Sosial-iqtisadi inkişafın 20 ili:
dəyişməyən
strateji xətt
(əvvəli 26 dekabr 2013-cü il tarixli sayımızda)
Yeni əsrə yeni liderlə
Siyasət
açıq bir müstəvidir- insanlar arasında olan və
onları bir-birinə münasibətdə
qarşı-qarşıya çıxaran müstəvi. Bu- fərdlərin çıxış etdiyi, özlərinin bir-birlərinə təqdim
etdikləri açıq, hamının gördüyü müstəvi, meydandır. X.Arendin yazdığı kimi,
“bu elə bir yerdir ki, burada
insanlar özlərinin sirli
aləmlərindən üzə çıxırlar”.
Siyasi səhnəyə XXI əsrin əvvəlində
çıxmış İlham Əliyev nə müstəqilliyin ilk illərində nə də ondan
əvvəlki dövrdə heç də
gizlində deyildi. O, sadəcə
böyük bir siyasət
məktəbinin- Heydər Əliyev Universitetinin səbrli və dərin zəkalı tələbəsi kimi
öz siyasi intellektini sınaqdan çıxmış təcrübələrlə
cilalayır və siyasət meydanına girməyin
zamanını, həqiqətdə isə öz
missiyasının başlanmasını gözləyirdi.
İlham Əliyevin demokratik
dövlət quruculuğu fəlsəfəsində
Heydər Əliyev strategiyasını inkişaf
etdirmək, cəmiyyətdə sosial ədalət
prinsiplərini genişləndirmək və dünya
iqtisadiyyatına uyğun idarəetməni
təkmilləşdirmək, eyni zamanda ölkəni kənar totalitarizmdən və
dünyadakı totalitar ekspansiyadan qorumaq başlıca
vəzifələr hesab edilirdi.
Müasir sivilizasiya
yalnız belə bir dövlətin sayəsində insan şəxsiyyətinin
siyasi, sosial, mənəvi
və hətta intellektual və elmi inkişafı üçün
zəruri olan hər şeyi
edə bilir. Yalnız belə olan bir şəraitdə
dövlətin ali funksiyaları - qanunçuluğun təmin olunması və siyasi cəmiyyətin azad
inkişafına yardım bərqərar olunacaq.
O bilirdi
ki, dövlət siyasi
cəmiyyətin ali hissəsidir, bu cəmiyyətin bütün
başqa orqanlarından və kollektiv hissələrindən yüksək durur. Ancaq bu
o demək deyil ki, dövlət siyasi cəmiyyətin
özündən də yüksəkdədir. Dövlət bütöv bir orqan olan siyasi
cəmiyyətə tabedir və o, siyasi cəmiyyətə
xidmət edir.
Yeni dövrdə rasional və ya hüquqi mexanizm kimi dövlətin
inkişafı və onun daxili
konstitutiv sisteminin hüquq və hakimiyyətə, onun birliyinə, onun qayda qanununa münasibəti,
həmçinin sosial-iqtisadi həyatda onun qanunvericilik, nəzarət
və təşkilatlandırma funksiyalarına münasibəti
normal inkişafı tənzimləyir. Yalnız belə olan
halda müasir cəmiyyətlər üçün
çox mühüm
zərurət olan sosial
ədalətin təmin edilməsi
mümkündür. Ona görə də XXI əsrə
yenicə qədəm qoymuş gənc
müstəqil Azərbaycan dövlətinin əsas vəzifəsi
sosial ədaləti bərqərar etmək,
cəmiyyətin aşağı və daha
geniş təbəqələrinin uzun müddət
diqqətdən kənarda qalmış ehtiyac
və hüquqlarını təmin etmək olmalı idi.
Axı siyasi cəmiyyətin ümumi
rifahı dövlətin son məqsədidir
və bu, onun birbaşa vəzifəsindən - ümumi qayda-qanunu təmin
etməkdən daha vacibdir.
