Təhsilin
inkişafı üzrə Dövlət Strategiyası ölkəmizdə
bu sahənin inkişafına
böyük stimul verəcək
Azərbaycan müəllimlərinin XIV qurultayında bu barədə
əhatəli söz açılmışdır
Bir
çox müəllimlərin və təhsil sahəsində
fəaliyyət göstərən ekspertlərin fikrincə, Azərbaycan
xalqının 2013-cü ilin oktyabrında keçirilmiş
prezident seçkilərində
nümayiş etdirdiyi siyasi iradənin nəticələrindən
bütövlükdə ölkəmizin istənilən vətəndaşı
yüksək səviyyədə bəhrələnəcək.
Bu, gün kimi aydın bir məsələdir. Ancaq pedaqoqlar əlavə
edirlər ki, cənab İlham Əliyevin
üçüncü dəfə dövlət
başçısı seçilməsi daha çox ölkənin
təhsil sisteminin inkişafına zəmin yaradacaq. Bu arqumenti əsaslandırmaq
üçün konkret faktlara da istinad edirlər: Həmin seçkidə qalib gəlmiş
dövlət başçımızın andiçmə mərasimindən
sonra imzaladığı ilk strateji sənəd “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”, ölkəmizdə
sahə mütəxəssislərinin keçirdiyi ilk ali məclis isə müəllimlərin
XIV qurultayı olmuşdur.
Burada təsadüfi heç nə ola
bilməz. Çünki Azərbaycanı BMT Təhlükəsizlik
Şurası kimi mötəbər beynəlxalq təşkilatın
sədrliyinə qədər ucaldan, üstündə
üçrəngli bayrağımızın təsviri olan
rabitə peykimizin kosmosun ənginliklərində
dünyanın aparıcı dövlətlərinin peykləri
ilə “çiyin-çiyinə” fəaliyyət göstərməsini
təmin edən, gənc müstəqil dövlətimizi
regionun lider dövlətinə çevirən Prezident
İlham Əliyev indi qarşıya daha mühüm bir vəzifə
qoymuşdur: Neft sektorundan əldə edilən kapitalın insan kapitalına
çevrilməsi. Bu vəzifənin reallaşdırılması
üçün isə ilk növbədə ölkənin təhsil müəssisələrinin
maddi-texniki bazası daha da möhkəmləndirilməli, təhsilin
idarə edilməsi müasir dünya standartları səviyyəsinə
qaldırılmalı, informasiya - kommunikasiya
texnologiyalarından yetərincə istifadə
olunmalıdır. Ekspertlərin fikrincə, dövlət
başçımızın bu il
oktyabrın 24-də imzaladığı yeni Dövlət
Strategiyası da məhz həmin məqsədlərə xidmət
edəcək.
Bu strategiya beş
mühüm istiqaməti əhatə edir. Təbii ki, həmin
istiqamətlərin hər birində bir neçə daxili
istiqamətlər də vardır. Əsas istiqamətlər səriştəyə əsaslanan
şəxsiyyətyönlü
təhsil məzmununun yaradılmasından, insan
resurslarının müasirləşdirilməsindən, şəffaf
və səmərəli idarəetmə mexanizminin
formalaşdırılmasından, müasir tələblərə
uyğun təhsil infrastrukturunun
hazırlanmasından və bu sistemin müasir maliyyələşdirilmə
modelinin qurulmasından ibarətdir.
Təbii ki, bu dövlət sənədinin məqsədi,
strateji istiqamətləri, strateji hədəfləri, həmin hədəflərə nail olmaq
üçün nəzərdə tutulan tədbirlər,
strategiyanın ümumilikdə həyata keçirilməsi
yolları artıq bu sahənin mütəxəssisləri
tərəfindən öyrənilib və əməli fəaliyyətə
başlanılıb.
