Heydər ƏLİYEV - xalqın qəlbində

və əməllərində yaşayan lider

 

Bu günlərdə xalqımız  müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 10-cu ildönümünü böyük qədirbilənlik və dərin ehtiramla yad etdi. Bütün ölkəmizi, yaxın-uzaq dövlətləri əhatə edən anım mərasimləri bir daha göstərdi ki, hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə yaşayan,  xalqın rəmzinə, əməlləri ilə hünər timsalına çevrilmiş sevimli rəhbərin nurlu xatirəsi unudulmur. XX əsrin böyük azərbaycanlısı adını qazanmış ümummilli lider Heydər Əliyev tariximizin fəxarət duyduğumuz və bundan sonra da öyünclə xatırlayacağımız siyasi xadimi kimi ideya və əməlləri ilə ruhən sıralarımızdadır. Geriyə baxıb yaxın tariximizi bir daha qiymətləndirərkən bu dahi insanın xalq üçün etdiyi fədakarlıqların, gələcək nəsillərə ləyaqətli örnək sayılan irsinin dəyərini bir daha dərindən başa düşürük.

 

İlk olaraq fikirlərə hakim kəsilən ulu öndər Heydər Əliyevin tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət olmasıdır. O, az bir zaman içərisində Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər gördü. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini düzgün və geniş spektrdə həll edən yeganə tarixi şəxsiyyət oldu. Misilsiz dövlət xadimi kimi ən nadir, ən mürəkkəb, hətta fəlakətli hesab olunan vəziyyətlərdən heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolunu tapmaq bacarığı onu xalqın öndərinə çevirmişdi. Azərbaycan torpağının misilsiz təəssübkeşi olmaq Heydər Əliyev fəaliyyətinin bütün dövrlərdə  ən  səciyyəvi xüsusiyyəti idi. Ölkəmizin siyasi sabitlik və tərəqqiyə qovuşması, xalqın rifahı və asayişi naminə səylərini əsirgəməyən görkəmli dövlət xadimi Heydər Əliyev fitri istedadı, güclü və iti yaddaşı, elmi, zəngin və böyük dünyagörüşü, ictimai-siyasi fəaliyyəti ilə həmişə dünya liderlərinin ön sırasında dayanıb.

1990-cı ilin yayında Moskvadan Vətənə qayıdan ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi illər Azərbaycanın istiqlalı yolunda önəmli bir hadisədir.  Onun muxtar respublikaya rəhbərlik etməsi ölkəmizin bu qədim diyarını erməni təcavüzündən xilas etdi. Məhz Heydər Əliyevin müdrikliyinin, siyasi təcrübəsinin və iradəsinin nəticəsi idi ki, o vaxt Naxçıvan MR üzləşdiyi bütün çətinliklərdən çıxdı.1993-cü ilin iyununda Azərbaycan xalqı “olum, ya ölüm” həqiqəti qarşısında qaldığı bir vaxtda xalqın təkidlə Heydər Əliyevi hakimiyyətə qaytarması isə zamanın təsdiq etdiyi reallıq idi. Heydər Əliyev ilk növbədə ictimai-siyasi sabitliyi bərpa etmək üçün ölkədə xaos və özbaşınalığın qarşısını aldı. Xalqın Heydər Əliyevə inamı, etimadı o dərəcədə yüksək idi ki, onun hər bir çağırışı Azərbaycan xalqının bütün təbəqələrində böyük əks-səda doğururdu.

90-cı illərin əvvəllərində kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etmək, ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtarmaq  Heydər Əliyevin  xalq və tariximiz qarşısında ən böyük xidməti idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması demək idi.  Dövlət müstəqilliyimizin dayanıqlığına nail olmaq üçün ölkə daxilində siyasi sabitliyi bərqərar edən ulu öndər bunun ardınca Azərbaycanın iqtisadi dirçəlişinə yol açan tarixi sənədlərə, böyük və davamlı inkişafı nəzərdə tutan mühüm, strateji layihələrin gerçəkləşməsinə imza atdı. “Əsrin müqaviləsi” və digər neft sazişləri bu baxımdan uzaqgörən bir siyasətin özülü oldu.

Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın inkişafı ilk növbədə onun iqtisadi qüdrətini artıran enerji təminatının yaxşılaşdırılmasından, sənaye potensialının yaradılmasından, elm və mədəniyyətin, ən başlıcası, insan potensialının inkişaf etdirilməsindən asılıdır. Hazırda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflər də Heydər Əliyev ideyalarından güc alır. Ulu öndərin dövlət başçısı İlham Əliyev tərəfindən müasir reallıqlara söykənməklə daha da zənginləşdirilən ideyaları, onun strategiyası, arzuları artıq həqiqətə çevrilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin enerji siyasəti Heydər Əliyevin neft strategiyası əsasında qurulmuşdur və bu strategiya dünyanın müasir tələblərinə uyğunlaşdırılmış, zənginləşdirilmişdir.

