Yeni hədəflərə,
yeni zəfərlərə
doğru
Dövlətimizin başçısı İlham Əliyevin 10 ildəki fəaliyyəti, reallaşdırdığı layihələr və ulu öndər Heydər Əliyev siyasətindən qaynaqlanan yeni-yeni ideyalar ölkənin hərtərəfli inkişafını təmin edir. AzərTAc əməkdar jurnalist Vüqar Rəhimzadənin bu barədə analitik məqaləsini təqdim edir.
İqtisadi inkişaf tempinə görə
son
10 ildə Azərbaycan qədər
inkişaf
edən ikinci ölkə yoxdur
Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində
böyük inamla səsləndirdiyi bu fikir təbii ki,
reallıqlara əsaslanır. Müasir Azərbaycan dövlətinin
qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyanı uğurla həyata keçirən möhtərəm
Prezidentimiz İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini
prioritet məsələ kimi qarşıya qoydu.
Son on ildə qeyri-neft
sektorunun inkişafı istiqamətində atılan
addımların uğurlu nəticələri rəqəmlərdə
öz əksini taparaq, gələcək barədə aydın
təsəvvür yaradır. Bu gün özəl sektor
iqtisadiyyatın 85 faizini təşkil edir. İşsizliyin səviyyəsi
4,8 faizə, yoxsulluğun səviyyəsi 5,5 faizə
enmişdir. Dövlət büdcəsinin 25 milyard dollardan
çox olması uğurlu sosial-iqtisadi islahatların nəticəsidir.
Valyuta ehtiyatlarımız 50 milyard dollara yaxındır.
Adambaşına düşən valyuta ehtiyatlarına görə
Azərbaycan dünya miqyasında ön sıralardadır. Son
on ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların
həcmi 150 milyard dollardır. Təkcə cari ilin
ötən dövründə ölkə iqtisadiyyatına 17,7 milyard dollar sərmayə qoyulub ki, bunun da
10,5 milyardı daxili investisiyalardır. Dövlət
başçısı İlham Əliyev bu əminliyi ifadə
edir ki, daxili və xarici investisiyaların həcminin artması
ölkə iqtisadiyyatının inkişafına daha
böyük təkan verəcəkdir.
Beynəlxalq maliyyə qurumlarının
hesabatlarında da Azərbaycan uğurlu sosial-iqtisadi göstəriciləri
ilə liderliyini qoruyur. Məlum olduğu kimi, Ümumdünya
İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi
2013-2014” hesabatında Azərbaycan 7 pillə irəliləyərək
39-cu yerə layiq görülmüşdür. Bu,
bir tərəfdən ölkənin iqtisadi
inkişafının düzgün istiqamətdə
aparıldığının, digər tərəfdən isə
xarici sərmayədarlar üçün bir fəaliyyət
istiqaməti olduğunun göstəricisidir. Avropada iqtisadi böhran fonunda Azərbaycan
investisiyalar üçün yüksək gəlir vəd edən
bir iqtisadi məkan kimi təqdim olunur. Sərmayələr
isə yüksək rəqabət qabiliyyətlilik məkanlarına
istiqamətləndirilir. Yüksək rəqabətqabiliyyətlilik
böyük gəlir vəd edən amildir. Eyni zamanda, bu, bütövlükdə Azərbaycan
iqtisadiyyatının, o cümlədən Azərbaycanın
özəl sektorundakı şirkətlərin qiymətləndirilməsi
və beynəlxalq reytinqidir. Belə qiymətləndirmə
isə onlara olan beynəlxalq marağı artırır.
Prezident İlham Əliyev iqtisadiyyatın
modernləşdirilməsini, bütün istiqamətlər
üzrə yeni texnologiyaların tətbiqini iqtisadi siyasətin
prioritetlərindən biri elan etmişdir. Artıq bu siyasət real nəticələrini verir.
Sözügedən hesabatda texnoloji səviyyə
üzrə indeks bu istiqamət üzrə Azərbaycanın
mövqeyinin beynəlxalq səviyyədə etirafıdır.
