İnsan əməlləri ilə ucalır
Maraqlı insandır. Böyük və mənalı ömür yolu keçib. Deyir ki, ömrünün böyük hissəsini ulu öndərin hakimiyyətdə olduğu illər təşkil edir. Bununla qürur hissi keçirdiyini xüsusi vurğulayır. “Ulu öndər bizə müstəqil Azərbaycanı bəxş etdi, fəxr edirəm ki, mən belə bir gözəl ölkənin vətəndaşıyam” -deyir Nizami Muradov.
O, Qubadlı rayonunun
Cardaxlı kəndində
anadan olub. Orta məktəbi 1959-cu ildə
bitirdikdən sonra Bakıya gəlib. Qaradağ Neft-Qazçıxarma İdarəsinin yeraltı
təmir sexində
operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb.
Eyni zamanda, həmin
ildə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə qəbul
olunub. N.Muradov
1964-cü ildə hərbi
qulluqdan qayıdandan sonra yenə adı həmin idarədə çalışıb.
Bir il
sonra ona etimad göstərilərək
müəssisənin qarışıq
mallar ticarəti sahəsində əmtəəşünas
vəzifəsinə təyin
edilib. Bir müddət burada işlədikdən sonra Qaradağ
Rayon Partiya Komitəsində
təlimatçı kimi
irəli çəkilib.
1971-ci ildə Qaradağ
rayonundakı Korgöz
qəsəbə sovetinin
sədri seçilən
Nizami müəllim bu vəzifədə olduğu dövrdə adı çəkilən
yaşayış sahəsi
dinamik inkişaf yolu keçib. Korgözün adı dəyişdirilərək, Qızıldaş
adlandırılıb və
şəhər tipli qəsəbə statusu alıb. Burada genişmiqyaslı quruculuq, tikinti-abadlıq işlərinə başlanılıb,
qəsəbənin təmizliyi,
yaşıllaşdırılması diqqət mərkəzində
saxlanılıb. On il
ərzində qaz, su, işıq xətləri tamamilə təzələnib, dörd
yarımstansiya, iki aptek, iki orta
məktəb, bir texniki peşə məktəbi, stadion, iki tibb məntəqəsi,
onlarla ticarət və məişət obyektləri, dayanacaqlar tikilib, avtobus marşurutları açılıb.
Bütün bunlara görə Qızıldaş
Bakı şəhəri
qəsəbələri arasında
keçirilən yarışda
üç dəfə
birinci yerə layiq görülüb.
1981-ci ildən “Azneft” İstehsalat Birliyinin texniki təchizat və komplektləşdirmə idarəsinin
rəisi təyin olunub. Onun rəhbərliyi
dövründə bu müəssisənin bütün
tabe qurumları yenidən qurulub, Əli Bayramlı, Binəqədi,
İmişli, Şəmkir,
Siyəzən bazalarına
dəmiryol xətləri
çəkilib, ümumi
sahəsi 30 min kvadratmetr
olan 40-a yaxın təzə anbar binası tikilib. Bununla da illərlə
yağışın, qarın
altında qalan material
və texnikanın zay olub sıradan
çıxmasının qarşısı
alınıb. Həmçinin dövlət standartına
uyğun altı avto və iki
vaqon tərəzisi tikilib istifadəyə verilib.
Nizami
müəllim harada işləyirsə-işləsin, insanlara arxa-dayaq durmaq, əl uzatmaq, abadlıq-quruculuq işlərində yaxından
iştirak etmək onun həyat amalı olub. Fikrimin təsdiqi kimi bir misal çəkmək
istərdim.
“Azneft” İstehsalat Birliyinin
texniki təchizat və komplektləşdirmə
idarəsinə rəhbərlik
etdiyi illərdə Binəqədi rayonunun sosial-iqtisadi inkişafına köməyini
əsirgəməyib.
...Ötən əsrin
90-cı illəri Azərbaycanın
siyasi, sosial-iqtisadi sahələrində necə
acınacaqlı vəziyyət
hökm sürməsi
hamımızın yaxşı
xatirindədir. Xaos, özbaşınalıq,
hərki-hərkilik baş
alıb gedirdi. Sənaye müəssisələri dağıdılır,
avadanlıqlar dəyər-dəyməzinə
sərhəddən kənara
çıxarılırdı. Təcrübəli, peşəkar mütəxəssislər,
necə deyərlər,
gözümçıxdıya salınırdı. Belə bir
vaxtda Nizami Muradov da neçə
illər sevdiyi, bağlandığı işindən
kənarlaşdırıldı. Ancaq o, fəaliyyətsiz dayana bilməzdi. Nə iləsə məşğul
olmaq, xalqın bu çətin, ağır günlərində
bir işin qulpundan yapışmaq lazım idi. Ona görə də çox götür-qoydan
sonra qərara gəldi ki, Badamdar qəsəbəsində
çörək istehsalı
sahəsi yaratsın.