Ona görə də siyasi
və iqtisadi sistemi o zaman adekvat
saymaq olar ki, onlar ölkənin sabit və dinamik
inkişafını, cəmiyyətin bütün
təbəqələrinin rifah və mədəni
yüksəlişini təmin edirlər. Qərb
demokratiyasının əsas sütunlarından sayılan
ABŞ-ın 42-ci prezidenti Franklin
Delano Ruzvelt dövlətin
vəzifələrini xatırladarkən demişdir:
“Bizim tərəqqimiz, kim
artıq zəngindirsə onun var-dövlətinin
daha da artması ilə
yox, kasıb olanları kifayət qədər təmin etməyə
qadir olub-olmadığımızla
yoxlanır.”
Alimlərin müxtəlif
ölkələrdə apardıqları sosial
tədqiqatlar sübut edir
ki, addım-addım öz
əsas prinsiplərini reallaşdıran demokratiya
iqtisadiyyatın çiçəklənməsi üçün münbit
zəmin yaradır. Məhz ona
görə İlham Əliyev hakimiyyətinin
ilk günündən Heydər Əliyevin
bu istiqamətdə strateji
xəttini davam etdirərək
demokratiyanı təkmilləşdirməklə Azərbaycan cəmiyyətinin
və onun iqtisadi bazisinin modernləşdirilməsinin əsasına
çevirməkdə israrlı oldu və
bu gün də bu xətt davam etdirilir.
Əslində
Azərbaycanın seçimi də elə
böyük deyildi: ya staqnasiya, ya da modernləşmə.
İlham Əliyevin dövlətçilik
düşüncəsinin praqmatizmi onda idi ki,
o tərəqqiyə aparan
yolu-moderenləşməni seçdi.
Əsas diqqət bütün ölkə boyu infrastrukturun müasir innovasiyalara uyğun olaraq genişləndirilməsinə yönəldi: genişmiqyaslı məktəb
tikintisinə, yolların moderenləşdirilməsinə,
şəhər və qəsəbələrin elektrik güclərinin artırılmasına
başlanıldı, rabitə və kommunikasiya
sisteminin kəskin yüksəlişi baş verdi. Bununla paralel olaraq, Heydər
Əliyevin sahibkarlığın inkişafı istiqamətində
başladığı siyasət davam
etdirilərək bu mexanizmin
inkişafı və bərqərar olması üçün
bir çox tədbirləri
gerçəkləşdirdi- inzibati maneələr
aradan qaldırıldı, biznesə vergi təzyiqlərinə son
verdi və bu sahənin
kreditlərlə təmin edilməsinə geniş imkanlar yaratdı.
Bir-birinin ardınca ölkənin sosial-iqtisadi
inkişafının yeni hədəflərini
müəyyənləşdirən dövlət proqramları
işlənib hazırlandı və həyata keçirilməyə
başlandı. Nəticədə on illik qısa bir zaman çərçivəsində Azərbaycan
böyük bir inkişafa, iqtisadi
sıçrayışa nail oldu. Məram
bəlli idi: insan
kapitalının keyfiyyətcə yüksək
inkişafını təmin etmək, dövlət
orqanları ilə özəl strukturlar
arasında qarşılıqlı əlaqələri tənzimləyəcək,
cəmiyyəti yüksək sosial rifaha aparacaq rəqabət qabiliyyətli sosial-iqtisadi model yaratmaq. Mühüm
məsələlərdən biri də
hakimiyyətin səmərəliliyinin yeni
mərhələsinə olan sosial tələbat idi ki, Prezident İlham
Əliyev on illik mərhələdə
bunu xüsusi nəzarətdə
saxlayırdı.
Hazırda
bu siyasi xətt Azərbaycandakı
ictimai quruluşu iki əsas üzərinə keçirməkdədir-
dövlət və vətəndaş institutları və bazar iqtisadiyyatı. Özünün
demokratiya ideallarına sadiq
olduğunu bəyan etməklə deyil, həm də onları
ardıcıllıqla həyata keçirən Azərbaycan
hakimiyyəti
məhz bu sahədəki nailiyyətləri
sayəsində, cəmiyyətin bütün
təbəqələrinin maraqlarının ifadəçisi
və müdafiəçisi kimi yüksək
etimad qazanmışdır və bunu 2013-cü il Prezident seçkiləri vaxtı da açıq nümayiş
etdirdi.
