Ərzaq təhlükəsizliyinə mühüm təminat

 

Mütəxəssis rəyi

 

İnsanın normal qidalanması kənd təsərrüfatı məhsullarından çox asılıdır. Təəssüf ki, hazırda bazarda bolluq müşahidə olunsa da, məhsulların keyfiyyətinin aşağı düşməsi, dadının, tamının itməsi, hətta bəzən zəhərlənmə hallarına gətirib çıxarması ciddi narahatlıq yaradır. Hər halda, qida məhsullarının ətri, dadı, tamı keçmişdəki kimi deyil. Hətta gündəlik qida olaraq yediyimiz çörək də keçmişin ətirli, tamlı, həm də el arasında deyildiyi kimi “durumlu”təndir çörəyini əvəz etmir. Torpaqların gücdən düşməsi, üzvi maddələrlə zəngin olmaması becərilən yem bitkilərinin keyfiyyətində də özünü göstərir.

Sənaye üsulu ilə alınmış mineral gübrələrin, alaq otlarına, zərərverici və xəstəliklərə qarşı işlədilən pestisidlərin və s. preparatların tətbiqinin cəmi bir əsr tarixi vardır. Ötən dövr ərzində məhsuldarlıq artsa da, keyfiyyət göstəriciləri keçmişdəki məhsulların yerini vermir. Ötən əsrin 60-cı illərindən etibarən  bütün SSRİ-də olduğu kimi, Azərbaycanda  da kənd təsərrüfatının kimyalaşdırılmasına, mineral gübrələrdən, o cümlədən azot gübrəsindən daha çox istifadə edilməsinə başlanıldı. Nəhayət, aydın oldu ki, keyfiyyəti yaxşılaşdırmaq, bostan, tərəvəz, yem bitkiləri və meyvə məhsulunda nitratların miqdarını azaltmaq üçün azot gübrəsindən istifadə zamanı onun formasından asılı olaraq dozasını maksimum azaltmaq lazımdır. Bu zaman məhsuldarlığın təqribən 8-10 faiz aşağı düşməsi baş verə bilər. Nəzərə alınmalıdır ki, son 100 ildə biosferə külli miqdarda zərərli tullantılar—4 milyon ton potensial kimyəvi maddə, o cümlədən 180 min tondan çox xüsusi təhlükəli zərərli maddələr atılmışdır. Məhz bunun nəticəsidir ki, əgər bir adam 100 il bundan əvvəl gün ərzində qəbul etdiyi qida ilə və ona münasib enerji sərf etməklə 5000-6000 kilokalori alırdısa, hazırda bu,  keyfiyyətli, ekoloji təmiz qida ilə ən yaxşı halda 2400, bəzən isə 1900-2100 kilokalori təşkil edir. Onu da qeyd edək ki,  ötən əsrin 60-cı illərində bu rəqəm 3600 kilokalori olmuşdur. Orqanizmin tələbatının isə, qeyd etdiyimiz kimi,  qədim zamanlardan genetik olaraq 5000-6000 kilokalori təşkil etdiyini nəzərə alsaq, onda  bir adam təkcə “C” vitamininə olan gündəlik tələbatını ödəmək üçün gərək bütün gün ərzində meyvə-tərəvəz yesin.

Bəs, keyfiyyətin yüksəlməsinə necə nail olmaq mümkündür? Hər şeydən əvvəl, bunun üçün kompostun sadə üsulla hazırlanmasından başlamaq lazımdır. Kompost torpaqlarımızı üzvi maddələrlə zənginləşdirir, ən əsası isə külli miqdarda faydalı mikroorqanizmləri artırmaqla onların fəaliyyətini yaxşılaşdırır. Nəticədə torpaqda azot, fosfor, kalium və mikroelementlərin miqdarı xeyli artır. Bundan əlavə, kompost torpağın su-hava rejimini yaxşılaşdırır, onu yumşaq saxlamaqla dənəvər edir, eləcə də  torpağın humus (çürüntü) qatını zənginləşdirir. Azot gübrəsindən fərqli olaraq kompostun artıq səpilməsi  məhsulun keyfiyyətini daha da yaxşılaşdırır, onda nitratın çox toplanmasının qarşısını alır, həmçinin yeraltı suları, torpağı və havanı çirklənməyə qoymur. Ümumiyyətlə, torpağın münbitliyini artıran məişət, kommunal, kənd təsərrüfatı və sənaye tullantıları əsasında hazırlanan asan mənimsənilən kompostun tətbiqi ilə azlıq təşkil edən peyinbaha başa gələn mineral gübrələrin xeyli hissəsini əvəz etmək mümkündür.

Yeri gəlmişkən, ekologiyasi pozulmuş, münbitliyi azalmış və zərərli kimyəvi maddələrlə çirklənmiş torpaqlarımızın bərpasında son dərəcə faydalı olan  kompostun hazırlanması çox da ağır zəhmət tələb edən bir proses deyil. Bunun üçün hər bir fermer, yaxud fərdi təsərrüfatçı, ilk növbədə, sahənin münasib yerində  azı beş-on kubmetr tutumu olan quyu qazmaqla onu fermadan çıxan mal-qaranın bərk və duru ifrazatı, qoyun qığı, toyuq zılı, qaz, ördək, göyərçin və s. quşların bütün tullantıları, payızda tökülən xəzəllər (yandırılmadan), pambıq qərzəyi, üzüm cecəsi, hətta, imkan olarsa, bazar və fabriklərdən çıxan üzvi qalıqlar, ağac yonqarı (kəpək), xüsusən də, gündəlik mətbəxdən atılan ərzaq qalıqları ilə  doldurmaq lazımdır. Eyni zamanda, quyunu axırıncı dəfə yaxşı nəmləşdirmək, üzərini qalın sintetik pərdə ilə kip örtmək və ətrafını çim torpaqla basdırmaq da vacibdir. Belə sadə üsülla hazırlanmış kompost 6 ay ərzində tam yetişir, çıxardılaraq torpağa verilir,  sonra isə şum, yaxud belləmə aparılır. Quyuya doldurulmuş müxtəlif tullantılardan kompost alınarkən təbii yanma (çürümə) zamanı yaranan 60 istilikdə alaq otlarının toxumları, zərərverici və xəstəliklərin törədiciləri, demək olar ki, tam məhv olur, əksər hallarda peyində əmələ gələn danadişinin kökü kəsilir.