Hesabatda texnoloji səviyyə parametri üzrə
Azərbaycanın 148 ölkə sırasında 11 pillə
yüksəlməsi ölkə iqtisadiyyatına yeni
texnologiyaların cəlbi siyasətinin artıq müsbət nəticələr
verməsinin sübutudur. Bu gün müstəqil Azərbaycanımızın
beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da
möhkəmləndirməsi, beynəlxalq qurumların
hesabatlarında islahatçı ölkə kimi yer tutması,
dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın
mövqeyini dəstəkləyən qərar və qətnamələr
qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin
seçdiyi yol düzgündür və bu yol bizi daha
uğurlu gələcəyə aparır.
Azərbaycanın
reallığa çevirdiyi layihələr
ölkələr, xalqlar arasında körpü rolunu oynayır
“Bizim qərarlarımız, Bakıda verilən
qərarlar enerji təhlükəsizliyi məsələlərində
həlledici rol oynayır. Biz bunu
bilirik. Bu reallığı öz siyasətimizlə,
cəsarətli addımlarımızla və müstəqil
siyasətlə biz yaratmışıq. İki
neft və qaz kəmərinin tikintisi demək olar ki, bölgədə
yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə
düzəlişlərin edilməsi məsələləri də
Azərbaycanda həll olunur”.
Bu günlərdə Bakıda “Şahdəniz-2”
layihəsi üzrə yekun investisiya qərarının
imzalanması mərasimi bir daha dövlətimizin
başçısı İlham Əliyevin qeyd etdiyimiz fikirlərinin
təsdiqidir. Bu mühüm hadisə Azərbaycanın
dünyanın enerji təhlükəsizliyinin təminatında
artan rolunun təsdiqidir. Layihə Azərbaycan
və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin
genişləndirilməsinə xidmət etməklə
Transanadolu və Transadriatik qaz boru kəmərlərinin
tikintisi ilə bağlı planların reallaşmasına təkan
verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır.
İlk qazın Avropaya 2019-cu ildə
çatdırılması planlaşdırılır.
Göründüyü kimi, ölkəmiz
malik olduğu təbii resurslardan səmərəli istifadə
etməklə iqtisadi və siyasi mövqeyini günbəgün
möhkəmləndirir. Bu gün böyük inamla
qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə
hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi
qeyri-mümkündür. Artıq bu rol
regional çərçivədən çıxaraq qlobal
xarakter daşıyır.
“Əsrin müqaviləsi”nin
imzalandığı 1994-cü ildən bu günə qədər
ölkəmizin böyük və uğurlu yol keçdiyini
ötən dövrə qısaca nəzər salmaqla aydın
görərik. Bu gün reallıq sayılan
layihələr o illərdə əfsanəvi ideyalar kimi təqdim
edilirdi. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum layihələri nəinki Azərbaycanın
inkişafını müəyyən etmiş, eyni zamanda,
regionda tamamilə yeni situasiya yaratmışdır.
Prezident İlham Əliyev həmin dövrün
xarakteristikasını belə ifadə edir: “1994-cü ildə
Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə
üzləşmişdi. Ölkədə
sabitlik yaradılması üçün addımlar
atılırdı. Ancaq 1994-cü ildə Azərbaycanın,
ümumiyyətlə, gələcəyi haqqında birmənalı
fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək?
Azərbaycan iqtisadiyyatı nəyin hesabına
formalaşacaq? Azərbaycan öz strateji
inkişaf yolunu hansı istiqamətdə görür? Bütün bu suallar ölkə qarşısında
durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın
bugünkü uğurlu inkişafını təmin etdi”. Bir məqam da hər
zaman önə çəkilir ki, “Əsrin müqaviləsi”
imzalanan illərdə qaz təchizatı amili, ümumiyyətlə,
dünya neft və enerji siyasətində o qədər də
mühüm yer tutmurdu. Ancaq bu gün
dünya enerji siyasətində bu yanaşmada böyük dəyişiklik
edildi. Hazırda qaz təchizatı amili nəinki
iqtisadi maraqları təmin edir, eyni zamanda, enerji təhlükəsizliyi
məsələlərinə mühüm təsir göstərir.
“Şahdəniz-2” layihəsi əbəs yerə
XXI əsrin müqaviləsi kimi dəyərləndirilmir.