Çünki buna qədər Prezident İlham Əliyev on illik hakimiyyəti
dövründə qlobollaşan
dünyanın qarşıya qoyduğu tələbləri
nəzərə almaqla Heydər
Əliyevin dövlətçilik təcrübəsi və nəzəriyyəsi
əsasında yeni bir
mərhələnin strateji orientirlərini
işləyib
hazırladı və həyata keçirməyə
başladı. Bu inkişaf
və tərəqqi
strategiyası idi və onun mahiyyətində dövlətin səmərəliliyini
artırmaq, onu beynəlxalq siyasi təşkilatların fəal və nüfuzlu üzvünə, regionun
lider dövləti olaraq
qlobal dünyanın söz
sahibi olan ölkəyə
çevirmək dururdu. Bu mənada kimin dövlətçi olduğu
göz önündədir. Ona görə də bu məsələdə
yanlış olan
interpretasiyaları əsaslı şəkildə
aydınlaşdırıb cəmiyyətin müzakirəsindən
kənarlaşdırmaq lazımdır.
Bir sözlə, Azərbaycanın bu günkü inkişafının sosial istiqamətləri, ümumdaxili
məhsulun bölgüsündə dövlətin rolunun artması, cəmiyyətin birliyi və sosial ədalət
naminə əhaliyə sosial təminatların
verilməsi-bütün bunlar ölkə
iqtisadiyyatının və onun rəqabətqabiliyyətliliyinin
uğurlu yüksəlişi faktoruna çevrildi.
Prezidentliyinin ilk günlərindən
İlham Əliyev aydın görürdü
ki, hələ də Azərbaycanda bəzi
məmurların dövlət
yanaşması-bu və ya digər bürokratik institutların, onların səlahiyyət
və əmlaklarının saxlanması cəhdləri ölkəmizin,
Azərbaycan dövlətinin qorunması kimi yanlış məntiqə söykənir. Axı dövlətin əsas
funksiyası ədalətin təmin olunmasıdır və bu funksiya yalnız siyasi cəmiyyətin ali nəzarəti
ilə, bu cəmiyyətin daxili
strukturları vasitəsilə yerinə yetirilməlidir. Ona görə
də gənc dövlət başçısı müstəqil
dövlətçiliyi qorumağın əsas yolunu
radikal islahatları davam
etdirməkdə və özünün bütün siyasi iradəsini
bu vəzifəni həyata keçirmək
üçün səfərbər etməkdə
gördü. İlham
Əliyev bütün siyasi iradəsi ilə ölkənin canlı
orqanizmindən köhnə sistemin pas atmış qəlpəsini tamamilə
çıxarıb atmağa nail oldu. O,
dövlət xadimi və əsl vətənpərvər
kimi bütün
qüvvə və siyasətini qarşısına qoyduğu əsas vəzifələrin-
dövlətin strateji probleminin
həllinə, dövlətin liberal-demokratik
evolyusiyasını, bazar iqtisadiyyatı
islahatlarını başa çatdırmağa, milli
dəyərlərə söykənən Qərb tipli sabit, dinamik
və zəngin cəmiyyət qurmağa
yönəldirdi. Yalnız bu yolla Azərbaycan XXI əsrin sivilizasiyasında
özünə layiqli yer
tuta bilərdi.
XXI əsrin əsas
kapitalı - insan
XXI əsrin
başlanğıcında dünyada çox böyük dəyişikliklər
gedib və bizim
düşüncəmizə görə, bu
dəyişikliklər sırasında mühüm bir məsələ var ki, onun haqqında hələ
də çox az
danışılır. Bu, müasir
dövlətdə və vətəndaş cəmiyyətinin
inkişafında əsas faktora çevrilmiş insan
kapitalıdır. Əgər dünənə qədər həlledici
amil hərbi güc, iqtisadi sistemin
inkişafı, informasiya- texnoloji
nailiyyətlər idisə, indi bu, insan kapitalıdır.
