İlham Əliyev: zirvəyə gedən yol

 

Prezident İlham Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb bütöv bir tarixdir. Həmin tarixi dönəmin taleyüklü imtahanları isə Vətənin müstəqilliyinin ilk illərinə düşüb. Ölkənin ən çətin, ziddiyyətli anlarının qarışıq mənzərəsini ifadə edən 1993-cü ildə dövlətçiliyin itirilməsi təhlükəsi az qala reallığa çevriləndə xalqın müdrik Heydər Əliyev qüdrətinə tapınması taleyin tanıtdığı yeganə düzgün yön idi.

 

Müharibə alovunu söndürmək – hər ocağa, ailəyə, gündəlik həyatımıza axan qan izini kəsmək lazım idi. Bununla bahəm, ideoloji zəminli görüləsi – həllini gözləyən işlər çox idi. Öndə Qərblə, Avropa ölkələri ilə səmimi münasibətlər qurmaq, Azərbaycan haqqında sülhsevər bir imic yaratmaq vəzifəsi dururdu. Siyasi dövlət sisteminin əsasları qoyulmalıydı. Gələcəyin lideri İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, tez-tez dəyişən olayların çevrəsində dünya şöhrətli atasının bütün fərdi və ideoloji qənaətlərini onunla birgə yaşayırdı.

Ulu öndər Heydər Əliyev ölkənin müstəqilliyinin on ili ərzində milli, dünyəvi quruluş formasiyasını seçən Azərbaycanda bugünün və sabahın üç ana prinsipini, ideya istiqamətini müəyyənləşdirdi: azərbaycançılıq, millilik, demokratizm! Ümummilli lider düz iki müddətlik prezidentliyi dövründə dövlətçiliyə yaradıcı münasibətini bu prinsiplər üzərində qərarlaşdıraraq bütöv bir nəslin tərbiyəsini və effektli təcrübə toplamasını reallaşdırdı. O, böyük irs və zəngin ənənəli siyasi məktəb yaratdı.

Xalq 1993-cü ildə Heydər Əliyevi yenidən özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə tələb edəndə nə qədər ağılla, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində İlham Əliyevin şəxsində öz yeni prezidentini – yeni liderini seçəndə də o səviyyədə mübarizlik göstərdi. İlk mərhələdə Azərbaycan xalqı dövlətçiliyinin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını,  Vətənin müstəqilliyini qorudu və milli dövlətini qurdu. İkinci mərhələdə isə Azərbaycan cəmiyyəti böyük zəhmətlər, ağrı-acılar bahasına yaradılmış ənənə və dövlətçilik təcrübəsini dağılmağa, müstəqilliyi naməlum talenin oyunları ilə üz-üzə qalmağa qoymadı. Bu, müasir Azərbaycanda siyasi varislik ənənəsinin nə qədər ehtiyac duyulan həyati məsələ olduğuna mükəmməl sübut idi.

İlham Əliyev siyasi meydanda çoxdan olsa da, tam aydınlığı ilə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər fəaliyyəti ilə iri planda nəzərə çarpdı. Sonradan isə cəmiyyət onu Baş nazir kimi qəbul etdi. AŞPA ölkəmiz üçün beynəlxalq aləmə açılan pəncərə idi. Bununla yanaşı, Azərbaycana qarşı geniş təbliğat kampaniyası aparan erməni diasporunun bəzi iri xarici dövlətlərə güclü təsirləri görünürdü. Belə bir zamanda ölkəmizi Avropada təmsil edəcək heyətə elə bir geniş və müasir dünyagörüşlü şəxs lazım idi ki, dünyada gedən siyasi proseslərdən düzgün baş çıxara bilsin. Əslində, bu qədəmisayalı başlanğıc Heydər Əliyev siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmış, Avropa və Şərq dəyərlərinin sintezindən yaranan, monolit kökü olan özünəməxsus siyasi əxlaqın – mədəniyyətin gəlişi idi.

Prezident İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və Xalq təəsssübkeşliyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əxlaqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt möhkəm birləşmiş özüldür. O, dəyərlərimizin hamısında – mədəni, elmi, etno-kulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə himayəni yalnız  iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə təmin edir. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməyində həlledici amildir. Biz qəlbən rahatlıq hissi keçirməli və ümidvar olmalıyıq ki, xalqın intellektual, mədəni, mənəvi perspektivi Azərbaycanın potensial iqtisadi-sosial rifahına hesablanmışdır.

Millətin ümumi daxili-ruhi yüksəlişi, mənəviyyat, mədəniyyət sahəsindəki məsələlərin konseptual bir proqram çərçivəsinə, sistemə salınması Azərbaycan cəmiyyətində İlham Əliyevin lider kimi tanınmasına əsaslı təsir göstərmişdir. Prezident  İlham Əliyev idarəçiliyin elə demokratik və optimal  yolunu seçmişdir ki, burada hər bir zəkalı ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri vardır. Dövlət quruculuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə görə müəyyənləşmişdir.