2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəmərlərinin
istifadəyə verilməsi, 2011-ci ildə Azərbaycan ilə
Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına
dair Memorandumun imzalanması ölkəmizin uğurlu enerji
strategiyasının təsdiqidir.
Ölkəmizdə enerji sahəsinin iki strateji tərəfdaşı
olan ARDNŞ və bp şirkətinin rolunu yüksək dəyərləndirən
dövlət başçısı İlham Əliyev
“Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının
imzalanmasının bu əməkdaşlığın 40 il və
hətta ondan da uzun müddət davam edəcəyinə
böyük imkanlar yaratdığını diqqətə
çatdırdı. Ölkə
iqtisadiyyatının inkişafına öz töhfələrini
verən ARDNŞ-in bu gün malik olduğu imkanlar ən
mürəkkəb layihəni belə həyata keçirməyə
stimul verir. ARDNŞ-in artan nüfuzu və
önəmi mərasim iştirakçılarının hər
birinin çıxışında xüsusi qeyd olundu. Zəngin
enerji ehtiyatlarına malik Azərbaycanın çox xoşbəxt
ölkə olduğunu qeyd edən ABŞ-ın enerji nazirinin
müşaviri Conatan Elkind bildirdi ki, bu gün SOCAR başda
olmaqla müxtəlif şirkətlər bu ehtiyatları
dünya bazarlarına çıxarırlar. Bu
ehtiyatlarda marağı olan ölkələrə təbii
qazın nəqli çox vacib bir elementdir. Avropa
İttifaqının enerji məsələləri üzrə
komissarı Günter Ottinger ”Şahdəniz-2” layihəsinin
yekun investisiya qərarının imzalanmasını gələcəyin
inkişafını təmin edən siyasi təməl kimi dəyərləndirdi
və bu inamı ifadə etdi ki, “Şahdəniz-2” və onunla
birləşəcək digər kəmərlər Avropa
İttifaqında ehtiyac duyulan nəhəng qaz infrastrukturu
olacaqdır.
Enerji sahəsində qazanılan
uğurlar bir daha bu reallığın təsdiqidir ki, möhtəşəm
başlanğıc növbəti uğurlar üçün
möhkəm bazadır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji
strategiyasının uğurlarını yaşayırıq.
Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi
“Dünya təcrübəsi göstərir ki, heç bir
ölkə beynəlxalq əməkdaşlıq, təcrübə
mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən
təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” proqram xarakterli fikri dövlətimizin
iqtisadi siyasətinin əsasını təşkil edir.
Bizim
sözümüzün imzamız
qədər qüvvəsi vardır
Xarici siyasətində ikitərəfli və
çoxtərəfli əməkdaşlığı əsas
amil kimi önə çəkən dövlətimizin son on
ildə qazandığı uğurların miqyası
böyükdür. Ölkəmizlə əməkdaşlıqda
maraqlı olan dövlətlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə
seçilir. “Bizim sözümüzün
imzamız qədər qüvvəsi vardır” söyləyən
dövlətimizin başçısı İlham Əliyev
bildirir ki, nəzərə alsaq ki, dünyada ölkəmizə
qarşı əks təbliğat kampaniyası aparan ermənilər
və erməni diasporu fəaliyyət göstərir, inam
qazanmağın heç də asan məsələ
olmadığını görərik. Azərbaycanın
2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi bu inamın təsdiqi,
Azərbaycanın bütün sahələrdə
qazandığı uğurların göstəricisidir. Bu uğur, eyni zamanda, Azərbaycanın ədalətli
mövqeyinin təntənəsidir.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllində Azərbaycanın
haqlı mövqeyini dəstəkləyən dövlətlərin
və təşkilatların sayının artması Prezident
İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Möhtərəm İlham Əliyev ən yüksək
tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan
edir. Azərbaycanın ərazi
bütövlüyü danışıqlar mövzusu deyil.
Münaqişə beynəlxalq hüququn norma
və prinsipləri əsasında həllini tapmalıdır. Qəbul olunan sənədlərdə ölkəmizin
ədalət prinsiplərinə əsaslanan mövqeyi öz əksini
tapmışdır. Hətta indiyədək
seyrçi mövqedə dayanan hərbi-siyasi təşkilat
NATO-nun Lissabon, Çikaqo sammitlərində Ermənistanın
işğalçılıq siyasətini pisləyən qətnamə
qəbul olunmuşdur. Dövlətimizin
başçısı İlham Əliyev bəyan edir ki, məsələ
ilə bağlı diplomatiyamız bundan sonra da hücum
diplomatiyası olacaqdır. Dağlıq
Qarabağ probleminin həlli ilə bağlı hüquqi baza
mövcuddur.
