Ömrün məsuliyyət yükü, öyünc payı

 

Söz adamı haqqında söz

 

Bu günlərdə 60 yaşı tamam olan həmkarımız, “Xalq qəzeti”nin şöbə müdiri Ruslan Rəfizadənin jurnalist kimi əmək kitabçasında ilk yeri 33 ildir ki, dəyişməz qalır. 1980-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndə o vaxtlar ali rəhbər qurum olan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təyinatı ilə respublikanın bir nömrəli dövri nəşri sayılan “Kommunist” (1991-ci ildən “Xalq qəzeti”) qəzetinə göndərilib və taleyini birdəfəlik bu nüfuzlu redaksiya ilə bağlayıb.

 

Başqa redaksiyalarda illər boyu çalışmış təcrübəli qələm sahiblərinin bir çoxuna nəsib olmayan bu nadir şansı yenicə diplom almış gənc jurnalist təhsildə və ictimai işlərdəki uğurları, Mərkəzi Komitədə yaxşı tanınan və sözü eşidilən müəllimlərinin ona olan inamı və etimadı ilə qazanmışdı.

Tələbəlik illərində təcrübə keçdiyi, bir çoxunu əvvəlcədən tanıdığı kollektivə isinişməyi, qaynayıb-qarışmağı o qədər də çox çəkməmişdi. Universitetin jurnalistika fakültəsində olduğu kimi, Azərbaycanın 1 nömrəli qəzetində də intizamı, bacarığı, çalışqanlığı, səmimiliyi və mehribanlığı ilə qısa müddətdə hamının hörmət və ehtiramını qazanmışdı.

Ruslan Rəfizadənin bu uğurlu başlanğıcı o dövrdə məzunu olduğu jurnalistika fakültəsində tələbələrə örnək kimi göstərilirdi. Müəllimlər tez-tez onu xatırlayaraq deyirdilər: “Gördünüzmü, Ruslan yaxşı oxuyurdu, hər işdə öndə gedirdi. İctimai işlərdə də çox fəal idi. Ona görə də respublikanın ən nüfuzlu qəzetində məzunlarımız üçün ayrılmış yerə onun namizədliyini verdik. Mərkəzi Komitədə söhbət zamanı da gördülər ki, hazırlıqlı, yetkin tələbədir. Redaksiyadan da xoş xəbəri gəlir, üzümüzü ağardır. Çalışın, sizonun kimi olun”.

Ruslan bizdən 2 il əvvəl oxumuşdubu sözlər, həqiqətən, sonrakı kursların tələbələri üçün ciddi stimula çevrilmişdi. Tələbəlik dövründə jurnalistikaya dərin marağı, yüksək ünsiyyət qura bilmək qabiliyyəti, sadəliyi, həssaslığı ilə Ruslan yoldaşlarının fövqündə dayanırdı, buna görə də qrup nümayəndəsi seçilmişdi. Kollektivin qayğıları ilə yaşaması, yoldaşlarının çətinliklərinə çiyin verməsi onu müəllimli-tələbəli hamının yaxın, istəkli adamına çevirmişdi.

Düzlüyü, ortada olan işin ağır tərəfindən yapışması, boynuna düşən yükü vicdanla çəkməyi həmişə onun təbii keyfiyyəti, fitri qabiliyyəti kimi görünüb və qəbul olunub. Öz yerini bilmək, ədəb-ərkanı gözləmək, gözü-könlü toxluq, ümumi işə çox veribaz istəmək, çətin vaxtlarda dəyanətli olmaq da hələ gənc yaşlarından Ruslana oturuşmuş adamlara məxsus mötəbərlik gətirib. Artıq ölkənin orta nəsil jurnalistlərini təşkil edən yüzlərlə qələm sahibi, redaksiyada işgüzar fəaliyyəti ilə qazandığı çoxsaylı dostları - tanışları illərdən bəridir ki, onu belə tanıyır, xətrini əziz tutur, bir sözünü iki eləmirlər.