Torpaqlarımızın münbitliyini artırmaqla paxlalı bitkilərin əkini ilə, kompostun fasiləsiz olaraq hazırlanıb ən azı bostan, kartof, tərəvəz və yem bitkilərinə verilməsi məhsulların keyfiyyətinin xeyli yüksəlməsinə səbəb olar. Yeri gəlmişkən, yuva üsülü ilə əkilən bostan bitkilərində komposta qənaət etmək məqsədilə onu yuvaya da vermək olar.

Göründüyü kimi,  çox sadə üsulla, xərc çəkmədən kompost almaqla torpaqlarımızı zənginləşdirmək, yeraltı suları, torpağın, havanın ekologiyasını yaxşılaşdırmaqla yanaşı, sağlam qida almaq və dadlı, tamlı məhsul yetişdirmək mümkündür. Fikrimcə, bu günolmasa, gələcəkdə külli miqdarda üzvi tullantılardan istifadə etmək məcburiyyətində qalacağıq.

İkinci vacib məsələ fermer təsərrüfatlarının inkişafına və əsas bazarlara çıxışının təmin olunmasına dəstək verməkdən ibarətdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin verdiyi məlumata əsasən, bütün dünyada istehlak üçün istehsal edilən ərzağın üçdəbir hissəsi, yaxud  il ərzində təxminən 1,3 milyard tonu itirilirya tullanılır.

Mövsüm ərzində daxili bazarda  bolluq olsa da, məhsulun realizə edilməsində bir sıra çətinliklər yaranır. Son nəticədə isə kənd təsərrüfatı məhsullarının  istehsalçıları itkilərlə üzləşirlər. Eyni zamanda, etiraf etmək  lazımdır ki, hazırda fermerlər böyük zəhmət və  xərc hesabına yetişdirdikləri məhsulları ölkənin sənaye şəhərlərinə və xarici bazarlara çıxarmaqda çətinlik çəkirlər. Bundan istifadə edən bəzi işbazlar istehsalçıdan bir neçə dəfə çox  qazanmaq imkanı əldə edirlər. Nəticədə isə  torpağın, təsərrüfatın sahibi olan sadə vətəndaşlar lazımi qazancdan məhrum olur, hətta bəzən ziyana da düşürlər.

Yeri gəlmişkən, hazırda Azərbaycanda elə fermer təsərrüfatları mövcuddur ki, onlar nəinki Bakı şəhərini, eləcə də digər sənaye şəhərlərini ət-süd, meyvə-tərəvəz,  bostan məhsulları və kartofla təmin edə bilərlər. Quba-Xaçmaz zonasında meyvə saxlamaq üçün soyuducularemal müəssisələri mövcud olsa da, Gədəbəy, TovuzQazax rayonlarında kartof saxlamaq üçün anbarların tikintisi davam etdirilsə də, hələlik kənd təsərrüfatı məhsullarının bolluğu şəraitində müşahidə olunan ucuzlaşma nisbi  xarakter daşıyır.

 Azərbaycanda istehsal olunan meyvə-tərəvəz, bostan və kartof məhsulları yerli istehlakçıların  tələbatını tam ödəyir. Odur ki, bu məhsulların yarmarkalara daşınmasına yardımçı olmaqla onların satışının istehsalçı tərəfindən yerinə yetirilməsini təşkil etmək lazımdır. Yalnız bu yolla məhsulun daha münasib qiymətlərə satılmasına nail olmaq mümkündür. Bal yarmarkasında həm istehsalçının, həm də alıcının satılan məhsulun qiymətindən razı qalması buna misal ola bilər.

Hazırda ölkəmizdə kartof ən çox tələbat duyulan kənd təsərrüfatı məhsullarındandır. Nəzərə almaq lazımdır ki, yetişdirilməsinə xeyli vəsait tələb olunan kartofun hər bir hektarının əkini üçün 2,5-3,5 ton toxum materialı lazım gəlir. Bundan əlavə,  toxum səpildikdən sonra da aqrotexniki qulluq işlərinə zəhmət və xərc tələb olunur. Bütün bunların müqabilində sahibkar yetişdirdiyi  məhsulu özü satmaqla daha çox qazanc əldə etsə, istehsala marağı daha da artar. Fikrimcə, fermerlərin külli miqdarda istehsal etdiyi məhsulun daşınmasına da imkan daxilində kömək etmək lazımdır. Əgər sadaladığım bütün bu məsələlər dövlətin əlaqədar strukturları tərəfindən öz həllini taparsa, rayonlarda işsizlik xeyli azalar, istehsala həvəs artar, əkin-biçin adamının güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşar və bazarlarımız da dadlı-tamlı məhsullarla tam təmin olunar.

 

Urfan MƏMMƏDOV,

kənd təsərrüfatı elmləri namizədi

 

Xalq qəzeti.- 2013.- 22 dekabr.- S.6.