Aşıq Ələsgər
muzeyi sənət xəzinəsidir
Göyçə deyəndə istər-istəməz saz-söz sənəti, saz deyəndə isə ustad Ələsgər yada düşür. İllər keçdikcə Dədə Ələsgərin söz xəzinəsi, müdrikliyi daha dərindən araşdırılır, onun söz xəzinəmizə, aşıq sənətinə bəxş etdiyi töhfələr qorunub gənc nəslə ötürülür. Bu mənada aşıq yaradıcılığının vurğunu olan Hüseyn Həsənovun yaratmış olduğu Aşıq Ələsgər Muzeyi bu ocağa gələn ziyarətçiləri Ələsgər başda olmaqla saz ustadlarının şeir dünyasına, aşıq poeziyasının hikmətinə qovuşdurur. Qəzetimiz bu muzey barədə bir neçə dəfə oxucularımıza söhbət açıb. Bu dəfəki yazıda isə muzeyin fəaliyyətindəki yeniliklərdən söz açacağıq.
2002-ci ildən fəaliyyət
göstərən muzey onun
yaradıcısı Hüseyn Həsənovun
gərgin əməyi sayəsində mütəmadi olaraq zənginləşməkdədir. Aşıq Ələsgər başda
olmaqla, divar boyu Aşıq Alı, Aşıq Şəmşir,
Aşıq Əmrah, Aşıq Hüseyn
Saraclı, Aşıq Hüseyn
Bozalqanlı, Aşıq Əsəd Rzayev,
Aşıq Mikayıl Azaflı və neçə-neçə görkəmli
aşıqlarımızın şəkilləri yer alır. Burada
1700-dən çox aşığın
şəkli, 800-dək
aşıq və muğam
ustalarının səs valları, 150-dən çox
kasetləri, lent yazıları, 3 qrammafon, 4 patefon, 4 valoxudan radioqəbuledici, 3 saz
və aşıq geyimləri də qorunub
saxlanılır. Aşıq
yaradıcılığı, eləcə də muzeyin fəaliyyətini əks etdirən kitab və mətbu
nəşrlər də gələnlərin marağına səbəb
olur.
“Bir vaxtlar muzey
3 otaqdan ibarət idi. Vaxt keçdikcə eksponatların
sayı artmağa başladı. İndiyə
kimi sənətsevərlər
də eksponatların
toplanmasında səylərini
əsirgəməyiblər. Aşıqlarımızın səs yazıları
olan valları muzeyə təqdim edənlər də olub. Eksponatların sayı artıdığından
indi 5 otaqdan ibarətdir”-deyir Hüseyn Həsənov.
Hüseyn Həsənov
Aşıq Ələsgər yurdunda doğulub, boya—başa çatıb. 1927-ci ildə Göyçənin
Ardanış kəndində
anadan olan həmsöhbətim Göyçə
saz-söz mühitindən
həm də ustadlara sayğını,
söz xiridarlarına
hörməti əxz edib. Odur ki, Aşıq Ələsgər yaradıcılığından,
xalqımızın milli
sərvəti olan aşıq sənətinin
ədəbiyyatımıza verdiyi töhfələrdən hər
zaman ürəklə
danışır və
muzeyin bu amala xidmət etdiyini vurğulayır.
Muzeydə
Aşıq Ələsgərin
tablosunun dahi şairimiz Nizami Gəncəvi ilə yan-yana asılmasının,
bəlkə də rəmzi bir mənası var. Poeziyamızın
korifeyi Nizami Gəncəvidirsə, aşıq
məktəbinin ustadı
da Dədə Ələsgərdir. Ələsgər
hikmətindən daim aşıqlarımız və
yazıçılarımız bəhrələnmiş, alimlər Dədə
Ələsgər fəlsəfəsini
açmağa cəhd
etmişlər. Görkəmli
xalq şairi Səməd Vurğun ustad aşığın yaradıcılığına yüksək
qiymət vermişdir:
“Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında
Dədə Ələsgərdən
bir nişanə görürəm”. Hüseyn
Arifin ustadı yüksək qiymətləndirməsi,
Aşıq Mikayıl
Azaflının və
neçə-neçə söz
adamlarının Ələsgərə
şeir qoşması
söz ustadına olan ehtiram və
sevginin, xalq məhəbbətinin bariz
ifadəsidir.
Həqiqətən də, aşıq şeirinə yeni mövzu, çalar gətirən aşıq kamil
dünyagörüşü və sənət biliciliyi ilə böyük bir məktəbin əsasını
qoymuşdur. Dövrünün savadlı şəxslərindən
biri olan Aşıq Ələsgər
dünyəvi elmlərlə
yanaşı, İslamı
da dərindən bilmişdir.
Hüseyn Həsənov
Aşıq Ələsgər
yaradıcılığından, digər aşıqlarımızın
ona ithaf etdiyi şeirlərdən,
Ələsgər havalarını
oxuyan sənətkarlarımızdan
həvəslə danışır:
Aşıq Hüseyn Bozalqanlı, Mikayıl Azaflı, şirvanlı aşıq Məmmədağa
Babayev... Hüseyn Həsənov deyir ki, muzeyin eksponatlarını toplayarkən
aşıq sənəti
həvəskarları, ziyalılarla
yanaşı, sıravi
vətəndaşlar da
öz köməyini əsirgəmir. Məsələn,
Gədəbəy rayon sakini
Hüseyn Əsədovun
muzeyə aşıqlarımızın
səs yazısı olan 200 val
və bir patefon hədiyyə etməsi əvəzsiz bir kömək sayıla bilər.
