31 Dekabr
- soydaşlarımızın milli hesabat və
öyünc günü
Ömrümüzün daha bir ili çoxəsrlik tariximizə qovuşur. İllərin ayrıcında insan və zaman haqqında düşüncə iri planda qəlbimizə hakim kəsilir. Bu baxımdan uşaqların 1 yaş da böyümək istəyi, gənclərin arzularına doğru 1 il də tələsməsi, yaşlıların ömür payının 1 il də azalması ilə bağlı acı təəssüfü tamamilə təbiidir.
Yola saldığımız 2013-cü il xalqımız üçün, şübhəsiz, bir çox arzuların gerçəkləşdiyi, qurub-yaratmaq baxımından irəliyə doğru yeni addımlar atıldığı bir zaman kəsiyi oldu. Dünyaya 10 minlərlə yeni azərbaycanlı balası gəldi, xalqımızın boy sırası artdı. Uşaqlarımızın 1-ci sinfə getmək, gənclərimizin ali məktəbə daxil olmaq, əmək fəaliyyətinə başlamaq, ailə qurmaq, ev-eşik sahibi olmaq istəyi baş tutdu. Babalar-nənələr ürəkaçan işlərə baxıb sevindilər, qürurlandılar...
Soy-kökümüzün o başından qaynaqlanıb gələn milli söz yaradıcılığı da zaman çərçivəsinə sığmadığını davamlı olaraq ortaya qoymaqdadır. Son 1 ildə xalqımızın arzu-istəklərini, azadlıq-müstəqillik duyğularına zaman-zaman qanad taxmış anadilli ədəbiyyatımız yeni əsərlərlə zənginləşdi. Ana dilimizin qədir-qiyməti bir az da artdı, onu qoruyub-zənginləşdirməklə bağlı hər kəsin övladlıq borcunu anlaması bir az da dərinləşdi. Zəngin mədəni irsimiz dünyada bir az da geniş tanındı. Dostlarımız xeyli artdı, bədxahlarımız dünyada öz sözünü cəsarətlə, inamla səsləndirən Azərbaycanın uğurları ilə hesablaşmaq zərurətini anladı.
Artıq 24 ildir ki, Azərbaycan Respublikasında, qonşu dövlətlərdə, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Arazboyu dəmir çəpərlərin söküldüyü, xalqımızın 2 böyük toplumunu bir-birinə həsrət qoymuş ayrılığa zərbə endirildiyi 31 dekabrı milli həmrəylik günü kimi qeyd edir. Tarixən, xalqımız üçün bir qədər yad-yabançı görünən miladi təqvimdə illərin qovuşduğu gün artıq hər bir azərbaycanlı üçün ən ülvi duyğu-düşüncələrlə mənalanmışdır. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli haqlarımız uğrunda ümumxalq mübarizəsinin və dövlət müstəqilliyimizin 50 milyonluq soydaşlarımıza xoş müjdəsi, tarixi hədiyyəsidir.
Ötən illərdə 31 dekabr həqiqi mənada millət bayramına, ümummilli təntənələr gününə çevrilmişdir. Ölkəmizdə, yaxın-uzaq xaricdə keçirilən müxtəlif tədbirlərdə xalqımızın milli kimliyi, öyünclü tarixi, qarşıdakı hədəfləri diqqət mərkəzində olur. Bu bayram dünyanın hər yerində soydaşlarımızı nəhəng bir bayram süfrəsi arxasında toparlayır, şənləndirir. Müşahidələrimə əsasən, deyə bilərəm ki, getdikcə digər türkdilli xalqların nümayəndələri də azərbaycanlıların həmrəyliyi gününü onlarla bir yerdə keçirir, bu bayram həm də ümumtürk qardaşlığı duyğuları ilə əlavə çalarlar qazanır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Vətəndə və xaricdə yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edirəm. Yeni ildə xalqımıza daha böyük uğurlar, hər bir ailəyə sevincli günlər, hər bir azərbaycanlıya namusla yaşanan ömür arzulayıram. İnanıram ki, xalqımızın həmrəyliyi və birliyi getdikcə daha da artacaq, Azərbaycan ölkələr və dövlətlər sırasında öz layiqli yerini möhkəmləndirəcəkdir.
ANAR,
Xalq qəzeti . -2013.- 31 dekabr.- S.3.