Diplomatik mübarizədə qələbə
qazanan ölkəmizin münaqişənin həllində hərb
siyasətini seçərsə, qələbəsi
şübhəsizdir. Bu gün tam əminliklə
deyə bilərik ki, Azərbaycanın çox güclü,
qüdrətli ordusu vardır.
Ulu öndər Heydər Əliyev
bildirirdi ki, sülh danışıqlarını cəsarətli
aparmaq üçün güclü, qüdrətli ordu gərəkdir. Hər il Silahlı Qüvvələr günündə
keçirilən hərbi parad bir daha Azərbaycan ordusunun nəyə
qadir olduğunu nümayiş etdirir. Bu gün
ordunun güclənməsi üçün bütün lazımi
tədbirlər görülür, peşəkarlıq
artır. Azərbaycan ordusu ən yüksək
standartlara cavab verir. Prezident İlham
Əliyevin mütəmadi olaraq regionlara səfərləri, sərhəd
bölgələrində hərbi hissələrdə olaraq
zabitlərlə, əsgərlərlə görüşməsi,
onların qayğıları ilə maraqlanması təbii ki,
gənclərdə daha böyük ruh yüksəkliyi
yaradır, işğal altında olan torpaqlarımızın
azad olunması üçün səylərini
artırmalarına stimul verir.
Son on ildə hərbi büdcəmiz 20 dəfədən
çox artmışdır. Dövlət
büdcəsində müdafiə xərclərinin artırılması
bu sahəyə diqqətin bariz nümunəsidir. Ordu müstəqilliyimizin, suverenliyimizin
qarantıdır.
Böyük enerji layihələrinin əsas
iştirakçısı və təşəbbüsçüsü
olan Azərbaycan daha qüdrətli dövlətə
çevrilir. Ermənistan isə öz
işğalçılıq siyasəti nəticəsində
bütün iqtisadi layihələrdən kənarda qalıb,
iqtisadi böhran içərisində çapalayır. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın
ümumi büdcəsindən iki dəfə çoxdur.
Son on ildə Azərbaycanda müasir və
çox güclü hərbi sənaye kompleksi
yaradılmışdır. “Biz istəyirik ki, Azərbaycana
lazım olan hərbi texnika və silah-sursat maksimum dərəcədə
ölkəmizdə istehsal olunsun”, - deyən dövlətimizin başçısı bunun
üçün yeni texnologiyaların gətirilməsinin,
peşəkar mütəxəssislərin
hazırlanmasının vacibliyini önə çəkir. Bu işlərin yüksək səviyyədə
görülməsi üçün maliyyə də əsasdır.
Bütün bu amillər bu gün ölkəmizdə
mövcuddur. İldən-ilə artan dövlət
büdcəmiz qarşıya qoyulan məqsədlərə
yüksək səviyyədə nail olmağa əsas verir.
Dövlət başçısı İlham Əliyev bildirir:
“Daha da güclü orduya malik olmaq üçün əlbəttə
ki, Azərbaycanda bundan sonra da iqtisadi islahatlar davam etdiriləcəkdir”.
Azərbaycanda
bütün azadlıqlar
təmin
olunmuşdur
“Mən bu fikirdəyəm ki, ölkəmizin
davamlı və uzunmüddətli inkişafı, bütün
digər cəhətlərlə yanaşı, ilk növbədə,
demokratiyanın inkişaf səviyyəsindən və hər
bir vətəndaşın hüquq və
azadlıqlarının təmin edilməsindən
asılıdır” söyləyən Prezident İlham
Əliyev ölkədə insan hüquqlarının, söz,
mətbuat, vicdan azadlıqlarının qorunmasına xüsusi
diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli
tədbirlər demokratik inkişafın əsas göstəricilərindəndir.