Tanınmış ziyalılar, yaradıcı
insanlar, Dədə Ələsgərin və ümumən, aşıq
yaradıcılığının vurğunları muzeyin daimi qonaqlarıdır. Onların hər gəlişi muzeydə xoş ovqat, müsbət bir atmosfer yaradır.
Saz-söz dünyasının sehrinə düşənlər
“Xatirə dəftər”inə
təəssüratlarını yazmağı da unutmur, bunu özlərinin
mənəvi borcu hesab edirlər. Akademiklər Teymur Bünyadov və Budaq Budaqov, Azərbaycan Aşıqlar Birliyinin rəhbəri Zəlimxan Yaqub, professor Məhərrəm
Qasımlı, folklorşünaslar
Elxan Məmmədli və Qara Namazov, millət
vəkilləri Qənirə Paşayeva və Adil Əliyev... muzeylə tanış olaraq onun fəaliyyətinə
uğurlar arzulamış,
xeyir-dua vermişlər.
Bu yaxınlarda Hindistanın
ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri V.Kuuarın muzeyə gəlməsi isə Hüseyn Həsənovun yaxşı
mənada təəccüb
və sevincinə səbəb olmuşdur: “Cənab səfir muzeyin eksponatlarıyla tanış oldu. Hind kino ulduzlarının
fotolarından ibarət
guşəni isə maraqla qarşıladı.”
Muzeyə
bağışlanılan hər
bir hədiyyə, “Xatirə dəftəri”nə
yazılmış hər
bir xoş təəssürat Hüseyn
Həsənov üçün
əzizdir. Sosialist əməyi
qəhrəmanları Ömər
Ağayev, Asya Məmmədovanın bağışladıqları
duanı əks etdirən suvenir və kitab, şair Savalan Aslanovun yazdığı şeirin hədiyyələr
arasında qiyməti böyükdür.
Xalqımızın
milli və mənəvi dəyərlərinə,
şəxsiyyətlərinə daim hörmətlə yanaşan, sovet ideologiyasının qadağalarına
baxmayaraq bu irsi unudulmağa qoymayan ümummilli lider Heydər Əliyevin fəaliyyəti
sayəsində 1972-ci ildə
Moskvada İttifaqlar Evinin geniş salonunda Aşıq Ələsgərin 150 illik
yubileyi böyük təntənə ilə qeyd edilmişdi.
Bu, sözsüz ki, ulu öndərin
ədəbiyyatımıza və saz-söz sənətinə verdiyi qiymət idi. Azərbaycan müstəqillik
qazandıqdan sonra milli dəyərlərimizin,
maddi və mənəvi
irsimizin qorunması, beynəlxalq aləmdə tanıdılması ilə
bağlı daha çox işlər görülmüşdür.
1993-cü ildə Aşıq Ələsgərin
175 illlik yubileyini ölkə ictimaiyyəti təntənə ilə qeyd etdi. 2011-ci ildə Prezident
İlham Əliyevin sərəncamı ilə
ustadın 190 illik yubileyinin Heydər Əliyev Sarayında geniş şəkildə
qeyd edilməsi saz-söz sənətini sevənlər üçün
əsl bayrama çevrildi. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin ustadın 190 illik yubileyi tədbirindəki çıxışında
Aşıq Ələsgər
adına muzeydən də bəhs etməsi dövlətimizin mədəni
irslə bağlı görülən işləri
daim diqqətdə saxladığını göstərir.
Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə aşıq sənətinin YUNESKO-nın
Qeyri-maddi mədəni
irs siyahısına
daxil edilməsi Mehriban xanım Əliyevanın milli mədəni irsimizin qorunması işinə verdiyi ən yüksək töhfələrdən
biridir. Aşıq sənətinin artıq
dünyada tanındığını
deyən Hüseyn Həsənov bu baxımdan görülən
işləri yüksək
qiymətləndirir. Onun sözlərinə
görə, 2010-cu ildə
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə
muzeylə bağlı
sənədli film çəkilməsi
və YUNESKO-ya göndərilməsi Dədə
Ələsgər yaradıcılığına
verilən daha bir diqqətin nümunəsidir.
Muzey
həm də maraqlı tədbirlərin,
görüşlərin məkanıdır
desək, yanılmarıq. Könlünə Ələsgər
misrası düşənlər,
ürəyi “Ruhani”, “Sarı tel” havasına oynayan və düşüncələrə
dalan insanlar tez-tez bura gəlib,
ruhən sakitləşir,
Hüseyn müəllimlə
aşıq sənəti
ilə keçmişlə
bağlı maraqla söhbətləşirlər. Biz də Aşıq Ələsgər muzeyinin yaradıcısı ilə
söhbətləşdik, muzeyin
fəaliyyəti ilə
tanış olduq, ustad aşığımızı
bir daha yada saldıq.
Hüseyn müəllim
söhbətimizdə Azərbaycan
mədəniyyətinin tanıdılmasında,
qorunmasında, aşıq
yaradıcılığının təbliğində dövlətimizin
gördüyü işlərdən
də danışdı:
“Muzeyin fəaliyyətində
hər zaman dövlətimizin diqqətini
və mənəvi dəstəyini hiss etmişəm.
Aşıq Ələsgər Muzeyinin yaradıcısı
kimi, mən də aşıqlarımızın
gələcək nəslə
tanıdılmasında əlimdən
nə gəlirsə, edirəm. Arzulayıram ki, gələcəkdə
muzeyimiz fəaliyyətini
daha geniş bir məkanda davam etdirsin.”
...Muzeydən xoş
təəssüratla, nikbin
arzularla ayrıldıq.
Sazlı-sözlü dünyanın sehrindən
qopmaq çətin olur.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2013.- 22 dekabr.- S.7.