Ali təhsildə keyfiyyət təminatı:

nəzəriyyə və təcrübə

 

Müsahibim Azərbaycan Turizm İnstitutunun Magistratura, doktorantura və əlavə təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsirulla Nəsirlidir. Öncə bütün pillələr üzrə təhsilin düzgün təşkili və məqsədyönlü fəaliyyətə istiqamətləndirilməsinin cəmiyyət üçün taleyüklü məsələlərdən biri olması fikrinə Nəsirulla müəllimin münasibətini soruşdum.

– Təhsil həyat fəaliyyətinin müxtəlif aparıcı istiqamətlərindən kənarda qalan məsələ deyil. Təhsilə cəmiyyətin rifahının yüksəldilməsində əsas amil kimi kompleks yanaşma tələb edən və dayanıqlı inkişafı təmin edən vacib məsələ kimi baxılmalıdır. Hazırda təhsildə, cəmiyyətin inkişaf səviyyəsinin müəyyənləşdirilməsində əsas ağırlığı öz üzərinə götürən yeni meyllərin yaranması prosesi gedir. Bu barədə Təhsil haqqında UNESKO-nun (Paris, 1998) ümumdünya sessiyasında deyildiyi kimi, cəmiyyətin gələcək inkişafının təmin edilməsi və səviyyəsinin yüksəldilməsi ilk növbədə təhsil müəssisələrində verilən biliklərin səviyyəsindən və keyfiyyətindən asılıdır.

Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyində təhsilalanların və təhsilverənlərin, fizikihüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi, onların arasında münasibətlərin tənzimlənməsi, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatın yaradılması dövlət siyasətinin əsas prinsiplərinin həyata keçirilməsi üçün mühüm şərtlər olduğu nəzərə alınmışdır. Təhsilin əsas məqsədi dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan haqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyaninkişaf etdirən, geniş dünyagörüşünə malik, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və  rəqabət qabiliyyətli mütəxəssis-kadr hazırlamaqdır.

Göründüyü kimi bu vəzifələrin öhdəsindən gəlmək təhsilin bütün pillələri üzrə düzgün təşkilindən asılıdır. Hər bir təhsil pilləsinin öz səviyyəsinə uyğun bilik, bacarıq və vərdişlər mənimsənilməsi üsulları və strategiyası var. Son nəticə isə təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə elə tənzimləməlidir ki, sonrakı özündən əvvəlkinin üzərində qurulsun və əvvəlki sonrakının bünövrəsinə yardımçı olsun. İnsan kapitalının yetişdirilməsi prosesi məktəbəqədər təhsildən başlayaraq inkişaf edir. Ona görə də təhsilin pillələri və səviyyələri arasında əlaqələrin tənzimlənməsi  Təhsil Nazirliyi və təhsil müəssisələri qarşısında duran əsas məsələdir.

– Nəsirulla müəllim, tədris proqramlarının təcrübə ilə əlaqələndirilməsi təhsil modelinin üstünlüyüdür, fikrinə sizin münasibətiniz necədir?

Azərbaycan Respublikası Təhsil qanununda təhsil proqramı – təhsilin hər pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedoqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi kimi təsvir edilmişdir. Buradan aydın olur ki, təcrübə prosesi təhsil prosesinin ayrılmaz bir hissəsidir. Tədris prosesinin təcrübə ilə əlaqələndirilməsi üçün fərqli yanaşmaların tətbiq edilməsi, yəni, verilən ixtisasın məzmununa uyğun təcrübə müddətinin tətbiq edilməsi həm məqsədəuyğun, həm də səmərəli olar. Nəzəri və tətbiqi ixtisasların (məsələn, turizm, tibbs.) bir-birindən fərqləndirilərək təcrübələrə vaxt ayrılması yaxşı olar. Digər xidmət sahələri ixtisaslarının  təcrübə müddətinin başqa ixtisaslar üçün ayrılan təcrübə müddətlərindən çox olması vacibdır. Bu tipli ixtisaslarda praktik təcrübəsinə malik olmaq məzunların işlə təminatında və əmək fəaliyyətlərində onlara kömək edirüstünlük qazandırır. İş prosesində xarici ölkələrdə qazanılan təcrübənin də böyük əhəmiyyəti olur. Azərbaycan Turizm İnstitutunda turizm sahəsi daha irəli gedən ölkələrin təcrübəsinin öyrənilməsinə və qazanılan təcrübənin yerli şəraitə uyğunlaşdırılmasına böyük diqqət ayrılır. ATİ tələbələrin xarici ölkələrdə istehsalat təcrübələri keçməsinə üstünlük verirbu institutda kadr hazırlanan 13 ixtisasın çoxunda təcrübə müddəti 20-22 həftə müəyyənləşdirilmişdir. Müvafiq ölkələrin uyğun təşkilatları və ölkədə akkreditasiya olunmuş xarici ölkələrin səfirlikləri və nümayəndəlikləri arasında bağlanan ikitərəfli müqavilələr əsasında bu proses  həyata keçirilir. Diplom almaq üçün qazanılması tələb olunan kreditin bir hissəsi hər həftə üçün 1,5 kredit hesabı ilə təcrübədən qazanılan kredit üçün nəzərə alınır və məzunlara verilən diploma əlavədə öz əksini tapır.