Müəllimlərin XIV qurultayında geniş hesabat məruzəsi
ilə çıxış edən təhsil naziri Mikayıl
Cabbarov qeyd etmişdir ki, Təhsil Nazirliyi Dövlət Strategiyasının
icrası istiqamətində bütün maraqlı tərəflərlə,
hədəf qrupları ilə faydalı əməkdaşlıq
əlaqələri yaratmaq niyyətindədir. Nazir qeyd etmişdir ki, strategiyada nəzərdə
tutulan hədəflərə nail olunması prosesində birgə
iş aparılmalı və problemlərin həlli yolları
birgə araşdırılmalıdır. Bu zaman bir məqamı yada salmaq zərurəti
var. Belə ki, Azərbaycan təhsilinin ən böyük
himayədarı olmuş ulu öndər Heydər Əliyev
xatırladırdı: cəmiyyət həyatının
bütün sahələrinin problemləri
ayrı-ayrılıqda sahə mütəxəssislərinin
problemi olsa da, təhsillə bağlı problemlər
bütövlükdə cəmiyyətin problemləridir və
onların həllində bizim hamımız yaxından
iştirak etməliyik. Yəni, təhsil nazirinin
bu sahədəki problemlərin həlli yollarını cəmiyyətin
müxtəlif sahələrini əhatə edən qurumlarla
birgə həll etmək çağırışı da,
yeni strategiyanın həyata keçirilməsi prosesində
müxtəlif qurumlarla əməkdaşlığa önəm
verməsi də təhsilə Heydər Əliyev münasibətinin
yaşadılmasıdır.
Qurultayda
geridə qalan illərdəki fəaliyyət barədə
hesabat verilməsi ilə yanaşı bugünkü təhsil
sistemimiz üçün nisbətən
yeni olan bir sıra məsələlərdən də
danışıldı. Məsələn, təhsilin
bütün pillələri üzrə kurrikulumların
yaradılması, 12 illik ümumi təhsilə keçid, ali
məktəblərdə “SABAH” qruplarının (savadlı,
bacarıqlı və hazırlıqlı tələbələr)
yaradılması, ali məktəblərdə tələbə
kontingentinin ən azı 10-15 min nəfərə
çatdırılması zərurəti, universitetlərdə
müəllimlərin həftəlik dərs yükünün
12 saatdan 18 saata qaldırılmasının vacibliyi, sonuncu dərs
ilində 8846 uşağın vaxtından əvvəl birinci
sinfə qəbul edilməsi faktı, son dərs ilində əvvəlki
illərlə müqayisədə sayca ən çox - 787 nəfər
azərbaycanlı gəncin aparıcı xarici ölkələrin
ali məktəblərində təhsil almaq hüququ
qazanması və bir çox bu kimi məsələlər
xüsusi olaraq vurğulanmışdır. Ancaq həm nazirin, həm də digər
natiqlərin nitq və çıxışlarında daha
qabarıq şəkildə səsləndirilən fikir bu olmuşdur ki, son illər Heydər Əliyev siyasi kursu Azərbaycan təhsilinin möhtəşəm
inkişafını təmin etmişdir. Məhz həmin
arqumentə əsaslanaraq ulu öndərin siyasi kursunun milli təhsilimizə
verdiyi töhfələrin qısa tarixini növbəti dəfə
yada salmaq istəyirik.
Təbii ki, son on ildə respublikamızda ən iti
sürətlə inkişaf edən və beynəlxalq aləmə
inteqrasiyası təmin olunan sahələrdən biri də təhsil
sektorudur. Cənab
Prezidentin andiçmə mərasimindəki nitqində qeyd
edilir ki, son on ildə ölkəmizdə 2700 məktəb
binası tikilib. Yəni ölkəmizin hər bir gəncinin
cəmiyyət
üçün gərəkli olan normal vətəndaş
kimi yetişdirilməsi üçün daha vacib olan
ünvanlar məhz orta məktəblərdir. Bu gün artıq
heç kəsə sirr deyil ki, Azərbaycanın orta məktəbləri
maddi-texniki bazanın müasirləşdirilməsi
baxımından Müstəqil Dövlətlər Birliyinə
üzv olan ölkələrin əksəriyyəti
üçün əlçatmazdır. Qeyd etdiyimiz kimi bu, ulu öndər
Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticələridir.
