Sosial-iqtisadi inkişafın 20 ili:
dəyişməyən
strateji xətt
Bütün imkanlarını işə salaraq, qan bahasına olsa belə Azərbaycanı dəyişməyə çağıran radikal müxalifət hələ də anlamır ki, xalqın, ölkəni dəyişmək lazım gəlməsini dərk etdiyi zaman çoxdan geridə qalmışdır. Azərbaycan artıq sosial-iqtisadi, ictimai-siyasi inkişafın hansı strategiyasını seçəcəyi haqqında düşünmür. Çünki ölkə bu mərhələni 20 il əvvəl keçmiş və tarixə qovuşan bu zaman çərçivəsində gerçəkləşdirdiyi strateji sosial-iqtisadi inkişaf siyasəti ilə artıq dünyanın ən qabaqcıl ölkələri sırasına qoşulmuşdur.
Möhkəm dövlətçilikdən iqtisadi inkişafa
Doğrudur, 20 il əvvəl biz dünyanın imperiya boyunduruğundan azad olmuş, lakin regionda mövqelərini itirmək istəməyən
qüvvələrin arxa
çıxdığı Ermənistanın təcavüzkar
siyasəti nəticəsində torpaqlarının xeyli hissəsini itirmiş,
iqtisadiyyatı, infrastrukturu
dağılmış və bəlkə də bütün
parametrlərlə normal ölkələrdən
geridə qalmış, əhalisi sosial
qayğılardan məhrum olmuş,
müstəqil dövlətçiliyi hər an
itirmək təhlükəsi ilə üzləşən xərabə
bir məmləkət idik.
Nəinki Avropanın qabaqcıl ölkələrindən, hətta
Asiya ölkələrindən geridə, çox uzaq bir məsafədə idik.
Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə biz anlamağa başladıq ki,
bu uzun məsafəni öz gücümüzlə dəf etməliyik.
Elə bir dövlət qurmalıyıq ki, burada iqtisadiyyat
planlaşmanın sərt səfərbərlik qanunlarına deyil, daim artan
innovasiyalara tabe olsun. Bu məsafənin
dəf olunması üçün həm
də böyük siyasi
iradə - ölkəni inkişaf etdirmək,
burada dövlətin funksiyalarını
keyfiyyətcə dəyişmək qətiyyəti lazım gəlirdi
ki, bu iradə və qətiyyəti
də Heydər Əliyevin həyata keçirdiyi
strategiyanın bütün
istiqamətlərində aydın gördük.
Bu strateji siyasətin
özəyində azad iqtisadi
inkişaf, sosial-mədəni tərəqqi,
xalqın rifahının yüksəlməsi, ölkənin ümumi inkişafı dururdu.
Bu strategiya tarix üçün çox qısa bir zamanda Azərbaycanın iqtisadi
-siyasi simasını ağıla gəlməyən
dərəcədə dəyişdi, xaos
və anarxiyadan iflic olmuş dövlətçiliyi hərəkətə
gətirdi və ölkənin donmuş orqanizminin həyat fəaliyyətini
özünə qaytardı. Azərbaycanın XX əsr
müstəqillik tarixinin az
qala qorxunc ənənəsinə
çevrilə biləcək, hakimiyyətin zorla
ələ keçirilməsi və ya
dövlət çevrilişləri xronikasına son verildi.
Başlıcası isə o idi ki, xalq
dövlət müstəqilliyinin əbədiləşməsinin
və möhkəm dövlətçiliyin onun
varlığında müstəsna rol
oynadığının zəruriliyini dərk etmişdi.
Zaman isə xalqın bu
seçimdə yanılmadığını hər
addımda təsdiqlədi və bu yol ona qarant
olan dövlətin strateji
inkişaf xəttinə çevrildi.
O zamandan bəri bütün
müxalifətçilik mövqeyi
“dövlət” anlayışı altında olan
vacib bir təsisatın
məqsəd və prioritetləri ətrafındadırsa, gəlin
Azərbaycan dövlətinin hansı real
məram və məqsədləri hədəf seçərək
fəaliyyət göstərdiyinə
nəzər salaq. Siyasətin
missiyası, hakimiyyətin vəzifəsi- əgər bu vəzifə “kef
içində yaşamaq” və hakimiyyətin
özü, hər hansı hakimiyyətpərəstliyi
təmin etmək deyilsə,- bu, dövlətin
qorunması və cəmiyyətin maraqlarının təmin
olunmasıdır. Bu missiya, bu vəzifə
həm də əxlaqi bir məsələdir.