Keyfiyyətcə yeni vəziyyətə,
sabitlikdən innovasiyalı sosial orientirli mərhələyə keçən indiki Azərbaycanda bu,
xüsusilə böyük əhəmiyyət
kəsb edir. İlham
Əliyev inkişaf strategiyasının, onun idarə etdiyi dövlətin yeni siyasətinin
və prioritet təşkil edən milli layihələrin əsas mahiyyəti
bundan ibarətdir. “Azərbaycan çox zəngin ölkədir. Bizim çox zəngin sərvətimiz
vardır. Ancaq bizim ən
böyük resursumuz
insanların biliyidir, savadıdır. Öz imkanlarımızdan səmərəli
istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik”. Yəni
indiki mərhələdə
bizim dövlətin başlıca siyasi-ideoloji vəzifəsi, onun
fəaliyyətinin əsası insan-vətəndaşdır və dövlət
başçısı bu vətəndaşın
yüksək intellektual səviyyəsinin
təmin olunmasında qərarlıdır.
Ölkənin
əsas intellektual düşüncə
sahibləri də belə hesab edirlər ki, Azərbaycanda formalaşan
yeni ideologiya və
strategiyanın əsasında Prezident İlham Əliyevin dövlət idarəçiliyinin
elə ilk illərindən irəli sürdüyü insan
kapitalının inkişafı xətti davam
etdirilməlidir. Çünki
iqtisadiyyatın və siyasətin qloballaşdığı indiki şərait siyasətçilərin,
sosioloqların və iqtisadçıların diqqətini yenidən
insana, daha dəqiq
ifadə etsək, onun daxili
“məzmununa” - onun təhsil kapitalına,
mədəniyyət kapiatalına, sağlamlıq kapitalına
və s. cəmləmişdir.
Hazırda bütün dünyada
insan kapitalı sahəsində tədqiqatların
daha böyük
aktuallıq kəsb etməsi bunu bir daha təsdiq edir. Prezident İlham Əliyev bu məsələnin Azərbaycanda daim gündəlikdə olduğunu
“Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi
ilə bağlı strateji dialoq”
mövzusunda Bakıda keçirilən Dünya İqtisadi Forumunun açılışındakı nitqində təkrar vurğuladı: “Hazırda biz neft gəlirlərini insan kapitalına çeviririk
və əsas gələcək məqsədlərimizdən biri təhsildir. Təhsil istənilən
ölkənin hər hansı uğurlu
inkişafının ən vacib amilidir. Təhsil sahəsinə sərmayələr,
universitetlərimiz ilə dünyanın aparıcı
universitetləri arasında əlaqələr iqtisadi
gələcəyimizi çox ciddi intellektual potensiala əsaslanaraq planlaşdırmağa imkan yaradır...”
Bütün bunlarla
yanaşı, insanın və vətəndaşın
hüquq və azdlıqlarının təminatı
da demokratik dövlətin
əsas mühüm əlamətlərindəndir.
Axı həyatda yer üzünün
əşrəfi sayılan insan, onun maraqları, hüquq və
azadlıqlarından ali dəyər yoxdur. Məhz bunu əsas tutan Qərb demokratiyasının
qurucularından biri, ABŞ-ın üçüncü prezidenti
Tomas Ceferson
yazırdı: “Biz
aşağıdakı həqiqətləri yəqin hesab edirik ki,
bütün insanlar bərabər
yaradılıb, onlara Tanrı tərəfindən
müəyyən təkzibolunmaz
hüquqlar verilib
və həyata, azadlığa,
xoşbəxtliyə çalışmaq kimi
hüquqlar da bunlardandır ...”
İnsan təkcə “inkişaf
faktoru”, “modernləşdirmə resursu” yox, həm də ali məqsəd, ali dəyərdir.
Bunu sadəcə bəyan etmək deyil, bu sahədə
etibarlı təminat sistemini qurmaq üçün
müəyyən mexanizmlər, onların reallaşması üçün şərait yaratmaq
lazımdır. Yəni, dövlətin aydın və dəqiq
işlənmiş sosial-iqtisadi siyasəti
olmalıdır və bu siyasət də
Azərbaycanda artıq neçə illərdir ki,
uğurla həyata keçirilir.