Azərbaycanda son on il ərzində
dinlərarası, millətlərarası münasibətlər
artıq dünya üçün bir örnək olmuşdur. Keçirilən çoxsaylı konfranslar, forumlar Azərbaycanı
dünyada demokratik ölkə, tolerantlıq məkanı,
dözümlülük və multikulturalizm mərkəzi kimi
təqdim edir. Demokratiya, insan haqları,
hüquqi dövlət quruculuğu ilə bağlı
atılan biri-birindən əhəmiyyətli addımlar
ölkəmizi daha da gücləndirir, dayanıqlı
inkişafa stimul verir.
İmzalanan əfv fərmanları bir daha
bu reallığı ortaya qoyur ki, insan hüquqlarının
qorunması dövlət siyasətinin əsasını təşkil
edir. Bu siyasətə dəstəyini həyata keçirdiyi
biri-birindən əhəmiyyətli tədbirləri ilə təsdiqləyən
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
amnistiya aktlarının imzalanması da ölkə ictimaiyyəti
tərəfindən yüksək dəyərləndirilir,
insan amilinə verilən yüksək qiymət kimi önə
çəkilir. Fond dünyada Azərbaycan həqiqətlərinin
- mədəniyyətinin, incəsənətinin, tarixinin və
s. məsələlərin təbliğində mühüm
rol oynayır. Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin
təbliğatçısı kimi, ən mühüm
problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılmasına, bir milyondan artıq
soydaşımızın pozulmuş hüquqlarının təmin
edilməsinə səy göstərir.
Azad
medianın səviyyəsi hər bir ölkənin
səviyyəsini göstərir
Demokratik cəmiyyətin
mövcudluğunu təsdiqləyən amillərdən biri də
ölkədə söz, mətbuat azadlığını təmin
etməkdir. Ulu öndər Heydər
Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident
İlham Əliyevin bu sahədə atdığı
addımların davamlılığı göz qabağındadır.
Bu diqqətin bariz nümunəsi möhtərəm
Prezidentimizin iki dəfə “Jurnalistlərin dostu”
mükafatına layiq görülməsidir. Möhtərəm
Prezidentimiz İlham Əliyev ikinci dəfə “Jurnalistlərin
dostu” mükafatına layiq görülməsini təqdimat mərasimində
belə səciyyələndirdi: “Bu mükafatın verilməsi
böyük məna daşıyır. Çünki ölkə
Prezidentini “Jurnalistlərin dostu” adına
sizin tərəfdən layiq görməyiniz, əlbəttə
ki, Azərbaycanda azad mətbuatın inkişafında
görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident
kimi Azərbaycanda azad medianın inkişafı
üçün dəstəyimi verim və beləliklə,
ölkəmizin sürətli və uğurlu
inkişafını təmin edim. Çünki
müasir dünyada inkişaf etmiş ölkələrdə
azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini
göstərir”.
Möhtərəm Prezidentimiz İlham
Əliyevin ulu öndər Heydər Əliyevin ənənələrinə
sadiqlik nümayiş etdirərək, azad mətbuatın
inkişafı istiqamətində atdığı addımlar
daim media ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanır.
Ölkəmizin iqtisadi tərəqqisi mətbuatın
inkişafına yönələn tədbirlərdən də
sezilir. Milli mətbuatımızın 138 illik
yubileyində jurnalistlər üçün 17 mərtəbəli,
156 mənzilli binanın tikilərək jurnalistlərin istifadəsinə
verilməsi, eyni zamanda “Azərbaycan mətbuat işçilərinin
sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə
tədbirlər haqqında” Prezident Sərəncamı deyilənlərin
təsdiqidir. Sərəncamda da bu əsas məqam
qeyd edilir ki, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə
prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının
bütün sahələrinin yeniləşdiyi müasir
dövrdə kütləvi informasiya vasitələrinin səmərəli
fəaliyyətinə daha etibarlı şərait
yaradılması dövlətin diqqət mərkəzində
duran əsas məsələlərdən biridir.