Ümummilli liderimizin ölməz ideyaları təkcə enerji siyasətimizi deyil, bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi. Heydər Əliyev Azərbaycanın 1993-cü ildən sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu dövrdə cəmiyyətdə aparılmış islahatların məqsədini və mahiyyətini belə izah edirdi: “Bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir”.

Heydər Əliyev çox gözəl bilirdi ki, yeni Azərbaycan dövlətinin qurulması və  möhkəmləndirilməsi, keçmiş sosializm sistemi münasibətlərinin yeni münasibətlərlə əvəz edilməsi, müasir dünyanın tələbləri ilə ayaqlaşa bilən bir dövlətin qurulması bütün sahələrdə dərin islahatların aparılmasından, insanların şüurunu tədricən dəyişməkdən asılıdır. Odur ki, ölkənin müharibə şəraitində olmasına baxmayaraq böyük risk və qətiyyətlə həmin islahatların konsepsiyasını hazırlayıb ardıcıl həyata keçirirdi. Onların müsbət nəticələri barədə isə xalq qarşısında belə hesabat verirdi: “Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına  yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur  bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir”.

Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də cəsarətlə elan edirdi ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və elə yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir.

Ulu öndər iqtisadi məsələlərin mahiyyətini çox gözəl bilir, bu sahədə dünya təcrübəsinin Azərbaycanda tətbiqinə böyük əhəmiyyət verirdi. Məhz onun səyləri və rəhbərliyi altında hazırlanmış dövlət əmlakının birinci və ikinci özəlləşdirmə proqramları əsasında respublikada yeni iqtisadi münasibətlərin əsası qoyulmuş, özəl sektor yaradılmış, respublikaya böyük xarici sərmayələr cəlb edilmiş, sahibkarlıq üçün geniş imkanlar açılmış, sovet dövründən qalma fabrik və zavodlar dünya bazarına çıxarıla biləcək məhsullar istehsalına yönəldilmək üçün yerli və xarici sahibkarlara verilmişdir. Bununla yeni sənaye sahələri yaradılmaqla bərabər, yeni iş yerlərinin açılmasına da başlanmışdır. Heydər Əliyev inanır və bəyan edirdi ki, Azərbaycan bu sahədə düzgün yoldadır: “Azərbaycan iqtisadi islahatların keçirilməsi sahəsində doğru yoldadır. Çox böyük nailiyyətlər əldə edibdir. Biz bu yolu bəyənmişik, bu yolla gedirik və gedəcəyik”.

Doğrudan da, 1993-cü ildən sonra keçirilən islahatların miqyası və sürəti heyrətamizdir. Bunlardan təkcə kənd təsərrüfatı və torpaq islahatlarını göstərmək kifayətdir. Ulu öndər artıq 2001-ci ildə deyirdi: “Biz konkret olaraq hansı sahədə nələr əldə etmişik? Məsələn, kənd təsərrüfatında biz 1995-1996-cı illərdə torpaq islahatı keçirdik. O vaxt bu bizim üçün cəsarətli addım idi. Çünki MDB ölkələrinin heç birində torpaq islahatı keçirilməmişdir və çoxunda bu günə qədər də aparılmamışdır”. Məhz Heydər Əliyevin bu cəsarətli addımları sayəsində Azərbaycan kəndlisi öz torpağının əsl sahibinə çevrilmiş və bunun böyük bəhrəsini bu gün də görməkdədir. Respublikanın kənd təsərrüfatında son illərdə qazanılmış qələbələr isə göz qabağındadır. Ulu öndərin bu sahədə başladığı işlər müstəqilliyimizin sonrakı illərində də uğurla davam etdirilmiş, Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi böyük kömək sayəsində artıq Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin edən bir dövlətə çevrilmişdir.

Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanın bir dövlət kimi daim yaşaması, müstəqilliyini qoruyub saxlaması, regionda mövcud olan gərgin siyasi şəraitdə ona dünyanın böyük gücləri tərəfindən göstərilən təzyiqlərə davam gətirməsi, ölkənin zəngin təbii sərvətlərinin qorunması və bu sərvətlərdən Azərbaycan xalqının rifahı naminə istifadə edilməsi üçün güclü və demokratik dövlət, bu dövlətin möhkəm hüquqi bazası, dinamik inkişafına təkan verən iqtisadi sistemi  və tarazlı beynəlxalq siyasəti olmalıdır.