Əgər 20 il əvvəl hakimiyyətin
prioriteti müstəqil dövlətçiliyi
möhkəmləndirmək, respublikanın ərazi bütövlüyünü qorumaq
üçün güclü
Milli Ordu
formalaşdırmaq, ölkənin
modernləşdirilməsi, sosial-iqtisadi
müstəvini cəmiyyətin müasir
inkişafı üçün təmizləmək
idisə, onda dövlətin vəzifələri
və bu vəzifələrin əxlaqa nə
dərəcədə uyğun gəldiyi
kifayət qədər dəqiq və aydındır.
Dövlət
bu vəzifələri həyata
keçirmək üçün etatizmin bütün
növlərini dəf edərək şəxsi mülkiyyətin
toxunulmazlığını təmin etməli, hakimiyyətin
və mülkiyyətin bölgüsünü
həyata keçirməli, vahid mülkiyyətçilikdən,
ölkədə iqtisadi münasibətlərin subyekti
olmaqdan imtina etməli idi. Dövlət
inflyasiya ilə mübarizə və şəxsi
investisiyaların, o cümlədən xarici investisiyaların
stimullaşdırılması sahəsində fəal siyasət
aparmalı, ciddi antimonopoliya
siyasəti həyata keçirməli idi.
Dövlət ekologoya, səhiyyə, təhsil,
elmin inkişafı, mədəniyyətlə
bağlı qayğıları, kasıblar və əmək
qabiliyyəti olmayanların qayğılarını üzərinə
götürməli idi.
Eyni zamanda, dövlət
vergilər sahəsində öz
iştahını məhdudlaşdırmalı və məmurların
sahibkarlara qarşı “reket”çiliyini aradan
qaldırmalı idi. Bu
ciddi bir dövlətçilik
yanaşması idi ki,
nə indi müxalifətdə olan cəbhə hakimiyyəti, nə də ona qədər dövlət sükanı əlində
olan hakimiyyət
bu istiqamətdə heç
bir fəallıq nümayiş
etdirmədi. Gənc müstəqil ölkəyə səmərəli,
qətiyyətli və həm də bahalı yox,
ölkənin imkanları daxilində olan
dövlət mexanizmi lazım idi ki, XXI əsrin
astanasında cəmiyyətin dinamik
inkişafını təmin edə bilsin.
Məhz bu məqamda dünyanın inkişaf axarından geri qalmaq yenicə müstəqilliyə qovuşmuş bir ölkə
üçün sonralar
çox böyük
problemlər yarada bilərdi.
Bütövlükdə
cəmiyyətin maraqlarının nəzərə
alınması əsas götürülərsə, ən
yaxşı hakimiyyət fəaliyyətini ayrı-ayrı
şəxslərin maraqlarından yuxarıda olan
şəraitdə qurur. Heydər
Əliyev məhz belə bir dövlət
rəhbəri idi və hakimiyyətə gələndən
dərhal sonra özünün
idarəçilik metodları ilə komandasında olan və olmayan,
müxalifətdə olub hakimiyyət uğrunda “ölüm-dirim
savaşına” qoşulan bütün
qüvvələrə tam aydın bir mesaj verdi:
Dövlət bürokratiyanın, özünü
siyasi müxalifət elan
etmiş heç bir siyasi qüvvənin
şəxsi mülkiyyəti deyil. Dövlət
xalq üçündür
və xalqa xidmət etməlidir. Artıq bunun özü yüksək
dövlətçilik əxlaqının ali
nümunəsi idi.
Belə yanaşma təbii ki, müvafiq ideologiyanı nəzərdə tuturdu: dövlətin dünyəviləşdirilməsi,
özünəməxsus “dövlətininkiləşdirmə”dən
imtina etmək, dövlətə tam rasional “Qərb”
münasibəti. Heydər Əliyev hakimiyyətinin
on illik bir mərhələsində xalqa
xidmət edəcək dövlətin demokratik
dəyərlərə və qanunlara
söykənən bütün təsisatları
yaradıldı və bölgüsü
aparılmış hakimiyyətin səlahiyyət çərçivələri
müəyyənləşdirildi, bu,
hakimiyyətin əsas vəzifələrinin-vətəndaş
hüquq və azadlıqlarının, fikir və söz
azadlığının, şəxsi mülkiyyətin
qorunmasının təmin olunması və sair
bu kimi məsələlər
olduğu Əsas Qanunla
möhkəmləndirildi.