Ruslan Rəfizadənin redaksiyamızda keçən 33 illik ömrü onun bioqrafiyasına mənalı, sanballı, kollektivin rəğbəti ilə təsdiqlənmiş uğurlar qazandırıb. 1980-ci ildə sənaye və tikinti şöbəsində müxbir kimi işə başlayan gənc jurnalist günlər keçdikcə respublikanın zəhmət nəbzi ilə döyünən, məhsulları  SSRİ-də və dünyada tanınan iri sənaye müəssisələrinin əksəriyyətində olub, onların yeniliklərini əks etdirən, qabaqcıllarından bəhs edən silsilə yazılarla imzasını qəzetin o vaxt daimi oxucuları yarım milyondan çox olan auditoriyasında tanıdıb. Azərbaycanın diqqət mərkəzində olan nəhəng tikintilərindən hazırladığı materiallar da maraqla oxunub, qəzetə daha bir ciddi, məsuliyyətli qələm sahibinin gəldiyini göstərib.

Sonrakı illərdə redaksiyada sosial problemlər şöbəsi yaradılanda fakt və hadisələrə ciddi münasibəti ilə fərqlənən, bu sahənin mövzu və obyektlərinə dərin maraq göstərən Ruslan xüsusi etimadla yeni şöbəyə keçirilib. Oxucuların gündəlik həyatı, ehtiyac və problemləri ilə bağlı olan bu sahə qısa müddətdə onu sosial həyata fəal müdaxilə etməyi bacaran, uğurları və nöqsanları aşkara çıxaran, çıxış yolları təklif edən araşdırmaçı qələm sahibi kimi formalaşdırıb. Ruslanın o illərdə səhiyyə, şəhər təsərrüfatı, cinayətkarlıq və neqativ hallarla mübarizə mövzularında hazırladığı müxtəlif janrlı, geniş coğrafiyalı yazılar indiredaksiyada xatırlanır. Həmin yazılar həmkarımıza populyarlıq gətirib, onu insanlara qələmi ilə kömək edən, nöqsanların aradan qaldırılmasına təsir göstərən jurnalist kimi tanıdıb.

Ruslan bu sahədə qazandığı nüfuzla, qurduğu əlaqələrlə bu günredaksiyaya üz tutanlara, yardım istəyənlərə kömək göstərir. Yəqin, ölkədə az jurnalist tapılar ki, onun bir zəngi ilə tanınmış cərrah imkansız bir xəstəni pulsuz əməliyyat edə. Onun işə qarışmağı ilə kimsə süründürməçilikdən qurtarır, hansısa məhəllənin su, qaz, istiliks. məsələsi yoluna qoyulur, kimsə bağlı qapını açıb dərdinə əlac tapır.

Redaksiyanın və əməkdaşların üzləşdiyi bir sıra çətinlikləri də Ruslan çox vaxt asanlıqla, bərkə düşəndə isə usanmadan aradan qaldırır. Bu işdə qanunları yaxşı bilməsi, prinsipiallığı, “çətin məmurlar”a xoş məramı ilə təsir göstərməsi, düzlüyü və təmənnasızlığı onun köməyinə gəlir.

Redaksiyaya gəldiyi ildən həmkarlar ittifaqı fəalı kimi yerli təşkilatın işinə yardımçı olur. Uzun illərdir ki, həmkarlar ittifaqı komitəsinin sədridir. Kollektivin hamılıqla Ruslan Rəfizadənin boynuna qoyduğu bu vəzifə onu ümumi qayğılara ikiqat möhkəm bağlamışdır. Yoldaşların məişət qayğılarından tutmuş istirahətinə, işə mane olan narahatlıqlarına qədər hər məsələdə ürəkgenişliyi ilə əlindən gələni edir. Elə bu yerdəcə deyək ki, özü isə nə kollektivə, nə də ayrı-ayrı əməkdaşlara heç vaxt problem yaratmır, kiməsə əziyyət verməyi, onu dərd ortağı etməyi xoşlamır.