Bu gün dövlət
tənzimləməsini həyata keçirən bütün ölkələrdə praktik olaraq dövlətin
sosial siyasəti ön
planda durur. Həmin cəmiyyətdəki
insanın müəyyən rifah
standartı hüququnun təmin
olunması zərurəti və cəmiyyətin hər bir üzvünün sosial müdafiəsi bunun əsasını
təşkil edir. Mahiyyətcə
sosial siyasət cəmiyyətdə ədalətli
münasibətlərin dəstəklənməsinə əsaslanan,
cəmiyyətin həyatının sosial-iqtisadi
şəraitinin tənzimlənməsi, ayrı-ayrı sosial qruplar arasında
münasibətlərin tənzimlənməsi,
cəmiyyətin bütün üzvlərinin
həyat səviyyəsinin yüksəlişi şəraitinin
təmin olunması siyasətidir.
Bu
sahədəki vəziyyətə xronikasına nəzər salsaq görərik ki,
müstəqilliyin ilk onilliyində vəziyyət
o qədər də ürək açan olmamışdır. Ölkədə
iqtisadi inkişaf tempinin artmağa
başladığı, xarici
investisiyaların, yeni, innovasiyalı infrastrukturun yaradılmasına start
verildiyi vaxtda belə, ölkədə yoxsulluq
həddində yaşayan əhalinin
sayı 50 faizi ötüb
keçirdi. Belə bir vəziyyətin Azərbaycan üçün məqbul
olmadığını əsas götürən ulu öndər Heydər Əliyevin, hələ
2003-cü ilin fevralında
imzaladığı “2003-2005-ci illər üçün
Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı”nın təsdiqi haqqında fərman bu
istiqamətdə xüsusi əhəmiyyətə
malik müsbət bir
başlanğıc oldu. Dövlət
Proqramının reallaşdırılmasına Prezident Heydər Əliyevin ömrü
vəfa etməsə də onun işini gənc dövlət
başçısı İlham Əliyev uğurla davam etdirməyə
başladı.
Yoxsulluq həddində yaşşayan
insanların sayı Azərbaycanın inkişaf
tempinə uyğun olaraq
sürətlə aşağı düşməyə
başladı. Dövlət Statistika Komitəsindən
məlumatlarına diqqət yetirək: Azərbaycanda yoxsulluğun səviyyəsi 2003-cü ildə
44,7 faiz, 2004-cü ildə 40,2 faiz, 2005-ci ildə 29,3 faiz,
2006-cı ildə 20,8 faiz, 2007-ci ildə
15,8 faiz, 2008-ci ildə 13,2 faiz,
2009-cu ildə 10,9 faiz, 2010-cu ildə 9,1 faiz, 2011-ci ildə 7,6 faiz
təşkil etmişdir. Bütövlükdə isə yoxsulluğun səviyyəsi son
10 ildə 8 dəfə azalaraq 5,5 faizə
enib. Yoxsulluğun azaldılmasında əldə olunan
nailiyyətlərin ən mühüm səbəblərindən biri isə Prezident İlham Əliyevin 2008-ci il
15 sentyabr tarixli sərəncamı
ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı
inkişaf Dövlət Proqramı”nın
təsdiq olunması və yüksək fəallıqla həyata
keçirilməsi olmuşdur.
Makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf
etdirməklə davamlı iqtisadi
artımın təmin edilməsi, əhalinin gəlir əldə
etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli
dərəcədə azalmasına nail
olunması, səmərəli sosial
müdafiə sistemini inkişaf
etdirməklə
yaşlı əhalinin, aztəminatlı ailələrin və
sosial cəhətdən həssas
qrupların sosial riskinin
azaldılması, qaçqınların və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam
etdirilməsi, təhsil və səhiyyə sahəsində
xidmətlərin keyfiyyətinin yüksəldilməsi
və onları əldə etmək üçün
bərabər imkanların yaradılması, sosial
infrastrukturun inkişaf
etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi kimi mühüm strateji istiqamətləri
özündə əks etdirən Dövlət
Proqramının reallaşdırılması istiqamətində
tədbirlər bu gün
də davam etməkdədir. Buradaca bir
reallığı da qeyd
etməliyik ki, yoxsulluğun
azalması ilə bərabər yoxsulluq həddi
də yüksəlməkdə davam edir.Yəni,
yoxsulluq həddi 2003-cü ildə 35,8 manat olmuşdusa, 2011-ci ildə bu
məbləğ 3 dəfə artaraq 106,9 manata çatmışdır.