Həmin uzaqgörənliyi bəzi konkret
faktlarla yada salaq.
Ümummilli liderimizin respublikaya ilk dəfə
rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəmizdə
414 məktəbəqədər tərbiyə müəssisəsi,
792 ümumtəhsil məktəbi, 132 texniki peşə məktəbi
tikilib istifadəyə verilmişdi. Nəzərə alaq
ki, həmin illər bütün bu işlərin görülməsi
üçün Moskvanın razılığı və
SSRİ büdcəsindən vəsait ayrılması lazım
idi. Heydər Əliyev bütün
bunları özünün şəxsi nüfuzu hesabına
reallaşdıra bilirdi. Bundan başqa, ulu öndər ölkə
iqtisadiyyatında və cəmiyyət həyatında daha
böyük ehtiyac olan ali təhsilli kadrların yetişdirilməsi
məsələsini daim diqqət mərkəzində
saxlayır və həmin sahədə çox böyük
nailiyyətlərə imza atırdı. 1970-80-ci illərdə
respublikanın ali məktəblərində
100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültə
açılmışdı. O
dövrdə ölkənin ali məktəblərində
100-ə qədər yeni ixtisas üzrə ali təhsilli
mütəxəssislərin hazırlanmasına
başlanmışdı. Həmin illərdə 6 yeni ali məktəb
yaradılmışdı. Bunlar Azərbaycan Dövlət
Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu (
1973-cü il) , Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu
(1973-cü il) , Stepanakert Dövlət Pedaqoji İnstitutu
(1973-cü il), Azərbaycan İnşaat Mühəndisləri
İnstitutu (1975-ci il) , Azərbaycan Texnologiya İnstitutu (Gəncə,
1981-ci il) və Naxçıvan Dövlət Pedaqoji
İnstitutu (1982-ci il) idi. Bundan başqa, həmin
illərdə ölkəmizdə 12 yeni texnikum
yaradılmışdı ki, bu da orta ixtisas məktəbində
təhsil almaq istəyənlərin arzusunun gerçəkləşməsinə
əsl yardım idi.
İndi yuxarıda qeyd etdiyimiz paralellərdən birini
tapmaq üçün
başqa bir məqama xüsusi diqqət yetirək. Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsi sədrinin bu il oktyabrın 3-də ölkənin
rəsmi mətbuatında yayılmış “Azərbaycan:
sosial -iqtisadi inkişafın dünya lideri” adlı geniş hesabatında oxuyuruq:
“ Ölkədə gənclərin ali və orta ixtisas təhsilə
kifayət qədər yiyələnməsinə imkan verən
dövlət və qeyri-dövlət təhsil müəssisələrinin
çoxşaxəli şəbəkəsi
yaradılmışdır. 2012-2013-cü tədris ilinin əvvəlinə
Azərbaycanın təhsil sistemində 52 ali
və 59 orta ixtisas təhsili müəssisəsi fəaliyyət
göstərmişdir. Onlarda müvafiq olaraq 145,6 min tələbə ali
ixtisas və 56 min tələbə orta ixtisas təhsili
alır. Son 10 ildə ali təhsil müəssisələrinin
kontingenti 21,3 faiz artmışdır.
Dövlət büdcəsindən təhsilin
inkişafına ayrılan vəsait ilbəil artır. 2003-cü ildə
bu sahəyə 234,8 milyon manat
ayrılmışdısa, 2012-ci ildə onun həcmi 1 milyard
453,2 milyon manata çatmışdır. Təhsil
xərclərinə büdcədən ayrılan vəsaitin nəzərəçarpacaq
dərəcədə artması ölkə
başçısının təhsili dövlət siyasətinin
əsas prioritetlərinin biri hesab etməsi ilə birbaşa
bağlıdır. 2003-2013-cü illərdə Azərbaycanda
7 yeni ali məktəb yaradılıb (Xarici İşlər
Nazirliyinin Diplomatik Akademiyası, Azərbaycan Turizm
İnstitutu, Dövlət Sərhəd Xidmətinin
Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialı, Fövqəladə Hallar
Nazirliyinin Akademiyası, Ali Neft Məktəbi, İnformasiya
Texnologiyaları Universiteti)”.
