Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Hökumətlərarası Komitəsinin
8-ci
sessiyası çox məhsuldar və səmərəli
keçmişdir
Xəbər verdiyimiz ki, dekabrın 2-dən 8-dək Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirilmişdir. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva sessiyanın yekunları ilə əlaqədar AzərTAc-a geniş müsahibə vermişdir. Müsahibəni təqdim edirik.
– Günay xanım, dekabrın əvvəllərində Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına ev sahibliyi etmişdir. İlk olaraq, tədbirlə bağlı ümumi məlumat verərdiniz.
- Bildiyiniz
kimi, Azərbaycan Respublikasında son illər bir sıra beynəlxalq
tədbirlər keçirilməkdədir. Bunlardan
artıq ənənə halını almış Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu, Bakı
Beynəlxalq Humanitar Forumu
və digər tədbirlərin adını çəkmək
olar. Bu tədbirlərdə
UNESCO əsas tərəfdaş kimi
çıxış etmişdir.
Azərbaycan, eyni zamanda, UNESCO-nun
tədbirlərinə də ev sahibliyi etməkdədir. Buna
misal olaraq, 2011-ci ilin may-iyun aylarında UNESCO-nun Beynəlxalq
Bioetika Komitəsinin 18-ci
sessiyasını, 2013-cü ilin mart ayında UNESCO-nun Bədən
Tərbiyəsi və İdman üzrə
Hökumətlərarası Komitəsinin fövqəladə
sessiyasını göstərmək olar.
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyası növbəti belə tədbirlərdəndir.
Sessiya çərçivəsində Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Konvensiyanın 10 illik
yubileyi də qeyd olunmuşdur. Vurğulamaq
istərdim ki, UNESCO-ya
üzv olan 195 ölkədən
157-si bu konvensiyaya qoşulmuşdur.
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Hökumətlərarası
Komitəsi təşkilatın ən nüfuzlu
komitələrindən hesab olunur. Çünki üzv dövlətlər bu
komitəyə müvafiq nominasiyalar
təqdim edərək öz ölkələrinin
mədəniyyətini, adət-ənənəsini dünyaya tanıtmaq və onun mühafizəsini
təşkil etmək imkanı əldə edirlər.
Ümumiyyətlə, hər bir üzv ölkə çalışır ki, bu komitənin işində
fəal şəkildə iştirak etsin.
– Ümumiyyətlə, sessiya necə keçdi? Bu barədə bir neçə söz deməyinizi xahiş edirik.
– Səkkizinci sessiyada
116 ölkədən 611 nümayəndə iştirak
etmişdir. Tədbirdə üzv ölkələrin mədəniyyət
nazirləri və bu sahədə mütəxəssisləri,
UNESCO üzrə milli komissiyalar
və UNESCO yanındakı daimi nümayəndəliklərdən,
həmçinin təşkilatın baş
qərargahından müvafiq səlahiyyətli
şəxslər iştirak etmişlər.
Tədbirə UNESCO-nun keçmiş
baş direktoru Koişiro Matsura fəxri qonaq qismində dəvət olunmuşdu.
Sessiya mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin sədrliyi ilə davam
etmişdir. Ümumilikdə isə
iştirakçıların mətbuatda
açıqlamalarında da qeyd olunduğu kimi, tədbir çox məhsuldar
və səmərəli keçmişdir.
Sessiyada bir tərəfdən
çox ciddi qərarlar
qəbul olunmuş, digər tərəfdən
müxtəlif mədəniyyətlər bir
araya gəlmiş, öz
mədəni irslərini dünyaya nümayiş etdirmişlər. Bu baxımdan tədbir, sözün
əsl mənasında, dünya
xalqlarının mədəniyyətlərinin bayramına çevrilmişdir.
Sessiya iştirakçıları Azərbaycanın
özündə həm Şərq, həm də Qərb mədəniyyətini,
eyni zamanda, həm qədimlik,
həm də müasirliyi birləşdirdiyini
qeyd edirdilər. Onlar səmimiyyətlə
deyirdilər ki, siz öz mədəniyyətinizlə
yaşayırsınız, ona qəlbən
bağlısınız. Əminliklə söyləmək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə həm də
iştirakçıların qəlbini fəth etmişdir.
– Tədbirin Azərbaycan üçün nə kimi əhəmiyyətli nəticələri olmuşdur?
– Bu
suala mən iki fərqli
aspektdən cavab vermək istərdim. Birincisi, ölkəmizə yüzlərlə qonaq gəlmişdi. Bu
insanların bir çoxu
Azərbaycana ilk dəfə idi ki gəlirdi. Bununla onlar həm ölkəmizin
gözəlliyinə şahid oldular, həm də UNESCO-nun
Ümumdünya İrs
Siyahısına daxil olan
abidələrimizi canlı şəkildə görmək
fürsəti əldə etdilər. Bu, UNESCO-da çalışan insanlar
üçün çox
vacib əhəmiyyət
daşıyır. Gələcəkdə
ölkəmizlə bağlı yeni
nominasiyaların müzakirəsi zamanı onların ölkəmiz
haqqında geniş məlumatlı
olmaları, bizi dəstəkləmələri
bu əməkdaşlığın
möhkəm dostluğa çevrilməsinə
də kömək edəcəkdir.