Belə də etdi. Bir müddət bu işlə məşğul
oldu. Lakin ulu öndər
Heydər Əliyev xalqın təkidli tələbilə yenidən
hakimiyyətə gəldikdən
sonra dövlət müstəqilliyini qazanmış
Azərbaycanın üzləşdiyi
fəlakət və sarsıntılara, ağır
sosial-iqtisadi böhrana,
xaos və anarxiyaya tədricən son
qoyuldu.
Böyük
siyasət ustasının
yüksək idarəçilik
keyfiyyətləri sayəsində
Azərbaycanda həyat
tədricən öz axarına düşdü,
sənaye müəssisələrinin
fəaliyyəti bərpa
edildi, bacarıqlı,
səriştəli kadrlar
əvvəlki işlərinə
qaytarıldı. Nizami
müəllim də
1997-ci ilin iyul ayında Quruda Neft və Qazçıxarma
İstehsalat Birliyi yol-təmir tikinti trestinin səyyar-mexanikləşdirilmiş dəstəsinə
rəis vəzifəsinə
təyin edildi. O, qısa müddət ərzində İstehsalat
Birliyi rəhbərliyin,
təcrübəli mütəxəssislərin köməyilə
vəziyyəti yaxşılığa
doğru dəyişdi.
Hər biri bir tərəfə
atılıb qalmış
maşın-mexanizmlər təmir
edildi, səliqəyə
salındı, ətraf
ərazi abadlaşdırıldı.
O dövrdə Nizami
müəllimin rəhbərliyi
ilə Siyəzən Neft və Qazçıxarma
İdarəsinin Zağlı
– Zeyvə sahəsində
beş kilometr, Ə. Əmirov adına Neft və Qazçıxarma
İdarəsinin bir nömrəli sahəsində
17 kilometr yol yüksək keyfiyyətlə
çəkildi. Bibiheybət Neft-Qazçıxarma
İdarəsinin Bayıl
və Gəmi təmiri zavodu arasındakı ərazisi
abadlaşdırıldı. Bundan başqa, rəhbərlik etdiyi kollektiv Binəqədi Neft və Qazçıxarma
İdarəsinin mədənarası
yolunun çəkilişində,
Hövsan qəsəbəsində,
Suraxanıda, Qaraçuxurda
parkların salınmasında,
Günəşlidə “Qartal”
abidəsinin ucaldılmasında,
habelə Əmircanda şair Tofiq Bayramın heykəlinin ətrafının
abadlaşdırılmasında, Bibiheybət və Balaxanı neft və qazçıxarma idarələrinin sahəsində
dambaların inşasında fərqləndi.
Müsahibimiz mühüm bir məqama da toxundu: – Uzun
illərin təcrübəsindən
yaxşı bilirəm
ki, rəhbər vəzifədə işləyən
şəxs tabeliyindəki
adamlara nə qədər tələbkarlıqla
yanaşırsa, bir o qədər də qayğı göstərirsə,
o zaman müəssisədə
dönüş yaranacaq,
uğur qazanılacaq.
Əksinə olarsa, kollektivdə
irəliləyişdən söhbət
belə gedə bilməz.
Onu da dedi
ki, bu gün
respublikada işgüzarlıq,
tələbkarlıq ab-havası
yaşanır. Bu, möhtərəm dövlət
başçısı İlham
Əliyevin siyasi fəaliyyətinin prioritet
xəttidir. Prezident çıxışlarında
da bu məqamı
daim vurğulayır.
Məmurları təvazökar
olmağa çağırır,
vəzifəli şəxslərin
ailə üzvlərini
cəmiyyətdə bərqərar
olmuş yüksək
ali dəyərlərə
riayət etməyə
dəvət edir.
N. Muradov daha sonra dedi: “ Uzun illərin təcrübəsinə əsaslanıb
deyə bilərəm
ki, bu gün
ölkəmizin əldə
etdiyi uğurların da əsasında məhz bu amil
– səmərəli iş,
təvazökarlıq və
insanlara xidmət vəzifəsi dayanır. Əgər dövlət başçısı
gecə-gündüz xalqın,
ölkənin mənafeyi
naminə çalışırsa,
insanların qayğı
və problemlərinə
həssaslıqla yanaşırsa,
məmurlar başqa yol tuta bilməzlər.
Adi bir misal deyim.
Hamımız cənab İlham
Əliyevin 50 illiyini Ağcabədidə köçkünlərlə
keçirməsini yaxşı
xatırlayırıq. Bəli, bu, ölkə rəhbərinin təbiətidir,
xarakteridir, Azərbaycan
vətəndaşlarına, yurd-yuvalarını itirən
qaçqın-köçkünlərə münasibətinin
bariz ifadəsidir. Bu, hamımıza – qocaya da, cavana
da gözəl nümunədir. Belə nümunəni
heç zaman unutmamalıyıq. Unutsaq, yenə
də uğursuzluq sindromuna düşərik”.
Nizami müəllim Bakı Şəhər Veteranlar Şurasının üzvüdür. Dövlətimiz tərəfindən əməyi həmişə yüksək qiymətləndirilmişdir. Dəfələrlə orden və medallarla təltif olunmuşdur. “SSRİ neft sənayesi əlaçısı” adına layiq görülüb.
Mehdi
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 29 dekabr.- S.6.