İqtisadiyyat tam yeni,
dünyada özünü
doğrultmuş bir
müstəviyə keçirilərək ən yaxın dövr üçün strateji vəzifələr müəyyənləşdirildi.
Əzəli sahibkarlıq mexanizmi 70 illik fasilədən sonra yeni keyfiyyətdə sürət götürməyə
başladı. Desək ki, hər şey rahat və nizamlı, cəmiyyətin və
bürokratiyanın təpkisi olmadan keçdi, bu, qətiyyən
doğru olmazdı. Əngəllər, daxili və xarici təziyqlər,
bəzi məqamlarda yanlışlıqlar belə oldu. Bütün postsovet məkanında olduğu
kimi, həmişə ac
olan bəzi dövlət məmurlarının
maraqlarına xidmətə cəhdlər də oldu.
Siyasət ustası
yaxşı bilirdi ki,
şəxsi mülkiyyətçilik sistemi
yenicə formalaşmağa
başlamış və onun dövlətdən
ayrı, tam özəl mülkiyyət sistemi kimi
formalaşmasına yardım etmək Azərbaycan
bürokratiyasının marağında deyil.
Bürokratiyanın əsas məqsədi əvvəlki
hakimiyyət zamanından tez-tələsik həyata
keçirilən islahatları və yarımçıq
qalmış mülkiyyət münasibətləri sistemini mühafizə edib
konservləşdirmək idi. Çünki bu münasibətlərdəki
qeyri-müəyyənlik “heç kimin” olan mülkiyyətə
görə məsuliyyət daşımamağa və onu şəxsi mülkiyyəti kimi idarə edib gəlirlərindən yararlanmağa nomenklaturaya
kömək edirdi.
Lakin Heydər Əliyevin nəzər-diqqətindən
heç nə yayınmadı və onun bələdlədiyi orientirlərə gedən
yolda nə maneə vardısa onlar çox ustalıqla aradan qaldırıldı.
“Bizim öz yolumuz olmalıdır...”
Çox da uzaq
olmayan tarixdən bizə məlumdur ki, İkinci Dünya müharibəsindən sonra kapitalizmin dərin
böhranı burjua cəmiyyətində köklü islahatları
aparılmasını, onun evolyusiyasına
sosial istiqamət vermək və dövlətin tənzimləyici
funksiyalarını gücləndirmək məsələsini
gündəliyə çıxardı. Dövlətin mühüm funksiyalarından biri
şəxsi və ictimai maraqların, əməyin
və kapitalın maraqlarının harmoniyasını təmin
etmək və iqtisadi siyasəti, cəmiyyətin
bu və ya digər təbəqələrinin
tamahkar məqsədlərinə tabe olmasına yol verməməkdir.
Ona
görə də postsovet ölkəsi olan Azərbaycanda həyata keçiriləcək
dəyişikliklərin strateji orientirlərini
müəyyən edərkən bunları nəzərdən
qaçırmaq olmazdı. Burada dünya iqtisadiyyatının gələcəyinə
yönələn orientirlər axtarıb tapmaq,
islahatı tam yeni
keyfiyyətdə həyata keçirmək lazım idi.
Təbii ki, Qərb cəmiyyətinin özü
heç bu gün də ideal deyil. Bu cəmiyyətin bizim problemlərimizi
canıyananlıqla həll etmək istəyi ilə
alışıb yandığını düşünməyimiz
tam sadəlöhvlükdür, çünki onun öz problemləri kifayət qədərdir.
Əksinə, bu gün
Qərbin öz problemlərinin həllində
bizə bir vasitə kimi
baxdığı zəmanəmizin gerçək bir faktına çevrilib.
Burada Maltus dönəmindən sonra
ilk dəfə olaraq əhalinin
çoxluğu acı bir
reallıq kimi bir tərəfdən,
miqrasiya axınının, ekoloji vəziyyətin, hazırda isə
iqtisadiyyatın böhran
həddində olması digər tərəfdən demokratik Qərbin səbrini tarıma çəkməkdə
davam edir. Gen ayağa yaşamağa adət etmiş
avropalı indiki problemlərə nəinki
dözmür, əksinə, meydanlara çıxıb bir-birinin
ardınca hökümətlərin istefasında söz sahibi olduğunu açıq nümayiş
etdirir.