Düşünürəm ki, müəyyən ixtisaslar üzrə təhsil verən ali təhsil müəssisələrinin təcrübə bazalarının olması vacibdir. Belə olduqda təcrübələrin daha səmərəli keçirilməsinə şərait yaranar. Ümumiyyətlə, nəzəri biliklərin təcrübədə yoxlanılması kadr hazırlığının keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün vacib məsələdir.

– Məlumdur ki, dünyanın tanınmış universitetlərində tədris planları işəgötürən müəssisələrin tövsiyyələri nəzərə alınmaqla işlənib hazırlanır. ATİ bu təcrübədən yararlanırmı?

– Deyə bilərəm ki, tədris planının məzmunu kadr hazırlığının keyfiyyətinə təsir edən əsas amillərdəndir. Bazar iqtisadiyyatı şəraitində isə bu məsələ daha ön sıraya çıxır. Mənə belə gəlir ki, kadr hazırlığının keyfiyyət göstəriciləri şəxsin və ictimaiyyətin gözləntiləri ilə real əldə edilmiş bilik və bacarqların əmək bazarının tələblərinə uyğunluğu kimi təyin edilməsi daha məqsədəuyğundur. Əmək bazarının tələblərini isə işəgötürənlər müəyyənləşdirir. Ona görə də tədris müəssisələri ilə dövlətin, işəgötürənlərin və ali təhsil müəssisələrinin nümayəndələrindən ibarət komissiyanın ali təhsil müəssisəsinin profilinə uyğun qurulması yaxşı olardı. Bu komissiyanın əvvəlcədən müəyyən edilmiş vaxtlarda (il ərzində ən azı iki dəfə) toplaşaraq müzakirələr aparması, sürətlə yeniləşən texnologiyaların tətbiqi, informasiya mübadiləsi, kurikulumlara baxılması məsələlərinin müzakirəsi yaxşı olardı. ATİ bu məsələləri özünəməxsus şəkildə həll edir. Əvvəlcədən müəssisələrə cavablandırılacaq məsələləri göndərir və işəgötürənlərin təkliflərini öyrənir. Hər təqvim ilinin mart ayında muxtariyyat hüququndan istifadə edərək, hər bir ixtisas üçün kurikulumların müzakirəsini həyata keçirirbu müzakirələrdə cari tədris ilindən başlayaraq tədris ediləcək fənnlər və saat müəyyənləşdirilir. Fənnlərin müəyyənləşdirilməsində dünya təcrübəsindən istifadəyə diqqət yetirilir.

Təhsil strategiyasında birinci istiqamətin səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəldilməsinə, kurikulumların inkişaf etdirilməsinə istiqamətlənən məzmunun təkmilləşdirilməsinə və işəgötürənlərin kadr hazırlığı prosesinə cəlb olunmasına şəraitin yaradılması nəzərdə saxlanılır.

– Azərbaycanın ali təhsil müəssisələrində nəzəri biliklərin tədrisinə üstünlük verilir. Halbuki, dünya praktikasında nəzəri biliklərin məniməsənilməsindən çox praktik vərdişlərə, sərbəst işləməyə meyl güclüdür. ATİ-də bu yanaşma necə həll olunur?

Sirr deyil ki, sovet təhsil sistemində tədris planları dövlət tərəfindən hazırlanırdı və ali təhsil müəssisəsi onda hər hansı dəyişiklik aparmaq səlahiyyətində deyildi. Həmin təcrübənin ölkəmizin ali təhsil məkanında hələ də qalması müşahidə edilir. O dövrün tədris planlarında nəzəri  biliklərə daha çox üstünlük verilirdi, təcrübələr isə (istehsalat, tədris, tanışlıq və.s) çox cüzi olurdu. Hal-hazırda müxtəlif təhsil səviyyələri üçün yeni ixtisas təsnifatları yaradıldığından, yaradılmış ixtisasın istiqamətinə uyğun olaraq praktik yönümə daha çox üstünlük verilir. Ona görə də təbii olaraq təcrübələrə daha çox vaxtın ayrılması zərurəti yaranır.