Hələ prezidentlikdən əvvəl İlham Əliyevin gənclik maraqlarına uyğun olaraq, Azərbaycanda idmanın intibahını qısa zamanda gerçəkləşdirməsi, mühüm məsələ kimi millətin fiziki və əqli sağlamlığına qayğı ilə yanaşması da sırf milli xarakterlidir. Ölkəmizdə müasir idman siyasəti fiziki hazırlıq çərçivəsini genişləndirərək mənəvi təbiətin güclənməsi anlamına keçmişdir və ictimai, ideoloji əhəmiyyətini  getdikcə artırır. İdman sistemində ab-havanın yeniləşməsi idmançılarımızın mötəbər beynəlxalq yarışlarda ürəkaçan nailiyyətlər qazanmasını reallaşdırmışdır. Bu gün bütün idman uğurları təsadüflərin deyil, məntiqi, ardıcıl proqramın ifadəsidir. Respublikamızın bütün regionlarında möhtəşəm olimpiya komplekslərinin, idman qurğularının tikilməsi, yarışların müntəzəm, planlı şəklə düşməsi dövlətimizin başçısının gəncləri çağdaş dünyanın nəfəs aldığı ideallarla yetişdirmək ideyasından irəli gəlir.

Dünya siyasətinin ən peşəkar simalarından biri, iyirminci yüzilliyin mütəfəkkir qurucusu Heydər Əlirza oğlu bütün vətəndaşlara, o cümlədən müxalifətə açıq siyasi fəaliyyət və özünütəbliğat üçün təhlükəsiz şərait yaratmışdı. İqtidar siyasi əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşa, o cümlədən də müxalifətə söz demək, mübarizə aparmaq azadlığını vermişdir. Amma təəssüf ki, müxalifətin bir hissəsi – radikal qolu dövlətçiliyi parçalamaq yolunu seçdiyi üçün xırda mənsəb iddiaları, qeyri-mədəni, qeyri-sivil hərəkətləri ilə cəmiyyətdə ikrah doğurur. Prezident İlham Əliyev bu gün eyni demokratizmi davam etdirərkən, bir qədər də artırarkən sağlam, eyni zamanda, gənc intellektual düşüncənin, qabiliyyətin, milli təəssübkeşliyin yolunu  fəal surətdə açıq elan etmişdir.O, müxalifətlə münasibətdə nümayiş etdirdiyi milli, mədəni, əxlaqi səviyyə ilə Azərbaycanın maraqlarını hər şeydən üstün tutduğunu dəfələrlə açıqlamış, avantürist meyllərə əsaslanan müxalif qüvvələri millətin sabahı naminə fəaliyyət göstərməyə, dialoqa dəvət etmişdir.

 İlham Əliyev siyasətinin gücü ondadır ki, daxili dəstəkdən məhrum olan qüvvələrin iradları üçün siyasətində əl yeri belə saxlamır. Beləliklə, qeyri-obyektiv müxalif dəstənin öz-özünə siyasi meydana çıxması, iflasa uğraması təbii bir prosesə çevrilir. Bu istedadlı, müdrik siyasətçi  həm də dövlət maraqlarından kənar iddiaların ictimai maraqlar dairəsindən çox-çox uzaq olduğunu faş edir. Həqiqət budur ki, İlham Əliyevin gücünün miqyası böyükdür, bu güc hakimiyyət və xalq arasında həmrəyliyin ifadəsidir.

Prezident İlham Əliyevin təcrübəsinin müəyyən hissəsi gendən gəlir, qalan hissəsi isə fərdi planda qazandığı biliyin, bacarığın nəticəsidir.  Ölkəmizin xarici aləmdə siyasi, ideoloji, iqtisadi müdafiəsində, yerinin möhkəmlənməsində onun rolu böyük olmuşdur. Eyni zamanda, respublika daxilində də müxtəlif siyasi-ideoloji güclərin mərkəzləşməsində ölkə Prezidenti kimi onun əməyi çoxdur.

Yeni tipli lider olan İlham Əliyevin Azərbaycan ictimaiyyəti arasında dəyərləndirilən səmərəli  işini, fəaliyyətini şərtləndirən bir neçə xarakterik cəhəti də qeyd etmək yerinə düşər: işə ciddi münasibət, proseslərin, ətraf və iç hadisələrin tənasüblərini ciddi, aydın şəkildə görmək, ciddilikdən irəli gələn analitizm. Bu baxımdan o, dövlətçilik, siyasi proseslərin gedişi, cəmiyyəti nizamlamaq yönümündə zəngin təfəkkürə, intellektual təsəvvürə  malikdir.