1994-1995-ci illərdə bir illik fasilədən sonra ulu öndər Heydər Əliyevin birbaşa köməyi, himayəsi ilə qəzetimiz yeni yüksək statuslu fəaliyyətini davam etdirdiyi vaxtdan Ruslan Rəfizadə redaksiyanın gündəlik işində çətin və məsuliyyətli bir sahə kimi önəmini artıran reklam şöbəsinə rəhbərlik edir. Müasir qəzetçilikdə jurnalist peşəkarlığından əlavə, həm də xüsusi təşəbbüskarlıq, təşkilatçılıq, zirəklik, təsərrüfatçılıq qabiliyyəti tələb edən reklam işinin ağırlığını Ruslan yorulmaq bilmədən, intizam və məsuliyyətlə daşımaqdadır. İndi o, ölkənin ən təcrübəli, reklamverənlərin hörmət bəslədiyi, inandığı qəzet reklamçıları sırasında da söz sahibidir.

Ruslan Rəfizadə 2005-ci ildə milli mətbuatımızın 130 illik yubileyində jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Tale elə gətirib ki, Ruslanla 3 il qonşu auditoriyalarda oxumuş, eyni müəllimlərdən dərs almışıq. Universiteti bitirib 5 il Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1988-ci ildən həyat yollarımız “Xalq qəzeti”ndə yenidən qoşalaşıb. Redaksiyamızın son 25 illik sevincli-kədərli, ağrılı-ümidli günlərini bir yerdə yaşamışıq. Onun daimi xeyirxahlığını görən, dost-qardaş qayğısından güc alanlardan biri də mən olmuşam.

Ömrün yetkinlik, ciddi hesabat, dəyər məqamı olan 60 yaşın tamamında kollektivin ortaq duyğu-düşüncələrini qələmə almaqla yanaşı, yubilyar dostumuzun, həmkarımızın ürək sözlərini dinləməyə də ehtiyac duyduq. Jurnalistikaya gəlişi, qəzetçi taleyi, ötənləri necə xatırlaması, indiki fəaliyyəti ilə bağlı sualları özünəməxsus təvazökarlıqla, ciddiliklə cavablandırdı:

Jurnalist peşəsini seçməyimdə, şübhəsiz, Azərbaycanın ilk ali təhsilli jurnalistlərindən olan əməkdar jurnalist – dayım Kərim Rəfizadənin təsiri, bu peşəyə ailəmizdən gələn maraq əsas rol oynayıb. Respublikanın tanınmış, millətsevər ziyalıları olan Nəsir İmanquliyev, Nurəddin Babayev, Seyfulla Əliyev, Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Əliş Nəbili, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov və Nəsir Əhmədov kimi müəllimlərimiz bu peşənin incəliklərini öyrətməklə, sevdirməklə mənim də jurnalist taleyimi birdəfəlik müəyyən etmişlər. Onların ustad dərsləri həmişə gərəkli olub. Müəllimlərimlə öyünmüşəm və onları sevgi ilə xatırlayıram.

Kommunist” qəzeti kimi əlçatmaz görünən bir nəşrdə işə qəbul olunmağımı da taleyin hədiyyəsi kimi dəyərləndirirəm. Ömrümü birdəfəlik bu redaksiyaya bağlamışam. Ötən illərdə daha qazanclı işlərə dəvətlər alsam da, çətin günlərdə redaksiyamızı çoxları tərk etsə də, bu qəzetdən getməyi ağlıma belə gətirməmişəm. “Kommunist” qəzeti canlı jurnalistika məktəbi sayılırdı və son 22 ildə onun varisi kimiXalq qəzeti” bu ənənələri layiqincə davam etdirir.

Bu redaksiya bacarığımı işdə göstərməyimə, arzu-istəklərimə çatmağıma geniş meydan olub. Burada Rəşid Mahmudov, Alp Ağamirov, Kazım Ələkbərov, Cəmil Əlibəyov, Ramiz Əhmədov, Şamil Şahməmmədov, Rəfail Nağıyev, Əşrəf Hacıyev, Cəlil Xəlilov, Firdovsi Zamanov, Firudin Rəsulov və jurnalistikanı müqəddəs peşə sayan, qədir-qiymətə çatdıran digər insanlardan sənət və mənəviyyat öyüdləri almışam. Onların hər sözə zərgər dəqiqliyi ilə yanaşmaları, obyektivliyi, oxucu marağını həssaslıqla cavablandırmaları mənim üçün çox gərəkli olub.

