi respublikamızın daha geniş əməkdaşlıq
etdiyi beynəlxalq təşkilatlardan bir neçəsi
bilavasitə Avropa miqyaslıdır. Bu gün Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin qorunmasında
xüsusi rol oynayır. Rəsmi Bakı isə bu əməkdaşlıq
zamanı təkcə özünün istehsal etdiyi məhsulu satmaq
üçün bazar əldə etməklə kifayətlənmir,
eyni zamanda, ölkəmizin yeganə problemi olan Dağlıq
Qarabağ münaqişəsinin ədalətli şəkildə
həll olunması istiqamətində
mühüm addımlar atılmasını gözləyir. Artıq heç kəsə sirr
deyil ki, Avropanın bütün qurumları bu məsələdə
Azərbaycanın mövqelərini dəstəkləyən qərar
və ya qətnamə ilə çıxış etmişlər.
İndi artıq Avropada hamı yaxşı bilir ki, Azərbaycan enerji sahəsində
postsovet məkanında Qərb ilə əməkdaşlıq
edən nüfuzlu dövlətdir. Bakı-Supsa,
Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və
Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin
uğurla reallaşdırılması dünyada Cənubi
Qafqaz regionunun əhəmiyyətini artırıb, Azərbaycan
qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Xatırladaq ki, Avropa
ilə mövcud olan bu əməkdaşlıq
fonunda Azərbaycanın dünyanın bütün ölkələri ilə
əməkdaşlığı da gündən-günə
genişlənir.Prezident İlham Əliyevin xarici dövlətlərə
səfərləri, eləcə də Azərbaycanın və
tərəfdaş ölkələrin müxtəlif səviyyəli
nümayəndə heyətlərinin qarşılıqlı
səfərləri bu işə güclü təkan verir.
Ölkəmizin beynəlxalq əlaqələrinin
coğrafiyası ildən-ilə genişlənir.
Respublikamız təkcə
Avropa və Asiya ölkələri ilə deyil, həm də Latın Amerikası, Mərkəzi
Amerika və Afrika dövlətlərilə ikitərəfli əməkdaşlığa
diqqət yetirir. İndiyədək Latın Amerikasının
bir neçə ölkəsinin rəsmi nümayəndə
heyəti Bakıda səfərdə olub, eləcə də Azərbaycanın
rəsmi şəxsləri həmin ölkələrdə
görüşlər keçiriblər. Kolumbiya və Meksika
parlamentləri tərəfindən
Xocalı soyqırımının tanınması
haqqında qərar qəbul edilməsi məhz ikitərəfli
əməkdaşlığa mühüm önəm verilməsinin
bariz ifadəsidir.
Bu bir faktdır ki,
ölkəmizin xarici siyasət
strategiyasında nəzərə
çarpan məqamlardan biri də ayrı-ayrı ölkələrin,
beynəlxalq təşkilatların nəzərinin Ermənistanın
işğalçılıq siyasətinə yönəldilməsi,
eyni zamanda, bu siyasətin beynəlxalq
və regional sülhə təhlükə törətməsini
diqqətə çatdırmaqdır. Bu məqamda da beynəlxalq təşkilatlarla əməkdaşlığımız
öz sözünü deyir. Son illər NATO, İslam Əməkdaşlıq
Təşkilatı və Qoşulmama Hərəkatı kimi
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi sənədlər qəbul edilərək
ölkəmizin ərazi bütövlüyü, suverenliyi
müdafiə olunub və sərhədlərinin
toxunulmazlığına
hörmətlə yanaşılmanın vacibliyi
vurğulanıb. Həmçinin münaqişənin məhz
bu əsasda həllinin əhəmiyyəti
xatırladılıb. Artıq dünya ictimaiyyətində
belə bir fikir formalaşıb ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal
altındakı ərazilərindən
çıxarılması, məcburi köçkünlərin
doğma yurd-yuvalarına qayıtması ilə
başlanmalı, bunun ardınca isə münaqişə tərəfləri
arasında əməkdaşlıq və etimad mühitinin
formalaşmasına xidmət edən qarşılıqlı
addımlarla işğalın ağır nəticələri
aradan qaldırılmalıdır.
Rəsmi Bakı dünyada terrorizmə qarşı
mübarizədə də fəal iştirak edir. 2002-ci ildən
etibarən Beynəlxalq Təhlükəsizliyə Yardım
Qüvvələrinə (İSAF) ilk qoşulan ölkələrdən
biri olan respublikamız tərəfdaşlarının
ehtiyaclarına həssaslıqla yanaşaraq, mürəkkəb
daşıma əməliyyatlarına yardım göstərib
və Əfqanıstan hərbçiləri
üçün bir sıra minatəmizləmə və digər
təlim kursları təşkil edib.
Ulu öndərin qeyd etdiyi kimi, Azərbaycan
İslam dünyasının ayrılmaz hissəsidir və
xalqımız Bakının
2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan
edilməsindən və 2018-ci
ildə digər qədim şəhərimiz olan
Naxçıvanın bu şərəfli adı öz üzərinə
götürəcəyindən qürur duyur. Beynəlxalq təşkilatlarla
əməkdaşlığımızın nəticəsi
olan başqa bir məqama diqqət yetirək. Ölkəmiz 2015-ci ildə ilk dəfə Avropa
Oyunlarına, 2017-ci ildə isə
İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Gənc
müstəqil dövlət üçün çox
böyük nailiyyətlərdir.
Bir sözlə, Heydər
Əliyev siyasi kursu ilə inamla irəliləyən Azərbaycan
dövləti beynəlxalq təşkilatlarla əməkdaşlıqdan
yüksək səviyyədə bəhrələnərək öz xalqının firavan həyatını
təmin etməklə yanaşı, beynəlxalq sülhün
və təhlükəsizliyin təmin olunmasına da layiqli
töhfələr verir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2013.- 22 dekabr.- S.1.