Azərbaycanda kimin nə qədər nüfuz sahibi olduğunu öyrənmək heç də çətin məsələ deyil. Xalqın rəğbətinin kimin  tərəfində olduğunu ifadə edən  duyğular, mülahizələr üzdədir.  Prezident İlham Əliyevin siyasətinin gücü həm də ondadır ki, müasir və çevik texnologiyalardan istifadəni millətin özünün tarixi-ənənəvi düşüncə tərzinə, ovqatına gətirməyə üstünlük verir.

Dünyada elə modern baxışlı siyasətçilər olur ki, düşüncəsindəki süniliyə görə xalq  onları qəbul etmir, fikirləri də elə süni nəzəriyyə olaraq qalır. İlham Əliyevin üstünlüyü ondadır ki, ciddiliklə səmimiyyəti, keçmiş ənənə ilə müasirliyi birləşdirə bilir. Azərbaycanın yeni tipli Prezidentinin siyasətinə görə, cəmiyyətin marağı həyatın müəyyən hissəsinin normallaşmasında, sabitləşməsindədir. Səbəb odur ki, indi Azərbaycanda vətəndaşlıq hissləri güclənmiş və dövlətçiliyimizin görünən inkişaf yolu insanlar tərəfindən fəal müdafiə olunur. Dövlət başçısı İlham Əliyevin iqtisadi düşüncəsinin səciyyəsi də dünya praktikasına, ümumi harmoniyaya uyğun və millətin sabahına bağlı bir məsələdir. O, bütün təsərrüfat sistemini, iqtisadi münasibətləri dərindən bilir və bu sahədə Azərbaycanın yerini, vəziyyətini düzgün müəyyənləşdirir. Bütün bunların nəticəsində onun ölkə rəhbərliyinin 10 ilində iqtisadiyyat 3 dəfə artmışdır.

Artıq 10 ildir ki, Prezident İlham Əliyev vətənpərvər, dünyəvi təfəkkürü ilə Azərbaycanı yüksək mədəniyyətli, mənəviyyatlı diyara çevirmək yolundadır. Dünya tarixində millətlər zəngin nemətləri ilə yox, məhz böyük mədəniyyətləri ilə tanınırlar. Bu gün Azərbaycanda yürüdülən siyasətin milli mahiyyəti və professionallığı, çevikliyi bütün inkişafı milli-mənəvi potensial üzərində qurmağında  təzahür edir. Ulu öndər Heydər Əliyevin bizə qoyub getdiyi zəngin irs, formalaşdırdığı böyük ideologiya elə bir bütöv kompleksdir ki, imkanlar reallaşdıqca onun tərkib hissələri, məziyyətləri də  tədricən artır. Bu mənada, ulu öndər Heydər Əliyevin təqdim etdiyi inkişaf konsepsiyasının tipologiyası keçmiş sovet respublikalarının heç biri ilə müqayisə oluna bilməz.

Bu gün Prezident İlham Əliyev bizim dünyada tanınan və nüfuz sahibi olan liderimizdir. Müstəqilliyimizin ilk illərinin xaotik çağlarında, islahatlar dövründə  yetişmiş, öz  milli-mənəvi, elmi səviyyəsini, qabiliyyətini göstərməyə o vaxtlar imkan tapmayan, intellektual-ziyalı elektoratın, sadə insanların, erməni təcavüzündən əziyyət çəkmiş minlərlə vətəndaşın – ümumiyyətlə, dünya azərbaycanlılarının düşüncəsində onun liderliyi şəksiz qəbul olunur. İlham Əliyev Azərbaycanı yüksəltməklə özü də bütün azərbaycanlıların Prezidenti səviyyəsinə yüksəlmişdir. Qədirbilən xalqımız bu il oktyabrın 9-da ulu öndər Heydər Əliyevin liderlik missiyasını uğurla, modern üslubda davam etdirən Prezident İlham Əliyevi üçüncü dəfə dövlət başçısı seçməklə bütün bu gerçəkliklərə sədaqətini növbəti dəfə ifadə etdi.

10 il əvvəl Prezident kimi fəaliyyətə başlayarkən İlham Əliyevin söylədiyi bu tezisi Azərbaycanın sonrakı tarixi üçün əsas amal hesab etmək olar: “Mən bu gün yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə üzümü tutub deyirəm. Əziz Prezident, əsərin olan müasir Azərbaycanı  gücləndirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik. Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Bu amal, sədaqət, bu vəd ötən 10 ildə təkcə İlham Əliyevin deyil, onu seçən,  işində yardımçı olan insanların fikrini də  ifadə etmişdir.  Prezident İlham Əliyevin bu  andı, eyni zamanda, bizim də andımız olmuşdur: Vətənə, millətə və Azərbaycan Prezidentinə sədaqət andı.

 

Xalq qəzeti.- 2013.- 24 dekabr.- S.5.