Bu prosesə isə öyrənənlər erkən vaxtdan başlayaraq alışmalıdırlar. Qəbul prosesində abituriyentlərə geniş seçim imkanı yaradıldığından ixtisas seçimində təsadüfi hallara çox rast gəlinir. Tələbə isə təhsil müddətində “mən institutu bitirib harada işləyəcəyəm və əmək fəaliyyətinə hazırlaşmaq üçün nədən başlamalıyam” dilemması ilə üz-üzə qalır. Bütün bu kimi tərəddüdlərə elə təhsilin ilk semestrində son qoyulmalıdır. Tədris planına daxil edilmiş fənlərdən biri bu məsələnin həllinə yönəldilərək, tələbənin özünü bu istiqamətdə tanımasına şərait yaratmalıdır. Belə olduqda tələbə gələcəkdə buna keçiləcək fənlərin hansı formada tədris olunacağını necə tətbiq edəcəyi haqqında məlumatlı olur.

Amerikalı pedaqoq Filipp Şlextinin “XXI əsrdə məktəbin idarə edilməsi. Təhsilin reforma prioritetləri” əsərini hazırlayarkən biznesmenlər, işəgötürənlər, təhsil funksionerləri arasında apardığı sorğudaSiz təhsildən nə gözləyirsiniz?” sualına “Bizə fərdi şəkildə vacib olanları öyrənməyi bacaran insanlar lazımdır”– cavabını almışdır. Əgər məzun öyrənmə tərzini, kitablarla işləmək vərdişlərini, məqsədinə çatmaq üçün nəyi və necə öyrənməli olduğunu, müəllimdən ona lazım olan bilikləri necə alacağını, zəruri məlumatları axtarıb tapmaqs. digər özünü inkişaf etdirmək bacarıqlarını əldə edibsə, onda peşə səviyyəsini yüksəltmək və yenidən ixtisaslaşma üçün qarşıya qoyduğu məqsədə çatmaqda çətinlik çəkməz. Əgər təhsil müəssisəsi bunlarla yanaşı ona lazım olan səviyyədə bilikləri də veribsə, deməli hər şey yaxşıdır. Bilik kadr hazırlığında keyfiyyət təminatında aparıcı şərtlərdən hesab edilir. V.A.Lapidusun (Keyfiyyət üzrə Peşəkarlar Beynəlxalq İttifaqının sədri, akademik) təbirincə desək, bilik daşıyıcısı və meyarı insan olan yeganə dəyərdir. Biliklərin əldə edilməsi isə təhsil müəssisəsində tədris prosesinin təşkilindən aslıdır. Bilik o vaxt yararlı hesab edilir ki, o fəaliyyətdə tətbiq edilsin.

Biliklərin əldə edilməsi yollarından biri də tədris prosesində tələbələrin sərbəst öyrənmə və tədqiqat aparma bacarıqlarının formalaşdırılmasıdır. Bu formalaşdırılma isə tədris olunan fənlərdə bəzi mövzuların sərbəst öyrənilməsi və bunun üçün düzgün istiqamətin verilməsidir. Sərbəst öyrəniləcək mövzuların sillabusa daxil edilməsi, onun saatının müəyyənləşdirilməsi fənni tədris edən müəllimin diqqət mərkəzində olmalıdır. Yaxşı olar ki, sərbəst öyrənilən mövzuların müzakirələri keçirilsin və lazım olan informasiyaların axtarılması və əldə edilməsi yolları haqqında tələbələrə ətraflı məlumatlar verilsin. Sərbəst öyrəniləcək materialı müəllim iki qrupda birləşdirir. Birinci qrup müəllimin rəhbərliyi ilə həyata keçirilirsə, ikinci qrup tam müstəqil olaraq tələbələr tərəfindən reallaşdırılır. Bu yolla tələbələrə sərbəst öyrənmə vərdişləri aşılanılır.

– Cəmiyyət necə oxuyursa, elə də inkişaf edir. Necə düşünürsünüz, bu istiqamətdə həllini gözləyən problemlər hansılardır?

– Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün tədris müəssisələri öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasının Təhsil Qanununa və təhsil haqqında qəbul edilmiş digər rəsmi sənədlər əsasında həyata keçirir. Qeyd olunan sənədlərin hər birində yüksək təhsil səviyyəsinə malik peşəkar kadrların ölkənin intelektual potensialının əsası olduğu, müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edildiyi vurğulanır. Təhsilin səviyyəsinin yüksək olduğu ölkələr iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdır. Böyük səkkizlik Yaponiya, Sinqapur, Malayziya, Niderland, Filandiyas. ölkələrdə təhsilin səviyyəsinin yüksəldilməsi ilə iqtisadi inkişafa nail olunması misalları dünya praktikasında sınaqdan keçirilmiş nümunələrdir.

Problemlər var və onların həlli yolları təhsilin inkişafı haqqında dövlət sənədlərində, xüsusilə, ölkə Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapmışdır. Başlıca məsələ bu strategiyanın vaxtında  reallığa çevrilməsidir. Bunun üçün, fikrimcə, hər bir təhsil səviyyəsində idarəetmə strukturları yeni ideyalar əsasında formalaşdırılmalıdır.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2013.- 26 dekabr.- S.6.