İkincisi, biz bu
tədbirdə tariximizin və mədəniyyətimizin
ayrılmaz bir elementi olan çövkənin - Azərbaycan
Respublikasında ənənəvi Qarabağ
atüstü oyununun UNESCO-nun Təcili Qorunmaya
Ehtiyacı Olan Qeyri-Maddi
Mədəni İrs Siyahısına daxil edilməsinə nail olduq. Dünya bu oyunu
xalqımızın sahib olduğu
mədəniyyətin vacib bir
elementi kimi qəbul etmişdir. Bu, eyni zamanda, dünya
birliyinin tariximizə, milli
köklərimizə, mədəni dəyərlərimizə
qarşı olanlara layiqli
cavabıdır.
- Günay xanım, çövkən oyunu və onun məhz bu siyahıda yer almasının səbəbləri barədə oxuculara məlumat verə bilərsinizmi?
- Çövkən oyunu bizim ən qədim tarixi-idman oyunlarımızdan hesab
olunur. Bu, yüzlərcə
il əvvəl də gənclər
arasında çox sevilən bir idman növü
olmuşdur. Bunu Azərbaycanın
Səfəvilər dövləti zamanından
günümüzə gəlib çatmış onlarca miniatürlər də sübut
edir. Ümumiyyətlə, çövkənin
tarixi Səfəvilərdən daha əvvəlki yüzillərə gedib çıxır. XII əsrdə
yaşayıb yaratmış dahi Azərbaycan
şairi və filosofu
Nizami Gəncəvinin əsərlərində
də çövkən oyunu təsvir edilmişdir. Bu oyun at üstündə
oynanılırdı və oyunun xarakterinə
uyğun olaraq
çövkən üçün cəld
və çox hündür
olmayan atlar tələb
olunur. Belə atlar isə
Qarabağ atlarıdır. Qarabağ
atları, ümumiyyətlə, bütün
dünyada yarış atları kimi çox məşhurdurlar.
Doğma Qarabağda -
Cıdır düzündə tarixən çoxsaylı
yarışlar keçirilər, o cümlədən
çövkən oynanılardı.
Bu gün Qarabağ bizim ürəyimizin
ən yaralı yeridir. Məlumdur ki, Ermənistan minlərlə maddi
abidələrimizi məqsədli şəkildə məhv etmiş, torpaqlarımızı işğal altında saxlamaqla
çövkən kimi tarixi
oyunlarımızın da unudulmasına
çalışmaqdadır. Bu gün Qarabağ
atlarının yetişdirilməsindəki çətinliklər,
oyunun qədim məkanından kənarlaşdırılması
meylləri onun yavaş-yavaş
unudulmasına gətirib çıxara bilər. Bu səbəbdən
də biz çövkənin UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Reprezentativ
Siyahısına deyil, Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs
Siyahısına daxil edilməsinə nail olduq. Bizim bu
nailiyyətimiz həm milli adət-ənənələrimizdən
birinin qorunub
saxlanmasına, həm də bütün
dünyanın erməni xislətinin şahidi
olmasına imkan yaratdı. Biz
çalışırıq ki, bütün dünya
ictimaiyyətinin diqqətini maddi və
qeyri-mədəni irs nümunələrinin
məhv edilməsinə yönəldək.
- Sessiyada Azərbaycanın təqdim etdiyi çövkən nominasiyasından başqa daha hansı ölkələrin qeyri-maddi irs nümunələri UNESCO-nun siyahılarına daxil edildi?
- Qeyd
etmək lazımdır ki, UNESCO-nun
Qeyri-Maddi Mədəni İrsin
Reprezentativ Siyahısına təqdim edilən
nominasiyalara ölkənin mədəniyyətinə,
adət-ənənəsinə xas olan xüsusi bayramlar, festivallar, adət-ənənələr,
yemək bişirmə mədəniyyətləri, milli musiqilər, mədəni elementləri əks etdirən folklor və s. daxildir. Təşkilata üzv
ölkələr tərəfindən komitəyə bir çox nominasiyalar təqdim olunur,
ancaq onların bir qismi zəruri meyarlara cavab vermədiyi üçün
qəbul edilmir. Bu il 31 nominasiya komitə tərəfindən
təsdiq edildi. Onlardan
dördü Təcili Qorunma
Siyahısına daxil edildi.
Buna misal olaraq, Monqolustanın milli
xətt sənətinin adını çəkə bilərik
ki, bu sənəti davam etdirən dünyada cəmi
20 nəfər qaldığı üçün
bu siyahıya daxil edilmişdir.
Bununla yanaşı, Türkiyə, Ukrayna, Gürcüstan,
Qırğızıstan, Belçika, Çin, Əlcəzair, Venesuela
və s. ölkələrin
nominasiyaları UNESCO-nun Qeyri-Maddi
Mədəni İrsin Reprezentativ
Siyahısına daxil edildi.