Əslində,
neçə on illiklərdən sonra bütün bunlar kapitalizmin də ideal bir sistem
olmadığı qənaətini meydana
çıxardı. Bu sistemin
bir bədbəxtliyi ondadır ki, ona daim
artan templə inkişaf
etmək lazım gəlir. Yəni formasiyanın sabitliyi o zaman
mümkündür ki,
iqtisadiyyat sürətlə inkişaf etsin və
insanların gündən-günə artan
tələbatı durmadan təmin olunsun. Amma, indiki həyat göstərir ki,
bu, heç də həmişə
mümkün olan iş deyil.
Belə
gərgin iqtisadi problemlər yaşayan Avropanın bizim
problemlərə ikili standartlardan
yanaşmasını da hesabdan
silmək olmaz. İstəsək də,
istəməsək də Avropanın tez-tez
toxunduğu tolerantlıq kələfinin
içində dolaşıq düyünlər var və bu düyünlər
onların xarici siyasətdə Azərbaycana səmimi
yanaşmasına imkan vermir.
Bu belə
olmasa, xristian
dünyasının şər və şeytan
yuvası olan Ermənistanın XXI əsrdə
müsəlman Azərbaycanının torpaqlarının 20 faizini işğal
altında saxlaması və dünyanın gözü
qarşısında 1 milyondan artıq
qaçqının hüquqlarının kobud
surətdə pozulması mümkün
olardımı?! Sualımın daha
gerçək cavabı üçün dünyanın müharibə,
terror və savaş
meydanına çevrilmiş ölkələrinə
nəzər salmaq kifayətdir.
Sivilizasiyanın
bu, gerçək eybəcər mənzərəsinə
diqqətlə nəzər salandan sonra belə qəti qənaətə gəlirsən
ki, əgər öz
problemlərimizi, mübahisələrimizi özümüz
həll etməsək, beynəlxalq hüquq
normalarının kobud şəkildə pozularaq torpaqlarımızın işğalından zərrə qədər
də narahat olmayıb 20 il
bu mənzərəni səbrlə seyr edən Qərb Azərbaycanın daxili çəkişmələrə meydan olmasına da əsla
narahat olmayacaq.
Bir ictimai quruluşdan
digərinə keçid edən Azərbaycan
özünün
inkişafı üçün
strategiyanın hazırlanmasında ya bir çox düzəlişlər
etməklə Qərbin artıq sınaqdan
çıxmış təcrübəsini seçməli idi, ya da
ölkənin özünün tarixi təcrübəsinin xüsusiyyətlərini və müasir kapitalizmi böran vəziyyətindən çıxaran yolları və
vasitələrı (bunlar da
hələ ki, axıra qədər
aydınlaşmamışdır) nəzərə almaqla öz yolunu tapmalı idi. Təbii
ki, ikinci yol riskli idi,
ancaq uğurla
reallaşdırılacağı təqdirdə sosial-iqtisadi inkişafda strateji sıçrayış vəd edirdi. Heydər
Əliyev riskli olsa da ikinci yolu
seçdi, Azərbaycanın özünəməxsus
yolunu. Yuxarıda qeyd etdiyim kimi, Heydər
Əliyev 10 illik hakimiyyəti
dövründə 200 ildən artıq həll
olunmasını gözləyən bir çox problemləri yoluna
qoydu:
a) Müstəqil dövlətçiliyin əsasını
qoyub onu möhkəmləndirdi;
b) XX əsrin mühüm
problemi olan hüquqi dövləti formalaşdırdı;
q) sosial və sənaye
feodalizminin qalıqlarını aradan qaldırdı, iqtisadiyyatı kəskin
şəkildə dövlət monopoliyasından çıxartdı;
d)
bu gün ölkə
iqtisadiyyatının əsas hərəkətverici mexanizminə
çevrilən sahibkarlığın əsasını qoydu, cəmiyyətin və dövlətin
şəxsi mülkiyyətin legitimliyi
ideyasını dərk etməsinə nail
oldu və sahibkarlığı müasir inkişaf yoluna yönəltdi;
j)ölkəni separatizmdən qurtarıb xilas yoluna aparan Azərbaycançılıq
ideologiyasını vahid milli
ideologiyaya çevirdi
və s. və i.