Dövlət
Proqramının əsas istiqamətlərindən də göründüyü kimi,
sosial siyasətin başlıca istiqaməti
əhalinin gəlirlərinin formalaşdırılması
siyasətidir. Dünya təcrübəsindən məlumdur ki, bazar iqtisadiyyatı
şəraitində gəlirlərin bölgüsündə hər
bir mülkiyyətçi istehsal
faktorundan - tələb və təklifdən
asılı olaraq öz
gəlirini əldə edir. İstehsal prosesində iştirak
edən işçi qüvvəsinin
sahibkarları isə hansı işi
yerinə yetirdiklərindən və necə
yerinə yetirdiklərindən asılı olaraq
gəlir əldə edirlər və burada
artıq, əmək əsas kriteriyaya çevrilir. İstehsal
vasitələrinin və pul
kapitalının sahibkarı mülkiyyətinin həcmindən
və onun reallaşdırılması
şəraitindən asılı olaraq gəlir
əldə edir. Ona görə də bazar iqtisadiyyatındakı bölgünün
əsasında, iki əsas gəlir mənbəyini
müəyyən edən -əməyə və mülkiyyətə
görə bölgü durur.
Əldə olunan gəlirlər
ayrı-ayrı insanların rifah
halını və həyat şəraitini müəyyən edir. Məhz bu məqamda
ədalətsiz bölgünün olmaması
üçün dövlət tənzimləmə
mexanizmi işə düşür.
Axı gəlirlərin bölgüsündəki qeyri-bərabərlik
həyat səviyyəsində də qeyri-bərabərliyə
gətirib çıxarır. Və bu
qeyri-bərabərliyin bazar
iqtisadiyyatına keçiddə və böhran
sarsıntıları dövründə daha
aydın şəkildə artdığı müşahidə
edilir.
Təbii
ki, Azərbaycanda da bu proseslər gedirdi və
dünyanın qabaqcıl ölkələrinin keçdiyi
yolu yaxşı bilən gənc dövlət
başçısı fəaliyyətinin ilk
günlərindən bu məsələləri
diqqətdə saxlamağa və konkret tədbirlər görməyə
başladı. Zəngin ölkədə kasıblıq həddində
yaşayan əhalinin çoxluq
təşkil etməsi, gəlirlərin ədalətsiz bölgüsü, işsizlik
və sair kimi sosial vəziyyəti ağırlaşdıran
problemlər dövlətin ən qısa zamanda
həllinə başladığı prioritet
məsələlərə çevrildi.
Prezident İlham Əliyev bu
prioritetləri sadəcə bəyan etməklə kifayətlənmədi
və ölkənin bazar iqtisadiyyatı
şəraitində yaşadığı bir
dövrdə əhalinin sosial müdafiəsini
təmin etmək üçün kompleks tədbirlər proqramlarının
işlənib hazırlanmasına və
reallaşdırılmasına başladı. İş
yerlərinin açılması, onunla
birbaşa bağlı olan
yoxsulluğun azaldılması dövlətçilik
nöqteyi-nəzərindən çox mühüm məsələ idi.
