Folklorşünaslığımızın yeni uğuru

 

Azərbaycan folklorunun tanınmış tədqiqatçısı professor Ramazan Qafarlının bir neçə il öncə nəşr edilmişMif və nağıl” kitabı haqqında böyük sənətkarımız Bəxtiyar Vahabzadə öz təəssüratını belə ifadə etmişdi: “Əlimə bir kitab düşmüşdü - “Mif və nağıl”. İşimin çoxluğuna baxmayaraq, götürüb vərəqlədim. Girişi oxuyandan sonra yerə qoya bilmədim. Həcmcə böyüklüyü gözümə dursa da, başa çatdırdım. İlk növbədə, imzasını mətbuatda kəskin yazıları ilə tanıtmıs müəllifin vətəndaşlıq mövqeyi, milliliyi, dərin və hərtərəfli biliyi, elmiliyi diqqətimi özünə çəkdi. Ancaq Vətənini, xalqını, insanlığı böyük məhəbbətlə sevən bir şəxs bu cür yazmağa qadir olardı”.

Əgər xalq şairi sağ olsaydı, folklorşünas aliminElm və təhsil” nəşriyyatında çapdan çıxmış “Uşaq folklorunun janr sistemi və poetikası” monoqrafiyasını oxuyub fikirlərini bir daha təsdiqləyər və daha yüksək qiymət verərdi. Filologiya üzrə elmlər doktoru R.Qafarlının folklorumuzun mühüm sahəsinə həsr olunmuş bu fundamental əsəri AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Kitabın elmi redaktoru institutun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov, rəyçilər professor Z.Xəlil, professor Ə.Tanrıverdi və dosent R.Əliyevdir.

Professor R.Qafarlı iyirmi beş il öncə respublikamızda ilk dəfə olaraq uşaq folklorunu bir tədqiqat obyekti kimi monoqrafik şəkildə araşdıraraq uğurlu elmi nəticələr əldə etmişdi. Elmi-tədqiqat  sahəsində böyük təcrübə əldə etdikdən sonra alim yenidən həmin mövzuya üz tutmuş, gəldiyi nəticələri daha da  zənginləşdirərək folklorşünaslığımıza monumental bir əsər bəxş etmişdir.

Azərbaycan folklorşünaslığı tarixində ilk dəfədir ki, bu problem hərtərəfli elmi təhlilə cəlb olunur. Uşaq folkloru təkcə Azərbaycan şifahi xalq ədəbiyyatının mühüm bir sahəsi kimi deyil, həm də yeni nəsillərin yetişməsində böyük rola malik ictimai amil kimi araşdırılır. Alim monoqrafiyada əsas mənbə olaraq XIX yüzilliyin ikinci yarısında rus və Azərbaycan mətbuatında, uşaq jurnallarında, dərsliklərdə dərc edilmiş, habelə şəxsi arxivlərdə qorunub saxlanılan əlyazmaları, folklor ekspedisiyaları zamanı yazıya alınıb sonradan kitab və məcmuələrə salınmış çoxsaylı nümunələri tədqiqat obyekti kimi götürür. Bu istiqamətdə elmi araşdırma apararkən müəllif özü də müxtəlif janrlı uşaq folkloru nümunələrini toplayıb qələmə almış, həmin nümunələri məqamı gəldikcə ayrı-ayrı xalq yaradıcılığı örnəkləri ilə tutuşdurmuş, müqayisələr apararaq mənbələri dəqiqləşdirmişdir.

Kitabın birinci bölməsində Azərbaycan uşaq folklorunun tarixi köklərinə diqqət yetirilir. Körpələrə ünvanlanmış nəğmələrin, xalq poetik yaradıcılığının ilk ünsürləri olan folklor nümunələri elmi təhlilə cəlb edilir. Uşaq folklorunun janrları üç ədəbi növ əsasında sistemləşdirilir: lirik, epik, dramatik. Birinciyə ana nəğmələri, laylalar, oxşamalar, dilaçmalar, uşaq nəğmələri, heyvanlar haqqında nəğmələr və s. aid edilir. Epik uşaq folkloru janrlarından bəhs olunarkən tapmacalar, yanıltmaclar, uşaq nağılları, qaravəllilər və s. dramatik növdə isə uşaq oyun və tamaşaları təhlil edilir. O, uşaqların hərtərəfli şəxsiyyət kimi formalaşmasında, təcrübə, bilik əldə etməsində folklorun da məktəb pedaqogikası qədər mühüm rol oynadığı qənaətinə gəlir. Uşaq folklorunun təsnifatını müəllif uşaqların yaş xüsusiyyətlərinə görə aparır və müxtəlif araşdırmalara münasibətini açıqlayır. Monoqrafiyada müəllif tərəfindən toplanmış, ilk dəfə bu kitabda verilən xeyli folklor nümunələrinə də rast gəlirik.

R.Qafarlı hərtərəfli təhlillər əsasında dəqiq nəticələrə gələrək uşaq folklorunun mükəmməl elmi tərifini də vermişdir. Uşaqların mənəvi dünyasına baş vurmaq istəyənlər üçün dəyərli bir bələdçi olan bu monoqrafiya tələbə və mütəxəssislər, eləcə də uşaq böyüdən gənc valideynlər üçün  gərəkli və zəngin vəsaitdir.

 

Pərixanım SOLTANQIZI,

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2013.- 22 dekabr.- S.7.