Milli poeziyamızın Məmməd Araz möcüzəsi
Bəli, məhz
söz möcüzəsi. Məmməd Araz min illər
boyu səs-səs, heca-heca,
söz-söz, ifadə-ifadə, cümlə-cümlə, mətn-mətn tumurcuqlamış, çiçəkləmiş,
bar-bəhərə
dolmuş ana dilimizin ən
incə, ən əlvan, ən
tutumlu, ən hərarətli qatı olan poetik
üslubda əsl söz
möcüzəsi
yaratmışdır.
Şairin poeziyamızda yaratdığı söz
möcüzələrinin – sözlərin möcüzəli aləminin
sirrinə-sehrinə diqqət yetirək:
Bu
görüş nə
acı qismətmiş bizə,
Elə
bil bir kədər gölünə düşdük.
Salamsız,
kəlamsız durub üz-üzə,
Bir
xeyli baxışla, gözlə
görüşdük.
Bu vaxta qədər “kədər gölü”
ifadəsini kim işlətmişdi? Yaxud, “baxışla, gözlə
görüşdük” deyən
olmuşdumu? İnsan təəssüfündən
doğan kədərin gözəgörünməz aləminə
görüb-qavradığımız dünyanın libasını geyindirməklə Məmməd Araz yeni səciyyəli obraz
yaratmışdır. Kədərin qaranlıq
aləminə
işıq salmaqla şair
metaforik möcüzəyə nail olmuşdur. Sənətkar
bu poetik keyfiyyəti zəkasının gücü və
duyğularının hərarəti ilə əldə etmişdir.
Nakam sevginin bitirdiyi
barsız bir təəssüfün soyuqluğunun,
acılığının,
göynərtisinin rəsmi çəkilir.
Məmməd Araz
sözü
irili-xırdalı
bütün şeirlərdə, müxtəlif mövzulu bütün mətnlərdə, bax belə
bir özünəməxsusluqla möcüzəli təsir
bağışlayır. Şairin sirli poetik
prizması qeybdən – naməlumluqdan səslər, rənglər, ölçülər, təzahürlər əks etdirir. Məmməd Arazın
sənət manifestinin
şahanə bəndlərindən biri –
“Azərbaycan – dünyam mənim” şeirində söz
sərrafının poetik
prizması doğma yurdu
kosmik yüksəklikdən əks etdirir, dünyaya isə bu torpağın gözü ilə baxır:
Azərbaycan – qayalarda bitən
bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm
bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.
Uzaqdan: bir ulduz topası kimi göy üzündədi,
Yaxından: bir qaya lampası kimi yer üstündədi.
Gecənin qoynunda
yanır
dağ şəhər.
Fəzadan asılı,
çilçıraq şəhər...
Məmməd Arazın şair müşahidələri dəqiq, bəsirətli
olduğundan
poetik mülahizə və qənaətləri
də yığcam və çəkilidir. Onun söz möcüzəsinin poetik iksiri olan bədii təyinlər tutumlu, əlvan və canlıdır.
Bu epitetlər bəzən uzaq, əks anlayışları
yaxınlaşdırır, qaynaq edir. Maddi dünya ilə mənəvi aləm arasında aparılan paralellər, tapılan oxşarlıqlar,
ifadə olunan bənzərliklər
təəssüratı mənzərəyə, duyğunu düşüncəyə çevirir. Məmməd Arazın hissiyyatı obraz paltarı geyir, obrazları hissiyyat dalğaları yayır. Belə bir ovqat, bədii
yozum dağı-daşı insanlaşdırır, igidi
dağlaşdırır, şairi qayalara tapındırır:
Dağlar
sevgisində bir ulu ata,
Dağlar
ərköyünlər atası deyil...
Hətta ildırımlar-dağlar çibini,
Dağların qorxusu,
xatası
deyil.
İgidlər çiynini
dağlara tikər,
Şair
qayalara, dağlara söykən!