Məşhur rus filosofu
İlya İlinin bu fikrinə diqqət yetirsək məsələnin
mahiyyətini daha aydın dərk etmiş olarıq: “Varlılar və
kasıblar arasında fərq həmişə olub
və həmişə olacaq. Ancaq
maşın texnikasının və kapitalizm
istehsalının inkişafı var-dövləti birə-beş
artan zənginlərlə, həsəd hissi də elə bu qədər artan
kasıbları kəskin şəkildə üz-üzə qoydu. İstehsal köməksizliyinə
məruz qalan əhalinin kasıb hissəsi-
kəskinləşən həsəd hissinin
ilk mənbəyidir; məhz sadəcə
kasıblıq yox ( insanlar həmişə onun
öhdəsindən gəliblər), həm də tam təsərrüfat köməksizliyi, işsizlik, kasıbın varlıdan tam asılılığı. Belə bir hal heç
vaxt və heç
yerdə olmamalıdır, bu məsələ
dövləti daim
qayğılandırmalıdır...” Məhz bu səbəbdən dövlətin sosial-iqtisadi siyasətinin obyektləri əmək
bazarı və məşğulluq, əmək münasibətləri,
əməyin ödənilməsi və əhalinin gəlirləri
və əhalinin sosial təminat sistemi onun fəaliyyətində
mühüm yer tutur. Prezident İlham Əliyevin 2003-cü
ildə Prezidentliyə ilk namizədliyi
dövründə ölkədə işsizliyin
aradan qaldırılması və
sahibkarlıq fəaliyyətini ölkə
iqtisadiyyatının əsas lokomativinə çevirəcəyi
istiqamətində verdiyi vədlər və
sonradan 10 illik Prezidentliyi dövründə bu
məsələləri xüsusi nəzarətdə
saxlayıb onlara nail
olması bizim
düşündüyümüzdən qat-qat
ciddi və mühüm
məsələlərdir. Axı ictimai sabitlik üçün, demokratik proseslərin dərinləşdirilməsi
üçün işçi
qüvvəsinin özlərini təmin etmək
qarantının mövcudluğu çox ciddi məsələdir.
Prezident İlham Əliyev
çıxışlarının birində Azərbaycanda bu sahədə inkişafın miqyasını
açıqlayaraq deyir: “Əgər Azərbaycanın iqtisadi inkişafına nəzər yetirsəniz
görərsiniz ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən
sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə
artmışdır. Biz işsizliyi
azalda bilmişik,
hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il
əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq
şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz
təşkil edir. Büdcə xərcləri
demək olar ki, 20 dəfə
artıb və inflyasiya isə təxminən
1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində
müşahidə olunan inkişafdır”.
Əsl demokratiya o
insanların dəstəyi ilə yaradılır ki, onlar maddi
cəhətdən hakimiyyətdən asılı deyillər, kimin normal həyat şəraiti
var, bu şəraiti o, öz zəhməti, təhsili
və əldə etdiyi biliyi
ilə yaradır. İngilis tarixçisi Henri Tomas Bokl elə bu mövqedən çıxış edərək
yazırdı ki, “keçmişdə təbiəti
daha bərəkətli və məhsuldar olan ölkə zəngin sayılırdısa,
indi insanları daha fəal
olan ölkə zəngindir”. Bütün sosial müdafiə sistemi
müəyyən prinsiplər əsasında
qurulmalıdır. Hər şeydən əvvəl, qanunvericilik aktlarının nəzərdə tutduğu bütün hallarda ölkənin bütün
vətəndaşları
dövlətin sosial müdafiəsi
ilə təmin olunmalıdır. Bu, hər
bir insanın vəziyyətinin sabit olmasına o zaman təminat verər ki,
bütün sosial tədbirlər
birdəfəlik xarakter
daşımasın və icra hakimiyyəti
strukturlarının qərarlarından asılı olmasın.
Şəxsiyyətin
rifahının və bütövlükdə cəmiyyətin
çiçəklənməsinin təmin olunduğu
sosial dövlət bəşəriyyətin
tarixi inkişafının indiki
mərhələsində dövlət quruculuğu
və hamanist insani dəyərlərin
həyata keçirilməsi sahəsində sivilizasiyanın ən yüksək nailiyyətidir. Tam cəsarətlə demək olar
ki, Azərbaycan dövlətinin sosial siyasətinin də başlıca təyinatı
cəmiyyətin üzvlərinin maddi, mədəni
və mənəvi cəhətdən tam
təmin olunması, onların hərtərəfli və harmonik inkişafının
formalaşdırılmasıdır. Bu məsələdə
hakimiyyətin kollektiv subyekti,
hakimiyyətin mənbəyi olan xalq ölkədə həyata keçirilən
dövlət sosial siyasətinin səmərəliliyini,
nəticələrini və cəmiyyətə
faydasını dəyərləndirən ən ədalətli
hakimdir.
Arzuman MURADLI,
politoloq, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 27 dekabr.- S.6.