Bizim Şahbaz müəllim
Müharibə veteranı, Mozdokdan Berlinə qədər şərəfli döyüş yolu keçmiş sevimli müəllimim Şahbaz Hüseynovu Yardımlıda hamı tanıyır. Şahbaz müəllim doğulub boya-başa çatdığım Çay-Üzü kəndindəki orta məktəbdə hərbi hazırlıq müəllimimiz idi. Yaxşı yadımdadır, ömrünün az qala 70 ilini şagirdlərinin təlim-tərbiyəsinə həsr edən Şahbaz müəllim məktəbə həmişə hərbi mundirlə gələrdi. Elə bu gün də, yaşının 90-na çatmasına baxmayaraq, həmin hərbi geyimdə yolunu tez-tez məktəbdən salır, müəllim və şagirdlərə məsləhət və tövsiyələrini verməkdə davam edir...
Doğrudan da, müəllim sözü, müəllim məsləhəti,
müəllim nümunəsi Şahbaz Hüseynovun timsalında bütün
zamanlar üçün
insanların həyat yollarında ümid
işığına, inam nuruna
çevrilib. Çünki
hər bir kəs qazandığı
nailiyyətlərə görə, ilk
növbədə müəllimlərinə borcludur. Axı həyatını müəllimliyə
həsr edən insanlar fədakar, vətənpərvər,
sözün həqiqi anlamında doğma xalqına, doğma
torpağına sədaqətlə xidmət göstərən
insanlardır.
Şahbaz müəllimlə ömrün
ötən illəri barədə xatirələri
çözələyəndə ani olaraq xəyala dalır, nurlu
çöhrəsində xəfif cizgilər gəzir. Sanki uzun illərin
arxasından boylanıb uşaqlıq, yeniyetməlik, gənclik
illəri yadına düşür. O zamanlar ürəyində dil
açan və gerçəkləşməyən
arzularını xatırlayır, eyni zamanda, qazandığı uğurlarını
götür-qoy edir. Bir də keçdiyi bu uzun ömür
yolunda zaman-zaman qoyduğu özünəməxsus izləri düşünür.
Şahbaz müəllimin
ilk təhsil və yeniyetməlik illəri
Böyük Vətən müharibəsinə
təsadüf edib. Müharibənin
törətdiyi fəsadların tüğyan
etməsi, əhalinin çox ağır
sınaqlar qarşısında qalması onun
taleyinə də silinməz naxışlar yazıb. Və bir gün əsgər
mundirində cəbhəyə yollanan Şahbaz müəllim doğma
elinə, obasına zabit mundirində dönüb...
Şahbaz Hüseynov müəllim
adını ən əziz, ən yüksək dövlət
mükafatı sayır. Ömrünün
yarıdan çoxunu gənc nəslin təlim-tərbiyəsinə
həsr edən, hərbi biliklərə yiyələnməyi
şagirdlərinə həvəslə öyrətməyə
çalışan sadə bir pedaqoq üçün bundan şərəfli,
bundan yüksək ad ola bilməz. Şahbaz
müəllim yüksək daxili mədəniyyətə
malik, mülayim təbiətli
və təvazökar bir insandır. O, eyni zamanda, işgüzar
və məsuliyyətli bir müəllim kimi tanınır. Özünə
qarşı yüksək tələbkarlığı və
prinsipiallığı sayəsində kollektivdə və bütün rayonda xüsusi nüfuza malikdir.
Şahbaz müəllim deyir ki, gənc nəsli düzgün
həyat yoluna müəllimlər istiqamətləndirir.
İnsanın həyata münasibətində, idrak
prosesində, dünyagörüşünün
formalaşmasında müəllimin zəhməti müqayisəolunmazdır.
Yaxşı müəllimin yetirmələri həyat
yollarında layiqli mövqe
tutaraq doğma Vətəninə,
xalqına, millətinə xeyir verirlər.
Şahbaz müəllimə görə, bu gün dönüb
geri baxanda həyatının
ən mənalı illərini müəllim işlədiyi zamanda görür. Çünki onun üçün
müəllimlik illəri daha əzizdir.
Geniş mütaliə dairəsinə malik olan Şahbaz
müəllim həmişə güclü
hafızəsi, geniş erudisiyası ilə
seçilir. O, həqiqətən
işıqlı insandır. Bu gün müdriklik
yaşına – ömrünün 90-cı
baharına qədəm qoyan, bütün yaradıcı fəaliyyətini
milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldən
ağsaqqal müəllimimiz öz bilik və təcrübəsini
bu gün də gənclərdən
əsirgəmir.
Şahbaz müəllim gənclərimizin hərbi-vətənpərvərlik
ruhunda tərbiyə alması üçün daim ciddi şəkildə məşğul olub, xarakterinin bu tərəfi artıq birmənalı formada təsdiqini tapıb: gənc nəslin
formalaşması üçün əlindən
gələni etmək onun üçün
bütün məşğuliyyətlərdən cəlbedicidir. Yaxşı
xatırlayıram ki, məktəbdə oxuduğumuz illərdə Şahbaz
müəllim bizə tez-tez tövsiyə
edərdi ki, hərb sənətinin bütün incəliklərinə yiyələnək,
SSRİ-də və respublikamızda fəaliyyət göstərən
ali hərbi məktəblərdə təhsil
alaq. Şahbaz
müəllimin bu uzaqgörənliyi
respublikamız müstəqilliyini əldə edəndən sonra özünü
qabarıq şəkildə göstərdi.
Şahbaz müəllimin bir üstünlüyü də var
ki, bu da
onun səbirli, dözümlü
olmasıdır. Şahbaz müəlllim özünün üstün
insani keyfiyyətləri ilə məşğul
olduğu sahədə də mümkün olanları əldə etməyi
bacarıb. Onun fikrincə, ömürdən
ötən günlərin ardınca boylanıb təəssüflənmək
yox, sabahı düşünmək, qalan vaxtı məzmun və zaman
baxımından zənginləşdirmək gərəkdir. Bax, onda
ömrümüz–həyatımız qısa olduğuna
görə yox, mənalı
yaşadığımız üçün
şirinlik anlamına gələcək.
Mustafa
SADIXLI
Xalq qəzeti.- 2013.- 25 dekabr.- S.7.