Dünyada və regionda mövcud olan geosiyasi vəziyyəti dərindən təhlil edən Heydər Əliyev Azərbaycanın bütün dövlətlərlə, o cümlədən yaxın qonşuları ilə sıx əlaqələrini yarada bilmiş, Azərbaycanın iqtisadi və siyasi maraqlarını qoruyaraq  Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə nail olmuş, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına, enerji daşıyıcılarının alternativ ixrac istiqamətlərinin əldə olunmasına yol açmışdır. Hələ 2000-ci ildə bu kəmərin tikintisinə şübhə ilə yanaşanlar olsa da Azərbaycanın iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcına təkan vermiş və çox böyük siyasi maneələr dəf edilməklə, eyni zamanda böyük zəhmətlə başa gəlmiş bu kəmər haqqında fəxrlə deyirdi: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır”.

Doğrudan da, 2006-cı ildə bu kəmər işə başladı və Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində müstəsna rol oynayır. Bunlar hamısı son nəticədə ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, onun tərəqqisinə, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə şərait yaratmışdır. Heydər Əliyev bu layihələrin həyata keçirilməsində böyük səbr və  təmkinlə, eyni zamanda heyrətamiz iradə və qətiyyətlə hərəkət edirdi.

Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə Heydər Əliyevin informasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində müəyyən etdiyi strategiyaya uyğun olaraq bu sahəni ən müasir səviyyəyə qaldırmaqla məmur-vətəndaş təmaslarının get-gedə azaldılmasını, bilavasitə əhalini narahat edən belə təmasların elektron formada həyata keçirilməsini təmin edir.

Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə ulu öndərin ən sadiq davamçısı İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilmiş və böyük bacarıqla tətbiq edilmişdir. Prezident İlham Əliyev bu müdrik insanın ideyalarını rəhbər tutaraq ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan iqtisadiyyatını üç dəfə artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, öz  çoxşaxəli iqtisadiyyatını yaratmış, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmiş, Azərbaycanda ən müasir texnologiyaları tətbiq etməklə ölkənin gələcək inkişafını sürətləndirən çox böyük potensial yaratmışdır.

Bir sözlə, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.

Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıyan istiqamətləri uzaqgörənliklə müəyyən edən dahi liderin iradəsi, qətiyyəti, siyasi nüfuzu və həyata keçirdiyi radikal islahatlar nəticəsində 90-cı illərin ortalarından etibarən yeni dirçəliş mərhələsinə qədəm qoyan ölkəmiz taleyüklü məsələlərin həlli istiqamətində inamlı, addımlar atmağa başladı. Bu böyük siyasət ustası hakimiyyətə qayıdışı ilə qısa müddətdə gənc müstəqil Azərbaycanı xoas və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən ustalıqla çıxararaq tərəqqiyə, yüksəlişə, davamlı sabitliyə, hüquqi, demokratik dövlətə doğru apardı.

Heydər Əliyev bütün həyatı boyu daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü və siyasi nüfuzunu səfərbər etmişdir.  

“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyən ümummilli lider həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ardıcıl, məqsədyönlü mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Bu günün böyük tərəqqisi Heydər Əliyev siyasətinin  nəticəsidir. Heydər Əliyev siyasi məktəbinin varisi və davamçısı İlham Əliyev Prezident kimi səlahiyyətlərinin  icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bəyan etmiş və ötən 10 ildə bu məramını uğurla sübuta yetirmişdir.  

Bu gün Prezident İlham Əliyevin məqsədyönlü və  yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Zaman 1993-cü ildən Heydər Əliyev siyasətinin alternativsizliyini və 2003-cü ildə xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərdi. Xalqımız bu il prezident seçkilərində yenidən İlham Əliyevə səs verməklə, əslində, Heydər Əliyev kursunun davamına, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Xəzər neftinin çoxvariantlı marşrutla dünya bazarına çıxarılmasına, tikinti, quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına tərəfdar çıxdı. Bu seçimlə milyonlarla insan Azərbaycanın Cənubi Qafqazdakı lider rolunun daha da möhkəmlənməsinə, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına, güclü və müasir ordu quruculuğuna, bütövlükdə, Azərbaycanın sürətli və davamlı inkişafının yeni mərhələyə qalxmasına dəstək verdi.

Ölkə rəhbəri İlham Əliyevin ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə  inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisinin yönünü və məzmununu ifadə edir. Bu yol hər bir azərbaycanlının köklü maraqlarının təmin olunmasına, daha xoş güzərana aparır.

 

Kərim KƏRİMOV,

Azərbaycan Milli Elmlər

Akademiyasının müxbir üzvü, professor

 

Xalq qəzeti.- 2013.- 22 dekabr.- S.4.