Çoxları reklam işini o qədər də yaradıcı hesab etmir. Qəzetimizdə formalaşmış ənənələr baxımından reklam mətnlərinin hazırlanması və verilməsi öz incəlikləri ilə xüsusi yaradıcılıq tələb edir. Gündəlik işimizdə qəliz, çətin başa düşülən, savadsız tərtib olunan reklam mətnlərini istisna olmadan qaydaya salırıq. Əcnəbi sözlərin işlədilməsinə, dil normalarının pozulmasına yol vermirik. Təəssüf ki, bir çox qəzetlər bu tələblərə əməl etmir. Reklamverənlər də bəzən öz qüsurlu mətnlərini olduğu kimi verdirməyə çalışırlar, reklam haqqında qanunun tələblərini pozurlar. Redaksiyamız hüquqi və peşəkarlıq normalarını qorumaqda heç kəsə güzəştə getmir. Düşünürəm ki, müasir qəzetçiliyin, media fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmiş reklam işi jurnalistika təhsilində, jurnalistika meyarlarının müəyyənləşdirilməsində mütləq nəzərə alınmalıdır.

Sonda xatırladaq ki, Ruslan Rəfizadə ötən əsrin əvvəllərində istiqlal mübarizəsində, erməni soyqırımlarına və xalqımıza yönəlmiş digər qəsdlərə qarşı mübarizədə öndə getmiş Rəfibəylilər nəslinə mənsub ailədə doğulub, tərbiyə alıb. Onun bir çox üstün keyfiyyətləri məhz bu nəslin xalq işinə sədaqətindən, insanlara xeyirxah münasibətindən qaynaqlanır.  Ruslana sonuncu sualım bu vaxtadək toxunmadığımız bu mövzu ilə bağlı oldu:

– Rəfibəylilər soy-kökünə bağlılığınız sizə nə verib?

– Rəfibəylilər xalqımıza nə verib - bunu maraqlananlar tarixdən bilirlər. Tarix özü isə bu nəslə çox acılar yaşadıb. Bütün nəslimizi repressiyaya məruz qoyublar, pərən-pərən salıblar. Hələ də qohumlarımızın çoxu qürbətdə yaşayır. Nənəm, anam sürgün taleyi yaşayıb. Atam-anam ömrü boyu qorxu, nisgil içində yaşadılar. Bütün bunlara baxmayaraq, Vətəndə qalan qohum-əqrəbam hər sahədə namusla çalışıb, xalqa gərəkli olub. Mən nəslimlə öyünməkdən çox, onun adına layiq olmağa çalışmışam. Düzü, o qədər ağrı-acılar çəkmişik ki, Rəfibəyli olmağımla öyünmək arxa planda qalıb.

1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubiley təntənəsindən sonra ulu öndər Heydər Əliyev cümhuriyyət liderlərinin varislərini ayrıca qəbul edəndə onların arasında mən də var idim. Ümummilli lider itirilmiş dövlətçiliyimizi bərpa edən, milli haqlarımıza sahib çıxan o böyük insanlar haqqında dərin ehtiram və qədirbilənliklə söz açanda ömrümdə ilk dəfə çox qəribə hisslər keçirdim - əvvəl kövrəldim, sonra isə ürəkdolusu qürurlandım: bəli, mən də rəfibəylilərdənəm. Və həmin andan soy-kökümlə bağlı daşıdığım məsuliyyət hissinin də çəkisi, ölçüsü artdı.

60 yaşın tamamında ölkəmizdə öz adı, sözü, xidməti ilə çox sayda adamın hörmət bəslədiyi jurnalist dostumuzu, uzun illərdən bəri qəzetimizin ağır yükünə dəyanətlə çiyin vermiş həmkarımızı ürəkdən təbrik edir, ona uzun ömür, yeni uğurlar, səadət dolu günlər arzulayırıq.

 

Tahir AYDINOĞLU,

Foto

Rafiq SALMANOVUNDUR

Xalq qəzeti”

 

Xalq qəzeti.- 2013.- 29 dekabr.- S.6.