Heydər Əliyevin böyüklüyü və dövlətçilik
fəlsəfəsinin əzəməti onda
idi ki, bütün
bunları ardıcıllıqla deyil, eyni zaman çərçivəsində
paralel şəkildə gerçəkləşdirirdi.
O başa düşürdü
ki, zaman bu problemlərin ardıcıllıqla həllinə
yer qoymur və dünya, tarix bizi gözləyən deyil.
Bu məsələlər üfüqi
müstəvidə bir-biri ilə eynilik təşkil edirdi; investisiya mənbələrindən (xarici və daxili) tutmuş ümumi sosial-siyasi strategiyaya və
ideologiyaya qədər.
Azərbaycanın
insan resursları, təbii sərvətləri və
xüsusilə karbohidrogen ehtiyatları XXI
əsrin sivilizasiyasında öz yerini tutmaq üçün
ona bütün
imkanları vermişdi və ölkənin
10 illik bir zaman kəsiyində həm siyasi,
həm iqtisadi, həm də mədəni
cəhətdən böyük bir
sıçrayışla beynəlxalq siyasətin tamhüquqlu üzvünə çevirilməsi
bunlardan ləngimədən
yararlanmağın məntiqi nəticəsi
idi.
Unutmaq olmaz ki, Azərbaycanın
bugünkü uğurlarında
sadaladığımız bu resurslar müstəsna rol
oynadı. Amma bu resurslardan ölkənin və xalqın mənafeynə
necə istifadə etmək də son dərəcə
mühüm əhəmiyyət
daşıyan məsələlərdən idi. Amerikanın 26-cı prezidenti,
Nobel mükafatı laureatı Teodor Ruzveltin belə bir fikri var:
“Bizi böyük millət
edən bizim zənginliyimiz yox, onlardan necə istifadə
etməyimizdir.”
Azərbaycan da özünün dahi lideri Heydər
Əliyevin dərin zəkası və qətiyyəti sayəsində
karbohidrogen ehtiyatlarından yetərincə
səmərəli istifadə etməyi bacardı.
Böyük karbohidrogen
ehtiyatlarına və təbii sərvətlərə malik Azərbaycan 20 il əvvəl
Heydər Əliyev başda olmaqla elə bir hakimiyyəti
seçdi ki, o hakimiyyət bütün
çətinlikləri dəf edərək, zəngin təbii
ehtiyatları və resursları, nəinki bu
xalqın rifahına xidmət
edəcək bir istiqamətə yönəltdi,
həm də regionda və dünyada
söz sahibi olan möhkəm bir
dövlət qurdu.
Neft ölkəsi kimi isə Azərbaycanın
bu sahədəki gəlirləri
iqtisadiyyatımıza birbaşa təsir
edən və təkcə bu sahədə
deyil bütün sahələrə
yeni həyat verən mənbəyə, ədəbi
dillə ifadə etsək “dirilik suyuna” çevrildi. Statistika göstərir
ki, təkcə müstəqilliyin ilk ilindən sonrakı 20 il
ərzində, yəni 2010-cu ilə qədər ölkədə
qaz kondensatı da daxil olmaqla 413 milyon ton xam
neft, 191,6 milyard kubmetr qaz hasil
edilmişdir. Məhz bunun
nəticəsidir ki, bu
illər ərzində ölkə iqtisadiyyatının
inkişafına bütün maliyyə mənbələrindən
83,4 milyard manat (100 milyard ABŞ dollar) investisiya yönəldilmişdir.
Şübhəsiz,
iqtisadiyyatın bu sürətlə
artmasının başlıca səbəblərindən biri də “Əsrin müqaviləsi”
imzalandıqdan sonra ölkəyə axan xarici investisiyalar
olmuşdur. Statistik məlumatlara diqqət yetirsək görərik ki, 1994-cü ildən 2010-cu ilə kimi iqtisadiyyatımızın inkişafına
54,4 milyard dollar məbləğində
xarici investisiya cəlb
edilmişdir. İnvestisiyaların 68,8 faizi iqtisadiyyata birbaşa investisiya şəklində
yönəldilmiş, eyni zamanda
33,1 milyard dollar və
ya 60,9 faizi isə neft sənayesinin inkişafına sərf
edilmişdir.
(ardı var)
Arzuman MURADLI,
politoloq, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 26 dekabr.- S.3.