Bu gün ölkəmizdə beynəlxalq
standartlar səviyyəsində kütləvi informasiya vasitələrinin
mövcudluğu ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin demokratik dəyərlərə
önəm vermələri sayəsində mümkün
olmuşdur. Məhz bu istiqamətdə
göstərilən səylərin, eləcə də
KİV-lərə dövlət qayğısının
artırılmasının nəticəsidir ki, mətbuatımız
böyük inkişaf yolu keçərək, hər
dövrün tələblərini yüksək səviyyədə
yerinə yetirmiş, dövlətçiliyimizin
inkişafına öz töhfələrini vermişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin mətbuatı
ikinci hakimiyyət kimi dəyərləndirməsi media ictimaiyyətinin
məsuliyyətini daha da artırır, obyektivlik, qərəzsizlik
prinsiplərinə söykənərək Azərbaycan
reallıqlarını daha dolğun şəkildə ölkə
və dünya ictimaiyyətinə çatdırmağa səsləyir.
Dövlət başçısı “Jurnalistlərin
dostu” mükafatının təqdim edilməsi mərasimində
bir daha bildirdi ki, məsuliyyət və peşəkarlıq, dəqiq
informasiya hər bir medianın imicini göstərir.
Gələcəyə
nikbinliklə baxmaq
üçün kifayət qədər əsas vardır
Azərbaycan bu gün bütün sahələrdə
böyük uğurlara imza atır. “Hakimiyyətin
yeganə mənbəyi xalqdır” söyləyən möhtərəm
Prezidentimiz İlham Əliyev bildirir ki, hər sahə üzrə
proqramların mövcudluğu, həyata keçiriləcək
layihələrin xalq tərəfindən dəstəklənməsi,
birgə addımların atılması gələcəyə
daha böyük inamla irəliləməyə stimul verir.
Son on ilin uğurları möhtərəm
İlham Əliyevin 2003, 2008 və 2013-cü illərdə
prezident seçkilərində qələbəsini şərtləndirdi. Hər bir vədini
konkret əməli işi ilə təsdiqləyən dövlətimizin
başçısı İlham Əliyevin siyasətində
müasirləşmə, yeniləşmə əsas yer tutur.
2013-cü il prezident seçkiləri bir
daha bunun təsdiqi oldu. Beynəlxalq təcrübələrin
ölkəmizdə tətbiqinə maraq göstərən
dövlətimizin başçısı İlham Əliyevin
seçkilərin demokratikliyini, şəffaflığını
təmin etmək üçün zəruri olan bütün tədbirləri
həyata keçirməsi təqdir olundu. Oktyabrın
9-da keçirilmiş prezident seçkiləri Azərbaycan
xalqının öz Prezidentinə inamını,
etimadını nümayiş etdirməklə yanaşı,
demokratik islahatların təntənəsi kimi də dəyərləndirildi.
Seçicilərin yüksək fəallığı
şəraitində keçən seçkilərdə
möhtəşəm qələbə qazanan möhtərəm
İlham Əliyev andiçmə mərasimində bir daha
bildirdi ki, bu gün Azərbaycanın birmənalı siyasəti-cəsarətli
siyasət, xalqın iradəsinə əsaslanmış siyasət,
milli maraqlar üzərində qurulmuş siyasət bizə
imkan verir ki, ölkəmizin gələcəyi ilə
bağlı sözümüzü böyük nikbinliklə
deyək. Qarşıdakı illər
üçün əsas hədəf Azərbaycanı
inkişaf etmiş ölkələr sırasında görməkdir.
Bu məqsədə nail olmaq üçün bütün
imkanlar mövcuddur. Prezident İlham Əliyevin
son on ildə hər bir vədini konkret əməli işi ilə
təsdiqləməsi, həyata keçirdiyi siyasətin
alternativsizliyi dünyanın tanınmış siyasətçilərinin,
politoloqlarının, nüfuzlu araşdırma mərkəzlərinin
açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək
mükafatlara layiq görülür.
Qələbələr
partiyası
Oktyabrın 9-da keçirilmiş prezident
seçkiləri ölkənin ictimai-siyasi həyatında
aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP)
qələbələr partiyası olduğunu bir daha təsdiqlədi. Bu gün
böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər
Heydər Əliyevin yaratdığı YAP Prezident İlham
Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir,
sıralarını kəmiyyət və keyfiyyət
baxımından daha da zənginləşdirir, qarşıya
yeni-yeni hədəflər qoyaraq, onlara nail olmaq
üçün ciddi səylər göstərir. Yeni Azərbaycan Partiyasının ölkəmizin biri-birindən
əhəmiyyətli uğurlarında rolu böyükdür.