Yəqin diqqətli oxucu bilir ki, rəsmi
statistikanın bu hissəsini rəsmi qəzetlərdə
olduğu kimi verməyimiz səbəbsiz deyil. Məqsədimiz
o idi ki, yuxarıda ulu öndər barədə söz
açarkən qeyd etdiyimiz “1970-80-ci illərdə ölkədə
6 yeni ali məktəb açılmışdı” cümləsini
yada salaq və cənab İlham Əliyevin ölkəmizə
rəhbərlik etdiyi 2003-
2013-cü illərdə təhsil sektoruna göstərdiyi
qayğının miqyası ilə həmin illərdəki
göstəricilərin bir-birini necə
tamamladığını xatırladaq.
İndi isə başqa bir paralel
axtarmağa cəhd edək. Yeni Azərbaycan
Partiyasının yaranmasının 10 illiyi münasibətiylə
hazırlanmış “Azərbaycanın dünəni, bu
günü və gələcəyi” adlı kitabda (Bakı, 2002-ci il) ulu öndər
Heydər Əliyevin ölkəmizə ikinci dəfə rəhbərlik
etdiyi illərdə təhsil sektorunun inkişafına göstərdiyi
qayğı və diqqətdən söz açılan məqalədə
deyilir: “Ötən illərdə istedadlı uşaq və gənclərin
maddi və mənəvi həvəsləndirilməsi məqsədilə
onlar üçün “Qızıl kitab”ın təsis edilməsi,
Prezident təqaüdlərinin təyin olunması, təkcə
1995-2001-ci illərdə müəllimlərin
maaşlarının 9 dəfə artırılması, 1998-ci
ildə Azərbaycan müəllimlərinin XI
qurultayının keçirilməsi, 6 aparıcı ali məktəbə ( Bakı Dövlət Universiteti, Azərbaycan
Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti,
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası,
Naxçıvan Dövlət Universiteti və Azərbaycan
Dövlət İqtisad Universiteti)
maliyyə müstəqilliyi verilməsi, 2 yeni ali məktəb
yaradılması (Milli Konservatoriya və Rəssamlıq
Akademiyası) , 7 ali məktəbə universitet statusu verilməsi,
5 ali məktəbin yubileyinin keçirilməsi, 300 nəfərdən
artıq təhsil işçisinin fəxri adlarla, orden -
medallarla təltif olunması, ali məktəblərə
yüksək balla qəbul edilmiş tələbələrə
Prezident təqaüdünün verilməsi, ümumtəhsil məktəblərinin
maddi-texniki bazasının möhkəmləndirilməsi ilə
əlaqədar xüsusi Prezident sərəncamının
imzalanması və başqa bu kimi tədbirlər YAP sədri,
dövlət başçımız Heydər Əliyevin təhsilə,
təhsil alanlara və təhsil işçilərinə
böyük qayğı və diqqətinin parlaq təzahürüdür".
İndi isə bugünkü rəqəmlərdən
bir neçəsinə diqqət yönəldək. Neft
kapitalının insan kapitalına çevrilməsini əsas
məqsəd kimi ortaya qoyan möhtərəm dövlət
başçımızın xüsusi qayğısı nəticəsində
indi Azərbaycanın orta məktəblərində təxminən
hər 18
şagirdə bir kompyuter düşür.
Xatırladaq ki, 2003-cü ildə orta məktəblərimizdə təxminən 1100 şagirdə bir kompyuter
düşürdü. Kompyuteri
olan məktəblərin (onlar ölkə məktəblərinin
83 faizini təşkil edir) 50 faizinin internetə
çıxışı vardır.
