Mingəçevir:
quruculuq və abadlıq işləri
“Nur şəhəri”nin
hüsnünü gözəlləşdirir
Daha
bir təqvim ili başa çatır. 2013-cü il Azərbaycan
tarixinə çox mühüm hadisələrlə
yazılmaqda davam edir. Ona görə “yazıldı” demirik ki,
hələ ilin sonuna bütöv bir həftə qalır və
biz son illərdə milli tariximizə nəinki hansısa
rübdə və ya ayda, hətta hər həftədə belə
nə isə əlamətdar bir hadisənin
yazıldığının şahidi olmuş, bu ənənəyə
vərdiş etmişik.
Xüsusən, yola saldığımız il gənc
müstəqil dövlətimizin həyatı əksər
qonşularımız üçün əlçatmaz olan
hadisələrlə zəngin oldu. İlin əvvəlində
ölkəmiz kosmosa özünün ilk rabitə peykini
göndərdi, may ayında dövlətimiz BMT Təhlükəsizlik
Şurası kimi mötəbər beynəlxalq təşkilata
sədrlik etdi, müvafiq idman qurumları Avropa miqyaslı ilk
Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə
qərar qəbul etdilər və nəhayət, oktyabr
ayında keçirilmiş prezident seçkilərində
xalqımız növbəti dəfə öz siyasi iradəsini
ortaya qoyaraq Prezident İlham Əliyevə yenidən etimad
göstərdi. Cənab dövlət başçımız
seçkidən sonrakı çıxışlarında
böyük səmimiyyətlə dedi ki, Azərbaycan dövlətinin
istənilən nailiyyətində ölkə əhalisinin hər
bir fərdinin payı və xidməti vardır.
Ölkəmizin xəritəsinə “Nur şəhəri”
kimi düşən Mingəçevirdən hazırlamaq istədiyimiz
bu yazıya məhz belə bir girişlə
başlamağımız təsadüfi deyil. Çünki
Mingəçevirdəki dostlarımdan biri, tələbə
yoldaşım Tahir Əzizlidən hələ dekabrın əvvəllərindəki
söhbətlərimizdə təxminən bu məzmunlu ifadələr
eşitmişdim. Tahir demişdi ki, Prezident İlham Əliyev də
ümummilli liderimiz kimidir. O da ölkədəki heç bir qələbəni,
nailiyyəti dövlət rəsmilərinin adına deyil,
bütövlükdə xalqın adına yazır. Həmsöhbətim
əlavə etmişdi ki, bu tendensiya bir çox cəhətlərdən
hamı tərəfindən sevilir. Ən başlıcası
isə, ölkənin nailiyyətlərində öz
payının da olduğunu bilavasitə dövlət
başçısından eşidən sadə insanda dövlətə
və dövlətçiliyə bağlılıq hissləri
möhkəmlənir.
Dostum qeyd etmişdi ki, mingəçevirliləri
dövlətə və dövlətçiliyə ən
çox bağlayan tellərdən biri də Prezident İlham
Əliyevin dövri olaraq bu şəhərə gəlməsi,
burada həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrini
dəstəkləməsidir. Tahirin həmin qənaəti ilə
mən də razıyam. Çünki bu il aprel ayının
ortalarında Prezident İlham Əliyevin Mingəçevirə
etdiyi səfərin unudulmaz təəssüratlarını
yaşayanlardan biri də mənəm. Dövlət
başçımız həmin səfəri zamanı
tikintisinə hələ 2008-ci ildə başlanmış Heydər
Əliyev Mərkəzinin açılış mərasimində
iştirak etmişdi. Ümumi sahəsi 6 min kvadratmetr olan bu mərkəzin
570 nəfərlik akt zalı var. Sahəsi 6 hektar olan
Müşfiq Mirzəyev adına “Dostluq” parkının,
respublikamızda ən böyük analoji qurğulardan biri olan
gənclər evinin, sahil parkının və digər obyektlərin
açılışı da həmin səfər zamanı
olmuşdu. Prezidentə məlumat verilmişdi ki, Kür
çayı üzərində 212 metr uzunluğunda asma
kanatlı lift inşa olunur. Bu lift gündə 1000 nəfərin
bir sahildən o biri sahilə daşınmasını təmin
edəcək. O zaman Prezident Mingəçevirdə tikiləcək
bir sıra mühüm bina və qurğuların layihələri
ilə də tanış olmuş, öz tövsiyə və
tapşırıqlarını vermişdi. Həmin layihələrin
reallaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər belə deməyə əsas
verir ki, yaxın zamanlarda “Nur şəhəri”ndə daha bir
neçə yeni obyektin açılışı da olacaq.