Bu gün partiyanın sıralarında 600 mindən
artıq üzvün birləşməsi onun gələcəyinə,
siyasətinə inamın, etimadın göstəricisidir.
Yarandığı gündən partiya öz
siyasi xəttinə sadiq olmuş, dövlətçiliyimizin
qorunması, inkişafı istiqamətində ciddi addımlar
atmışdır. Dövlətçiliyə
xidmətini fəaliyyətinin əsası kimi qəbul edən
partiyaya xalqın sevgisi şəksizdir.
Yeni hədəflərə,
yeni zəfərlərə
doğru
Uğurlar yeni-yeni hədəflər
üçün əsasdır. Hər
dövrün çağırışlarına yüksək
səviyyədə cavab verən Azərbaycanın təbii ki,
növbəti illər üçün də uğurları
davamlı və daha zəngin olacaqdır. Tarixə
qısa baxış keçirsək, görərik ki, 20 il bundan öncə Azərbaycan xalqı ölkədə
sabitliyin, əmin-amanlığın yaradılmasını
arzulayırdısa, bu günümüzün əsas hədəfi
artıq inkişaf etmiş ölkələr sırasında
addımlamaqdır. Bunun üçün tələb
olunan bütün əsaslar mövcuddur. Uğurlu
daxili siyasəti ilə beynəlxalq aləmdə sabitlik məkanı
kimi tanınan Azərbaycan malik olduğu təbii resurslardan səmərəli
istifadə etməklə iqtisadi inkişafın
dayanıqlılığına zəmin yaradır, dünya
birliyinin layiqli üzvünə çevrilərək, beynəlxalq
əhəmiyyətli məsələlərdə əsil
söz sahibi kimi çıxış edir. Bu uğurlara yol açan dövlətimizin
düşünülmüş və məqsədyönlü
siyasətidir. Dövlət
başçısı İlham Əliyev təhsilin, elmin və
iqtisadiyyatın birliyinin yaradılmasını qarşıya
mühüm vəzifə kimi qoyur. Yeni
texnologiyaların tətbiqi hər sahədə inkişafı
sürətləndirir ki, bu da qarşıya qoyulan məqsədlərə
çatmaq üçün stimuldur. Cari
ilin mühüm uğurlarından olan Azərbaycanın ilk
telekommunikasiya peykinin orbitə buraxılması da iqtisadi
inkişafa əsaslanır. Bu gün
böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan beynəlxalq
kosmik klubun üzvüdür.
Təbii ki, son on il zaman
baxımından qısa olsa da, uğurlarımızın
miqyasının genişliyi baxımından olduqca
böyük bir dövr təəssüratı yaradır. Qeyd etdiklərimiz onların yalnız kiçik bir
hissəsidir. Ümumiləşdirilmiş
şəkildə qeyd etsək, Azərbaycanı
qarşıdakı illərdə daha möhtəşəm
uğurlar, inkişaf, tərəqqi, quruculuq işləri
gözləyir.
Modernləşməni, yeniləşməni
həyata keçirdiyi siyasətin önündə əsas
amil kimi qeyd edən möhtərəm Prezidentimiz İlham
Əliyev son on ildə uğurlu fəaliyyəti ilə gələcəyə
böyük inam hissi yaratmışdır. Yazıda qeyd etdiyimiz kimi, bu inamın əsas göstəricilərindən
biri xalqın Prezidentin ətrafında sıx birləşməsi,
görülən işlərin əsasında insan amilinin
dayanmasıdır. Qarşıdakı 10 il
üçün nəzərdə tutulan “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası məhz bu baxımdan
dayanıqlı inkişafın təmin edilməsində yol xəritəsi
kimi dəyərləndirilir. İnkişaf
Konsepsiyası xalq-Prezident birliyi fonunda gələcək barədə
aydın təsəvvür yaradır.
Vüqar
RƏHİMZADƏ,
YAP Siyasi
Şurasının üzvü,
“İki
sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist
Xalq qəzeti.- 2013.- 24 dekabr.- S.7.