Bakıətrafı qəsəbələr
yaşayış
üçün rahat məkana çevrilir
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi nəticəsində paytaxtın, Bakıətrafı qəsəbələrin sosial-iqtsadi və mədəni siması görülən abadlıq işləri sayəsində xeyli dəyişmiş, dinamik və davamlı inkişafın əsası qoyulmuşdur. Adı çəkilən proqramın qəbulundan ötən müddət ərzində əhalinin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
“2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı”nın icrasının yekunlarına həsr
olunmuş konfransda bütün bunlar barədə ətraflı
danışılmışdır. Prezident İlham Əliyev giriş nitqində bildirmişdir
ki, 2013-cü ildə Azərbaycanın uğurlu dinamik
inkişafı təmin edilmişdir. İl ərzində qarşıda duran bütün vəzifələr
yerinə yetirilmişdir. Bu
il ümumi daxili məhsul təxminən 6 faiz,
qeyri-neft sektoru isə
təxminən 10 faiz artmışdır. Bu, Azərbaycan siyasətində əsas istiqamətin
iqtisadi islahatlar olduğunun bariz ifadəsidir. Bu islahatlar dünyanın aparıcı iqtisadi və maliyyə qurumları tərəfindən
də təqdirlə qarşılanır. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Davos
Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət
qabiliyyətliliyinə görə 39-cu yerə layiq
görmüşdür. Yəni, bütün bunların təməlində düşünülmüş siyasət, Azərbaycanda
1990-cı illərin ortalarında başlamış islahatlar, ulu öndər
Heydər Əliyevin siyasəti dayanır.
Dövlət
başçısı daha sonra vurğulamışdır ki,
Bakı şəhəri bölgənin və hətta dünyanın mərkəzlərindən
birinə çevrilmişdir. Burada yüksək səviyyəli tədbirlər
artıq adi hala çevrilmişdir. Zirvə görüşləri,
dünya liderlərinin görüşləri,
iqtisadi, humanitar forumlar, - bütün bunlar reallıqdır və Bakı dünya xəritəsində artıq öz layiqli yerini tuta bilmişdir.
Konfransda bildirilmişdir ki, “2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı”na əsasən, paytaxt üzrə
inşası və əsaslı təmiri Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən
nəzərdə tutulmuş 174 orta məktəb, 7 texniki
peşə məktəbi,
uşaq yaradıcılıq mərkəzləri
və 121 uşaq
bağçası-körpələr evi əsaslı
təmir olunmuş, 39 orta
məktəbdə 14920 şagird yerlik əlavə tədris korpusları, idman zalları və yeni sinif otaqları inşa edilmişdir.
Üç il ərzində proqram çərçivəsində paytaxt və qəsəbələrdə 3500 kilometr qaz kəmərləri çəkilmiş, əlavə
132 min abonent qazla təmin olunmuşdur.
39 elektrik yarımstansiyası tikilmiş, 4400 kilometr elektrik kabel xətləri
çəkilmiş və nəticədə əhalinin və
iqtisadiyyatın enerji təchizatı təmin
edilmişdir. Zabrat-Maştağa-Buzovna yolunda və Zığ dairəsi-aeroport yolundan Qala stansiyasınadək
gedən yolda yenidənqurma işləri başa çatdırılmışdır.
Bilgəh-Novxanı-Sumqayıt, Zabrat-Kürdəxanı-Pirşağı,
Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin
baş yolunda isə
işlər davam etdirilir.
Bundan başqa, 22 qəsəbənin 420 mindən çox sakininin istifadə
etdiyi 62 kilometr qəsəbələrarası
yollar təmir olunmuş,
rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən
çox asfalt örtüyü salınmış, 41 körpü, tunel və piyada keçidi istifadəyə
verilmişdir. Rabitə
və informasiya-kommunikasiya
texnologiyaları sahəsində 11 ATS, 9 poçt
şöbəsi üçün bina tikilmiş, 28 ATS rekonstruksiya olunmuş, Zirə,
Gürgan və Pirallahı qəsəbələrinə
fiber optik kabel çəkilmiş, “Bakinternet”in qlobal internet
şəbəkəsinə çıxış sürəti
saniyədə 7,5 qiqabitə
çatdırılmışdır.
Aparılan sənayeləşmə
siyasəti şəhərin və ətraf qəsəbələrin
dinamik inkişafına ciddi
təkan vermiş, son
üç ildə ümumi
investisiya qoyuluşu 2
milyard manat olan Bakı gəmiqayırma, müasir
tikinti materialları, metal
konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq,
sement zavodları və digər sənaye
müəssisələri istismara
buraxılmış, bir sıra istehsal və emal müəssisələrinin
tikintisi isə
davam etdirilir.