Mən son aylar Mingəçevirdə, demək olar ki, hər
həftə oluram. Ancaq bu şəhərdə keçirilən
“Bilik Günü”ndən üzü bəri şahidi
olduğum elə tədbirlər var idi ki, o barədə
operativ şəkildə xəbər yazsam da, burada
eşitdiyim fikirlərdən sonralar istənilən yazıda
istifadə etmək zərurəti duyuram. Məsələn, şəhər
icra hakimiyyətinin başçısı Niyazi Bayramovun
oktyabrın əvvəlində “Mingəçevir kəndi”
deyilən yaşayış massivində sakinlərlə
görüşü zamanı eşitmişdim ki, bu şəhərin
ən azı 5 min il yaşı var. Bu fakt “Nur şəhəri”nin
dünəni barədə idi. Oktyabrın 22-də keçirilən
9 ayın yekunları barədə hesabat
yığıncağında isə Mingəçevirin bu
günü və sabahı barədə faktlar
eşitmişdim: 2013-cü ildə mingəçevirli orta məktəb
məzunlarından 18 nəfəri qızıl medala layiq
görülüb, 29 abituriyent ali məktəblərə qəbul
imtahanı zamanı 600-dən çox bal toplayıb, qəbul
imtahanlarında respublika üzrə 700 bal toplayan abituriyentlərdən
2 nəfəri mingəçevirlidir və sairə. Əslində
bu faktlar Mingəçevirin bu gününə aiddir. Ancaq həmin
gənclərin şəhərin gələcək günlərində
fəaliyyət göstərəcəyini düşünəndə
adamın ürəyində bir rahatlıq, məmnuniyyət
hissi yaranır: Prezident İlham Əliyevin biz neftdən əldə
olunan kapitalı insan kapitalına çevirməliyik -
çağırışı Mingəçevirdə,
sözün həqiqi mənasında, günün
reallığına çevrilir.
Yuxarıda son zamanlar Mingəçevirdə şahidi
olduğum tədbirləri sadalayırdım. Onlardan biri də
noyabrın ortalarında keçirilən “Şəhər
günü” adlı möhtəşəm tədbir idi.
Dövlət Dram Teatrı aktyorlarının açıq səma
altında nümayiş etdirdiyi tamaşadan sonra Heydər
Əliyev Mərkəzində davam etdirilən tədbirin əvvəlində
biz “Nur şəhəri” adlı filmə baxmışdıq.
Hələ orta məktəb şagirdi olduğum illərdən
tanıdığım, son 30 ildə isə az qala hər ay
qonağı olduğum bu şəhərin tarixi barədə
ən müfəssəl məlumatı məhz həmin filmdən
almışdım - desəm, inanın. Tədbirdə şəhər
icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Mingəçevir
Politexnik İnstitutunun rektoru, Şəhər Ağsaqqallar
Şurasının sədri Akif Hacıyev, Təbiət və
Riyaziyyat Təmayüllü Liseyin direktoru Aidə
İsmayılova, Mingəçevir Turizm Kollecinin direktoru
Əyyub Əyyubov və başqa natiqlər bu şəhərin
ölkəmizin iqtisadi və ictimai-siyasi həyatında
oynadığı roldan elə konkret faktlarla, arqumentlərlə
danışdılar ki, mən həmin məqamları indiyədək
bilmədiyimə görə təəssüfləndim.