(“Dağlara söykən”)
Məmməd Arazın söz möcüzəsinin
poetik sistemi sadə olduğu qədər də mürəkkəb, adi olduğu qədər də mükəmməldir.
Bunu incələmək,
axıradək açmaq, təsnif etmək, şübhəsiz, ədəbiyyatşünaslar qrupuna müyəssər ola bilər. Şairin əsərlərinin obrazlılıq dərəcəsini yüksəldən, misralarının əfsusunu, cazibəsini artıran bir cəhət isə sözlərin heç vaxt ritorikaya çevrilməyən səmimi, nəğməvari səslənişi, duyğu-düşüncələrdəki
pak bir təntənədir. “Qaraçı”
şeiri bu baxımdan forma-məzmun uyarlığının maksimal həddində misralaşıb:
Şair, qoyma bu gün kədər qolaça,
Dağlar ucar – dümsələsəm
qolayca,
Günəş bu gün yer üzündə qalayçı...
Aşıq qardaş, alova düş qara çıx,
“Qaraçı” qal, “Qaraçı”
çal, “Qaraçı”...
Elə buna
görə
də Məmməd Arazın şeirlərinə bir balaca avaz, zümzümə
üfürəndə mətn manqal kimi közərir, üşüyən qəlbləri isindirən bir nəğməyə
çevrilir. Dodaqlarda nəğmələşmiş
“Nə bilim...”, görün, necə avaza çevrilir:
Səndən mənə
bir ömürlük
xatirə,
Məndən sənə nə
qalacaq, nə bilim.
Çətin bir də daş üstə daş bitirəm,
Niyə uçdu bu qalacıq, nə bilim...
Şairin bir çox şeirləri bu keyfiyyətinə
görə aşıq havalarının müşayiəti
ilə oxunur, dildə-ağızda
gəzir. Söz oyunları isə Məmməd Araz şeirlərinə
çeviklik,
əlavə məzmun yükü, hikmət gətirir. Bəzən eyni ifadələr qarşılaşdırılır,
toqquşdurulur, bəzən
də təkrirləşərək poetik ovqatı şiddətləndirir:
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.
(“Unut məni”)
Təəssüf, təəssüf, təəssüf
ilə
Qayıda bilməyən
günə
təəssüf!..
(“Təəssüf”)
Elə də
olur ki, bu söz oyunları ikiqat qafiyələrlə
güclənir:
Gərək dil susanda əllər danışa,
Əllər bağlananda dillər danışa.
Elə
danışanlar,
ellər
danışa.
Məmməd Araz irsi poetik axtarışların
bütün yönlərində
novatorluq elementləri qazanmışdır.
Onun yaradıcılığı ideyası ilə xəlqi-humanist, mövzusuna görə çoxsahəli-geniş, sənətkarlıq baxımından özünəməxsus
və kamil bir poeziya hadisəsidir. Məmməd Araz novatorluğu çoxəsrlik
şeirimizin dərin qatlarından, bədii sözün yetkin ənənəsindən qaynaqlandığından həm də milli ədəbi novatorluq faktıdır. Onun bənzərsiz, fitri poetik istedadı əbədi ənənənin ən yaxşı cəhətləri
ilə qovuşaraq tamamilə yeni bir estetik keyfiyyət ərsəyə gətirmişdir.
Xalq şeirindən rişələnən, Nəsimi
– Füzuli – Vaqif – Sabir xətti üzrə professionallaşan,
Səməd
Vurğunun
timsalında islah olunub yenidən ümumxalq poeziyasına çevrilən
söz
xəzinəmizdə Məmməd Araz məhz Səməd Vurğun ədəbi məktəbi çevrəsində yetişib ədəbiyyata
gəlmişdir.
Lakin şair mənsub olduğu nəslin əksər nümayəndələrindən fərqli olaraq bu məktəb daxilində öz poetik üslubunu, fərdi sənətkarlıq yolunu yaratmışdır.