Mən Türkiyənin “Qəhvə mədəniyyəti və
ənənəsi” nominasiyasını xüsusi
qeyd etmək istərdim. Məlum olduğu kimi, hər
ölkədə qəhvə içilir, ancaq burada önəmli məqam
ondan ibarətdir ki, təqdim
edilən nominasiya o
ölkənin spesifik mədəniyyətini
əks etdirmiş olsun.
Yəni, hər bir ölkənin mədəniyyətinə
xas olan xüsusi elementlər vardır ki,
sadəcə o ölkə üçün
spesifikdir. Bu, başqa ölkələr üçün
xarakterik olmaya bilər.
Türkiyəyə xas olan xüsusi türk qəhvə qonaqlıqları, elçilik zamanı qəhvə təklif
olunması, hətta “Bir acı qəhvənin
qırx il xətri var”
kimi atalar sözləri
bu ölkənin qəhvə mədəniyyətinin
özünəməxsusluğunu göstərir. Eyni zamanda, Ukraynanın Petrikievka
boyama-bəzəmə sənəti, Gürcüstanın xüsusi üsulla
hazırlanaraq yer altında yumurtaşəkilli
xüsusi küplərdə saxlanılan Qvevri şərabları, Belçikanın dənizdə
at üstündə krivet
tutma sənəti, Çinin
Abakus (xüsusi sayma aləti) vasitəsilə hesablama
metodları və s. qəbul edilən
nominasiyalar arasındadır.
- Azərbaycanın qeyri-maddi mərəni irsinin dünyaya tanıdılması istiqamətində görülən işlər və gələcəkdə UNESCO siyahılarına daxil edilə biləcək nominasiyalar haqqında qısaca nə deyə bilərdiniz?
- Azərbaycan sadəcə
maddi-mədəni abidələrlə deyil,
eyni zamanda, gözəl
adət-ənənələri, ədəbiyyatı, folkloru, incəsənəti, musiqisi
ilə fəxr edə biləcək ölkələrdən biridir. Azərbaycan xalqı çox
zəngin potensiala malikdir,
amma biz hələ bunun sadəcə bir hissəsini
dünyaya çatdırmışıq. Bunun da obyektiv
səbəbləri vardır. Məsələn, UNESCO-nun Qeyri-Maddi Mədəni
irs üzrə Hökumətlərarası
Komitəsi hər ölkədən bir dəfəyə
məxsus sadəcə bir nominasiya
qəbul edir. Bununla
yanaşı, bu gün
Muğam, Novruz, Azərbaycan
xalçaçılıq sənəti, Aşıq sənəti,
Tar və onun
ifaçılıq sənəti UNESCO-nun
Qeyri-Maddi Mədəni İrsin
Reprezentativ Siyahısına daxil edilmişdir.
Bu gün Azərbaycan
mədəniyyətinin qorunmasında, dünyaya
tanıdılmasında Heydər Əliyev Fondunun
prezidenti Mehriban
xanım Əliyevanın xidmətlərini xüsusi
qeyd etmək lazımdır. Mehriban xanım Əliyeva UNESCO-nun
xoşməramlı səfiri olaraq Azərbaycanın
təşkilatda nüfuzunun
artırılmasında, eyni zamanda, qeyd etdiyim
nailiyyətlərin əldə olunmasında çox
mühüm rol
oynamışdır. Onun rəhbərlik etdiyi Heydər
Əliyev Fondu Azərbaycanda və
dünyanın müxtəlif ölkələrində məktəblər,
uşaq bağçaları, mədəniyyət
mərkəzləri və muzeylərin açılması ilə
yanaşı, tarixi və dini
abidələrin bərpa və təmiri istiqamətində də
böyük
işlər görmüşdür.
Azərbaycan
hazırda UNESCO-nun bir
çox proqramlarında fəal iştirak edir. Bu gün UNESCO-nun
iştirak, yubileylər, dünya
yaddaşı proqramlarında da fəal iştirak etməklə biz
Azərbaycan mədəniyyətini dünyada
tanıtmağa çalışırıq. Gələcəkdə
UNESCO-ya təqdim ediləcək nominasiyalarla bağlı onu
demək istərdim ki, hazırda bu istiqamətdə fəaliyyətimiz davam edir. Ümid
edirəm, gələcək illərdə həm təktərəfli,
həm də çoxtərəfli nominasiyaların UNESCO
siyahılarına daxil edilməsinin şahidi olacağıq. Hazırda üzərində
çalışdığımız çoxtərəfli nominasiyalardan Molla Nəsrəddin
lətifələrinin, Koroğlu
dastanının adını çəkmək olar. Bunlar digər türkdilli ölkələrlə birlikdə
həyata keçirdiyimiz layihələrdəndir
və yaxın illərdə onları da UNESCO-nun müvafiq
siyahılarında görə biləcəyik.
Xalq qəzeti.- 2013.- 24 dekabr.- S.9.