Sonuncu tədris ilində 2270 azərbaycanlı
gənc dövlət xətti ilə xarici ölkələrin
aparıcı universitetlərində təhsil
almışdır. Son illərdə Azərbaycanın
ali təhsil sisteminə xarici ölkələrdə də
inam artmış və bu ölkələrin vətəndaşları ali təhsil
müəssisələrimizə daha çox etibar etməyə
başlamışlar. Əgər 2003-2004-cü tədris ilində
respublikamızın ali təhsil müəssisələrində
29 ölkədən 1984 əcnəbi tələbə təhsil
alırdısa, bu göstərici 2012-2013-cü tədris ilində
46 ölkəni əhatə etməklə 3926 nəfərə
çatmışdır.
Bir sözlə, bu gün milli təhsilimizin
inkişafında yeni mərhələ
başlanmışdır.
Yuxarıda qeyd etdiyimiz kimi Prezident İlham Əliyevin oktyabrın
24-də imzaladığı “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası” bu yeni mərhələnin
əsas stimulverici amilidir. Adıçəkilən sənədin
priambulasında deyilir: “ Azərbaycan
Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq
şəxsə hərtərəfli bilik və
bacarıqların verilməsi məqsədi ilə təhsil
sisteminin institusional əsasları, infrastrukturu və insan
resursları inkişaf etdirilməlidir. Təhsilin
inkişafı ölkədə əhalinin rifahının
yaxşılaşması, həmçinin fərdin həyatının
daha yüksək səviyyədə qurulması
üçün zəmin yaradır. Təhsil
insanlara texnologiyaları çevik mənimsəmək, əmək
bazarında layiqli yer tutmaq və ömür boyu təhsil
prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf
mühitə münasibətdə düzgün mövqe
seçmək imkanı verir”.
Yazının əvvəlində qeyd
etdiyimiz kimi dövlət başçımız ölkədə
əldə edilən neft kapitalını insan kapitalına
çevirməyi strateji hədəf kimi qarşıya qoyub. Prezident
İlham Əliyev bu məqsədlə
qısa zamanda Azərbaycanın Avropa ali təhsil məkanına
inteqrasiyasını təhsil siyasətinin prioritetlərindən
birinə çevirdi. Azərbaycan 2005-ci ildə rəsmən
“Avropa ali təhsil məkanına”- Boloniya prosesinə
qoşuldu. Boloniya Bəyannaməsinə qoşulmaqla ölkəmizdə
1993-cü ildən həyata keçirilən ikipilləli ali təhsil
sisteminin inkişaf etdirilməsi, bazar iqtisadiyyatının tələblərinə
uyğun olaraq ali təhsil istiqamətlərinin yeni
siyahısının hazırlanması, istiqamətlər
üzrə dövlət təhsil standartlarının
hazırlanması istiqamətində mühüm işlər
görülmüşdür. Həyata keçirilən
Dövlət Proqramı və eləcə də digər təhsil
formaları üzrə demək olar ki, Avropa ölkələrinin
əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə,
Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrdə
minlərlə Azərbaycan vətəndaşı təhsil
alır ki, bu da ulu öndər
Heydər Əliyevin ən böyük arzularından biri idi.
Bir sözlə, cənab Prezident İlham Əliyevin
böyük prinsipiallıq və ardıcıllıqla həyata
keçirdiyi Heydər Əliyev siyasi kursu bu gün Azərbaycanı dünyanın ən nüfuzlu,
regionun isə lider ölkəsinə çevirmişdir. Əlbəttə, bütün
bunlar ölkədə həyata keçirilən köklü islahatlar nəticəsində
mümkün olmuşdur. Təbii
ki, bütün islahatların önündə təhsil
islahatları gedirsə, o zaman istənilən nailiyyətə
imza atmaq mümkündür. Necə ki, Azərbaycan dövri
olaraq bu imzaları atır. Azərbaycan müəllimlərinin
XIV qurultayında təhsil naziri Mikayıl Cabbarovun dediyi kimi:
“Azərbaycanda təhsil dövlət siyasətinin əsas
prioritetinə çevrilir”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2013.- 26 dekabr.- S.5.