Məmməd Araz öz ustadına münasibətdə estetik məramını cəsarətlə
bəyan edərək, ənənə-novatorluq
tandeminin yeni anlamını “Səməd Vurğunla söhbət” şeirində belə açıqlamışdır:
Səndən sonra şeirimizin xəritəsi təzələnib,
Ona yeni şeir adlı
çox şəhərlər, kəndlər düşüb.
Yeni-yeni
çaylar, göllər,
bəndlər düşüb...
Səndən sonra
Şeirimizə təzə-təzə
yollar gəlib.
Şübhəsiz, Rəsul Rzanın Böyük insana yönəlik estetik baxışı,
hər cəhətdən
sərbəstliyə can atan yeni nəfəsli poeziyası, Süleyman Rüstəm şeirinin yurdsevərlik yönü də Məmməd Araz poetik üslubunun palitrasını zənginləşdirmişdir.
“Gəlmədi Rəsul” şeiri bu baxımdan ustada sevginin poetik etirafı kimi səslənir:
Ölçülərə boy verməzdi əyilməzliyi,
Boz, qranit
qayalarla
duruşu
təndi.
Göyərtdiyi ölməzliyin, yenilməzliyin
Əkinçisi Rəsul
idi, barı Vətəndi.
Məmməd Arazın istənilən şeiri açmasına çalışdığımız bu novatorluğun cövhəri ilə aşılanmışdır. Onun bir dənə
də olsun zəif şeiri yoxdur. Daha güclü,
“yüksək əyarlı” şeirləri isə həddindən artıq çoxdur. Zaman şairi sağlığında ciddi sınaqdan keçirmişdir. Məmməd Araz şeiri illər boyu yüksək poetik zövqü olanların qədərincə
dadlı, zəngin mənəvi qidasına çevrilmişdir. Ortabab oxucu bu şeiri sonadək anlamasa da, qəbul edə bildikləri də ona bəs edir. Aşağı
səviyyəli
oxucular isə bu poeziyanın gerçək duyğu-düşüncələrə
bağlılığını, xalqın qəlbinə xitab olduğunu dərhal tuta bilir, misraların cazibəsinə
düşürlər. Beləliklə, Məmməd Araz əksər oxucuların qəbul etdiyi yazar kimi son 60 ilin, yaxşı mənada, ən populyar şairidir.
Məmməd Arazın poetik zəkası daşı da, quşu da, gülü də, lalı da, karı da – zərrədən
küllədək hər şeyi duyub-başa düşə, ovqata-anlayışa, mövzuya-obraza çevirə bilmişdir. Onun yaradıcılığında görünən
və görünməyən aləmin, gedilən və gedilməyən dünyanın köhnə və yeni mövzuları, anlayışları poetik araşdırma hədəfi olaraq bizlərə çox sirləri açıqlamışdır.
Məmməd Arazın ötən əsrin 50-60-cı
illərindən formalaşan yaradıcılığı onu ədəbi aləmə istedadlı şair kimi təqdim etmiş, 70-80-ci
illər onu bənzərsiz bir şair kimi təsdiqləyib-sevdirmiş,
90-cı illərdən XXI əsrin əvvəllərinə
– əbədiyyətə qovuşanadək olan dövr isə ustad sənətkar kimi zirvədə qərarlaşdırmışdı. Təsadüfi deyil ki, sağlığında ikinci
bir şairə müxtəlif yaşlı həmkarları Məmməd Araz qədər ithaf və nəzirə yazmamışlar. Bütün varlığı Azərbaycan sevgisindən yoğrulmuş, bu iksirlə nurlanmış Məmməd Araz sovet dönəmində
ən yaxşı Vətən övladlarının qəlbində yaşayan və nəhayət, milli istiqlalımızın məramına çevrilən
azərbaycançılığın mükəmməl poetik timsalını və obrazını yaratmışdır. Məmməd Arazın bakir vətəndaşlığı
“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı!” meyarına tam uyğun gəlir.
Tahir
AYDINOĞLU
Xalq qəzeti.- 2013.- 22 dekabr.- S.7.