Təbii ki, istənilən şəhər və rayon haqqında
söz açarkən mütləq orada həyata keçirilən
tikinti-quruculuq və abadlıq işlərinin miqyası barədə
təsəvvür yaratmağa cəhd edirik. Mən də Mingəçevir
barədə qələmə aldığım yazıda həmin
tendensiyanı davam etdirmək istəyirdim. Şəhər
icra hakimiyyəti başçısının müavini Ramiz
Əliyevlə söhbət zamanı o mənə
görülən işlər barədə elə həvəslə
danışdı ki, onun dediklərini kağıza
köçürməkdən başqa çarəm
qalmadı. Ramiz müəllim bildirdi ki, son illər
bütün bölgələr kimi, Mingəçevir də
abadlaşır, inkişaf edir, şəhərdə əhalinin
həyat səviyyəsi yaxşılaşır. Ölkə
başçısının imzaladığı sərəncamlara
əsasən şəhərin sənaye potensialının
genişləndirilməsi, yeni müəssisələrdən
ibarət iri texnoparkların təşkili, infrasturuktur layihələrinin
həyata keçirilməsi, olimpiya idman kompleksinin tikilməsi,
mərkəzi xəstəxananın əsaslı təmiri, 13
məktəb binasının inşası və ya yenidən
qurulması, qazlaşdırma işlərinin başa
çatdırılması, su-kanalizasiya sistemlərinin
tikintisinin sürətləndirilməsi, çoxmərtəbəli
yaşayış binalarında təmir-bərpa işlərinin
aparılması, lift təsərrüfatının və
istilik sisteminin əsaslı şəkildə yenidən
qurulması hədəf seçilib. Artıq bu istiqamətlərdə
mühüm işlər görülür. Belə ki, Mingəçevir
Şəhər Mərkəzi Xəstəxanasının təmirinə
başlanılıb. 4 və 10 saylı məktəblərin, eləcə
də 10 və 12 saylı uşaq bağçalarının əsaslı
təmir işlərinə başlanılıb. Qısa
müddətdə bu təlim-tərbiyə ocaqlarının
dam örtükləri, sanitar texniki qovşaqları, elektrik xətləri
dəyişdirilib. Hazırda 6 çoxmərtəbəli
binanın lifti yenisi ilə əvəz edilib, 17 binada isə
işlər davam etdirilir. Şəhərin su və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsinin icrası da
uğurla davam etdirilir. İndiyə kimi 105 min 517 poqonometr su xətti,
46 min 477 poqonometr kanalizasiya xətti çəkilib. Günəşli
və Bağlar massivlərində evlərə su
bağlantıları verilib. 2500 ədəd sayğac
quraşdırılıb. Onu da qeyd edək ki, layihə
çərçivəsində çirkab təmizləyici
qurğu və ehtiyat su anbarının tikintisi də nəzərdə
tutulub. Şəhər ərazisində dairəvi qaz sisteminin
təşkili də davam etdirilir. Bu sistem bütün mənzillərin
kefiyyətli və fasiləsiz “mavi yanacaq”la təminatına
imkan verəcək.
Düz sözə nə deyəsən. Bütün
bunlar mingəçevirlilərin gözü
qarşısında baş verib. Biz məsələni
xüsusi qeyd edək ki, şəhərdə quruculuq və
abadlıq işlərinin davam etdirilməsi zamanı müasir
şəhərsalmanın tələblərinə ciddi əməl
edilir. Heydər Əliyev prospektində, Natəvan, Vaqif və
Cəmil Əliyev küçələrinə yüksək
keyfiyyətli asfalt döşənib. 13 ictimai
yaşayış binasının dam örtüyü dəyişdirilib.
Yeri gəlmişkən, onu da vurğulayaq ki, Mingəçevirdə
25 ədəd 9 mərtəbəli yaşayış binası
var. Hazırda həmin binaların fasad hissələri də dəyişdirilir,
zirzəmilərində kommunikasiya işləri
görülür. Son zamanlar Əliağa Vahid küçəsindəki
binaların istilik sistemləri bərpa edilərək əhalinin
xidmətinə verilib. Ümumiyyətlə, şəhərdəki
binaların hamısında istilik sistemləri
quraşdırılacaq. Mingəçevirlilərin mədəni
istirahəti həmişə diqqət mərkəzində
olub. Ona görə də Müşfiq Mirzəyev adına
parkda səhnə və 410 nəfərlik yay tamaşa salonu da
quraşdırılıb. Onu da qeyd edək ki, küçə,
park və xiyabanlarda, istirahət mərkəzlərində,
inzibati binaların fasad hissələrində
quraşdırılan işıqlandırma sistemləri,
xüsusi effektlər yerli sakinlərlə yanaşı,
qonaqları da valeh edir.
Bax belə. Mingəçevir haqqında qələmə
aldığım bu yazıya nöqtə qoymaq mənə o qədər
də çətin olmadı. Axı, bunu bilməyə nə
var. “Nur şəhəri” hər gün yox, hər saat dəyişir...
İlqar
HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
Xalq qəzeti.-
2013.- 25 dekabr.- S.6.