Ölkə rəhbərinin
“Ölkə iqtisadiyyatının gələcək
inkişafı sahibkarlığın inkişafından
bilavasitə asılıdır” prinsipinə uyğun
olaraq, sahibkarlığın
inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Sözügedən
Dövlət Proqramının qəbulundan ötən dövr ərzində Bakı qəsəbələrində
sahibkarlığın inkişafına dövlət dəstəyi
çərçivəsində 33 tədbir keçirilmiş
və 4550 sahibkara layihələrin
seçilməsi, biznes planların
hazırlanması ilə bağlı texniki
yardım göstərilmişdir.
Sahibkarlığa
Kömək Milli Fondunun
xəttilə Bakı qəsəbələri üzrə 680 sahibkara 148 milyon manat güzəştli kreditlər verilmiş, bununla da 5300-dək yeni iş yerinin
açılması imkanı yaranmışdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan
53 iri layihə, o
cümlədən 13 çörək zavodu,
13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət
emalı fabriki, 2 metal
konstruksiya və 14 digər sənaye
müəssisəsi maliyyələşdirilmişdir.
İnsan amilinə xidmət edən sosial siyasətə uyğun
olaraq, yeni və müasir tibb müəssisələrinin
açılması, mövcud müəssisələrin
maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində rayon və qəsəbələrdə
41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb
müəssisələri
tikilmiş və ya təmir
edilərək müasir avadanlıqla təchiz
olunmuşdur. Bundan əlavə,
ixtisaslaşdırılmış ruhi-əsəb internat evi əsaslı təmir
olunmuş, Bilgəh qəsəbəsində
əlillər üçün pansionatın
yeni korpusu tikilmiş, 13 səhiyyə obyektində, əlil
və yetkinlik yaşına çatmayanlar üçün
4 bərpa mərkəzində işlər davam
etdirilir.
Ətraf mühitin sağlamlaşdırılmasına,
ekoloji durumun
yaxşılaşdırılmasına yönəldilmiş
siyasət ölkəmizdə ekoloji problemlərin
həllini prioritet istiqamətlərdən
birinə çevirmişdir. Bakı şəhərinin ekoloji
vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün
neftlə çirklənmiş torpaqların və göllərin
təmizlənməsi, sənaye müəssisələrinin
şəhərətrafı ərazilərə
köçürülməsi və yeni
yaradılan müəssisələrə ciddi
ekoloji tələblərin
qoyulması artıq öz müsbət nəticəsini
verməkdədir. Belə ki, 228 hektar neftlə çirklənmiş ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 milyon
ağac əkilmiş, 408 hektar
ərazi abadlaşdırılmış, 53 yeni
mədəniyyət və istirahət parkı
yaradılmışdır.
Abşeron yarımadasında yerləşən 9 gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin
yaxşılaşdırılması məqsədilə
aparılan hazırlıq işləri yekunlaşmaq üzrədir. Eyni
zamanda, Böyük Şor gölünün ekoloji bərpası üçün
layihələndirmə və mühəndislik işlərinə
başlanılmışdır.
Su təchizatı sistemində 550 kilometr magistral su kəməri, 8100 kilometr
su şəbəkəsi, ümumi
həcmi 650 min kubmetr olan 65 su anbarı, məhsuldarlığı
sutkada 1 milyon 300 min kubmetr olan
2 mərkəzi su nasos
stansiyası layihələndirilmişdir.
Kanalizasiya sistemində Abşeron
yarımadası 11 hövzəyə bölünməklə məhsuldarlığı
sutkada 1 milyon 400 min kubmetr olan
11 ədəd çirkab sutəmizləyici
qurğu, 140 kilometr kanalizasiya tunelləri, 680 kilometr
kanalizasiya kollektorları, 6400 kilometr kanalizasiya şəbəkəsi
layihələndirilmişdir.
Abşeron yarımadasının mərkəzləşdirilmiş
su təchizatı sisteminə qoşulmayan qəsəbələrini su ilə təmin etmək məqsədilə
Ceyranbatan-Balaxanı-Qala magistral kəməri
qısa müddətdə tikilərək 2013-cü ilin avqust ayında istifadəyə
verilmişdir. Uzunluğu 61 kilometr olan
kəmərin istifadəyə verilməsi nəticəsində
tarixən yeraltı sulardan istifadə edən
Qala, Şağan, Mərdəkan,
Şüvəlan və Binə qəsəbələri də
daxil olmaqla Binəqədi,
Mehdiabad, Digah, Məhəmmədi,
Balaxanı, Ramana, Zabrat,
Sabunçu, Hövsan,
Yeni Suraxanı yaşayış
massivlərində əhalinin hazırda 122 min
nəfərinin su təminatı əsaslı
şəkildə
yaxşılaşdırılmışdır. Eyni zamanda, tikilən yeni su kəməri mövcud Ceyranbatan-Maştağa
xəttinin əhatə etdiyi zonada yerləşən Pirşağı,
Kürdəxanı, Maştağa, Nardaran, Bilgəh, Buzovna qəsəbələrinin
dayanıqlı su təchizatına da imkan
yaratmışdır.
Uzunluğu 6 kilometr olan kanalizasiya kollektorunun
tikilməsi, Sahil və Dairəvi kollektorların təmizlənməsi
nəticəsində buxtaya sutka ərzində axan 170 min kubmetrə
qədər çirkab suyun qarşısı alınaraq
Hövsan Aerasiya Stansiyasına yönəldilmişdir. Adı çəkilən stansiyada görülən əlavə tədbirlər
nəticəsində dənizə axıdılan suyun texniki göstəriciləri
normalara
uyğunlaşdırılmış, lilin
emalı ilə bağlı son texnologiya tətbiq olunmuşdur.
Xəzər dənizinə Novxanı-Sumqayıt sahil zonasından 16 nöqtədən axan çirkab suların
qarşısını almaq məqsədilə
uzunluğu 15 kilometr olan kanalizasiya kollektoru tikilib istifadəyə
verilmişdir. Bununla da Novxanı-Sumqayıt çimərliklərinin
çirklənməsinin qarşısı
alınmışdır.
Dövlət Proqramına uyğun olaraq
2011-2013-cü illər ərzində “Azəristiliktəchizat”
ASC tərəfindən yaşayış binaları və
sosial obyektlərin istilik təchizatının bərpası və
yaxşılaşdırılması ilə bağlı 664
layihə icra edilmişdir.
Dövlət Proqramında təhsil və səhiyyə
müəssisələrinin istilik təchizatı sistemlərinin
bərpası ilə bağlı icrası “Azəristiliktəchizat”
ASC tərəfindən nəzərdə tutulmuş bəzi
layihələr Bakı Şəhər İcra Hakimiyyəti və
aidiyyəti nazirliklər tərəfindən binaların əsaslı
təmiri layihələri çərçivəsində tam
həyata keçirilmişdir.
Prezident İlham Əliyev yekun nitqində
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində
görüləcək işlərdən də
danışmış, bununla bağlı müvafiq qurumlara
konkret tapşırıqlar vermişdir. Dövlət başçısı 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlığa mühüm önəm verilməsini
vurğulamış, bildirmişdir ki, bu oyunların çox böyük əhəmiyyəti
vardır: “Ona görə ki, birinci Avropa Oyunlarıdır. Heç
vaxt Avropa
Oyunları keçirilməmişdir.
İlk dəfə Azərbaycanda
keçiriləcəkdir. Bu, ölkəmizə
Avropa idman aləmindən
gələn hörmətin təzahürüdür, inamın
əlamətidir. Biz əlbəttə,
çalışmalıyıq ki, bu oyunları ən yüksək səviyyədə keçirək.
Hazırlıq işləri gedir. Gələn
il biz həlledici fazaya
başlayacağıq. Bakıda
böyük idman
qurğuları tikilir. Əslində o qurğuların tikintisi Avropa Oyunları bizə veriləndən əvvəl
başlamışdır - Olimpiya Stadionu, Gimnastika Mərkəzi, Su İdmanı
Sarayı, Stend Atıcılığı
Mərkəzi. Ancaq əlbəttə ki, bu obyektlər də Avropa Oyunlarında öz sözünü deyəcəkdirE”.
Azərbaycan Prezidenti gələn ilin əvvəlində
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbul
ediləcəyini də vurğulamış, bununla əlaqədar
Bakının bütün rayonlarının rəhbər
işçiləri, bələdiyyə sədrləri və ictimaiyyətin nümayəndələrindən
konkret təkliflər gözlənildiyini
diqqətə çatdırmışdır.
Göründüyü kimi,
ardıcıl və sistemli sosial-iqtisadi islahatların
uğurlu nəticəsi olaraq,
sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş
bir ölkə kimi tanınan Azərbaycanın paytaxtı
Bakı şəhəri gündən-günə daha da
gözəlləşir, bu isə paytaxtda yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşmasına, təbii ki, öz müsbət təsirini
göstərir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 25 dekabr.- S.3.